Antanasın hüznü və sualları
Görkəmli Litva şairi Antanas A.Yoninasın "Tənhaların şərabı"
adlı seçmə
şeirlər toplusu "BeytPoetry" seriyasından
işıq üzü
görüb. Azərbaycan
Yazıçılar Birliyində
nəşrə hazırlanan ,"Zərdabi" nəşriyyatında
işıq üzü
görən kitabın
tərcüməçiləri Səlim Babullaoğlu və Mahir Həmzəyev,
naşiri Elman Qasımovdur.
Kitab üzərində Emil Camalov, Dirk Skriba (üz qabığındakı
fotonun müəllifi),
Məlahət Qənbərova
və Lətafət Səmədova çalışıblar.
Kitab iş adamı Məhəmməd Məhəmmədovun
dəstəyi ilə işıq üzü görüb. Kitaba Litvanın Azərbaycandakı
fövqəladə və
səlahiyyətli səfiri
Kestutis Vaşkelyaviçüs
və Azərbaycanın
Litvadakı səfiri Tamerlan Qarayev qısa giriş məqaləsi yazıblar.
Seriyaya informasiya dəstəyini "Ədəbiyyat
qəzeti", "Ulduz"
jurnalı, "525-ci qəzet"
www.mustaqil.az, www.yazarlar.az saytları verib. Antanas A.Yoninas /Antanas
A. Jonynas (1953) - görkəmli
Litva şairi və tərcüməçisidir.
26 noyabr 1953-cü Vilnüsdə
anadan olub. Böyük Litva ədibi və ictimai xadim Antanas
Yoninasın oğludur.
Vilnüs Universitetinin
filologiya fakültəsində
Litva dili və ədəbiyyatı
ixtisası üzrə
(1971-1976) təhsil alıb.
Uzun müddət
"Vaga" nəşriyyatında
çalışıb (1976-1993), Baltijos TV-də ədəbi proqramların
aparıcısı olub.
Litva Yazıçılar
Birliyinin və Litva PEN Mərkəzinin üzvüdür, bir müddət Birliyin sədri (2011-2018) vəzifəsində
çalışıb. 1977-ci ildə "Qaratoyuq kimi bir il" toplusuyla poetik debüt edib, toplu 1978-ci ildə "İlin ən yaxşı debütü"
kimi "Ziqmas Gele" mükafatına layiq görülüb.
"Yaddaş gəmisi"
şeir kitabı
(1980) gənc müəlliflər
arasında "İlin
ən yaxşı kitabı" seçilib.
"Gecə qatarı"
(1990) 1991-ci ilin uğurlu
kitabı kimi Litva Yazıçılar Birliyinin mükafatına,
"Buz altında şəlalə" (1997) kitabı
isə "Yatvyaq"
mükafatına (1997) layiq
görülüb. Antanas
A.Yoninas "Poeziya bulağı"
(2002), Mədəniyyət və
incəsənət üzrə
Milli Dövlət (2003), Ədəbiyyat
üzrə Baltik Assambleyası (2023) mükafatlarının
laureatıdır. İngilis,
alman, italyan, fransız,
eston, latış, polyak və rus dillərində şeir kitabı işıq üzü görüb. Şeirləri
Belarus, Ukrayna, bolqar, xorvat, gürcü, macar, Koreya, Norveç, polyak, rumın, sloven, ispan, isveç və b. dillərə çevrilib.
Antanas A.Yoninas
Hötenin "Faust", Lessinqin
"Müdrik Natan"
əsərlərini Litva
dilinə tərcümə
edib. O, eyni zamanda latış, rus, Belarus, Ukrayna, polyak və xorvat ədəbiyyatının
Litva dilinə ən yaxşı tərcüməçisi hesab
edilir, iki Ukrayna poeziyası antologiyasının tərtibçisi
və tərcüməçisidir.
Vilnüsdə yaşayır.
Səfir Kestutis Vaşkelyaviçüs yazır:
"Yoninasın poeziyası
hisslərin dərinliyi,
fərqliliyi, bəzən
hermetikliyi, özünəməxsus
metaforalarla zəngindir.
