Ürəyinin gözü ilə yazan şair
Və
yaxud minnətdarlıq məktubu...
həm Əziz babaya, həm də
sözü sevən insanlara...
Bir müddət şair Musa Ələkbərli ilə bir yerdə
çalışmışam.
Məhz o illərdə
ilk dəfə Əziz
Kərimi - bizim sevimli, dəyərli Əziz babanı yaxından tanımaq nəsibim olub. Onun imzasını əvvəldən eşitsəm,
yaradıcılığına bələd olsam da, üzünü ilk dəfə
görürdüm. Əziz
babanı yaxından görmək, səsini dinləmək, nəzakət
dolu davranışını
seyr etmək başqa bir duyğudur - kitablarından
oxuduğumuz dəyanət,
halallıq, nəcabət
sanki canlanıb qarşımızda dayanır.
Elə
ilk baxışdan yaddaqalan
bir insandır Əziz baba. Yeri gəlmişkən, deyim
ki, Əziz Kərimə
"baba" müraciətini Musa Ələkbərlidən öyrənmişik.
Əziz
babanın qadına-qıza
olan hörməti, nəzakəti o qədər
təbiidir ki, bu təbiilik insanın içində bir minnətdarlıq hissi oyadır. Onun qadınlarla davranışı
sanki bir mesaj verir: zərifliyə
hörmət etmək
insan olmağın başlanğıcıdır.
Hər gəlişində redaksiyaya
bir işıq, bir sevinc gətirirdi
Əziz baba.
Elə həmin günlərdə
"Ədəbiyyat qəzeti"ndə
Sərvaz Hüseynoğlunun
"Əxlaq dərsliyi
kimi" adlı, Əziz Kərimin yaradıcılığına həsr
etdiyi məqaləsini
oxudum və bir daha əmin
oldum ki, bu insan təkcə bir şair deyil
- bütöv bir ömür fəlsəfəsidir.
Əziz
Kərim haqqında tanınmış söz adamlarının - Vaqif Yusiflinin, Musa Ələkbərlinin,
Elçin Hüseynbəylinin,
Akif Hüseynovun, Tofiq
Bayramın və başqalarının fikirlərini
oxuduqca belə bir nəticəyə gəldim: hamı bu insanın iradəsinə, əxlaqına,
mənəvi ucalığına
heyrandır.
Məni
ən çox təsirləndirən məqam
isə Əziz babanın həyatındakı
ağrılı, eyni
zamanda möhtəşəm
dözüm və inad sərgiləyən hekayə oldu. Cəmi doqquz yaşında ailəsinə
kömək etmək üçün iş arxasınca gedən Əziz, bir səhv addım nəticəsində sağ
gözünün işığını
itirir. Sonralar həkim olmaq arzusu ilə Tibb İnstitutuna qəbul olunsa da, tale ona "dayan" deyir, təhsili yarımçıq qalır.
Amma Əziz baba dayanmır.
Gözünün işığı
öləzisə də,
içindəki işıq
heç vaxt sönmür. O, həyatın
bütün qadağalarına,
ağrılarına rəğmən
yaşamağa, öyrənməyə,
yazmağa davam edir.
Bu gün Əziz Kərimin həyatına baxanda bir həqiqət
aydın görünür:
qadağaların insan
iradəsinə gücü
çatmaz. Əziz Kərim sübut etdi ki, görmək üçün yalnız
gözlər kifayət
deyil - ürək də görə bilir. O, zəif düşmüş gözlərinə
rəğmən ömrü
boyu ürəyinin gözü ilə dünyaya baxdı. Onun qələmindən doğulan misralar ruhun, sevginin və inadın gözünə döndü.
Əziz
Kərimin bu günlərdə çapdan
çıxan "Zər
damlalar" (Seçilmiş
əsərləri - 22 cilddə,
18-ci cild. "Elm və
təhsil" nəşriyyatı,
redaktor Musa Ələkbərli)
kitabı ilə üz-üzəyəm. Kitabda
şairin son illərdə
yazdığı şeir
və poemalar toplanıb.
Əziz
Kərimin poeziyasında
"Ana" obrazı xüsusi
bir məna daşıyır. Ana təkcə
onu dünyaya gətirən qadın deyil - mərhəmətin,
fədakarlığın, saf
sevginin rəmzidir. Şair ürək ağrısı ilə yazır:
...Mən onun gününü
qaraldıram,
Ömrünü azaldıram,
...hələ hayıma qalır ana!
Burada vicdani bir etiraf,
anaya - analara minnətdarlıq, sayğı,
ilahi sevgi və ehtiram hiss olunur. Bu misralarda biz təkcə bir anaya deyil, ümumən
qadına, mərhəmətə,
insanlığa ucaldılmış
bir abidə görürük.
