"Üç həyat" kitabından
hissələr...
Müasir Amerika ədəbiyyatının ən görkəmli yazıçılarından biri hesab edilən Qetryud Stayn 1874-cü il fevralın 3-də Pensilvaniya ştatının Alleqeni şəhərində (indiki Pitsburqun bir hissəsi) doğulub. Kaliforniyanın Oklend şəhərində
böyüyüb. Radklif Kollecində filosof Uilyam Ceymsin
psixologiya dərslərində iştirak edib və sonra Cons
Hopkinsdə tibb təhsilinə başlayıb, lakin burada təhsilini
yarımçıq qoyub. Stayn 1903-cü ildə Parisə
köçüb və ömrünün sonuna qədər
Fransanı öz evi hesab edərək orada yaşayıb. O,
dövründə və hazırda dünyada dahi hesab edilən
Pablo Pikasso, Ernest Heminquey, F.Skot Fitscerald, Sinkler Lüis, Ezra Paund,
Şervud Anderson, Henri Matis kimi ədəbiyyat və incəsənət
adamlarını evində qonaq edib onlarla yoldaşlıq edib.
XIX əsr ədəbiyyatının ənənəviliyindən
uzaqlaşan Stayn, romanlar, şeirlər, pyeslər və xatirələr
də daxil olmaqla onlarla əsər yaradıb.
Yazıçının ən məşhur əsərlərindən
biri olan "Üç həyat" kitabından hissələri
təqdim edirik.
Anna
çətinliklərlə, məşəqqətlərlə
dolu bir həyat yaşayırdı.
Xanım
(Miss) Matildanın kiçik evi bütünlüklə
Annanın nəzarətində idi. Qəribə, balaca bir ev
idi; hamısı bir-birinin eynisi olan, sıra ilə
düzülmüş evlərdən biri... Evlər dik yamacdan
enməyə başlayan küçədə elə inşa
edilmişdi ki, sanki hamısı əvvəlcə səliqəylə
ard-arda düzülmüş, sonra bir uşaq tərəfindən
dağıdılan domino daşları idi. Qəribə, balaca
evlər idilər; hamısı iki mərtəbəliydi,
hamısının fasadı qırmızı kərpicdən
idi və uzun ağ pilləkənləri vardı.
O
kiçik evdə həmişə Miss Matilda, bir qulluqçu,
küçə itləriylə pişikləri və
Annanın bütün günü danlayan, idarə edən,
deyinən səsi eşidilirdi.
***
Şişman
və tənbəl Miss Matilda üçün həyat həmişə
çox asandı, təki Anna onun ardınca gəzib
tökdüklərini yığışdırsın,
pal-paltarlarına və əşyalarına nəzarət eləsin.
Amma təəssüf ki, bu dünyamızda hər şey həmişə
yolunda getmirdi. Şən Miss Matildanın da Anna sarıdan bəzi
çətinlikləri vardı.
Hər
istədiyini yerinə yetirən birinin olması xoşdu, amma
öz istəklərini ifadə etməyib, sadəcə axmaq
kimi tələb etdikdə, o anda ən çox istədiyin
şeyi əldə edə bilməmək çox vaxt məyusedici
olurdu.
Dostluqda
güc həmişə ikinci plana düşür
(aşağıya doğru enir). İnsanın idarə etmək
gücü yox olana qədər yüksəlir və insan həqiqətən,
məğlub olmadığı, əksinə, qalib gəldiyi
andan etibarən gücü tədricən azalır və
güclü olmaqdan uzaqlaşır.
Dostluq
yaxşılıqla qidalanır. Araya həmişə bir
ayrılıq, ya da daha güclü bir qüvvənin
müdaxilə təhlükəsi var. Təsir yalnız bir
insanın həqiqətən, heç vaxt qopub gedə bilməyəcəyi
vəziyyətdə sabit irəliləyişə çevrilə
bilər.
