Cənubi Azərbaycan şairləri
İsmayıl Cəfərpurun yadigarı
21 Azərlə bağlı
"Ədəbiyyat qəzeti"nin
xüsusi sayını
hazırlamaq qərarına
gələndə, yadıma
atam İmamverdi Əbilovun hədsiz zəngin kitabxanasında gördüyüm bir kitab
düşdü. Rayona
gedib kitab rəfindən
"Cənubi Azərbaycan
şairləri" adlanan
həmin kitabı götürüb vərəqlədim.
1950-ci ildə nəşr
olunub. Titul səhifəsinə əski
əlifba ilə belə bir avtoqraf
yazılmışdı: "Unudulmaz dostum, yəni ilk görüşü
ilə məni öz həqiqi kommunist sifətinə xas olan xüsusiyyətilə
məftun edən yoldaş İmamverdiyə
tarixi mübarizə günlərimizdən nümunə
olan bu kitabçanı
yadigarlıq içün
təqdim edirəm. İsmayıl Cəfərpur.
20.07.51"
İmamverdi müəllimin o zaman 24 yaşı vardı, raykom katibi idi.
Yəni hələlik
kommunist idi. İki-üç ildən
sonra Kommunist Partiyası sıralarından
xaric ediləcəkdi.
İsmayıl Cəfərpurla
yaxın dost idilər.
Özündən eşitmişdim,
Cəfərpurla Universitetin
Kolodeznıy küçəsindəki
yataqxanasında 18 saylı
otaqda bir yerdə qalmışdılar.
İsmayıl Cəfərpurun
1951-ci ilin iyulunda yazıb dostuna bağışladığı
bu kitab əsl tədqiqat predmetidir. Kitabdan, xüsusən, 21 Azər hərəkatının iştirakçısı
olmuş şairlərin
bir qisminin şeirlərini təqdim edirəm. Çünki bu şeirlər 21 Azər hərəkatının
gerçəkləşdiyi günlərdə yazılıb
və hərəkatın
ruhunu olduğu kimi əks etdirir.
Azər TURAN
Əli Fitrət
1890-cı ildə
Təbrizdə ruhani ailəsində doğulmuş
və gənc ikən mürəttiblik etdiyi zaman şeir və ədəbiyyatla maraqlanıb, ilk əsərlərini
yazmağa başlamışdır.
Uzun müddət Culfa - Təbriz dəmir yolunda xidmət etmişdir.
1945-ci ildən başlamış,
Cənubi Azərbaycanda
milli azadlıq hərəkatının
ən mübariz döyüşçülərindən olub və buna görə də Tehran hökumətinin hiddətini
qazanmışdır. İran ordusu xaincəsinə Cənubi Azərbaycana soxulduqdan sonra Fitrət həbs edilmiş və zindanda öldürülmüşdür.
Vətən eşqində
Mənə, naseh, bu növlə başlama bihudə əfsanə,
Vətən eşqində mən
ollam bu gün şuridə divanə.
Həqiqi
aşiqəm, yox zərrəcə eşqimdə
nöqsanım,
Məramım çox gözəl,
eşqim müqəddəs,
pakdır qanım.
Qocaman dağ kimi möhkəmdir,
sabit əzmü imanım,
Məni
seyli-həvadis tərpədəmməz
indi bir yanə.
Nə mən Vamiq kimi Üzradan ötrü eylərəm əfqan,
Nə Sənanam, olam tərsa, çıxam mən tutduğum yoldan,
Nə Məcnunam, gəzəm vəhşilər ilə çöldə sərgərdan,
Cahanda nəqs aşiqdir billəh sirrini biganə.
Mənim
yarım diyarımdır,
dəxi bir özgə yarım yox,
Vətəndən qeyri aləmdə
mənim məhru nigarım yox,
Vətən məftunuyam, dildə
odur səbrü qərarım yox,
Məhəbbət camını nuş
etmişəm peymanə-peymanə.
Vətən uğrunda can vermək
mənə eyni səadətdir,
Vətən mehrin ürəkdə
bəsləmək fəxrüşərafətdir,
Görərsən onları ki, dəhrdə
sahib-şəhamətdir,
Girirlər qanlı dəvayə
vətən eşqində
mərdanə.
Bizə
əcdadımızdan irsdir
namus ilə qeyrət,
Bizə
qalib gələmməz
cəngdə aləmdə
bir millət,
Tutub əfaqı baxsan diqqət ilə bizdə hürriyyət,
Batıb
bu yolda çox ali hünər sahibləri qanə.
