Dekabr gecəsində üşüyən dar ağacları...
21 Azər Hərəkatının
80 illiyinə
Xatırlayıram, hər dəfə
Təbriz adı çəkiləndə anamın
gözləri yol çəkirdi. O taydakı
qohumlarını, əmisi
uşaqlarını düşünürdü,
doğmalarının xiffətini
çəkirdi. Bir ömür
boyu onlardan uzaq yaşamağın ağrısı saçlarını
erkən ağartmışdı.
Anamın atası, babam Mircavad Səttarxanın silahdaşlarından
olmuşdu, Məşrutə
inqilabı süquta uğrayanda canını götürüb bu taya qaçmışdı.
Həmin gün onun bütün silahdaşlarının artıq
soyumuş cəsədi
Təbrizdə dar ağacında yellənirdi.
Bu haqda "Yaddaş kartı" romanında geniş yazdığımdan
təfsilata varmıram.
Mən uşaqlığımdan
bəri anamın tükənməz ağrısını
dərk etməyə çalışırdım, bu
həsrət, bu nisgil mənə də sirayət edirdi. Anam danışırdı
ki, Mircavad ağa son dərəcə mütaliəli
adam idi. Mirzə Əbdürrəhim
Talıbovun, Zeynalabdin
Marağayinin əsərləri
onun stolüstü kitabları idi. Bu ədiblər ötən əsrin əvvəllərində
Səttarxan, Xiyabani hərəkatlarının intişar
tapmasında, ideya istiqamətlərinin müəyyənləşməsində
öz əsərləriylə
iştirak etmişdilər.
Anam atasından eşitdiyi əhvalatları mənə
nağıl kimi danışırdı. Bu gerçək
nağıllar sonralar
mənim mənəvi
dünyamın formalaşmasında
böyük rol oynadı. İçimdə
suallar yaranırdı:
biz niyə o taya gedə bilmirik? Niyə Vətən iki yerə bölünüb?
Bu suallara cavab tapmaq istəyi ilə tarixə baş vurur, çoxlu kitablar oxuyurdum. Süleyman Rüstəm mənim uşaqlığımın ən
sevimli şairi idi. İndi düşünürəm
ki, bəlkə həmin
suallara onun Cənub həsrətiylə
yazdığı şeirlərində
cavab tapırdım, ona görə şair mənə bu qədər doğma görünürdü?
Şəhriyarın "Heydərbabaya
salam" poeması bizim evdə dönə-dönə oxunurdu.
Poemanı başdan-ayağa
əzbərləmişdim. Dil-ədəbiyyat müəlliməsi
olan anam Vətən həsrətini
Şəhriyarın misraları
ilə ovudurdu. Sonralar Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz", Pənahi Makulunun "Səttarxan", "Gizli
zindan", Mirzə İbrahimovun "Gələcək
gün", Söhrab
Tahirin "Qonşu qızın məktubları",
"Sonuncu şah"
romanlarını, Seyid
Cəfər Pişəvərinin
siyasi publisistikasını,
"Zindan xatirələri"ni
oxuyanda parçalanmış
Vətənin tarixi taleyi bütöv mənzərəsi ilə
gözlərim önündə
canlandı.
Anamın
əmisi oğlu Əkbər Şahab 21 Azər hərəkatının
fəal üzvlərindən
idi. Pişəvəri
hökuməti süqut
edəndən sonra bu taya keçdi
və ömrünün
sonuna qədər Təbriz həsrətiylə
yaşadı. O, Pişəvərini
canlı görmüşdü,
onun silahdaşlarından
olmuşdu. Pişəvəri
məlum qəzadan sonra Buzovnadakı Nobel bağında dəfn olunanda da həmin dəfndə iştirak etmişdi. Dediyinə görə, Pişəvərinin
dəfninə heç
kəsi buraxmadılar
və bu böyük şəxsiyyət
səssiz-səmirsiz dəfn
edildi. Bu ölümün
təfərrüatları haqda
kifayət qədər
yazılıb, ona görə təkrara ehtiyac görmürəm. Əkbər əmioğlunun
dedikləri yadımda
qalıb, deyirdi ki, Pişəvərinin ölümündən
sonra mübarizə səngidi və hamımızın, bütün
fədailərin qəlbində
həsrət, nisgil ömürlük yurd saldı. Pişəvərinin
ölümü onlarda
ruh düşkünlüyü
yaradıbmış...
Bizim ailənin relikviyası həmişə kitab olub.
