Öləndə...

 

Öləndə kəfənim ikiqat olsun,

Mən həm o tayınam, həm bu tayın.

Qoy bütün dünyaya belə yayılsın

Öləndən sonra da birlik harayım.

 

Öləndə kəfənim ikiqat olsun,

Ruhum o taydadır, qəbrim bu tayda.

Dözümlü xalqıma heykəl qoyulsun

Ortadan qurumuş bir dəli çayda.

 

Bir gün xalqım üçün şairləşəndə,

Şair torpağıma quylanacağam.

Vətən birləşəndə,

Xalq birləşəndə

Mən öz qəbrimdən boylanacağam.

 

Daha

 

Dərdi dərd olmuşdur elin mənə,

Ağladım, bir naşı güləndə mənə,

Heç kəs ağlamasın öləndə mənə,

Mən heç vaxt, heç zaman ölmərəm daha!

 

Azad qardaşım var, onunla xoşam,

Mən gərək sahili sahilə qoşam,

İki bölünməkdən elə qorxmuşam,

Çöpü ikiyə bölmərəm daha!

 

Dənizlər, dəryalar mənə dayazdır,

Ən dərin bir çay var, o da Arazdır.

Mənə görüş verin, azadlıq azdır,

Görüşsəm, ayrılmaq bilmərəm daha.

 

Ömrümdən qürbətlər, yadlar qovulsun,

Keçmişim yiyəsiz qaldı, qoy olsun!..

Ancaq gələcəyim mənimki olsun,

Mən onu ömrümdən silmərəm daha!

 

Mənim səadətim hardasa itdi,

O asan gəlmişdi, asan da getdi,

Mənə etdisə səadət etdi,

Bədbaxt səadətə gülmərəm daha!

 

Qorxaqlar önümdə çöküb əyilsin,

Vətənsiz vüqarım göyə dikəlsin;

deyin azadlığa, ardımca gəlsin,

Mən onun ardınca gəlmərəm daha.

 

Söhrab TAHİR

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2025.- 12 dekabr, ¹49-50.- S.21.