Dilim azər, elim azər, məkanım Azəristandır,
Əgər min canım olsa,
hər biri bu namə qurbandır.
Mənə bu Azəristan indi, billəh, baği-rizvandır,
Əgərçi döndərib zülm
ilə zalim etdi viranə.
Rəqibə, ey səba, məndən yetir bu mətləbi indi,
Söylə: "Ey bimürüvvət,
səndə nə din
və nə ayindir.
Hamı
yerdə bu dil müstocibi-tərif, təhsindi.
Cahan nifrət edər sən başlayan bihudə böhtanə.
Bizə
bu dil qalıb
əcdadımızdan yadigar,
anla,
Təmamən bu dil ilə eylərik biz iftixar, anla.
Əgərçi məstsən, ol
bircə saət huşiyar, anla.
Gələr, bir gün səni Fitrət çəkər bir payi-divanə.
Cəfər Kaşif
Cəfər Məmmədzadə Kaşif
1894-cü ildə Cənubi
Azərbaycanın Mamağan
qəsəbəsində kəndli
ailəsində doğulmuşdur.
Uzun müddət Tbilisidə yaşamış
və öz şeirləri ilə mətbuatda iştirak etmişdir. 1945-ci ildə Cənubi Azərbaycanda başlanmış milli azadlıq
hərəkatının mübariz
əsgəri kimi yorulmaq bilmədən irtica əleyhinə qələm yürüdən
Kaşif 1947-ci ilin əvvəllərində Tehran cəlladları
tərəfindən vəhşiyanə
surətdə qətl
edilmişdir.
Əl çəkin!
Tutiyi-təbim gəzir bağda
hərasan, əl çəkin!
Qoymarıq bayquş ilə
dolsun gülüstan, əl çəkin!
Söyləyin Seyid Ziya xain dəyişsin caməsin,
Dəsti-istibdaddə oynatmasın çox xaməsin.
Hərzəvü hədyan ilə
doldurmasın ruznaməsin,
Oldunuz
biz millətə tarixi
düşman, əl çəkin!
Etməyin zəhmətkeşə dünyanı zindan, əl çəkin!
Qoy Hüseyni, Fatəmi də vicdanın satsın pula,
Qışqırıb ruznamədə çəkin bizi əyri yola.
Əzmimizdən dönmərik, gər
bu cahan bərbad ola.
Təşneyi hürriyyətik, ey
qövmi-nadan, əl çəkin!
Müstəbidlər qətlinə
var bizdə fərman,
əl çəkin!
Kəbətək hörmətlidir xəlqə
Azərbaycanımız,
Bu müqəddəs torpağa
qurban yazılmış
canımız,
Qurtuluş fikrindəyik, möhkəmləşib
imanımız,
Azərilər bir daha olmaz pərişan, əl çəkin!
Möhtəkirlər bizləri etmişlər təlan, əl çəkin!
Fikrimiz azadəlikdir, malikik xoş niyyətə,
Yadların qəyyumluğu lazım
deyil biz millətə,
Həqqdən ilham alıb qoyduq qədəm hürriyyətə,
Olmuşuq hər fərdimiz
bir mərdi-meydan, əl çəkin!
İstərik daim quraq ədl ilə divan, əl çəkin!
Girmişik meydani-eşqə bir
rəvi iman ilə,
İrticanı əzməyə and içmişik
vicdan ilə,
Xalqımız baş qaldırıb
haqsızlığa üsyan
ilə,
Qoymarıq qüssə edə
biçarə dehqan, əl çəkin!
İstərik el qalmasın yoxsul və üryan, əl çəkin!
Azəristan ölkəsin sanma
bu gün başsız bədən,
İnqilabın atəşi fövran
edir hər guşədən.
Xalqımız hiddətlənir sən
etdiyin bu fitnədən,
Yandırar axır sizi bu odlu tufan, əl çəkin!
Tazə
dünya qurmağa bizdə var imkan, əl çəkin!
Məmmədbağır Niknam
1922-ci ildə Təbrizdə dəmirçi ailəsində
doğulmuşdur. Kiçik
yaşlarından yetim
qalmış və kibrit fabrikində işləməklə həyatını
təmin etmişdir. Şəxsi təhsil vasitəsilə savadlanıb.
