...Oxudun "Bala Nərgiz"

 

Eynulla Cəbrayılov-90

 

Eynulla Cəbrayılov. Bu ad Azərbaycan xalq musiqi sənətini, muğam və təsniflərini sevən hər kəsə tanışdı.

Mən onu cəmi bir dəfə görmüş, amma onun ifalarını bir gün ərzində, ac-susuz dinləməkdən doymamış və bu xatirə əbədi olaraq yaddaşıma həkk olunmuşdur...

Dəqiq deməyə çətinlik çəkirəm, çünki aradan 60 ilə yaxın bir zaman kəsiyi keçir. Təxminimə görə, ötən əsrin 60-cı illərinin əvvəlləri idi, o zaman mənim 6, ya 8 yaşım olardı. Kəndə səs düşdü ki, bugünkü toyu Eynulla Cəbrayılov aparacaq. Bəli, mənim doğulub, boya-başa çatdığım Ucar rayonunun Boyat kəndində yaşayan və çox fəal əmək fəaliyyəti ilə məşğul olan Səftər adlı sürücü Eynulla Cəbrayılovu oğlu Tərlanın kiçik toyuna dəvət eləmişdi.

Həyətdə qurulmuş və o zamanların dəbdəbəli mağarlarından sayılan məkanda dəvətlilər yer almışdılar. Eynulla Cəbrayılov oxuyur, qonaqlar isə onu dinləməkdə idilər.

Mən elə həmin toydan sonra Eynullanın pərəstişkarına çevrilmiş, radio dalğalarında ifalarını səbirsizliklə gözləmiş və izləmiş, təbii ki, bu böyük xanəndənin repertuarında səslənən təsnif və muğamları da öz "repertuarıma" əlavə eləmişdim.

Sonrakı irəliləyən illərdə onun ifalarını artıq mavi ekrandan da izləmək nəsib olsa da, təəssüf ki, onu real həyatda görmək, mənə bir daha qismət olmamışdır...

8 aprel 1935-ci il, Kürdəmir rayonunun əldən-ayaqdan uzaq olan kürqırağı kəndlərindən biri olan Şüşin kəndi digər yaşayış məntəqələri kimi, günün işığı buludların arxasında itən kimi, Şüşinin zülməti doğarmış, hər yer qaranlığa qərq olarmış. Ərzaq çatışmamazlığı, digər sosial qayğılar insanları sarsıtmaqdan "zövq" alarmış.

Barmağının gəlinlik xınası hələ də getməmiş, qarnı burnunda olan Ağca gəlinin Eynulla adlı əri elə cavan ikən dünyasını dəyişmiş və onun tir altında tək qalmasına səbəb olmuşdur...

Allah böyük və rəhmətlidir. Birini alar, minini verər, - deyirlər. Kəndə düşən səsə toplanan ağbirçəklər, Ağca gəlinin dünyaya bir oğlan uşağı gətirməsinə şahidlik etdilər. Hələ göbəyi kəsilməmiş körpəyə isə, nakam atasının adını - Eynulla adını verirlər...

Təbii ki, zaman hər dərdin dərmanıdı. İllər keçəcək, zaman dəyişəcək, digər yerlərdə olduğu kimi, Şüşində də əhalinin sosial vəziyyəti yaxşılaşacaq, bu dönəmdə Eynulla da böyüyüb yeniyetmə, yetkin vaxtlarına çatacaq, əlini qulağının dibinə qoyub yanğılı-yanğılı oxuyacaq və onun səsinin sədası nəinki Şüşinin, Kürdəmirin, hətta Azərbaycanın hər yerindən gələcək, toy-mağarlarda aparıcı xanəndə kimi püxtələşərək, səriştəli bir sənətkar kimi formalaşacaqdı.

Onu müəllimləri məktəb tədbirlərində oxudar, həmyaşıdlarına nümunə göstərərlərmiş.

