Firudin İbrahimi
"Gələcək gün" romanının qəhrəmanı Firudin
İbrahimi ilə
bağlı Mirzə
İbrahimovun
1949-cu ildə qələmə aldığı
və "Kommunist"
qəzetində
dərc olunmuş məqaləsi
(İxtisarla)
Nizami dar ağacına gedərkən şadlıq edən bir qəhrəmanın əfsanəsini yaratmışdır.
Həmin qəhrəmandan
soruşurlar: "Bir neçə dəqiqə sonra öləcəksən,
niyə sevinirsən?". O:
- Bu az qalan ömrümü nə
üçün qəm-qüssə içində
keçirim? - deyə cavab verir.
Bu qəhrəmanı, həyatı
tərənnüm edən mübarizə
və yaşamaqda məna tapan böyük şair xəyalı
yaratmışdır. Lakin belə mərd və məğrur
qəhrəmanlar yalnız şair xəyalının məhsulu
olsaydı, xalqlar tarixi çox kasıb və yeknəsəq
olardı. Azadlıq döyüşləri və inqilabi
mübarizələr hər xalqın tarixində yüzlərlə
belə qəhrəman yetişdirdiyi üçün romantik
bir gözəlliyə malikdir. Azərbaycan xalqının
1945-1946-cı illərdə İran istibdadı və əsarəti
əleyhinə apardığı şərəfli azadlıq
mübarizəsinin qızıl səhifələrində də
Nizami əfsanələrinin qüdrət və gözəlliyini
saxlayan yüzlərlə bu cür qəhrəmanın şəkli
çəkilmişdir... Budur, o şəkillərdən
birisi, tamaşa edin...
Amerikan-ingilis tankları və
təyyarələri ilə Cənubi Azərbaycana
soxulmuş, onun şəhər və kəndlərini
xarabazara çevirən İran işğalçı
orduları Təbrizi qana boyamışdılar. Qəhrəman
demokratlar amansızcasına təqib olunurdular. Onları
günün günortaçağı sorğusuz-sualsız
güllələyir, arvad və uşaqlarını diri-diri
quyulara atır, qızlarını soyundurub küçələri
gəzdirirdilər. Mürtəcelər canlı insan bədənindən
məşəllər düzəldir və demokratların evlərini
talan edib yandırırdılar. Təbriz məhbəsləri
ağzına qədər adamla dolu idi.
Məhbəslər və dar ağacları - İran ordusu və zabitlərinin
Təbrizə gətirdiyi hədiyyə idi. Sübh
açılarkən bu məhbəslərdən
çıxarılanlar dar ağaclarında öz şərəfli
və namuslu həyatlarını başa vururdular... Belə
bir zamanda, məhbuslardan birisinə səhər tezdən
asılacağını bildirmişdilər. Bütün gecəni
ölüm hökmü altında yaşayan və
yoldaşlarına insanın xalq qarşısındakı
borcundan, mübarizə və həyatın şirinliyindən
danışan məhbus sübh açılarkən durub səliqə
ilə üzünü qırxmış, təmiz köynək
geyib təzə qalstuk bağlamışdır. Təəccüblə:
- Bu nə üçün? -
deyən yoldaşına o, belə cavab vermişdir:
- Biz təmiz və aydın bir
həyatla yaşadıq, nə üçün dar
ağacı altına əzgin və çirkli gedək?!.
Bu qəhrəmanın adı
Firudin İbrahimidir. O, Azərbaycan demokrat
partiyasının üzvü, milli dövlətin prokuroru idi.
Onu şəxsən tanıyanlar bilir ki, Firudin ancaq bu cür hərəkət
edə bilərdi.
İnsanların əksəriyyəti mütərəqqi ictimai əqidə
və tarixi həqiqətlərə böyük təcrübə,
müşahidə və mübarizə nəticəsində,
səhv və büdrəmələri olan bir yol keçdikdən
sonra gəlib çıxırlar. Elə insanlar da olur ki, onlar
bu həqiqəti birdən-birə qavramasalar da, yalana da
uymurlar, ağır səhvlərə yol vermədən
mütərəqqi ictimai idealı dərk edirlər. Belələri
əksərən xalqın içindən
çıxmış, xalq həyatı ilə yaşayan və
yüksək təbiətli adamlar olur. Onlar bir dəfə
könül verdikləri idealdan nəinki bir daha dönməz,
hətta soyumaq, süstləşmək nə olduğunu bilmədən
getdikcə daha qızğın bir ehtirasla həyatlarını
ona həsr edərlər. Firudin İbrahimi belə adamlardan
idi. O, Azərbaycanın milli azadlıq və İranın
demokratik inkişaf idealına qəti iman gətirənlərdən
idi.