İran ordusuna əsgər
çağırıldığı
zaman qışlada zabitlərin
oğurluq və cinayətlərini şeirlə
tənqid etdiyi üçün dəfələrlə
döyülüb, həbs
edilmişdir. Rza şah taxtdan düşdükdən sonra
ictimai işlərdə,
xüsusilə, həmkarlar
təşkilatlarında fəaliyyət
göstərmiş və
Azərbaycanda Milli Hökumət
quruluşunda əldə
silah iştirak etmişdir.
Niknam 1946-cı ilin dekabrında
Tehran cəlladları tərəfindən
vəhşicəsinə öldürülmüşdür.
Al günəş
Nə gözəl al günəş
doğdu təbiət,
Məhv
olub, büsbütün
dağıldı zülmət.
Xalqımız göstərib böyük
şəhamət,
Qurub ölkəmizdə milli hökumət.
İnsanlar zülmdən tapıbdır
nicat,
Azaddır yaşamaq, azaddır
həyat.
Yar olub həmişə həqiqət bizə,
Odur ki, yol tapıb səadət bizə.
Zalımdan alalı amansız
qisas,
Məzlumlar olublar qüssədən
xilas.
Üzləri saralan, solan yetimlər,
Gözləri yaş ilə dolan yetimlər
Könüldə xüraman yaşayacaqlar,
Bir böyük vəzifə daşıyacaqlar.
Bir də olmayacaq xətər dünyada,
Azad yaşayacaq bəşər
dünyada.
Vətənim nə qədər
olub bəxtiyar,
Görünür gözümə təzə
bir bahar.
Baş verib lalələr, qızıl qönçələr,
Baxdıqca şad olar könül, dincələr.
Gələcək nəslimiz, körpə
uşaqlar
Göz açıb görəcək
azaddır diyar.
Mərhəba, dünyada bu xoş niyyətə!
Döndərib mənim də kədərim, qəmim,
Azadlıq olacaq yarü həmdəmim.
Yaşasın qəhrəman Azər
övladi!
Tarixdə şöhrəti, adı
var, adı.
Azəroğlu
Balaş Azəroğlu milli azadlıq hərəkatının yetirdiyi
qüdrətli və istedadlı şairdir. O
1921-ci ildə anadan olmuşdur. İlk şeirlərini
faşizm əleyhinə
yazmış və Cənubi Azərbaycanda inqilabi şeirləri ilə məşhur olmuşdur.
O qürub etdi...
Xalqımızın alovlu inqilabçı, mübariz
oğlu Firidun İbrahimiyə ithaf
Bahar gecəsidir... Havalar sərin,
Yenə
də intizar yumub gözlərin.
Yatır
dərdli Təbriz, yaralı Təbriz,
Yatır
yurdumuzun maralı Təbriz.
Ölüm yuxusuna getmişdir
şəhər,
Yatır
lal küçələr,
dilsiz küçələr.
Nə bir quş səslənir,
nə dinir insan,
Həyat
zəncirlənmiş dodaqlarından...
Sönür göy üzünün
kiçik şamları,
Sürüyüb ardınca bu axşamları,
Zaman addımlayır durmadan bir an,
Ay dağlar dalına keçmişdi çoxdan.
İndi narın-narın əsən
bir nəsim
Gətirir şəhərə sübhün müjdəsin.
Dilsiz gecələri hər təhlükədən
Güdüb qorumaqçün keşiyin
çəkən...
Odur, ilk
axşamdan yatmış
pasiban
Sübhün nəfəsilə qalxır
yuxudan.
Fənər işığına çəkilib bir-bir
Diqqətlə var-yoxun gözdən
keçirir.
Demək,
o, qurtarmış vəzifəsini,
Taxıb
tüfənginə sərnizəsini,
Tələsik-tələsik addımlayaraq,
Qaranlıq içində əriyib
gedir.
İlk dəfə sükutu o pozur ancaq,
Qanundan çıxana o, cəza edir...
(Bu hal az olmamış
dünyada təkrar:
Pozsun qanunları qanun qoyanlar).
Sonra darğaların gəlir
fit səsi,
Uzaqdan göylərə hürən
it səsi.
Az keçmir müəzzin çəkir "əssəlat!"
Bax, belə başlanır Təbrizdə həyat...
Bu gecə bilmirəm, zindanda nə var:
Təlaş içindədir yenə
ajanlar.
Kimsə
yatmamışdır axşamdan
bəri,
Sayıb
intizarla dəqiqələri
Vaxtın
çatmasını gözləyir
hamı,
Zindan az görməmiş belə axşamı...
Budur, gecə yarı gözlənilmədən
Otağın qapısı açılır
birdən.
