Tərəddüd

 

Hekayə

 

- Nəsə oldu?

- Mən...

- Nə?

- Alınmır e, alınmır.

- Nə alınmır?

- ...Toxuna bilmirəm... Başqa qadına toxuna bilmirəm. 

Qatar bir göz qırpımında qaranlığa cumdu. Qaranlığa sancılan qatarın işığı qəflətən gecənin şəklini çəkən ildırıma oxşayırdı. Dəmir relslərin cingiltisindən savayı özgə səs yox idi. İçəridəki hər şey həyat kimi darıxdırıcıydı: dinməz dayanan sərnişinlər, silkələnən qatar uğultu səsi.

Vaqonun qurtaracağında oturmuş qadının üzündən yorğunluq tökülürdü. Başı gah aşağı, gah yuxarı gedib-gəlirdi. Yuxu onu öz cənginə almaq istəsə , qadın hələlik təslim olmurdu. Üstəlik, əlindəki yol çantasının ipindən möhkəmcə yapışmışdı. Mən elə indicə qadını gördüm. Bayaqdan kitab oxuyurdum. Qatar silkələnib dayananda, sonra təzədən dəbərib yerindən qımıldananda bir anlıq başımı qaldırıb baxdım onu gördüm.

- Sən necə kişisən?

- Necə yəni?

- Yoxsa...

- ?

- Onlardansan?

- Kimlərdən?

- Onlardan da... Geylərdən...

- Yox.

- Bəs onda?

- Dedim axı, başqa qadına toxuna bilmirəm.

Hiss elədim ki, kimsə mənə baxır. Başımı qaldırdım, eynəkli, al yanaqlı bir qızla göz-gözə gəldim. Buruq-buruq saçı, qəhvəyi, iri gözləri vardı. Bir anlıq, bir neçə saniyəlik baxışlarımız toqquşdu. Çöhrəsində ilıq bir təbəssüm peyda oldu. Göz bəbəkləri böyüdü.

Kitaba qayıtsam da, heç cür fokuslana bilmədim, fikrim onun yanında qalmışdı. Sətirlər bir-birinə dolaşır, diqqətimi cəmləyə bilmirdim. Kitabı qatlayıb çantama qoymaq istəyəndə, deyəsən, qıvırcıq saçlı qızın səsini eşitdim. Onun sözlərini qatarın siqnal səsi alıb apardı. Əlimdəki kitaba işarə etdi. Həvəslə ona uzatdım. O, diqqətlə səhifələrdə gəzişdi. Bəlkə , cümlələrin arasında mənim kim olduğumu oxumağa çalışırdı. Sonra yavaş-yavaş kitabın arxa üzünə baxdı, hərflərin üstünə sığal çəkdi. Tanış səmimi bir təbəssümlə kitabı geri qaytardı, sağollaşıb növbəti stansiyada düşdü. Arxasınca getmək istədim... Ayaqlarım sözümə baxmadı. Vaqonun pəncərəsindən onun necə uzaqlaşdığına tamaşa etdim.

- Mən onu başa düşmürəm . Niyə axı?

- Uzun müddətdi belədir. Heç özüm bilmirəm.

- Xəstəliyin var?

- Məncə, yox.

- Necə yəni?

- Yoxdu da xəstəliyim. Sənin necə?

- Mənim astmam var. Ara-sıra tutmaları olur... Yaxşısan? Özünü necə hiss edirsən?

- Bilmirəm, bu hissin adını qoya bilmirəm.

Bu qızı haradasa gördüyümü xatırladım. Üzü yad deyildi. Yaddaşımın hansısa dərin, unudulmuş qatında onun silueti donub qalmışdı. Dəqiq bilirdim - bu qızı haradasa görmüşdüm. Amma harada? Qatarın gurultusu da başımın içində elə hey fırlanan sualı susdura bilmədi: "Harada?"