Şirvan musiqi mühitində - ab-havasında yetişən Eynulla Cəbrayılov bu bölgənin ustad sənətkarlarının, aşıq və xanəndələrinin ifa və ənənələrindən bəhrələnmiş və heç bir musiqi təhsili olmadan belə, muğam sənətinin sirlərinə özbaşına yiyələnmişdir.

Gənc yaşlarından peşəkar xanəndə kimi respublikada tanınmağa başlamış Eynulla Cəbrayılovun Aşıq Şakir və zurna-balaban ifaçısı Həsrət Hüseynovla birgə çıxışları isə, xüsusilə əlamətdar, yaddaqalan olmuşdur.

Eynulla Cəbrayılov "Dur gəl nazlana-nazlana", "Bala nərgiz", "Kimə yalvarım" və s. bu kimi xalq mahnılarını böyük şövqlə oxuyan bir ifaçı kimi çox tez məşhurlaşmışdır.

O, geniş diapozonlu, rəngarəng, tembrli güclü səsə malik xanəndə olmuşdur.

Eynulla Cəbrayılov 1952-ci ildən, ömrünün sonuna kimi Kürdəmir rayon Mədəniyyət evində çalışmış, eyni zamanda respublikanın musiqi həyatında yaxından iştirak etmişdir. O, 1956 və 1957-ci illərdə Azərbaycan gənclərinin birinci və ikinci festivallarının laureatı olmuşdur.

Eynulla Cəbrayılovla uzun müddət toy-məclis iştirakçısı olmuş, Kürdəmirdə yaşayan ahıl sənətkarlardan olan 75 yaşlı (1948) Safalı Əliyevin xatirələrindən bir neçə yarpaq:

"Xan Şuşinski kimi, Eynulla da qeyri-adi səs tembrinə malik xanəndələrdən idi. Məktəbdə bir neçə il "oxumasına" baxmayaraq, o da Xan əmi kimi yazıb-pozmağı bilməz, konsertlərdən alacağı qonorar cədvəlinə imza əvəzinə, mürəkkəblənmiş barmağını basardı. Muğamları, onların şöbələrini, eləcə də qəzəlləri ağızdan-ağıza öyrənmiş, bəzi qəzəlləri isə sənət yoldaşlarına və ya sonradan uşaqlarına oxudub, yaddaşına həkk edərdi. Fantaziyalı oxuyan xanəndə idi Eynulla..."

Azərbaycan Respublikasının Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, ustad tarzən Ağasəlim Abdullayevin dediklərindən:

"Mən hələ uşaqlıqdan Eynullanın səsinə - ifasına heyran idim.

Kürdəmirdə yaşayıb-yaradan Aşıq Şakiri Bakı kəndlərinə toylara tez-tez dəvət edərdilər, xüsusən də, Nardaran və Binə kəndlərinə. O zamanki aşıqların dəstəsində mütləq xanəndə də olardı. Aşıq Şakirin dəstəsinin xanəndəsi də Eynulla Cəbrayılov idi. Bu iki böyük sənətkarın apardığı toylar sutka ilə davam edər, nə onlar oxumaqdan yorular, nə də toy əhli onları dinləməkdən bezərdilər.

Mən də, bir çox kənd uşaqları kimi, toy mağarlarına buraxılmasaq da, bu toyları mağarın aşağı tərəfindən və ya mağarın yanına çəkilən çadırların arasından, ya da dəliklərindən izləyər və xüsusi bir zövq alardım...

Sonrakı illərdə özüm də Azərbaycan musiqi aləminin bir üzvünə çevrilərək, tar sənətinə yiyələndikdən sonra da, Aşıq Şakirin və Eynulla Cəbrayılovun ecazkar musiqisi yaddaşımda qalmaqda idi...