***
Anna həmişə
dost olacaq yeni insanlar tapırdı, o insanlar ki, adətən
kasıblara xas olan mehribanlıqla Annanın
qazandıqlarını xərcləyib, sonda da ödəniş
əvəzinə vədlər verərdilər. Anna əslində
bu insanların yaxşı olacağına heç vaxt
inanmazdı, amma onlar etməli olduqlarını etmədikdə,
borc verdiyi pulu qaytarmadıqda, diqqətinə layiq
görülmədikdə, Annanın dünyaya qarşı qəzəbi
daha da güclənirdi.
Yox,
onların heç birinin düzgün davranış tərzinin
nə olduğu haqqında təsəvvürü belə
yoxdu. Ona görə də Anna bu hərəkətini çarəsizcə
təkrarlardı.
Kasıblar
sahib olduqları şeylərlə səxavətlidirlər.
Onlar həmişə əllərində-ovuclarında nə
varsa, verirlər, amma bu alıb-vermə onların
gözündə hədiyyə verənə qarşı
heç bir borc hissi yaratmır.
Anna kimi qənaətcil
bir alman belə, bütün əmanətlərini verməyə
hazır idi, ona görə də xəstələnsə və
ya qocaldıqda işləyə bilməsə, özünə
qulluq üçün kifayət qədər pulunun
olacağına əmin deyildi.
***
Köhnə
dostluqda ciddi xəyal qırıqlığı
yaşanıbsa, sonra o dostluğu yenidən qurmaq çətindir.
Hər iki qadın da dost olmaq üçün əllərindən
gələni etdilər, amma bir daha heç vaxt yaxınlıq
hiss etmədilər. Aralarında danışa bilmədikləri
çox şey vardı, bunlar nə izah edilmiş, nə də
bağışlanmışdı.
Annanın
əslində ehtiyacı olan şey ara-sıra dincəlmək
və güc toplamaq üçün daha çox yemək idi,
amma bunlar Annanın özünün etməyə razı sala
biləcəyi son şeylərdi. Anna heç vaxt dincəlməzdi.
Bütün qış olduğu kimi, yay boyu da çox işləməliydi,
əks halda, dolanışığı təmin edə bilməzdi.
Həkim ona güclü olmağı üçün dərman
yazmışdı, amma bu da kömək etmirdi.
Anna hər
gün daha çox yorğunlaşırdı, baş
ağrıları daha tez-tez və daha narahatedici hal
almışdı, demək olar ki, daim özünü pis hiss
edirdi.
Annanın
vəziyyəti bu qış daha da pisləşdi. Yay gələndə
həkim qətiyyətlə bildirdi ki, o, artıq bu cür
yaşamağa davam edə bilməz.
***
Melankta
Herber gördüyü hər şeyi istədiyi
üçün daim sahib olduğu şeyləri itirirdi.
Melankta heç vaxt başqalarını tərk etməsə
də, başqaları onu həmişə tərk edirdi.
Melankta
Herber həmişə həddindən artıq və həddindən
çox sevirdi. Həmişə sirli, incə jestlərlə,
qeyri-müəyyən narahatlıqlar və mürəkkəb
məyusluqlarla dolu idi. Günlərin bir günü Melankta
impulsiv halda bir inanca sonsuz dərəcədə
özünü qapdırardı, ona sadiq qalardı və sonra
onu yatırmağa cəhd göstərərkən əziyyət
çəkər, güclü qalmağa
çalışardı.
Melankta
Herber həmişə sülh və sakitlik axtarırdı,
amma o, yalnız başını bəlaya salmağın yeni
yollarını tapırdı.
Melankta
tez-tez, bu qədər depressiyaya rəğmən
özünü necə öldürmədiyini
düşünürdü. Çox vaxt o, bunun həqiqətən,
edə biləcəyi ən yaxşı hərəkət
olduğunu düşünürdü.