Orta məktəb illərində anam mənə əski əlifbanı öyrətmişdi
və mən babamın əlyazmalarını
oxuya bilirdim. Əski əlifbanı bilməyim bu gün bir çox
məqamlarda mənim karıma gəlir. Deyilənə görə,
babam dinə son dərəcə bağlı
olsa da, kifayət qədər mütərəqqi
fikirli insan olub. 37-ci ilin repressiyaları zamanı
din xadimlərini də
gedər-gəlməzə yollayırdılar,
növbə Mircavad ağaya çatanda kənd camaatı onu xilas edib.
Deyiblər ki, onun dinlə heç bir bağlılığı
yoxdur, seyid adamdır. Anam deyirdi ki, atam həbs təhlükəsini
hiss edən kimi Hüseyn Cavidin kitablarını yığıb
çardağda gizlətdi.
Düşünübmüş ki, onu aparmağa gələndə evdə axtarış aparacaqlar, heç olmasa, bu kitablar ələ
keçməsin. Dayım
Murtuza Əsədullayev
Bakı Darülmüəllimində
təhsil almışdı
və o dövrün mütərəqqi fikirli ziyalıları ilə, o cümlədən, Mirzə
İbrahimovla çox
yaxın dostluq münasibətləri vardı.
Böyük Vətən
müharibəsində ağır
yaralanıb qayıdandan
sonra ömrünün
sonuna qədər Buzovnadakı 206 saylı orta məktəbdə coğrafiya müəllimi
kimi çalışmışdı.
Mən dayımı görməmişəm. O, 1953-cü ildə sinifdə dərs deyən zaman ürək tutmasından vəfat edib. Cəmi 41 il ömür sürüb.
Onun Cənub ədəbiyyatıyla
bağlı araşdırmaları
vardı, əksəriyyəti
əski əlifba ilə yazılmış bu əlyazmalarında mən ilk dəfə Məhəmməd Bağır
Xalxalinin, Mirzə
Mehdi Şükuhinin, Səid
Səlmasinin, Mirzə
Əli Möcüzün
adlarına rast gəldim. Adlarını çəkdiyim bu şəxsiyyətlərin hər
biri XIX əsrin sonu, XX əsrin əvvəllərində Cənubi
Azərbaycanda təşəkkül
edən maarifçi ədəbiyyat cərəyanının
aparıcı simaları
idilər. Sonralar klassik ədəbiyyatla ciddi məşğul olanda bu şairlərin
yaradıcılığını dərindən öyrəndim
və gördüm
ki, onlar yaşadıqları
dövrün, zamanın
basqıları altında
yazıb-yaradıblar. Xalqı
cəhalətdən, elmsizlikdən
xilas etməkdən ötrü öz həyatlarını təhlükəyə
atıblar. Onlar istibdada qarşı öz qələmləriylə
döyüşüblər.
Nəcəf bəy Vəzirovun
Fəxrəddini ("Müsibəti-Fəxrəddin")
bu tipli ziyalıların ümumiləşdirilmiş
obrazıdır. XIX əsrin
sonu, XX əsrin əvvəlləri Cənub
şairlərinin yaradıcılığında
lirizm tədricən arxa plana keçdi, ictimai, satirik realist təmayüllər güclənməyə
başladı. Bu da İranda
gedən ictimai-siyasi proseslərlə bağlı
idi. Bu şairlər o
taydakı mövcud quruluşla barışmayaraq
geniş xalq kütlələrinə poeziya
vasitəsilə xitab edirdilər və onların yazdığı
inqilabi ruhlu şeirlər milli şüurun
oyanışına böyük
təsir göstərirdi.
Bu da şah rejimini qorxuya salırdı. Birinci Rus inqilabı da onların yaradıcılığına
böyük təsir göstərirdi.
Bu barədə "Cənubi
Azərbaycan ədəbiyyatı
tarixi" (XIX-XX əsrlər)
ikicildliyində geniş
və müfəssəl
məlumatlar var. Həmin
tədqiqatlarda yaradıcılığı
lazımi qədər
araşdırılmayan xeyli
sayda şairlər var
ki, onların bəzilərinin
əsərləri it-bata
düşüb, adları
uzun on illər boyu diqqətdən kənarda qalıb, kitabları nəşr olunmayıb. Bu da tarixin və taleyin, gərdişi-dövranın, faniliyin
bir göstərgəsidir.
O şairlər elə amansız bir dövrdə yaşadılar
ki, qısa ömür
payını mücadilələrdə
keçirməyə məcbur
oldular və yaradıcılıqlarıyla istibdadın
kökünü qazdılar.
