Balaş Azəroğlu Mədinə Gülgün

 

Bu yazımı millətimizin qürur tarixlərindən biri olan "21 Azər" hərəkatının 80 illiyinə ithaf edirəm

Turan UĞUR

 

"Mənim bir gözəl nənəm vardı..."

 

Güneyli-quzeyli yurddaşlarımızın el-oba həsrəti "Heydərbabaya salam"ın yanğılı misraları fonunda, Rübabənin səsində necə eşidilir?

Səhər hər kəsdən tez oyanan, uca boylu, uzun hörüklü nənəm qulac-qulac qollarını gərəndə bir əli çaydana çatırdısa, o biri əli təndirə yetirdi. Saçları çoxdan bəyazımışdı , daha çox qızılıya çalırdı. Namazını oturub qılardı, "qılçalarım, dizim ağrıyır" deyə-deyə, adda-budda giley-güzar da edərdi, lakin gileyini bir özü bilirdi, bir Tanrısı, çünki biz çağaların, nəvələrin yeməyinə əl uzadanda elə qıvraq, elə yüyrək olurdu ki, gərək çalmalı qara bulud olaydın ki, nənəmə yetişə biləydin, yoxsa işin fəna olardı.

 

Gedin, o sahillər gözləyir sizi,

Yuyun göz yaşıyla, yuyun Təbrizi.

düşmən ləpiri, qan izi

Düşməsin bir daha ora, buludlar.

 

B.Azəroğlu

 

Bu gözəl dünyada mənim bir gözəl nənəm vardı...

Yox, dünyanın gözəl olduğunu dürüst bilmirəm, amma nənəm gözəl idi, gözəlliyi nurunda idi.

Azərbaycan nənəsi, hamısı bir-birinə oxşayar, ağır tərpənişi, titrək əllərinin nəvazişi, bir tabaq yoğurduğu xəmiri ilə bizim nənəmizdi hamısı. Nənələrimizə qurban olum.

- Dan söküləndə, yola salmağa kimi vardı nənəmin?

- Oğlumu?

- Xeyr!

Artıq oğlu ailəsi ilə güneydən üz tutmuşdu Bakıya. Əvəzində yola salmağa karvanqıran vardı. Hamıdan tez oyanan, fətir bişirən, çay qoyan nənəm. Bir əli çörəkdə, bir əli suda olan nənəm deyərdi ki:

- "Ay tənbəllər, durun ayağa"

- Bəs oyananlar kim idi?

- Neçə-neçə balalar. Balaların sırasında mən varam.

1921-ci il, 104 il öncə...

Abizadə Balaş Allahbaxış oğlu - Azəroğlu Balaş doğulur, yəni ki, yuxudan oyanır, nənəsinin onu haylamasına səs verir. Amma Bakıda artıq nənə yoxdu. Ata var, ana var, neft buruqları var, yeni hökumət var, "Şurəvidə krandan da süd gəlir" - deyib bura pənah gətirən həmşərilərimiz daha da çox olacaqdı.

Əvvəl-əvvəl Bakı əhli ilə düz gəlməyən həmşərilər Həmşəri palanında cəm olunana, yurdçu olana qədər döyüləcəkdilər, söyüləcəkdilər. Bakı oğruları erməni ilə birləşib ev yarmağa gedəndə, bir həmşəri seçib ona gözətçi "vəzifəsi" verəcəkdilər ki, "gör, gələn-gedən yoxdu ki?"

Bir hüzür yerində eşitmişdim bu söhbəti, həmşəri olduğumu bilməyən bu yad insan, keçmişində məhbusluq həyatı dadmış bu köklü bakılı yalan-palansız, bəzək-düzəksiz, düz gözümün içinə baxaraq nəql edirdi. Yanımda əyləşən ondan soruşanda ki, - "Həmşərini niyə gözətçi kimi qoyurdunuz?" sualına, qəribə cavab da eşitdim.

- "Alə, yiyəsi yox idi da həmşərilərin, ona görə"

- Təəccüblü gəldi bu yiyəsizlik mənə.

Bəlkə Allah cahan qədər böyük bu gerçəkliyi bu sadə bakılının dili ilə bizə dedizdirirdi?!