Qalxır
cavan məhbus, qəlbində həycan,
Gecə
sübhə yaxın...
Tüfəngli dəjban
Nizami əfsəri, dövrə
ajanlar...
Demək,
verilmişdir artıq
son qərar!..
Nə etmək! Düşünür...
- Buyurun, ağa! -
Söyləyən əfsəri başdan
ayağa
O süzür... Təzədən:
- Gəlin sabah siz,
Nə qədər istəsəz,
düşünərsiniz...
Fəqət, bir kəlmə
də demədən cavan
Ağır addımlarla çıxır
otaqdan...
Yenicə
ağarır üfüqlərdə
dan,
Odur gördüyünüz
o cavan oğlan
Durmuş dar
ağacı önündə
artıq.
(Bəzən də işığı
boğur qaranlıq...)
Fəqət o, təmkinli, o, indi məğrur
Ölüm saatını
gözləyib durur...
- Yəqin vəsiyyətiz,
bir sözünüz var?
Daha çəkinməyin,
deyin, yazsınlar.
Əgər olmasaydı
kibrik, inadın,
Bəlkə də, bəlkə də bağışlanardın.
Taqsır özündədir...
- Unutma,
sərkar,
Acizdir dünyada
bağışlananlar!
Yazın! Bu
ellərin oğluyam mən də,
Ömrüm yad əllərdə düşdü kəməndə!
Mən bahar
qurmağa çalışdım,
fəqət,
Pozdu növrağımı
vaxtsız fəlakət...
Yazın ki,
bu ölüm iftixarımdır!
Bu mənim
əhdimdir, etibarımdır!
Ölürəm üzüm ağ, vicdanım təmiz,
Şərəfli ölümlə fəxr edirik biz.
Ölənlər torpağa düşür,
mən yenə
Qalxıram bir
ömrün ülviyyətinə!
Çün yüksək olmuşam sizlərdən hər an,
Yüksəkdir məsləkim məramınızdan.
İndi də
ucaldır öz əlim məni,
İradəm, imanım, əməlim məni!
Yazın!.. Yox... əliniz gəlməyir sizin,
Onsuz da
qəlbinə ana Təbrizin
Yazılır bir gəncin son vəsiyyəti;
sizin etdiyiniz hər cinayəti
Yazır
üfüqlərə qanlı şərəflər,
Yazır doğan günəş,
açılan səhər,
Budağından qopan hər yarpaq yazır,
Siz yazmırsınızsa, bu torpaq yazır...
Artıq
işıqlanmış, göyün
rəngi qan,
Günəşin ilk düşən şüalarından
Qızarır lalətək ruhsuz
bir bədən,
Saralmış bir çöhrə,
bəyaz bir kəfən...
Bu gün yuxusundan erkən duranlar
Görürlər Təbrizdə iki
günəş var:
biri qürub edib köçür dünyadan,
Yerinə
başqasın qaldırıb
zaman.
İndi el bu sirri düşünüb
bilir:
Təbrizin günəşi sönməyəcəkdir!
Aşıq Hüseyn Cavan
1905-ci ildə Cənubi Azərbaycanın Qaradağ
mahalının Gərməduz
kəndində doğulmuşdur.
Əvvəlcə atası
ilə kənd təsərrüfat işlərində
çalışmış, sonralar məlahətli səsi, xoş təbi və aşıqlıq istedadına
malik olduğu aydınlaşınca,
uzun müddət Şimali və Cənubi Azərbaycanda xalq arasında aşıqlıq etmişdir.
1945-ci ildə Cənubi
Azərbaycanda Milli demokratik
hökumət qurulduğu
zaman Aşıq Hüseyn
bu hərəkatın
müğənnisi olub,
söz və sazı ilə azadlığı tərənnüm
etmiş və Milli Hökumət tərəfindən
xalq artisti adı almışdır.
Aşıq Hüseyn
Tehran hakimləri tərəfindən
təqib edildiyi üçün yurdunu tərk etmişdir.
Fədailər
Bir soraq gətirdi könül tərlanı,
Təbrizin dövrəsin aldı
fədai!
Sel kimi kəndlilər kəsib hər yanı,
Şir kimi meydana gəldi
fədai.
Verdilər canların yelə,
sazağa,
Batdılar səngərdə toza,
torpağa,
Saraldı yağılar, döndü
yarpağa,
Düşmənin bağrını dəldi
fədai.