***
Zərif
ürəkli insanlarda, güclü ehtiraslar yaşamayanlarda əzab
çəkmək dərilərinin daha da
qalınlaşmasına gətirib çıxarır. Bu
insanlar əzabın nə olduğunu bilmədikləri
vaxtlarda, əzab çəkmək onlara dəhşətli
görünür; onlar əzab çəkən hər kəsə
kömək etmək üçün
alışıb-yanırlar və həqiqətən, əzab
çəkməyi bilən hər kəsə həmişə
dərin hörmət bəsləyirlər. Amma əsl əzab
çəkmək növbəsi onlara çatanda
qorxularını, incəliklərini, heyranlıqlarını
tezliklə itirirlər. Hətta mən də belə, buna
dözə bilirəm, bəs niyə əzabı
şişirtməliyəm?.. Daim əzab çəkmək və
dözmək çox xoş deyil, amma sadəcə dözməyi
bildikləri üçün başqaları daha müdrik
hesab oluna bilməz.
Təbiətcə
ehtiraslı olanlar əziyyət çəkmək
üçün həmişə nələrsə
tapırlar; hisslərini həyəcanları qədər dərindən
hiss edənlər əziyyət çəkəndə həmişə
ürəyiyumşaq insana çevrilirlər və əzab
çəkmək onlara həmişə yaxşı təsir
edir. Yumşaqürəkli, ehtirassız və həmişə
"hazıra nazir" olanlar əzab çəkəndə həmişə
sərtləşir, kobudlaşır, dəriləri qalınlaşır,
nə vaxtsa əzab çəkən hər kəsə
qarşı olan qorxularını, hörmətlərini və
heyranlıqlarını itirirlər. Çünki onlar indi əzabın
nə olduğunu özləri də bilirlər və
başqaları qədər əzab çəkməyi öyrəndikdə,
əzab artıq o qədər də dəhşətli
görünmür.
Hazırda
vəziyyət Cef Kempbel ilə də eynən belə idi. Cef
artıq əzabın nə olduğunu dərindən bilirdi və
bunun sayəsində Melanktanı hər gün necə daha
yaxşı başa düşəcəyini bilirdi. O, hələ
də Melanktanın yalnız ona bağlı olduğuna
şübhə etmirdi, amma nədənsə onun sevgisinə həqiqi
mənada inana bilmirdi.
Melankta
Herber Cefin eyni sualı təkrar verməsinə bir az qəzəblənərək
dedi:
- Mən əvvəllər
heç kimə mənimlə olmaq üçün ikinci
şansı verməmişəm, Cef, amma sənə, bəlkə
də yüzüncü şansı verirəm, başa
düşürsən, elə deyilmi?
Cef qəzəblə
qarşılıq verdi:
- Əgər
məni həqiqətən, sevirsənsə, niyə də
milyon dəfə şans verməyəsən ki?!
- Belə
bir şeyə layiq olub-olmadığını bilmirəm, Cef
Kempbel.
- Sənə
hər zaman dediyim şey layiqolma məsələsi deyil,
Melankta. Bu sevmə məsələsidir və əgər sən
məni həqiqətən, sevirsənsə, bunu şans
adlandırmazdın.
-
Doğrudan, Cef, mən heç vaxt belə düşünməmişdim.
Sən çox ağıllısan, Cef.
***
Cef Kempbel
bir də heç vaxt Melanktadan onu sevib-sevmədiyini
soruşmadı. Aralarındakı münasibət getdikcə
pisləşirdi. Cef həmişə Melanktanın yanında
çox sakit idi. Artıq onunla dürüst olmaq istəmirdi və
artıq Cefin ona deyəcək sözü də yox idi.
Birlikdə
olanda ən çox danışan Melankta olurdu. Daha
Melanktanın yanında tez-tez başqa qızlar olurdu. Melankta həmişə
Cef Kempbellə mehriban davranırdı, amma artıq onunla tək
qalmağa ehtiyac duymurdu. O, həmişə Cefə ən
yaxın dostu kimi yanaşırdı və həmişə
onunla belə danışırdı, amma artıq onu tez-tez
görmək də istəmirdi.
Cef Kempbel
üçün vəziyyət hər gün daha da çətinləşirdi.
Sanki Melanktanı həqiqətən, sevməyi öyrəndikdən
sonra Melanktanın artıq ona ehtiyacı qalmamışdı.
Cef bunu öz daxilində çox yaxşı başa
düşməyə başlamışdı.
Hazırladı:
Nilufər Hacılı
Ədəbiyyat
qəzeti.- 2025.- 5 dekabr, №47-48.- S.25.