Firudin 1918-ci
ildə Astarada
doğulmuşdu. Yeddiillik məktəbi orada qurtarmış,
sonra Tehran darülfünununun Hüquq fakültəsində
ali təhsil almışdı. Həyatı əvvəldən
xalq ilə bağlı olmuşdu. Hələ uşaq ikən,
atası mütərəqqi görüşləri
üçün müstəbid Rza xan tərəfindən Azərbaycandan
sürgün edilmişdi.
1945-ci ilin axırları, Cənubi Azərbaycanda demokratik dövlətin
yaranmasının ilk günləri idi. Hələ Zəncanda
satqın mülkədar Zülfiqarinin quldurları, Urmiyada sərhəng
Zəngənənin hərbi hissəsi demokratik xalq hakimiyyətinə
tabe olmaq istəməyib qanlı terror düzəltmişdi.
Müstəbid və mürtəce İran dövlətinin
qoşunları Azərbaycana girmək üçün Qəzvinin
qapısında - Kirəcdə dayanmışdı. Belə
bir zamanda Firudin İbrahimi Pişəvəri tərəfindən
yenicə prokuror təyin edilmişdi. Pişəvərinin və
milli dövlətin prokuror seçərkən Firudinin namizədliyini
irəli çəkməyinin də xüsusi mənası
vardı: məlum olduğu üzrə məhkəmə
İran hakim dairələrinin qanlı əməllərini pərdələyən
və soyğunçuluq üçün istifadə etdiyi
mühüm vasitələrdən birisidir. Buradakı
püşvətxorluq, satqınlıq, böhtan və ədalətsizliyin
təsviri qeyri-mümkündür. Buna görə də milli
demokratik dövlət ancaq xalqa məhəbbəti, təmiz
vicdanı və namusu ilə tanınmış bir adama
prokurorluğu etibar edə bilərdi. Belə bir zamanda Firudin
İbrahimi işə başlamışdı. O, bir yandan
köhnə, pozğun əxlaqlı prokuror işçilərini
yeni, xalq üçün yaşayan məsləkli və
vicdanlı adamlarla əvəz edir, o biri yandan xalqın qəddar
düşmənləri, xarici imperialistlərin satqın
nökərləri olan mürtəcelərlə amansız
mübarizə aparırdı.
Onun ilk atəşin çıxışı
Azərbaycan xalqının cəlladı, silahsız Urmiya
demokrat-kəndlilərini tankların altında əzmiş sərhəng
Zəngənənin mühakiməsində olmuşdu. Firudin
aydın və kəskin dəlillərlə Zəngənənin
cinayətlərini sübut edərək ona ölüm cəzası
tələb etmişdi. Sabahısı liberal təbiətli və
hər işdə "mötədil siyasət" tərəfdarı
olan bir ağa "xeyirxahlıqla" Firudinə müraciət
edərək:
- Oğlan, sən hələ çox cavansın, - demişdi, -
dünya görməmisən, mənim sözlərimə qulaq
as, bilməyə-bilməyə ki, bu işlərin
axırı hara gedib müncər olacaq, niyə belə
tünd başlamısan. Niyə özünə düşmən
qazanırsan. Bir fürsətdir keçib əlinə, olmusan
müddənlümumi, istifadə elə, özünə dost
qazan. Demirəm Zəngənəni təmizə
çıxart, yox, amma ölüm də tələb eləmə...