Hirslənib aslanlar girdi meydana,
Yağının bağrını döndərdi
qana,
Qurdu muxtariyyət mərd-mərdana,
Zalımı taxtından saldı
fədai.
Qoç
kimi, kəndlərdən
gələn cavanlar,
Qorxmaz ölümündən heç
qəhrəmanlar.
Koroğlutək nərə çəkən
oğlanlar
Coşdu,
meydanlara doldu fədai.
Çəkildi dümanlar, göründü
dağlar,
Bəzəndi bağçalar, bəzəndi
bağlar,
Güldü elimizə bu gözəl çağlar,
Öz
milli haqqını bildi
fədai.
Şad oldu vətənin oğul, qızları,
Soldu xainlərin qara üzləri,
Açıldı millətin bağlı
gözləri,
Tarixdə yadigar qaldı fədai.
Gördüm cəlladların gəlmir
nəfəsi,
Coşqun
ürəklərin artdı
həvəsi,
Səsləndi aşıqlar, ucaldı
səsi,
Şövq ilə sazların
çaldı, fədai!
Əli Tudə
Əsli Ərdəbil mahalındandır.
1924-cü ildə doğulmuşdur.
İlk əsərlərini 1941-ci ildə Sovet Ordusu İrana gəldikdən sonra yazmışdır. İnqilabi
hərəkatın gənc
mübarizlərindəndir.
Sənin gözlədiyin gün
gələcəkdir
Sən,
ey Səttarxanın
ana torpağı!
Danış dərdlərini, aç,
danış mənə.
Könlüm dolansa da bütün
oylağı,
Sənin
taleyinə bağlanır
yenə...
Həsrətlə baxıram... indi
bu yerdə
Daha görünməyir dostlar,
tanışlar.
Qanlı
meydanlarda, dar küçələrdə
Nə isə axtarır qəmli baxışlar...
Odur zindanlarda minlərcə insan
Dilində azadlıq, qolunda
zəncir,
Uzun gecələrdə yatmayıb
bir an,
Hey kömək gözləyir,
kömək gözləyir...
İndi Vaşinqtonun qoca dəllalı
Təbriz
bazarında nə alır?
- Vicdan!
Şah satır namusu, arı, iqbalı,
Öz əlilə verir dollara qurban.
Dahilər böyüdən bu
qocaman yurd,
Gör indi kimlərin seyrangahıdır?!
Səhərlər üfüqdə toplanan
bulud
Min yazıq ananın könül ahıdır.
Bu ah əridəcək böyük
bir dağı,
Bu ah daş zindanı titrədəcəkdir.
Ey vətən torpağı,
vətən torpağı!
Sənin
gözlədiyin gün
gələcəkdir!
Ellər
ordu çəkib hey qatar-qatar
Döyüşə çağırır
hər zaman məni.
Odlu ürəyimdə bir muradım var,
Odur bu həyatda yaşadan məni.
O nədir? Ey vətən, sənin bayramın,
Sənin
son nicatın, son qurtuluşun,
Qoy şeirin, sənətin, təbin, ilhamın
Səsini
eşitsin qəsbkar qoşun.
Mənim
bu arzuma bir xəyal kimi
Şahənhaş gülərsə, qoy
gülsün, nə qəm?!
Mən öz istəyimi istiqbal kimi
Həyat
yollarında gözləyəcəyəm...
Saçlarım ağarsa təzə
qar kimi,
Bu, nöqsan deyildir, hökmi-zamandır...
Fəqət, bu dünyadan intizar kimi,
Ürəyi nisgilli getmək
yamandır.
Bilirəm mən bunu, bilirəm, yəqin,
Sabah gurlayanda haqqın nəğməsi
Bu qartal baxışlı fədailərin
Şanlı cəbhələrdən gələcək səsi...
O vaxt dağılacaq şahın növrağı,
Tacı
da, vaxtı da əziləcəkdir...
Ey vətən torpağı,
vətən torpağı!
Sənin
gözlədiyin gün
gələcəkdir!
Ayağa
qalxaraq beş milyonluq el
Silah götürəndə bir
nəfər kimi,
Alagöz
qızların geyinib şinel
Sənə and içəcək bir əsgər kimi.
Dumanlı Təbrizin qəhrəmanları
Düşmənin köksündən keçdikcə
bir-bir
Qorxulu Tehranın şah salonları
Təpiklər altında titrəyəcəkdir...
Qaçqınlar, sürgünlər, qullar, əsirlər
Bunu duyacaq ki, bir qurtuluş var.
O ağır qandallar, paslı zəncirlər
Ovuclar içində ovulacaqlar.