O, təkcə öz şeirləri ilə deyil, həm də tərcüməçi
kimi Litva poeziyasında xüsusi yeri olan şairdir,
poeziyası ilə
yeni meyillərin dərk
edilməsində mühüm
rol oynayıb. Kitabın Azərbaycan dilində nəşri azərbaycanlı oxucular üçün yeni Litva şeiri ilə tanış olmaq üçün əla fürsətdir. Nəzərə
alınsa ki, çağımızda,
ümumiyyətlə şeir
az tərcümə edilir və şeir kitabları az nəşr olunur. Qoy bu
kitabın nəşri
xalqlarımızın mədəni
yaxınlaşmasına öz
dəyərli töhfəsini
versin..." Səfir Tamerlan Qarayev yazır: "Azərbaycan
peşəkar ədəbi
mühitinə dəyərli
Litva şairinin təqdim olunması təkcə ədəbi əlaqələr üçün
deyil, bütövlükdə
ölkələrimiz arasındakı
münasibətlər üçün
əhəmiyyətlidir, mövcud
olan mədəni əməkdaşlığımızın
yeni, vacib təzahürüdür.
Həm Azərbaycan, həm Litva ədəbi-mədəni mühiti
üçün əhəmiyyətli
olan bu toplunun,
Antanas A.Yoninasın
"Tənhaların şərabı"
seçmə şeirlər
kitabının nəşri
münasibətilə ölkələrimizin
ədəbi ictimaiyyətini
təbrik edirəm, Azərbaycan Yazıçılar
Birliyinə, kitabın
ərsəyə gəlməsində
zəhməti olan hər bir kəsə
minnətdarlıq edirəm.
Necə deyərlər,
oxucusunu tez tapsın!" Qəzetimizin
oxucuları üçün
maraqlı olacaq deyə, Səlim Babullaoğlunun kitab üçün
yazdığı Ön
sözü təqdim edirik.
Səlim BABULLAOĞLU
Doğulduğu torpaqda ölmək
qismətidirsə, hər
bir böyük şair öz vətənini bütün
digər insanlar kimi, yalnız öz bədəni qədər deyil, həm də öz şeirləri qədər böyüdür;
bu, şairin doğma coğrafiyaya (dilin sərhədləri isə torpaqdan böyükdür), yaddaşa
və tarixə son töhfəsi olur. Bu töhfənin qiymətini
dürüstlük müəyyən
edir: Yaradana və Sözə, yaradılmışa, insana
və sözə, sənətə, peşəyə
münasibətdə dürüst
yaşamaq və bu yaşamda qazandığın iztirab
və təcrübəni
düzgün "danışmaq".
Məhz həmin fərdi təcrübə(lər) müxtəlif xalqların uzun dövrlər ərzində
yaranan ədəbiyyatının
həqiqi əyarını
müəyyənləşdirir, bir növ kamerton
rolunu oynayır.
Sovet Azərbaycanında yüzlərlə,
minlərlə şeir
yazan vardı (elə bu gün
də var), amma biz bir gün o dövrdə, deyək ki,
1950-ci illərdən sonra
yaşamış azərbaycanlını,
insanı axtarsaq, onun nə düşündüyünü,
necə düşündüyünü,
həqiqi dərdlərini,
saxta olmayan sevincini görmək, anlamaq istəsək, fikrimcə, Vaqif Səmədoğlunun şeirlərini
mütləq oxumalıyıq.
Yanina Rişkute Antanas A.Yoninas
haqda haqlı olaraq yazır: "Şairin dəyərlər
sistemində şəxsi
həyat və daxili azadlıq xüsusi yer tutur. Lakin Yoninas, məsələn, "bitniklər"dən
fərqli olaraq, insan varlığının
çətinliklərinə daha həssaslıqla yanaşır. Onun poeziyası ötən əsrin 70-80-ci illərində
sosialist Litvada özünü kənar,
yad hiss edən gənc
bir insanın psixoloji reallıqlarını
əks etdirir..."
Rişkutenin sitat etdiyim fikrində, məncə, sonuncu cümlə ilə daha əvvəlki
"həssaslıq" kəlməsi
çox yüklüdür.
Həm ayrılıqda
Antanasın poeziyasına
münasibətdə, həm
də bütövlükdə
poeziya, şair kimliyi məsələsinə
münasibətdə. Poeziya
həssaslıqdır, həssas
yanaşmadır həm
də: ən əvvəl özünə,
qəlbinin səsinə,
sonra isə ətrafına (bunlar, bəlkə də, eyni şeydir). Yalnız belə olan halda sən
anlaya bilərsən, necə ki, Antanas anlamışdı, bütün,
yaxud əksər
"ideoloji bayramlar",
1 may və 9 maydakı
nümayiş və paradların həqiqi sevinc və bayramla, sosialist respublikanın isə həqiqi vətən anlayışı ilə xüsusi əlaqəsi yoxmuş. Vətən, eyni zamanda və
əvvəlcə, bəlkə
də, daha çox sən özünsən, sənin
otağındır, o otaqda
yaşadığındır. Vətən təkcə coğrafi məkan deyil, həm də mənəvi sığınacaq, aidiyyət
və təhlükəsizlik,
asudəlik hissidir.
