Qəm etmə, könül...

 

Həbib Sahir 1903-cü ildə Təbrizdə anadan olub. 1927-ci ildə İstanbul Universitetinin tarix-coğrafiya fakültəsinə daxil olub. Cənubi Azərbaycandakı Milli Hökumət zamanı Azərbaycan Demokratik Partiyasının "Azərbaycan" qəzeti ilə əməkdaşlıq edib. Milli Hökumət dövründə heç bir vəzifəsi olmayıb. Xalq yazıçısı Anarın dediyi kimi, "Cənubi Azərbaycanın o fərəhli günlərində hökumətdən heç bir vəzifə, imtiyaz almamışdırsa, o günlərin səfasından çox, cəfasını çəkməli oldu. 1946-cı ilin dekabrında şah qoşunları Cənubi Azərbaycanı qana bələyəndən sonra Həbib Sahir sürgünə göndərildi..." Sahir 1985-ci ildə 82 yaşında intihar edib.

 

Mahnı

 

Qar əridi, axar sular lülləndi,

Çay-çəməndə böcək-böcək dilləndi.

Bağ-bağçada yenə badam gülləndi,

Hanı yurdlar, hanı ellər, hanı yar?

 

Kim alnına qara yazı yazandı?

Az ömürdə qara günlər uzandı.

Bura qürbət, Lalə, Şamqazandı,

Hanı yurdlar, hanı ellər, hanı yar?

 

Gün qızartdı, sular oldu zərnigar,

Daşdan-daşa çaldı bizi ruzigar.

Yağış yağdı, yenə gəldi ilk bahar,

Hanı yurdlar, hanı ellər, hanı yar?

 

İllər boyu bizə hökm sürdü fars,

Əsir olduq, toy-düyünlər oldu yas.

Boyundakı zəncirləri basdı pas,

Hanı yurdlar, hanı ellər, hanı yar?

 

Hanki ocaq keçdi, hanki odlandı,

Şeir, qəzəl dəftərləri tozlandı.

Demək, "insan hüquqları" yalandı, 

Hanı yurdlar, hanı ellər, hanı yar?

 

Qar əridi, sel suları atlandı,

Dəli könlüm hər dərdlərə qatlandı.

Yazıq cismim iynələrə saplandı,

Hanı yurdlar, hanı ellər, hanı yar?

 

1968

 

***

 

Bir susuz ağactək qurudun qürbətdə,

Tez ayaqdan düşərək, tez qocaldın, Sahir.

Yaxşı günlər məgər əfsanə imiş aləmdə,

Yoxsa sən xar oluban pis günə qaldın, Sahir?!

Bir yada şeir, bir gazəl qoşmaq üçün il, gecəni

Şam-çiraq yandıraraq irkətə daldın, Sahir.

Sən ki, illər boyu Qəzvində tanınmaz qaldın,

Yaxşı Tehranda özün dillərə saldın, Sahir.

Hamı gülləndi, əziz oldu baba yurdunda,

Sən qurbətdə solub... muzdunu  aldın, Sahir.

Xəstəlik dördnala gəldi... evimə girdi... aman!

Çarə, dərman qapısın boş yerə çaldın, Sahir.

 

Son gecə

 

Ay işığı öpür suları, sular

Soyuq bir gülüşlə uzaqlaşırlar.

Gecənin sükutun yırtan nəğmələr,

Dağları ağladan daşqın dərələr,

Çağırır fənaya uğrayanları...

Hürküdür quşları, çalayanları...

Öz sevgilisindən ayrı düşən bir

Bayquş ağaclıqlarda fəryad edir...

Çinarlardan qopan quru budaqlar,

Qumlarda çağlayan, duru bulaqlar

Titrədir zülmətin dalğalarını,

Açır həyatın bütün əsrarını...

Sükuta alışqan, məhzun könlüm,

Sərməst, dinlərkən sərt baxışlı ölüm,

Qara dumanlara bürünən gültək,

Uzadır mənə bir zəhərli çiçək!

İçirdir şükran ilə dolu cam.

Necə ki, içmişdi zavallı anam,

Gecə yarısıdır, çirağım sönür,

Başım ağrıyır ürəyim dönür.

Göy yer başıma dönür... dönür, mən,

Hələ kainatın səsin dinlərkən...

Baxıram uzaqdan gələn bir qıza,

Üfüqlərə sarı axan yıldıza...

 

Salam

 

Salam məndən Təbrizə,

Bağda açan nərgizə...

Əkinçiyə, işçiyə,

Yurdsuzlara, yersizə...

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2025.- 12 dekabr, ¹49-50.- S.14.