Evə çatmağa az qalmış qızı harada gördüyümü xatırladım. Feysbukda görmüşdüm. , , feysbukda. Bəs adı idi? Heç cür yadıma sala bilmədim. Amma üzü, az-maz olsa da, gözümün qabağına gəlirdi.

Yaxşı ki evdə heç kim yox idi. Arvadım qızımızı da götürüb anasıgilə getmişdi, gecəni orada qalacaqdı. Yox, küsməmişdik, heç olmamışdı. Hərdən belə şeylər olurdu. Onun ürəyi sıxılır uşağı da götürüb anasıgilə gedirdi. Bir görürdüm ondan mesaj gəlib: "Anamgilə getmişəm. Yemək var. Soyuducudadır, qızdırıb yeyərsən".

Açarı cibimdən çıxartdım. Evə girən kimi paltomu belə, soyunmadan telefonu götürüb qurdalandım. Feysbuka girib ələk-vələk elədim: dostluğumdakı adları, şəkilləri, profilləri bir-bir gözdən keçirməyə başladım. Ekranı yavaş-yavaş sürüşdürürdüm. Profil şəkillərinin arasından onun tanış simasını axtarırdım. İşdəki yorğunluq da ilim-ilim itmişdi. Axtarış çox əyləncəli gəlirdi mənə. Vaxtın necə keçdiyini heç hiss etmədim .

Nəhayət, tapdım! Ekranda şəkli adı göründü: Aysaç Rəsulova.  Profilinə baxdım. Paylaşımlarını, fotolarını gözdən keçirdim. Oxuduğu kitabların fotolarını paylaşmışdı. Yazdığı statuslardan hiss olunurdu ki, savadlı qızdır. Şəkilləri elə çox deyildi. Ad günündə çəkilmiş 10-12 saniyəlik bircə video paylaşmışdı.

Onun yadında qalmışdım, görən? Fikir məni götürdü. Evdə öyrəşmədiyim sakitçilik vardı. Çoxdandı belə qulağı dinc oturmamışdım. Evləndiyim gündən bu yana, heç özümlə təkbətək qalmamışdım. Tək qalmağı o qədər yadırğamışdım ki, hər xırda səsə ürkürdüm. Mənə elə gəlirdi, indicə arvadım gələcək mənim kimə mesaj yazdığımı görəcək.

"Salam. Metroda rastlaşmışdıq. Yəqin, yadınızdadı. Oxuduğum kitaba baxmışdınız. Bayaq baxdım təsadüfən. Sən demə, siz mənim dostluğumda imişsiz".

Göndər düyməsinə toxunandan sonra telefonun ekranına baxdım, qəribə bir hiss məni ağuşuna aldı.

- Məncə, sən səbəbi bilirsən.

- Bu sənin üçün qədər vacibdir?

- bilim, ilk dəfə belə bir şey görürəm.

- Maraqlıdır?

- Əlbəttə. De.

- Bunu heç özüm bilmirəm. Bəlkə, gəzək?

- Olar.

Mesajlaşmağımız gecənin yarısına qədər uzandı. Sözlərimiz arasında zaman əriyirdi. Hər cavab aramızdakı pərdəni bir az da aralayır, bizi bir az da bir-birimizə yaxınlaşdırırdı. Nəhayət, bütün cəsarətimi toplayıb uzun yazışmadan sonra qəflətən soruşdum:

- Sabah axşam görüşək?

- Olar.

Səhəri gün işdən çıxan kimi birbaşa görüş yerinə - şəhərin gözdən-könüldən uzaq parkına üz tutdum. Bu parkı ona görə seçmişdim ki, heç bir tanış-bilişə rast gəlməyim. Hava qaralmışdı. Bu günlərdə soyuqlar yaman tez düşmüşdü. Payızın üçüncü həftəsi olsa da, yağışlar hələ başlamamışdı. Parkda tək-tük adam gözə dəyirdi. Skamyaların birində oturdum. Ovuclarımın içi tərləyirdi.