"Otaq" şeirində
olduğu kimi.
***
Qarşısıalınmaz ölümün
qəfil gəlişi
və faniliyin himni kimi səslənir
"Tənhaların şərabı"
şeiri. Amma çoxlu
maraqlı düşüncə
perspektivi yaradır. Vadiyə çəkilənlər,
o axşamüstünün yolçuları kim idi? Sevgililərmi? Dostlarmı? Biz hamımızmı?
Sayları nə qədərdi? Ayrıldılarmı
(axı birinin arxasınca itin kölgəsi, birinin arxasınca külək düşmüşdü?) Bəs
o köpək nəydi?
Bəlkə, Quranın
XVIII "Mağara" surəsindəki
adamlardı? Bəlkə,
imperator Desi Trayanın təqibindən
qaçan xristian gənclərdi? Bu nədi,
allüziyadır? Şimal
haradır? Cənub haradır? Siyasi kontekst varmı? Axı o gənclər həm Quran versiyasına, həm xristian apokriflərinə (hədislərinə)
görə ölməyəcək,
uzun mürgüyə
dalacaq, yalnız 300 ildən (bir az artıq) sonra ayılacaqdılar; eləysə müəllif
(müəllifmi, alter-eqomu?)
niyə "bir də dirilmədilər, bir dirilmədilər" söyləyir? Bəlkə,
o dirilişi görməyə,
o qaçışa və
təqibə şahidlik
edənlərin - yəni
başqa ömürlərin
yetərli olmadığına
görəydi? Şərab
nə şərabdı?
Günümüzün vərdiş
edilən şərabımı?
Yaxud Şərq şairlərinin əsərlərində
rast gəlinən rəmzi şərab, meydi? Bəlkə, bütün suallar yersizdi və şairin faniliyə köklənməkdə adətkar
olan ovqatı eləcə danışır,
növbəti minor bir
hadisə, bir nəğmə uydururdu. Suallar, suallar, suallar. Elegik ahəngi ilə də adam üşüdən,
"soyuq" ritmli bu şeir görürsüz,
nə qədər suallar yaradır?! Hə, yaxşı şeirlər həm də çoxlu və doğru suallar yaradandır; birmənalı cavab tapmasan belə. "Tənhaların şərabı"
şeirində olduğu
kimi.
***
Xatırlayıram, müasir şeirimizin,
müstəqillik illəri
ədəbiyyatımızın görkəmli nümayəndəsi,
şair və rəssam Adil Mirseyidin bir şeirini oxumuşdum. Təxminən,
26 il əvvəldi. Doğrusunu
deyim, onda həmin şeir mənə "çatmamışdı".
Üstündən bir
neçə ay keçmişdi.
Görüşlərimizin birində Adil Mirseyid necəsə oldu, həmin şeiri qiraət elədi. Çaşdım, heyrətləndim.
O sanki şeiri oxumurdu, mənə izah edirdi, bu,
ustad dərsi idi. Mən onda
həmin vaxta qədər yalnız bir söz kimi
eşitdiyim, qavradığım
və bəzən də istifadə etdiyim, bizim peşəkar çevrələrdə
dillər əzbəri
olan "hal şeiri" anlayışını
çox aydınca
hiss etmişdim. Antanasın
əksər şeirlərinə
"hal örpəyi"
atılıb, o örpəyi
qaldırmaq olmaz, çünki bu vəziyyətdə yalnız
rasional ağıl və məntiqlə çox uzağa gedə bilməzsən.
***
Antanasın şeirləri öz
halı-havasıyla caz
improvizəni xatırladır,
bəzən də
Blue Devils olur, bu duyğunu poeziya bir yana, Dovlatovun
nəsrində bir başqa cür sezmişdim. Yeri gəlmişkən, mənim
bu hissim Viktoriya Şeynanın şair haqqında yazdıqlarıyla
da üst-üstə düşür:
"A.Yoninas qəsdən ritmi və heca sayını
pozur, cümlələri
təkrarlayaraq "qeyri-reallıq"
yaradır, melodiyaları
improvizə edir. Təkrarlar, paralellik və tematik variasiyalar vasitəsilə
caz musiqisinin elementlərini nitqin ritmlərinə çevirir.
Onun yaradıcılığında
caz və poeziya ənənələri
yaradıcı şəkildə
görüşür, (...) yad bir həyata canatımı, nüfuzlu nitq tonunu, melanxolik
münasibəti və
danışıq dilinə
meyilli sintaksisi uğurla özündə
birləşdirir".
