Dəvətnamə

 

Şairlər məclisinin qərara gəldiyi təsmimə görə,

Sovet Azərbaycanının bərcüstə simalarından

Səməd Vurğuna dəvətnamə şeiri

 

Ey sözləri şahin kimi göylərdə açan pər!

Xoş təbi olan gün kimi ülviyyətə məzhər.

Sən şeir səmasında təcəllali günəşsən,

Səndən yeni ilham alır eşq əhli sərasər.

 

Min nizədən artıq qələmin yıxdı faşizmi

Saldı o sitəm varlığını torpağa yeksər.

Vaqiflərə, Sabirlərə heykəl tikən ölkə,

Mütləq tikəcək heykəlin onlarla bərabər.

Sənsən vətənin eşqli bir qəhrəman oğlu

Yüzlərcə olan qəhrəman övladına sərvər.

Qəlbən sevirik biz səni hər yerdə olarkən,

Üstadi-qələmsən, sayılırsan bizə rəhbər.

Şairlərimiz gəldi dünən beylə qərara,

Lütf eyliyəsən Təbrizə məclis tapa zivər.

Çünkü dilimiz bir, sözümüz bir, elimiz bir,

Həm bir atadan, bir anadandır iki göhər.

İnci saçan əfkarini görsünlər ümumən,

Dərya kimi çoşğundur o sinəndəki sözlər.

Səslənsin adın, fəxr eyləsin qoy qoca Təbriz,

Olsun bağımız, bağçamız ətrinlə müəttər.

Öpsün üzünü, söyləsin əhsən sənə, oğlum!

Aslan anadan xalqımız aslanlığı gözlər.

Şairlərimiz feyz ala odlu nəfəsindən.

Olsunlar ürəkdən hamısı şadü müzəffər.

 

"Şairlər məclisi"nin üzvləri adından:

Biriya, Etimad, Əli Fitrət, Mir Mehdi Çavuşi,

Sədi Zaman, Hüseyn Sühaf, Niknam,

Məhəmmədəli Fəxrəddin (Məhzuz), Şeyda Yəhya

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2025.- 12 dekabr, №49-50.- S.13.