İrtica onların cavan ömürlərini yarıda qoydu. Bəziləri zindanlarda çürüdüldü, bir
qismi dar ağacından asıldı,
bir qismi isə cəlayi-vətən
oldular. Cəmi iyirmi il ömür yaşamış şair Səid Səlmasi ata-baba mülkünü satıb Avropadan Təbrizə mətbəə
avadanlığı alıb
gətirib. Şah rejimi bundan xəbər
tutunca mətbəəyə
basqın edilir və oranı darmadağın edirlər.
Yaralı vəziyyətdə
Bakıya gələn
gənc şair bir müddət burada müalicə aldıqdan sonra yenidən Təbrizə qayıdıb mübarizəsini
davam etdirmək istəyir. İrticaçılar
tərəfindən qətlə
yetirilir. Cəfər Kaşif, Hilal Nasiri, Məmmədbağır
Niknam, Əli Fitrət və digər şairlər gənc yaşlarında
Milli Hərəkat dövründə
(1945-1946-cı illər) qətlə
yetiriliblər. Bu, azad
fikrin qan gölündə boğulması
demək idi. Sonralar o tayın bu tayda şöhrət
qazanan şairləri Balaş Azəroğlunun,
Söhrab Tahirin söhbətlərində də
bu nakam şairlərin adlarını
eşidirdim.
Can qorxusu yoxdur dilimizdə, canımızda,
Hər guşədə bir şir yatır torpağımızda.
Bunu Səid Səlmasi yazıb.
Ey vətən, uğrunda hər an hazıram can verməyə,
Qoy mənim cismim boyansın qana, Azərbaycanım!
Bu odlu-alovlu misralar 1946-cı
ilin dekabrında Tehranda şah irticası tərəfindən
vəhşicəsinə qətlə
yetirilmiş Niknama məxsusdur.
Zindanda öldürülmüş Əli
Fitrət yazırdı:
"Vətən uğrunda
can vermək mənə
səadətdir".
İldırım meşə ağacına
deyir ki, ya kənara çəkil, ya da başına gələcəkləri qəbul
et. Onlar azadlıq aşiqləri idilər, bəşəri eşqin bərəkəti onları
ilahi eşqin sirlərindən agah etdi. Vətən eşqi məktəbində
imtahandan üzüağ
çıxdılar və
şəhadətə yetişdilər.
Aşağıdakı sətirlər
"Yaddaş kartı"
kitabımdan bir parçadır:
"Anam Təbrizi görməyi necə də şiddətli şəkildə arzulayırdı...
Ona nəsib olmayan xoşbəxtlik gözlənilmədən
mənə nəsib oldu; mən adi günlərdən birində sübh tezdən Bakıdan çıxıb axşam
Təbrizə yetişdim.
İlahi, Təbrizə
yol bu qədər
yaxın imiş!.. Bu barədə "Ömürdən uzun həsrət" adlı yol qeydlərimdə təfsilatıyla yazmışam.
Biz şəhərə çatanda
hava büsbütün
qaralmışdı və
selləmə yağış
yağırdı. Təbrizdə
qaldığım ilk gecə
içim təlatümləndi,
bir şeir də yazdım:
Babam Təbrizdə doğuldu,
mən Bakıda,
Təbriz
anamın ömürdən
uzun həsrəti oldu,
İndi mən Təbrizdəyəm;
şəhərə yağış
yağır,
məni
qarşılamağa gəlmiş
Səttarxana:
- mən Cavadın nəvəsiyəm, - deyirəm.
- Nə yaxşı gəldin! - deyir,
- bilirdim gələcəksən.
Baban Təbrizdən çıxanda
da
yağış şəhəri islatmışdı,
məşrutəçilərin cəsədləri
dar ağacında
inqilab saatının kəfkiri təki yellənirdi,
boş qalmış kəndirdə
qara bulud boğulmuşdu;
ora babanın yeriydi..."
Yapon yazıçısı Reiko Uçida
"Ürəyini harayla"
kitabında yazır:
"Xoşbəxtliyi axtarıb
tapa bilmək üçün
Təbiət məni kasıb ailədə dünyaya gətirib". Buddizmin əsas postulatlarından biri də budur: öz xoşbəxtliyini tapmaq üçün sənin qarşında uzun bir yol
var. Buna Dao təlimi deyirlər.
İnsan doğulduğu
gündən ruhu cismini tərk etdiyi ana qədər nəyisə axtarır. Həmin "nə isə" həqiqətdir.
Bəziləri həqiqətə
yetir, bəziləri isə yox. Elə
insanlar da var ki, ömürləri
boyu həqiqətdən
qaçmaqla məşğuldurlar.