***
Antanas Yoninasın "Haradasa başqa yerdə" şeiri böyük türk şairi Orxan Vəlinin "Anlada bilmirəm", məşhur danimarkalı şair Tomas Böberqin "Su" şeirilə qan qohumudur, bütün yaxşı şeirlər belədir. Bəlkə də, bütün oxşar və yaxşı şeirlər bir mətləbin, bir halın qəlpələridir - parçalanıb dünyanın dörd bir səmtinə, şairlər isə öz dillərində həmin qəlpələri bir şeirə toplayır, səhnəni bütövləşdirmək, dünyamızı birləşdirmək istəyir. Haradasa başqa yerdə maşın qapısının səsi, sübh vaxtı otlağın nəmi, təkərləriylə sikkələri yastıladan elektrik qatarları, qapıları açıq eyvanlar, təmiz teleqram blankları (sms, whatsapp yazışmaları dövrünün sakinləri bunu bilməzlər) var... Şair bunları qəribə ovqatda, bir az da melanxoliya (əsla ümidlə deyil!) ilə sadalayır. Niyə? Və niyə sonda "öz bayquşunla nə gərək gedəsən Afinaya?!" deyir? Müdriklik rəmzi, gecələr belə, gündüzlərdə olduğu kimi aydın görən bayquş nəyə işarədir? Qədim yunan əsatirlərində bayquş həm də ənənəvi olaraq müdriklik ilahəsi bakirə Afinanın rəmzi sayılırdı; yunanların gümüşü sikkələrində tetradrahmalarında da (bu həm də qədim Romada da işləyən sikkəydi) həkk olunmuşdu. Bayquş eyni vaxtda həm müdrikliyi, həm də pulu anladırsa, bütün bunları bilən müəllif son cümləsi ilə nə demək istəyir? Haradasa, yəni başqa yerlərdə mövcud olanlar elə burda da mövcud olanlardır (sadalama göydən düşə bilməz ki!), eləysə, başqa yerlərə niyə gedəsən ki?! Gedib həmin yerlərdə tapacağın, görəcəyin, müdrikliyinlə anlayacağın, hətta deyək ki, bəzən pulla ala biləcəyin yenə də burada gördüyün və görüb sadaladığın maşın qapısının səsi, sübh vaxtı otlağın nəmi, təkərləriylə sikkələri yastılayan elektrik qatarları, qapıları açıq eyvanlar, təmiz teleqram blankları, mebelli otaqlar, tünd konyak olmayacaqmı? Bəlkə, elə müəllif bunu demək istəyir?! Hər necəsə, Antanas yenə suallar qoyur, düşündürür, hüznləndirir - bütün yaxşı şairlər kimi.
***
Azərbaycan ədəbiyyatının Litva, Litva ədəbiyyatının Azərbaycan dilinə yorulmaz və istedadlı tərcümə-çisi Mahir Həmzəyevlə birgə tərcümələrə başlayanda (təklif də Mahir Həmzəyevdən gəlmişdi) yadıma düşdü ki, Antanasla görüşmüşük: ya Yassıda, ya Kişineuda, ya Moskvada (ola bilsin, eyni antologiyalarda şeirlərimiz də yer alıb). Soyuq replikalarla və dumanlı yadımda qalıb o görüş. Sevinirəm ki, belə olub. Daha isti şəxsi münasibətlərin olan şairlərin, yaxud dostların şeirlərini çevirəndə hökmən "önyarğılı" davranırsan; istənilən halda mətndən münasibətə gələn yol daha dürüstdür.
İndi budur, Litva şairi Antanas A.Yoninasın Azərbaycan dilində ilk şeirlər toplusunu oxucuların ixtiyarına buraxırıq. Və əminəm, diqqətli oxucuların bir çoxu, görkəmli Litva şairinin elə özünün yazdığı bir fikri təsdiqləyəcəklər ki, istədiyimiz də, bəlkə, elə budur: "Paradoksaldır ki, biz ədəbiyyatdan orijinallıq və yenilik tələb edirik, amma oxuyarkən, əslində, tanışlığın sevincini axtarırıq. Bax, bu mənim sevimli şairimdir - mən bunu görmüşdüm, amma o, fərqinə vardı. Mən bu haqda düşünmüşdüm, amma o, bunu sözlərlə ifadə edə bildi. Təsəvvürün bu cürə zərifliyi, çox güman, yalnız sadə və iddialı dünyada özünü göstərir..."
Azərbaycan ədəbiyyatına və dilinə xoş gəldiniz, əziz Antanas!
15 noyabr, 2025-ci il
Səlim
BABULLAOĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 5 dekabr, ¹47-48.- S.24-25.