Zindanda çürüyən qan
qardaşımız
Ömürlük çıxacaq Qəsri-Qacardan.
Min pənahsız qadın,
min günahsız qız
İntiqam alacaq bir hökmdardan.
O zaman hər oba, hər
el, hər oymaq
Sənin
ədalətli hökmünü
dinlər.
Sonsuz qəzəbindən qurtarmayacaq
Sənin
cəlalını talan
edənlər.
Yenə
Səttarxanın zəfər
bayrağı
Başımız üstündə yüksələcəkdir.
Ey vətən torpağı,
vətən torpağı!
Sənin
gözlədiyin gün
gələcəkdir!
O bayraq qürurla dalğalandıqca
Milyonlar
baxacaq hüsnünə
bir-bir.
Ömrünü zillətlə keçirmiş
qoca
Kəsib
qarşımızı söyləyəcəkdir:
- Dostlar! Bu bayrağı ucadan asın,
Zaman dəyişdikcə köhnə
mühiti.
Obalar, oymaqlar, qoy alqışlasın
Hər igid əsgəri, mərd mücahidi.
Hər şah bir qanun
da gətirdi bizə,
Haqqın
o qanunla boğuldu səsi.
Daha görünməsin gözlərimizə
Şahın, şahzadənin mücəssəməsi.
Analar eşidib ajan sözünü,
Gecə
öz evində etməsin təlaş.
Lüğətdən pozunuz "hicran" sözünü,
Həsrətdə qalmasın bacıya
qardaş. -
Bunu görəcəkdir bu el, bu oymaq,
Tarix yazacaqdır ötən anları...
Bəxtiyar nəslimiz unutmayacaq
Səadət uğrunda axan qanları.
Min çiçək dəstəsi,
min gül yarpağı
Şəhidlər qəbrinə səpiləcəkdir.
Ey vətən torpağı,
vətən torpağı!
Sənin
gözlədiyin gün
gələcəkdir!
Hökümə Billuri
Hökümə xanım
İbrahim qızı Billuri
1927-ci ildə Zəncanda
doğulmuşdur. İlk şeirlərini
orta məktəbdə
oxuduğu zaman yazmışdır.
Milli azadlıq hərəkatında
bir fədai kimi iştirak etmişdir.
Xatirə
Tarixi yenidən varaqlayaraq
Yaxın
keçmişimi duydum
dərindən.
Yenə
hiss elədim qəlbimdə
vüqar,
O keçmiş günləri
düşündükcə mən.
Üç il bundan əvvəl
xatırımdadır,
Ölkəm al geyinib yüksəlirdi,
bax!
Ellər
"bayram", deyib şadlıq edərkən,
Komamda əyləşib, qarşımda
çıraq...
Səadət nəğməsi qoşurdum
mən də
Öz
ana dilimdə fədailərə.
Görüb qüdrətini ana vətənin
Umud bəsləyirdim doğan səhərə.
Azər
oğulları, azər
qızları
Birlik qazandılar vuruşmalarda.
Nurlu tellərini yaydıqca günəş
Nura qərq olurdu bizim diyar da.
Zülmət bir kölgətək
uçub gedərək,
Özüylə apardı şərri,
fəsadı.
Rüşvətin, terrorun və quldurluğun
Silinib, bilmərrə qalmadı adı.
Analar körpəsin oxşayan
zaman
Onu öz dilində tərənnüm etdi.
Sevib, əzizləyib basdı bağrına,
Qəlbindən ellərin kədəri
getdi.
Yaxşı yadımdadır: qoca
atamı
Başqa
bir qocanın təbrik etməsi.
- Əbədi bir həyat duyuram! - dedi, -
Hər
an eşidərkən zəfər
nəğməsi.
Haman səadəti, haman ağ günü,
A dostlar, yaradaq yenə vətəndə.
Açaq
xalqımızın bağlı
dilini,
O günə söz qoşum şeirimlə mən də.
O şərəfli keçmiş
bir həqiqətdir,
Bu gün bizlər üçün olub xatirat.
O günkü səadət qayıtsın gərək,
Yenidən qurulsun şərəfli
həyat.
O günə inanıb yaşayıram mən,
Çün ölməz arizu,
dəyişməz məram.
Bilirəm, qəhrəman xalqımız
yenə
Şən həyat uğrunda
edəcək qiyam.
Səməd Afiyət
1921-ci ildə doğulmuşdur.
İlk şeirlərini inqilabi
hərəkata həsr
etmişdir.