Bəlkə elə doğrudan da, yiyəmiz yox imiş?

Necə yəni - ermənisi, yəhudisi, bəd ayaqda rusu Bakının ən gözəl yerlərində yaşayacaqdılar, ən nüfuzlu işlərində təmsil olunacaqdılar, ən mərkəzi küçələrində elədən-beləyə, belədən-eləyə səkəcəkdilər, onların yiyələri olacaqdı, ancaq biz həmşərilərin yox?!

Bu tikanlı sözlər həqiqətə yamanca bənzəyirdi. Bəlkə elə ona görə ildırım sürəti ilə qəlbimə toxundu. Bəs harada olmuşdu, harada ölmüşdü bizim "yiyələrimiz". Bəlkə güneydəki "yiyələrimiz" Dövləti buna görə qurmaq istədilər ki, bir gün biz yiyəli olaq?! Ancaq 1 gün yox, 1 il sürdü yiyəliyimiz.

Gözü çıxsın gözündə bədnəzəri olanın, özü ikisi bir deşikdən.

O yiyəsizlərdən biri Balaşın ailəsi idi. 1920-ci ildə Ərdəbilin Qışlaq kəndindən quzeyə üz tutan valideynlər vardı. Ta 1938-ci ilə kimi, güneyə qovulana qədər. "Pioner" qəzetində adda-budda çap olunan yeniyetmə Balaş şeiriyyatda hələ pioner idi, fəqət, buna baxmayaraq Abdulla Şaiq çox bəyənirdi yeniyetmənin yazı-pozularını. Onu da deyim ki, Mədinə doğulmuşdu artıq. O da Bakıda anadan olub. Bəd ayaqda lap qohum idilər Balaşla.Yəni ki, əminəvəsi idilər.

Mənim bir gözəl nənəm vardı...

Mədinəni nənəsi oxutdururdu. Güneyə qayıtdıqdan sonra Balaşa olan ülfəti məhəbbətə dönəcəkdi. İnqilab vaxtı tez-tez nəşr olunan gənc Balaş Azəroğludan müsahibə götürməyə gəlir. Xeyir-duanı isə Ağayi Pişəvəri özü onlara verir. Hər ikisinin könlü xoş olur. Xoş olmazmı?!

- Acılı, iftixarlı, nisgilli, təlatümlü illəri məgər hər ikisi eyni dadmırdımı?

Təbriz Radiosunun sədr müavini olanda da Balaş Azəroğlu inqilabi şeirləri ilə "Vətən yolu" qəzetində tez-tez nəşr olunardı. Xalq, çox sevirdi Balaşı. Doğma türk dilində oxuduğu şeirləri 21 Azərin nəğmələrinə çevrilirdi. Kənddən-kəsəkdən gələnlər Balaşa üz tuturdular, Balaş isə Mədinəyə.

Bir dəstə gül, qohum-əqrəba ilə tanışlıq, arxası ilə gözüyaşlı qalan Balaşın ilk izdivacdan olan kiçicik qızı. Sonra Arazın bu tayı, sonra xudmani, dostyana toy məclisi, sonra ilk güzarları Araz, 2 il sonra doğulacaq Etibar, sonra etibarsız, güneysiz illər.

Baxın, buna bilirsiz, deyirlər?

Balaş Azəroğlu olsaydı: "O işıq haqqı, Tale deyərdi", axı onun üçün ikidəbir işığa and içmək su içmək kimi bir şey idi.

Mənim bir gözəl nənəm vardı...

Mədinə isə artıq iki övlad böyüdən ana idi. İstiqanlı, güləş, yeri gələndə, Balaşı cırnatmağı bacaran Mədinə. Balaşın dəftərini götürüb, ora öz şeirlərini yazan Mədinə, "dəftərimi korladın" - deyə bundan uşaq kimi küsən Balaş, yaxşı düşbərə, qutab bişirib hamını bir araya yığan Mədinə, sonra yenə barışıq.

 

Məni sorğulara tutma sən əbəs,

Arzumu qəlbimdə, baxışımda gəz,

Könlümü hər naşı oxuya bilməz,

Onu dünya görmüş insanlar bilər.