Yolun o üzündə idi. Zoğalı rəngdə, xırda çiçəklərlə bəzənmiş bir don geyinmişdi. Yeridikcə donunun ətəkləri qarmon dili kimi açılıb-örtülürdü. Fikir verdim ki, saçlarını düzləşdirib. Belə bir az dəyişmişdi. Həmişəki təbii gözəlliyini gizlədə bilməmişdi. Gözləri mirvari dənəsi kimi parıldayırdı.

Biz onunla köhnə tanışlar sayaq salamlaşdıq. Yanımda oturdu. İçimdən gizilti, titrətmə keçdi. Bu, yeniyetməliyimdə yaşadığım ilk hisslərə bənzəyirdi. Eləcə gülürdü. Nəsə demirdi. Dodaqları ətli gözəl idi. Al yanaqlarına pudra vurmuşdu. Gözlərinə sürmə çəkmişdi. Özündən danışmağa başladı.

İçimdə qəribə bir gizilti dolaşırdı. Həyəcan, narahatlıq, xoşbəxtlik bir az da qorxu. O isə danışır gülümsəyirdi. Kirayədə bir neçə qızla yaşayırmış. Bir kofe dükanında işləyirmiş. Həftə sonları yoqa edir, meditasiyaya vaxt ayırır. Atası, anası rayonda yaşayır. Təsadüfi tanışlıqları xoşlayır, gəzməyi, səyahəti . Həyatı sevir. Onun yanında mənim enerjim sıfıra bərabərdir. Hər sözündə bunu hiss edirdim. Həyat eşqi aşıb-daşırdı. Hər sözündən gəncliyin tükənməz enerjisi axırdı.

O, danışdıqca daha da gözəlləşirdi - elə bil yaz fəslinin qaranlıq gecəsində, gözlənilmədən açan qızılgül kimi... Danışdıqca doğmalaşırdı. Üstəgəl, onu təzədən kəşf edirdim. Bir az yaxınlaşdım. Nəfəsini hiss edirdim. Qolumu incə belinə dolayıb ona toxundum. O qəfil susdu. Nəfəsi asta-asta tövşüyürdü. Sinəsi qalxıb-enirdi. Dodaqlarına yaxınlaşdım...

Bir anda əlim boşaldı. Geri çəkildim. O da bir söz demədi. Boş-boş baxdı. Bir az özünə gələndən sonra üzündəki təəccübü yekə "NİYƏ?" sualını gördüm.

- Yaxşı, mən gedim evə, - handan-hana dilləndi. - Gecdi.

- Bəlkə, səni ötürüm?

- Özüm gedə bilirəm, - deyib gülümsündü.

- Necə istəyirsən.

- Sağ ol.

Aysaç getdi. Onun arxasınca bir xeyli baxdım. Addımları yavaşlamışdı. Elə bil getmir, yerində addımlayırdı. Mənə elə gəldi, çevrilmək istəyir. Onun tərəddüdünü hiss edirdim. Hər addımı bu tərəddüdü təsdiqləyirdi. Zoğalı donu park işıqlarının altında parıldayır, saçlarının ucları yüngül yelə qarışaraq dalğalanırdı. Küçənin işıqlı hissəsini keçib qaranlıq döngəyə buruldu. Sonra isə qaranlıq onu uddu.

Qəfil külək gücləndi, yarpaqları toz qarışıq götürüb havada qövs cızdı. Yarpaqlar burulğana düşmüş kimi fır-fır fırlandı. Ayağa duranda telefonuma zəng gəldi.

- Hhh... haradasan? - küləyin uğultusundan arvadımın səsini güc-bəla ilə eşitdim.

- Yoldayam...

- Evə gələndə çörək alarsan. Qızın da şokolad istəyir.

 

Oğuz AYVAZ

 

Ədəbiyyat qəzeti.- 2025.- 5 dekabr, №47-48.- S.22.