Müqavimətlə
yazılan mətnlər
1
Ədəbi prosesin qəribə dönəmlərindəki (bu günlərin, bu dövrün, məsələn), həm də indi üzə çıxan yazılarla zövqümüz arasında, məncə, gizlin bir savaş başlayıb. Bu, ya ədəbi-filoloji təfəkkürdə yenilənmə dövrünün təzahürüdür, ya da gəmilərimiz batır artıq. Sonuncu səs batdıqdan sonra eşidilir. Çək-çevir, mübahisə yoxdu, hər şey, hər nəsnə bir ucdan təriflənir, adamların səsi batsa da, tərif davam edir...
Ələnəcək hər şey, səhvlərimiz üzümüzə duracaq, gələcək üçün nəsə qalacaqmı? Məsələn, susduğumuz anların günahı... Fizika və riyaziyyatın həyat boyu unutduğumuz qanunları bu gün özünü göstərməkdədir. Məxrəcə nə yazılacaq,
yazdıqlarımızı nəyə böləcəyik?
Amma görünənlər, bu bölünmədən
aşkar olanlar məni darıxdırır, səslər itir,
sözlərin külü qalıb. Yəni, indiyə qədər
sadəcə ötüb keçmişik, eynimizə
olmayıb, indi o nələrinsə boşluğunu hiss edirik.
Yük maşınının yedəyində getdiyimizdə
maşın necə çuxura düşürsə, biz də
əvvəl oturacaqdan qalxır, sonra yerimizə
çırpılırıq. Özü də biz məhz o
boşluğu doldurmaq istədikdə çuxur peyda olur.
Bəs ədəbi
aləmdə vəziyyət necədi? Pis olan budu ki, hamı
gözləyir ona qiymət verilsin, onlar o yük
maşını misalını unudublar. Yol nə qədər
hamar olsa da, çala qiyaməti hələ xəyalımızdadı,
yəni, xəyalımızda olan hər şey bir gün əməlli-başlı
gül aça bilər.
Bir
neçə fiqur var, şahmat taxtasında, o taxta üzərində
bütün daşlar var, şahnan vəzirdən başqa, top
var, mərmisi yoxdu, fil var can ayağında, at bəs... at var,
qanadlı atqarışqasına bənzər...
Həm
qarşıma çıxan ən gözəl şeirin də
bir-iki misrasını oxuyuram, kitabı örtürəm, fb səhifəsini
ötürürəm, təkcə qisməti oxuya bilirəm,
o da keçmişdə qalıb.
Payızlıq
şuma bir ovuc dən səpilib ki, yazağzı bir neçə
filosof cücərsin...
2
Götürək
antologiyaları. Məsələn, hekayə
antologiyasını, adı da belə olsun: Azərbaycan hekayəsi.
Yox, ən müasir, yaxud modern Azərbaycan hekayəsi.
Şeiri demirəm, şeir içimizdən bu gerçəkliyə,
bu dünyaya tağ ata bilər hər gün. Yaxşı
şeir, necə deyirm, hələ yazılmayan, içimizdə
uyğuya dalan şeirdi. Nə qədər çox yatsa, bir o
qədər gözəl olar, bir o qədər gözlənilməz
olar. Hekayə antologiyası, ən modern hekayələr
artıq nəşr edilə bilər. Ancaq seçəndə,
gərək bir hekayəni seçəndə, tağından
ayırıb kitaba qoyanda onunla birgə alaq otu da gəlməsin.
Həm hər şeyi dəqiq seçmək. Bunun
doğrudanmı, məqamı bu gündür? Bəlkə bir
on il də gözləyək? Yox, bu gündü. Antologiyaya
düşəcək hekayənin, bədii mətnin keyfiyyət
ölçüsü köhnəlməməkdi, qida mənbəyi
olmasındadı. Bu isə böyük məsuliyyətdi. Biz
bunu seçə bilərikmi? Bu antologiyadakı hekayələr
fikrimizcə, klassik Azərbaycan təhkiyəsi, hekayəçilik
modeli ilə bir arada görünə bilir, bu hekayələr
Axundov, Mirzə Cəlil, Haqverdiyev, Yusif Vəzir Çəmənzəminlinin
hekayələrinin fəlsəfəsini tam olaraq mənimsəyib
və mənimsəmə anlayışında təsdiqlə
inkar can bir qəlbdədir. Sən mənimsədiyin ənənəni
elə eyni güclə inkar edirsən, əks halda yenilik yarana
bilməz. Götürək elə "Cənnətin qəbzi"ni.