Gəncliyin səsi
Könlümün telinə toxunsa
mizrab
Nə mələkdən deyər,
nə də ki, yardan.
Min dastan bağlayar, yazar min kitab
Bizim gənclikdəki gücdən,
vüqardan.
Gəncliyin qüvvəti biləklərdədir,
Almasdan saf olur, qılıncdan
iti.
Kökü dərindədir, ürəklərdədir,
Silinməz şöhrəti, sönməz
qüdrəti.
Firidun -
yurdumun qəhrəman
oğlu
Düşmənin gözünə ox oldu
batdı.
Xalqımın sevimli, mehriban oğlu
Gəncliyin başını ərşə
ucaltdı.
Əzəldən zəfərə bağladı
ürək,
Dolların hökmünə o əyilmədi...
Altında durduğu üç
çarpaz dirək
Onun gur səsini boğa bilmədi.
Donmadı təbəssüm dodaqlarında
Ölüm ilgəyinə keçəndə
başı.
Bəlkə də səsləndi
qulaqlarında
Gələcək günlərin qələbə
marşı.
İgid
fədaiyə qara irtica
Neft səpib od vurdu,
əylənsin bir
az...
O, enməz başını saxladı uca:
Duysunlar,
gəncliyi sındırmaq
olmaz.
Onun alovları keçdi vulkanı,
Titrədi Mərənddən Nyu-Yorka
kimi...
Yerindən oynadı zülmün
ərkanı,
London,
Paris, Madrid, de Qasper Rimi...
Soyuq məzarı da oldu bir məşəl,
Günəş batan vaxtlar o təkcə yandı...
Dağıldı hər yana şüası tel-tel,
Qızardı üfüqlər, nura boyandı.
Mübariz cavanı kəsəndə
qurban
Murdar qədəmlərə daşqəlbli
cəllad,
O dedi: - Ucadan eşitsin cahan,
Kəsəmməz nəslimi qəzəbli
cəllad!
Tökülən qanımın hər
qətrəsindən
Bir igid fədai yetirər torpaq.
Mənim
qisasımı alanda vətən
Bu al köynəyimi edəcək
bayraq.
Yurduma boz duman çökəndən
bəri
Dolanır üstündə ölüm
kölgəsi...
Pozur gülşənimi düşmən
əlləri,
Çapılır, talanır Babək
ölkəsi. -
"Azadlıq" deyənə
tuturlar divan,
Qaranlıq zindanlar dolur, boşalır.
Zülmün pəncəsinin altında
insan
Mərdliklə aləmi heyrətə
salır...
Yenə
də Təbrizdə hökm edir Tehran,
Oxunur üzlərə şahın
fərmanı.
Bu vaxt güllələnən
bir dəstə cavan
Tərənnüm eyləyir xoşbəxt
dövranı.
Dəmir
cərgələrtək olur
bir divar,
Milli sürud səsi düşür meydana.
Düşmənin üzünə deyirlər
onlar:
- Biz qurban oluruq Azərbaycana.
Ömründən az qalır sənin də ancaq,
Buludlar dağılır, doğacaq
günəş.
Bizim bu göylər də parıldayacaq,
Qatı
qaranlığı boğacaq
günəş...
Adımız qalacaq keçdikcə
zaman,
Döndükcə gülşənə müqəddəs vətən,
Şairlər yazacaq min dürlü
dastan
Gəncliyin eşqindən, iradəsindən.
Mədinə Gülgün
1926-cı
ildə doğulmuşdur.
Cənubi Azərbaycanda
başlanmış milli azadlıq
hərəkatının fəal
iştirakçısı olmuş
və 1945-ci il dekabr üsyanında silahlı fədailər dəstəsində
olmuşdur.
Sənindir
Ey vətən, ey mənim qəlbimə
hakim,
Həyatım, varlığım inan,
sənindir.
Məndən kim ayırar səni, söylə, kim?
Əzəldən demişəm: bu
can sənindir.
Sənsiz
nə gül açar, nə bülbül ötər,
Nə bahar müjdəsi gətirər səhər.
Səninlə üzümə gülümsər
zəfər,
Vermişəm qəlbimi, hər
an sənindir.
Sənsən ürəyimə min qüvvət verən,
Bəzən qəmləndirən, bəzən güldürən,
Sənin,
fəqət, sənin
vurğununam mən,
Bu könül, iradə, vicdan sənindir.