"İstəməzdim ki, anam
getməklə // Ana sayından
bir ad azalsın" misralarında isə anasız dünyanın boşluğunu hiss edən
bir övladın sarsıntısı var. Amma bir
təsəlli də
var: Əziz Kərim üçün ana ölümlə
yox olmur - o, sadəcə məkan dəyişir:
Anaya heç zaman "ölüb"
deməyin,
Analar həyatdan ürəyə
köçür.
Əziz
Kərim şeirlərində
tez-tez özünü
yanan bir şam kimi təsvir
edir. Odlanmaq onun üçün məhv olmaq deyil, əksinə, işıq saçmaq, başqalarına nur verməkdir. O, əriməkdən
qorxmur, çünki bilir ki, əridiyi yerdə yenidən doğulacaq:
Bəzədilmiş şamam, öz vüqarım var,
Odlansam,
zirvədə alışacağam.
Şöləmdə sevinər bir neçə dildar,
Ərisəm, yenidən yaşayacağam.
Başqa
bir nümunədə
isə o, əminliklə,
bir daha, ölümündən sonra
da yaşayacağı, xalqın
içində olacağı
mesajını verərək,
özünü xalqla
birləşdirir:
Sizinlə bir yaşayıram,
Kiməm,
sizdən birisiyəm.
Hamı
ölüb gedəcək,
mən
Ölənlərin dirisiyəm.
Burada şair fərdi "mən"dən çıxaraq
ümumi bir "biz"in səsinə,
"Ölənlərin dirisiyəm"
deməklə, poeziyanın,
yaddaşın və xalq ruhunun daşıyıcısına
çevrilir.
...Biz zəfəri yalnız savaş meydanında qazanmadıq. Zəfər illərlə sinəmizdə
daşınan nisgilin,
gözlərimizdə donan
intizarın, dualarımızda
gizlənən ümidin
nəticəsi idi. Azərbaycan ədəbiyyatının
son otuz ili işğaldakı torpaqların,
nakam ruhlu şəhidlərin həsrət
salnaməsinə dönmüşdü.
Əziz Kərim və onun kimi
söz adamları bu illəri sətir-sətir yazdılar,
sətir-sətir yaşadılar:
Salam, qılınc!
Salam, azadlıq!
Səni
yaratdıq,
Səndən yarandıq!
...Neçə döyüşdə
Cəngi
də çaldıq!
- deyərək, xalqı öz gücünə inama səslədilər. Əlbəttə, "Qılınc"
burada təkcə silah deyil - haqqın,
ədalətin, cəsarətin
simvoludur.
44 günlük Vətən müharibəsi Azərbaycan
xalqının yüzillik
iradəsinin təntənəsinə
çevrildi. Bu tarix yüz illərin intiqamı, min illərin ruhu ilə yoğrulmuş
tarix idi.
...Şairlər artıq ağı yox, himn yazırlar.
Onların qələmi
ordumuzun qazandığı
qələbəni ədəbiyyatın
yaddaşına həkk
edən silaha dönüb. Əziz Kərimin "Salam, qılınc" misraları
da bu yeni
dövrün - Zəfər
poeziyasının başlanğıcıdır.
"Zər damlalar"
kitabında yer alan "İstəmirəm"
və "Nankorlar"
poemaları müəllifin
müdrik ömrünün,
dərin müşahidələrinin
poetik ifadəsidir. Bu əsərlərdə Əziz Kərim təkcə şair kimi deyil, həm
də dönəmin vicdan səsi, ağsaqqal müdrikliyi ilə danışan bir müəllim kimi görünür.
"Sınaqda sevgi" poemasında isə Sevgi və Vətən mövzusu həm müəllifi, həm oxucunu sınağa çəkir. 44 günlük
müharibə yalnız
torpaqlarımızın azadlığı
ilə bitmədi - xalqın ruhunun, sevgisinin və mənəviyyatının sınağı
ilə də yadda qaldı.
Poemanın qəhrəmanı
Şahin - müasir Azərbaycan gəncinin rəmzidir. O, rahat həyatını, işini,
şəhər lüksünü
geridə qoyub döyüşə gedir.
Onun üçün Vətən çağırışı
hər bir fərdi arzudan ucadır. Müharibə fonunda Çəməngül
- tibb bacısı obrazı da önə çıxır.
O, yaraları sarıyır,
ölümün içindən
ümid boylandırır.
Bu iki obrazın
- Şahinlə Çəməngülün
əhd-peymanı yalnız
iki gəncin sevgisi deyil, həm də Vətənlə insanın,
sevgi ilə mübarizənin qovuşmasıdır.
Əziz, Əziz
baba!
Bu yazı,
əslində, bir minnətdarlıq məktubudur.
Allah sizə
bundan sonra da yazıb-yaratmaq, könül işığınızı
yeni misralara çevirmək nəsib etsin.
İradə AYTEL
Ədəbiyyat
qəzeti.- 2025.- 5 dekabr, №47-48.- S.29.