Xoşbəxtlikdən elə oldu ki, 1990-cı ildə Azərbaycan Televiziyasının təşəbbüsü ilə Azərbaycan Respublikasının xalq artisti, böyük muğam ustadı və qəzəliyyat xəzinəmizin mahir daşıyıcılarından olan Hacıbaba Hüseynov haqqında çəkilən və mənim də iştirakçısı olduğum "Ocaq başı" filminin bir hissəsi Kürdəmirdə çəkiləsi oldu.

Mən orada çəkilişdə iştirak edən kürdəmirli, tanınmış şair-aşıq Əhməd Rüstəmovla və ünlü xanəndə Eynulla Cəbrayılovla yaxından tanış oldum və təbii ki, sənət barəsində maraqlı söhbətlərimiz də oldu. Və mən elə orada da Eynullaya söz verdim ki, onu Azərbaycan televiziyasına dəvət edəcək və ifalarından nümunələri lentə aldıracağam. Bu, belə də oldu. Bu söhbətdən bir az sonra, mən Eynullanı çəkilişə dəvət elədim və rəhbəri olduğum Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə "Mirzə Hüseyn segahı"nı və "Arazbarı" zərb muğamını lentin yaddaşına köçürdük. O vaxtkı qaydalara görə hər ifaçının səsi lentə alınmazdı, alınsa da, bir-iki ifaya icazə verilərdi.

Eynulla Cəbrayılovun ifasındakı "Mirzə Hüseyn segahı" efirə gedəndən sonra bu ifa ölkə ərazisinə çox səs saldı və Azərbaycanın müxtəlif guşələrində yaşayan vətəndaşlardan Ana Televiziyamızın Musiqi redaksiyasına daxil olan çoxsaylı telefon zəngləri vasitəsilə və kütləvi məktublarda Eynulla Cəbrayılovun yeni ifalarını dinləmək istədikləri barədə arzularını bildirirdilər. Elə bunun nəticəsi olaraq ölməz sənətkarın ifasında "Rast" dəstgahını da lentin yaddaşına yazmağa müvəffəq olduq. Adları çəkilən hər üç ifa Azərbaycan Teleradio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin "Qızıl fond"unda qorunaraq saxlanılmaqda və ara-sıra mavi ekran vasitəsilə yayınlanmaqdadı.

Azərbaycan Respublikasının Xalq artisti, ustad xanəndə-müəllim, çoxu xalq mahnısına çevrilmiş yüzlərlə təsnifin müəllifi olan mərhum sənətkarımız Əlibaba Məmmədov deyirmiş ki, Eynulla Cəbrayılov olan məclislərə getmərəm (təbii ki, hörmət əlaməti olaraq).

Bir gün bir kürdəmirli oğlunun toyuna Əlibaba Məmmədovu dəvət eləmək məqsədilə Bakıya gəlir və çətinliklə olsa da, filarmoniya əməkdaşlarının birindən onun ev ünvanını alır və onunla görüşərək gəlişinin səbəbini anladır. Bu zaman Əlibaba müəllim dəvət olunduğu toyların qeydiyyatını apardığı cib dəftərçəsini götürərək, gələn qonaqla toyun tarixini müəyyənləşdirib orada qeyd eləmək istəyərkən, birdən qonaqdan "sən hansı rayondan gəlmisən?" - deyə soruşur.

Qonaq Kürdəmirdən gəldiyini deyincə, Əlibaba müəllim əlindəki dəftərçəni örtərək: "Kürdəmirdə Eynulla kimi xanəndə ola-ola bura niyə gəlmisən, get onu da toyuna dəvət elə", - deyir və qonaq da bu tövsiyədən yararlanır...

Eynulla Cəbrayılov muğam aləminə o qədər bağlı bir el sənətkarı olmuşdur ki, hətta övladlarına da muğamlarımızın adlarını vermişdi. Bir oğluna Zabul, bir oğluna Mahur, qızına isə Şahnaz adlarını vermişdir.

Bütün muğamları yüksək sənətkarlıqla oxuyan Eynulla, "Zabul" muğamını isə ayrı şövqlə oxuyardı.