Həm də Axundzadə ənənəsini. Vaxtilə
yazdığımıza bu gün qayıdanlar var: Axundzadə
təkcə "Aldanmış Kəvakib" və "Kəmallüdövlə
məktubları" ilə deyil, daha çox komediyaları ilə
nəsrin yaranmasına həlledici təkan verdi. "Cənnətin
qəbzi" bizdə bu komediyalar sayəsində əldə
edildi; içindəki gülüş konsepsiyasına və nəyə,
necə gülmək məsələsinə görə. Bu
antologiyalara o hekayələr daxil edilə bilər ki, onlar
"niyə" sualına dəqiq cavab verə bilsinlər.
Bir hekayə cavabdı. Bunu, bu əhvalatı niyə
yazdım? Hekayə, nəsr üçün bu sualın
cavablanması həyati vacib məqamdır.
Ən
müasir hekayə kitabına kimlərin adları yazıla bilər?
Yadımıza kimlər, hansı imzalar düşür? Şərti
olaraq adları çəkə bilərik: Seymur Baycan, Həmid
Piriyev, Şərif Ağayar, Mübariz Örən, Nərmin
Kamal, Jalə, Orxan Həsəni, Samirə Əşrəf,
Əli Zərbəli, Ataqam, Orxan Cuvarlı... yadıma ilkin
bunlar düşür, həm də ara verərək,
axtararaq...
Hansı
müəllifləri ki, daxil eləmirəm, onların
adları birinci yadıma düşür. Siyahı müqavimətlə
yazılır. Bütün bədii mətnlər kimi.
Dünyadakı bütün bu kimi siyahılar belə tərtib
edilir. Bəzi mətnləri də müqavimət hissi, yaxud
müqavimətin özü dünyaya gətirir. Necə? Hə,
burda bir az düşünmək gərək. Çünki
çox köklü-köməcli məsələdən bəhs
edirik. Yuxarıda dediyimiz kimi, nasirin "niyə
yazıram" sualına cavabı illərlə çəkə
bilər, yəni sual var, cavab yol gəlir, ona görə ki,
belə suala, adətən illərlə cavab axtarmalı
olursan. İçində müqavimətə güvənib
yazırsan, ictimai həyatda, gerçəkliyin özündə,
mühiti labələb dolduran, "beşikdən məzara"
tutan informasiyaların bətnində elə şeylər var
ki, onları ürəyin süzgəcindən keçirmək
çətin olur. Şura hökuməti qurulanda M.Qorki inqilabi
komitədən əlini üzüb, yəni diksinib
İtaliyaya sığınmaşdı, daha doğrusu,
özünə. Lenin Qorkinin oğlu Maksimə əmr elədi:
nəyin bahasına olur-olsun, atanı geri qaytar. Rusiyaya
qayıtdıqdan sonra Stalini anlamaq çətin olmadı. Onu
İtaliyadan gətirib, tabutunun altına girib də cəmiyyətə
və bütün dünyaya siyasi mesajlar verildi. Artıq
yazıçının əsəriylə nələrə
nifrət etdiyini, hansı mesajlar verdiyini dünyanın
bütün tiranları bilir, bunun üçün dahi
olmağa ehtiyac yoxdu, elə Stalin də Qorki ilə o səbəbdən
dost olmuşdu. Bütün diktatorlar yazıçılarla məlum
səbəblə dost olurlar. Bununla öyünməzlər,
bu, dəhşətli bir şeydi.
Hə,
yazıçının mətni onun ömrünün illərini
alan müqavimətin əsəri olmalıdır. Nasir bu
müqavimətin gücünü duyan kimi onu gizlətməyə
çalışır, o qədər dərinlərə gedir
ki, oxucu onun gizlətdiyinin yerindən əlbəəl xəbəri
olsun. Ancaq bu informasiya elədir ki, oxucu bunu yalnız
özüylə bölüşər. Hekayə bir əhvalat
çevrəsində bəzi mətləbləri ifadə etsə
də, onların xaricində onlarla mətləbi əhatəsinə
alır, kiminsə sükutunu səsə, kiminsə
qışqırığını sükuta çevirir.