Təbriz bizim həqiqətimizdir. Bu qədim
şəhərin hər
qarışı xoşbəxtliyin
zərrələriylə sayrışır.
Bu günlərdə Cənubda
yaşayan yazıçı
Məhəmmədrza Bayraminin
"Yaşıl bağın
ölüləri" romanını
oxudum və bu yazı da həmin romanın mütaliəsi prosesində
yaşadığım sarsıntılardan
doğuldu. Romanda Cənubi Azərbaycanda
Milli Hökumətin yaranması
dövründə baş
verən hadisələr
təsvir edilir. Təbriz bazarında satıcı işləyən
Balaş gözəl səsi olduğu üçün Azərbaycan
Demokrat Firqəsinin radiosunda diktor kimi çalışmağa
başlayır. Bununla
da həyatının faciəli
günləri başlayır.
Balaşın sevdiyi qızın adı Mədinədir. Bu fakt məni diksindirdi. Xalq şairi Balaş Azəroğlunu xatırladım. O da Milli Hökumət
zamanından Təbrizdə
Radio Komitəsində çalışmışdı
və Mədinə
Gülgünlə də
həmin qovğalı
günlərdə tanış
olmuşdu. Sonralar taleyini onunla bağladı, onlar ailə qurdular. Bu misralar şairin Mədinə Gülgünə
yazdığı "Qələm
yoldaşım" şeirindəndir:
Gəlir
xatirimə,
o zaman
Təbriz
xiyabanlarını kecib
"Şairlər məclisi"nə
qoşa getdiyimiz
günlər.
Gəlir
xatirimə,
hər səhər
gecə
yazdığım şeiri
mikrofon qabağında oxuyarkən
mən,
"Azərbaycan"da çıxardı
sənin nəğmən,
Sevgilim,
Biz uzun illərin sınağından
kecib gələn,
həyatın ağlı-qaralı günlərini görən,
bir məslək uğrunda vuruşub,
bir həyata nəğmə qoşub,
yaşamışıq.
Üzümüz ağ,
alnımız açıq.
Sevgilim,
sən dünən cəbhə dostum,
qələm yoldaşım idin,
bu gün həyat yoldaşım olmusan artıq...
Yeri gəlmişkən, Mədinə Gülgün Bakıya gəldikdən sonra 1948-1952-ci illərdə anam Xədicə xanımla Azərbaycan Pedaqoji Universitetində dil-ədəbiyyat fakültəsində birlikdə oxumuşdular. Onların dostluğu, rəfiqəliyi Mədinə xanım dünyasını dəyişənə qədər davam etdi. Ömrünün son illərində Balaş Azəroğlu ilə sıx ünsiyyətim yaranmışdı. Xatırlayıram, "İki sahil" qəzeti üçün onunla geniş bir müsahibə etmişdim. Anam həmin müsahibəni oxuyub ağlamışdı. O söhbətdə Balaş müəllim Mədinə Gülgünlə bağlı elə məqamlara toxunmuşdu ki, bu, anamı mütəəssir etmişdi. Anam onların sevgisinin canlı şahidlərindən idi. Danışırdı ki, Mədinə institut illərində Təbriz üçün çox darıxırdı, canını qoymağa yer tapmırdı, onu bu dəhşətli intizardan Balaş Azəroğlu qurtardı. Balaş olmasaydı, Mədinə o çətin ayrılıq dönəmini adlaya bilməzdi. Balaş Azəroğlu o zaman çox ağır xəstəliklə çarpışırdı, ağciyərləri sətəlcəm olmuşdu. Həkimlər onun yaşayacağına ümid etmirdilər. Amma Mədinə öz fədakarlığı ilə, tükənməz sevgisi ilə onu sağaltdı. Şair 89 il ömür yaşadı. Təbrizi yenidən görmək Mədinə xanıma nəsib olmasa da (o, 1990-cı ildə dünyasını dəyişdi) Balaş Azəroğlu bu uzun, əlli illik həsrətə tab gətirə bildi. Mənə bağışladığı "Xatirələrim" kitabında əlli illik ayrılıqdan sonra Ərdəbilə, Təbrizə səfərini ayrıntıları ilə qələmə alıb.
"Yaşıl bağın ölüləri" romanını oxuyanda düşündüm ki, yazıçı məhz onların həyatını qələmə alıb. Kitab rəfindən Balaş Azəroğlunun "Xatirələrim" kitabını götürüb yenidən oxudum. Kitabda Mərdəkandakı "Yaşıl bağ"dan da bəhs edilir. Orda Milli Hökumətin əsgərləri yerləşdirilibmiş. Romandakı bir çox məqamlar bu iki şairin bioqrafiyası ilə üst-üstə düşürdü. Amma əsərlə tanış olduqdan sonra zənnimdə yanıldığımı gördüm. Müəllif əsərin girişində yazır ki, "bu əsər reallığı dağ pələnginin aya yaxınlığı qədər əks etdirir".