1973-cü ildə oğlu Zabul 14 yaşında dünyasını dəyişdikdən sonra Eynulla bir müddət "Zabul"a müraciət eləməsə də, sonralar oxuduğu "Zabul"ları daha böyük ürək yanğısı ilə oxuyardı...

Azərbaycan Respublikasının xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, qoşanağara ifaçısı, ustadı Sadıq Zərbəliyev:

"Mən bir kürdəmirli, həm də musiqiçi ailəsindən olaraq, gözümü açandan atamla yanaşı, məşhur zurnaçı Həsrət Hüseynovu, balabançı qardaşlar - Əlibaba və Buludxan Heydərovları, Aşıq Əhmədi, Aşıq Şakiri, ünlü xanəndə Eynulla Cəbrayılovu və bu kimi sənət adamlarını görmüşəm.

Eynulla Cəbrayılov "Qarabağ şikəstəsi"ni özünəməxsus şəkildə oxuyar, bu şikəstəyə olan daxili bağlılığındandır ki, həyat yoldaşına "Məni "Qarabağ şikəstəsi"nin müşayiəti ilə dəfn elətdir", deyə vəsiyyət də eləyibmiş.

Bir gün Vahid Poeziya evində - çayxanada (indiki Filarmoniya bağında) mərhum Əlibaba Məmmədov - əmi (Əlibaba müəllimi son onilliklərdə musiqi cameəsində belə çağırırdılar) mənə müraciətlə dedi ki, Sadıq, oğlum, bilirəm ki, sən kürdəmirlisən. Sizdə Eynulla Cəbrayılov kimi bir ünlü, Allah vergili bir xanəndə olub, biz onunla dost idik. Eynulla savadsız olsa belə, o, bir çox musiqi savadı olanlardan fəhmli idi. O, musiqini duyur, oxuduğu hər musiqi nömrəsinə öz möhürünü vururdu...

Söhbətə müdaxilə eləyən xanəndə Sabir Mirzəyev - Eynulla mənim də dostum idi, dedi. Amma onun toyxana sənətindən - meydangirliyindən hamımız çəkinmiş, hamımız qorxmuşuq..."

O, "necə ki, Yaqub Məmmədovun "Mənsuriyyə"sindən, Sabir Mirzəyevin "Bəstənigar"ından eləcə də, Eynulla Cəbrayılovun "Zabul"undan yoxdur", - dedi...

Hər insanın, hər sənətkarın bu dünyaya gəlişi kimi, gedişi də də haqdır. Amma bir az irəlisi-gerisi var. Çox yaşamaq o qədər də önəmli deyil. Mərhum şairimiz Bəxtiyar Vahabzadə demişkən:

"...Ömür paylanan zaman, görün kimə nə düşdü,

Üçyüz il boz qarğaya, on il şahinə düşdü..."

Əsası odur ki, özündən sonra bir iz qoymağı bacarasan...

Bəli, 1992-ci ilin 14 sentyabrında 57 yaşında dünyasını dəyişən Eynulla Cəbrayılov, sənəti boyu izlə getmədi, iz qoydu getdi və yoxsuzluğu ilə əbədi ölməzliyə qovuşdu.

Böyük Hüseyn Cavidin sözləri ilə desək: "Ölüm var ki, həyat qədər dəyərli..."

Ölümü də həyat qədər dəyərli olan, heç bir rəsmi titulu olmayan, amma böyük xalq sevgisi ilə "Xalqın sənətkarı" olan mərhum xanəndəmiz Eynulla Cəbrayılova ulu Tanrıdan rəhmət, məkanının cənnət olmasını arzu edirəm. Yerin rahat olsun, ustad! Amin!

 

Fəxrəddin MEYDANLI

 

Ədəbiyyat qəzeti.- 2025.- 5 dekabr, №47-48.- S.26.