 

M.Gülgün

 

İlk qazanclarına aldıqları yazı makinası var. Əllə yazmağı xoşlayan Balaş, ürəyini makinaya köçürməyi sevən Mədinə. Yay tətillərində Qubaya gedən gənc ailə. Axı Mədinənin rəfiqələri yaşayırdı orada, asudə vaxtlarda elə Mərdəkana da toplaşmaq olardı, dostanə məclislər çox idi. çox idi Güneyin, Ərdəbilin, Təbrizin qoxusunu onlardan alanlar, çox idi!!! çox idi Hökümə Billuridən, Həmzə Fəthi Xoşginabidən, Rübabə İşraqidən, Söhrab Tahirdən, Balaş Azəroğludan, Mədinə Gülgündən, Qulamhüseyn Beqdelidən, Qafar Kəndlidən Güneyin qoxusunu alanlar!!! çox idi könül rübabını Rübabə ifasına kökləyənlər, qara gilənin eşqinə gözlərindən puçur-puçur, gilə-gilə yaş axıdanlar.

Hələ Rəsul müəllim Nigar xanım da çox istəyərdilər bu ailəni. Elə R.Rza təsiri ilə sərbəst şeirə meyil göstərmişdi Balaş Azəroğlu. Gərək Nazim Hikmətin bu işdə payını qeyd edək, ondan xeyli təsirlənmişdi gənc şair. Rəsul müəllimdən öyrənən Balaş, ona şeir hədiyyə edən Mədinə.

 

Yandıqca olmusan elin ozanı,

Kədərin, sevincin, ulduzlar sanı.

Unudan deyildir Rəsul Rzanı

Gözəlim, göyçəyim, gül üzüm mənim,

Təbrizim, Təbrizim, Təbrizim mənim.

 

Mədinə yazdığı şeiri birinci Balaşa oxuyardı, Mədinə "Təbrizim" deyəndə, Balaş "Ərdəbilim" deyirdi, sonra əksinə, bir yerdə "Bütöv Azərbaycan" eşidilirdi həmin dodaqlardan.

Hər iksi Ərdəbildəki doğmalarını görmək istəyində alışıb-yanırdılar. Mədinə Gülgünə nəsib olmadı, "gənclik vəfasızdır, qocalıq isə vəfalı" - deyən Mədinəyə qocalıq da vəfasız çıxdı. Sərhədlər açıldı, Balaş Azəroğlu doğmalarını görməyə tək getdi.

Şair Balaş Azəroğlunun qəlbində bir muradı da vardı.

- "Bir kitabımız çıxaydı kaş, bir tərəfində mənim şeirlərim, o üzünü çevirəndə Mədinənin şeirləri olaydı, kaş ortada gəlib qovuşaydı misralarımız".

Balaş Azəroğlu, ilk bəşarətçiniz mən olum, arzunuza çatdınız. Bugünkü essemdə Balaş müəllim Mədinə xanım, həmahəng, qoşa qanadsınız. Həyatda olduğunuz kimi. Şeirlərinizin qovuşduğu yer yazımdır, ruhunuzun birləşdiyi məkanı isə ulumuz Məhəmmədhüseyn Şəhriyar deyib:

- "Nisgillik var, ayrılıq var, ölüm var"...

Sonra yenə nənələrin dünyasına qayıdış olacaq. Yenə obaşdan karvanqıran yola salınacaq, yenə təndir bir yanda, yenə çaydan bir tərəfdə, yenə nənə nəvazişi, yenə nəvə ərköyünlüyü, yenə nənələr dağarcıqlardan çörək, qoz-fındıq çıxarıb verəcəklər nəvələrə, yenə nəvələr böyüyəcəklər, mühəndisi, müəllimi, xarratı, həkimi olacaq bu məmləkətin. Aralarında şairləri tapılacaq.

Lap Balaş Azəroğlu təki, lap Mədinə Gülgün kimi.

Vaxt yetəcək, vədə çatacaq, onda hər kəs deyəcək ki:

"Mənim bu dünyada bir gözəl nənəm vardı..."

 

Turan UĞUR

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2025.- 12 dekabr, №49-50.- S.25.