Mən sənin adını eşitdim əzəl,
Tay olmaz hüsnünə hələ bir gözəl,
Mən bir pərvanəyəm, sənsə bir məşəl,
Alsa da qəlbimi duman, sənindir.
Bir gün əlimizi atıb silaha
Yenə
son qoyaraq fəryada,
aha,
Zalımın dövranı qurtarmış
daha,
İndi fürsət sənin,
zaman sənindir.
Duyuram, həyatın acıdır,
acı,
Fəqət, zalımlardan umma əlacı.
Düşər ayağına şahların
tacı,
Bilərlər söz sənin,
divan sənindir.
Bir səhər günəşdən
nur alar üzün,
Dəyişər donunu bu çölün, düzün.
Açarsan əlinlə qəlbimi
özün,
Görərsən hər an var nəhan,
sənindir.
Açıb pəncərəmi hər
səhər erkən
Nəğmə bəstələrəm sənə, ey vətən!
Öpərəm sinəndən dönə-dönə
mən,
Deyərəm: - Gül, vətən, dövran sənindir!
Cəfərpur
İsmayıl Qəhrəman oğlu
Cəfərpur 1925-ci il mart ayında Səlmas mahalının Sədəqiyan
kəndində doğulmuşdur.
Cənubi Azərbaycanda
milli demokratik hərəkatda
iştirak etmişdir.
Qaranlıq gecə
Nə qaranlıq gecədir, qorxuludur,
Yol tapıb könlümə
sonsuz vəhşət.
Hər tərəf fitnə və şərlə doludur,
Artır
hərdən bu baxışdan möhnət.
Qara zindana dönübdür Təbriz,
Geyinib əyninə matəm donunu.
Qəm,
kədər kasəsi
olmuş ləbriz,
Təyy
edir get-gedə böhran yolunu.
Eşidilmir o şirin nəğmələri,
Səs salır hər tərəfə bayquşlar,
Saralıb güllərinin qönçələri,
Sanki gülzarı susuz qoymuşlar.
Köhnə qəbristana dönmüş
bu şəhər,
Nədən olmuş bu gözəl şəhr xarab?
Hanı
keçmişdə olan
mənzərələr?
"Kimsə yoxdur, - ürəyim verdi cavab:
- Sakit ol, qalx
ayağa, şəhri
dolan,
Anlayarsan
niyə viranə qalıb.
Duyacaqsan
bunun israrından,
Kim bu gülzarı bu əhvala salıb".
Qalxıram mən o qaranlıq
gecədə,
Gəzirəm hər tərəfi
sərgərdan.
Halə,
qəm hiss olunur hər yerdə,
Talanıb evlər, olubdur
viran.
Bir yıxıq daxmaya düşmüş güzərim,
Yüksəlir göylərə bir
nalə səsi.
Parçalanmış bu güzərdən ciyərim,
Daxmadır, ya ki müsibət
qəfəsi!?
Daxil oldum qapısız daxmaya mən,
Qanlı
bir mənzərə gördüm orada.
Bir qadındır, məni gördükdə həmən
Səslənib:
- Get, nə gəzirsən burada?
Get, ajan, get! Yenə gəldin buraya?
Cümlə əmvalımı etdiz
tarac.
Elimi, yurdumu satdız dollara,
Bizi qullar kimi etdiz
hərrac.
Öldürübsüz ərimi, qardaşımı,
Bir mənəm, üç yetimim, bir daxma.
Sanmayın sadə mənim
göz yaşımı,
Sizə
nifrət edirəm:
get, baxma!..
- Mən ajan yox,
bacıcan, partizanam,
Gülmərəm, gülməsə bu
qəmli çəmən.
Dərdinə, bil ki, ürəkdən
yananam,
Geymişəm ölkəmin uğrunda kəfən.
Silgilən göz
yaşını, ağlama
çox,
Göz yaşı
dərdinə etməz
çarə.
Bizlərə icz yaraşmaz, yox, yox!
Azəri qızları
etməz nalə.
Bu yaxınlıqda olar bir tüğyan,
Təməlindən yıxılar fitnə, fəsad.
Qoparar
od kimi ellər üsyan,
Qurular ədl ilə bir tazə busat.
Bir günəş aləmi nurun saçacaq,
Qurtararsan
bu ağır möhnətdən.
Nə ajanlar, nə bu dövlət qalacaq,
Vətənim qurtulacaq zülmətdən.
Ədəbiyyat
qəzeti: xüsusi buraxılış.- 2025.- 12 dekabr, ¹49-50.-
S.22-24.