Hekayə-nəsr əslində çox dəhşətli
janrdır, sənin mətn yaradıcılığında
nümunə kimi ələ aldığın əhvalat o qədər
transformasiyadan keçməlidir ki, tanınmaz hala
düşsün, fikrən, xəyalən çox sayda oxucunun
taleyindən keçsin, bütün insanların, bütün
yuxu görənlərin yuxusundan keçsin, bir hekayə sadəcə
sizin, bizim oxuduğumuz mətn deyil, çox şeylərdir,
hekayə, həmin hekayə bu dünyadır, bu dünyaya
qarşı duran bir dünyadır, ilahi qüvvənin
gücüylə yaradılan, usta şəkildə tikilən,
dizayn edilən bir parçanın, deyək ki, o parçadan
tikilmiş bir geyimin sapları arasından sızıb o
düzümə qarşı duran bir şeydir. Siz belə bir
mətn gördünüzmü? Hər kəsin xəyalından
doğan, ifadəolunma sərhədində yoxa çıxan,
özünü ölənə qədər gizlədən
sükutun səsə çevrildiyi an göy qübbəsinə
çəkilən bir şeydir.
Yuxarıda
"Cənnətin qəbzi"ni yada saldıq. Reallıq bu
hekayədə başmaq-başmaq sökülür.
Gülüş hər qarış insanın içindən
iti külək kimi keçir. Yusif Vəzir bir söz işlədib
("başmaq...") ondan on verst o yana həmin sözün
enerjisindən dəhşətli mətləblər yarada bilən
yazıçı idi.
Adları
çəkilən və çəkilməyən nasirlərin
yazı üslubları da fərqlidir. Elə nasirlər var ki,
bizim siyahıda bunlardan yalnız biri var (heyf - !), çox
gözəl və mükəmməl bir hekayə-müqavimət
əsəri yaza bilər, ancaq onun ətrafı "n" qədər
mənasız və melodramatik üslublu hekayələr
olmalıdır. Yaxud, "Nanəli konfet" hekayəsi kimi mətnlər.
Roman yerinə hekayə. Bu mətnin istinad etdiyi sirli mətnlər
çoxdur, bildiyimiz kimi, bu alt mətnlər hekayəyə
güc qatdığı kimi, onun gücünü ala da bilir.
"Nanəli konfet", bəlkə roman kimi
yazılmalıydı? "Nanəli konfet"də
nağıl sehri varmı? Var. Min bir gecə
nağıllarının gücü. Bu elementin
olmadığı mətnlər başqa oxu
üçündür. Son dərəcə fərqli oxu
strategiyasını tələb edir həmin mətnlər. Bu
strategiya da illərlə formalaşır. Bir millətin
mütaliə təcrübəsi də ciddi
anlayışlardandır. Bizdə dünya ədəbiyyatı
həm oxunur, həm də şərh edilir. Lev Tolstoy
yaxşı oxunub, bunu onun haqqında təhlil yazıları
da təsdiqləyir. Elçinin söhbətləri və Fəxri
Uğurlunun yazılarını misal göstərmək olar.
Avropa nəsrinin ənənə yaradan şah əsərləri
haqqında da müəyyən yazılar mövcuddur, amma
adda-buda formada. Hər bir əsərin içində onu yaradan
müqavimət gücü oxunmalıdır (məsələn,
professor Qorxmaz Quliyevin "Mirzə Cəlil və
Şekspir" yazısında olduğu kimi - !). Bu kontekstdə
nələr demək olar? Elə mətnlər var, içində
istinad edilən başqa bir mətnlə təsir edir, müəyyən
dalğalar yaradır ki, bunlar sonradan sözlərin səslərə
çevrilməsini şərtləndirir. Elə hekaylər
var ki, (Orxan Həsəninin "Qırmızı
ayaqqabılar" hekayəsi) mətnin xaricindəki hansısa
əhvalat təsir edir, mətnin içində qəribə
aura yaradır.
Haqqında
danışdığımız "Musson küləkləri"
bizi geriyə dönməyə, on illər əvvəlin mətnlərinə
baxmağa vadar etdi. Antologiyanın yaranma zərurəti də
burdan doğur. Bu yazıda "antologiya" sadəcə bir
obrazdır. Yaxud simvol...
Cavanşir
YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 5 dekabr, №47-48.- S.20.