Pişəvəri hökumətiylə bağlı kifayət qədər elmi, publisistik əsərlər yazılıb. Böyük ədibimiz Söhrab Tahirin "Sevgisində itən qız" romanında da Pişəvərinin mübariz obrazı yaradılıb. Məhəmmədrza Bayraminin romanında isə Pişəvəri bir obraz kimi görünmür, amma hadisələr fədailərin acı taleyi fonunda təsvir edilir. Balaş inqilaba səsi ilə xidmət edir, o, heç silah atmağı belə bacarmır. İnqilab süquta uğradıqdan sonra naməlum bir adam onunla rastlaşır və özünü müdafiə etmək üçün ona tüfəng verir. Balaş deyir, axı mən tüfəng atmağı bacarmıram. Naməlum adam təəccüblə soruşur ki, sən necə fədaisən ki, tüfəng atmağı bacarmırsan?
Balaşın atası ordu zabiti idi, o, atasından gizlin inqilaba qoşulur. Bu sirrin üstü açılanda atası onu evdən qovur. Mövcud rejim ata ilə oğulu düşmən edir. Bir dəfə Balaş bankda belə bir hadisənin şahidi olur: Pişəvərinin silahdaşlarından olan Qulam Yəhya onun gözünün qabağında bank işçisi olan İltifatdan tələb edir ki, bankdakı bütün pulları ona versin. Bank işçisi müqavimət göstərir, "buna görə məni öldürərlər" deyir. Amma Qulam Yəhya pulları alıb aparır. Balaş bu hadisəyə şahidlik edir. Milli Hökumət süqut etdikdən sonra Balaşgil Şimala keçmək üçün sərhədə toplaşırlar. Adamları sərhəddən Şimala buraxmırlar, Balaş özünü təqdim edir, Bakıya - Pişəvəriyə zəng edirlər və onun sərhədi keçməsinə icazə verilir. Sərhəddə təsadüfən eşidir ki, həmin bank işçisi həbs olunub. Balaş onu xilas etmək üçün sərhədi keçməkdən imtina edərək geri qayıdır. Yolda eşidir ki, İltifatı artıq edam ediblər. Türk dilində çap olunmuş dərsliklərin bir yerə yığılıb yandırıldığını görür. Şəhər insan cəsədləri ilə dolu idi. Onu, "firqə bülbülü"nü də axtarırdılar. O isə qucağındakı körpə oğlu ilə gizlənirdi. Bir vaxt onu evdən qovan atası oğlunu və nəvəsini xilas etməyə çalışır. Əsərin üslubu və təhkiyə tərzi onu modern roman kimi təqdim etməyə imkan verir.
Roman 1945-1946-cı illərdə Cənubi Azərbaycanın siyasi panoramasını demokratik baxış bucağından dəyərləndirir. Romanda paralel olaraq körpə yaşlarında ikən atası qətlə yetirilmiş Bulud adlı yeniyetmənin acınacaqlı həyatı da təsvir edilir. Oxucu sanki roman içində roman oxuyur. Əslində bu hadisələrin bir-biri ilə dərin semantik bağlılığı var. Bulud atasının öldürülməsinin səbəbini bilmir, onu övladlığa götürmüş Miranın zülmü altında əzilir, uşaqlıq dünyası məhv olur. Yolda itiyini axtaran bir qocaya rast gəlir. Bu qocanın kimliyi sona qədər bilinmir, amma qoca Bulud üçün kompas rolunu oynayır. Süjeti yazmayacam, amma onu deyə bilərəm ki, "Yaşıl bağın ölüləri" son illərdə oxuduğum ən möhtəşəm romanlardandır. Bu romanı oxuduqca babamın taleyini xatırladım və onun kimi yüzlərlə fədainin yarıda qırılan ömürləri içimi sızlatdı.
Milli Hökumət dekabr ayında süqut etdi. Fədailər də şaxtalı dekabr günlərində edam edildi. Bu soyuq dekabr günlərində onları da xatırlayaq. Onlar da azadlığımız üçün şəhid oldular...
Kənan HACI
Ədəbiyyat
qəzeti: xüsusi buraxılış.- 2025.- 12 dekabr, ¹49-50.-
S.30-31.