Bu sözlərdən Firudinin
siması ona xas olan qəribə bir
uşaq təbəssümü ilə işıqlandı:
- Deməli, xalqın mənə etibar etdiyi vəzifədən bir sərmayə
kimi istifadə edim? Yox! Mən bunu bacarmayacağam. Bizim hərəkat
Azərbaycan tarixinin parlaq və müqəddəs bir səhifəsini
təşkil edir. Bu hərəkat köhnə quruluşu
dağıtdığı kimi köhnə əxlaqı da
dağıdır. Biz xalq işindən şəxsi xeyrinə
istifadə edən fasid və əxlaqsız adamların yolunu
tuta bilmərik. Belə etsək gələcək nəsillər
bizə lənət oxuyar. Biz dostla da, düşmənlə də
"müdara etməyə" çalışan, pisə də
yaxşı kimi boyun əyən bazar əhlinin əxlaqı
ilə də yaşaya bilmərik. Biz əsri siyasət və
idealı meydana çıxmış bir firqənin
övladıyıq. Bu firqənin bayrağında "xalq və
azadlıq" sözləri yazılmışdır. Bu iki
söz bizim bütün məramımızdır. Ona zidd olan
hər kəs bizim düşmənimizdir və ölümə
layiqdir.
Firudinə "nəsihət" vermək istəyən
ağanı bu sözlər qane etmədi, hətta onlardakı
məna və məntiq, deyəsən, ona qətiyyən
anlaşılmaz göründü:
- Oğul, məram məramlığında, adama yaşamaq da
lazımdır. Adam gərək bir sabahkı gününü
də düşünsün, birdən olmadı belə, oldu
elə, Pişəvəri getdi, Tehran gəldi, Zəngənəni,
ya qeyri bir Zəngənəni də gətirdi qoydu Təbrizə
vali. İndi elə tərpən ki, onda özünü dar
ağacına çəkməsinlər. Mən bunu deyirəm.
Yəni deyirəm ki, adam öz-özünə ölüm
hökmü çıxarmasa yaxşıdır.
Firudin çox ciddi bir hal aldı:
- Siz güman etməyin ki, mən elə bir günün
mümkün olacağını düşünməmişəm.
Yox, mən onu sizdən qabaq düşünmüşəm,
çünki mən Tehranın satqın dairələrini də,
onların ağalarının siyasətini də sizdən
yaxşı bilirəm. Lakin elə o günü
düşündüyüm üçün də mən Zəngənələrə
ölüm hökmü tələb etmişəm.
Çünki biz xalqın taleyi ilə ehtikar edən
alış-verişçilər deyilik, onun
azadlığı yolunda mübarizəyə qalxmış sərbazlarıq.
Ölüm bizi qorxutmur.
Bir müddət sonra başqa bir canilər dəstəsi Təbriz
xalq məhkəməsinin qarşısında durmuşdu: bu dəstəyə
təbrizlilər arasında məşhur olan qarnı
yırtıq Kazım başçılıq edirdi. Bu adam
sinfi mənsubiyyətini itirmiş, yol kəsən, cibə girən,
ev yaran, qatil bir şəxs idi. Onun dəstəsi, gecə adamların
qabağını kəsib başından papağını, əynindən
paltarını çıxarır, həyansız evlərə
soxularaq cavan qız və gəlinləri zorlayırdılar.
Tehran mürtəceləri və Seyid Ziyanın
tapşırığı ilə qarnı yırtıq
Kazımın, faşist tipli dəstəsi siyasi terror və
sui-qəsdlər təşkil edirdi. Bu dəstənin
mühakiməsində də Firudin atəşin
çıxış edərək siyasi qatillər, əhalinin
əmin-amanlığını pozanlar, ictimai müaşirət
qanunlarını və əxlaqını saymayanlarla
amansız olmağı tələb etmişdi.
Təbrizin qarnı yırtıq
Kazımlardan təmizlənməsi ilə
şəhərdə müstəsna bir asayıiş və
qayda bərpa edilmişdi. Firudin İbrahimi bütün məhkəmə
və prokuror işçilərindən yüksək axlaq və
məslək sahibi olmağı tələb edir, onları
inqilabi qanunların gözətçisi sayırdı.
Az bir müddətdə Firudin Azərbaycan məhkəmə və
prokuror işçilərini əsasən doğrudan da, xalq
işinə sadiq və namuslu şəxslərdən seçə
bilmişdi.
Firudin açıq fikirli, qabağı görən, Azərbaycan, fars və
fransız dillərini mükəmməl bilən bir dövlət
xadimi idi. Onun geniş məlumatı vardı. Tarix, fəlsəfə
və ədəbiyyat elmlərinə dərindən bələd
idi. O, ağıllı yazıları və məruzələri
ilə xalqın məhəbbətini qazanmışdı. Azərbaycan
xalqının qədim babaları olan midiyalıların həyat
və mübarizəsinə dair "Azərbaycanın qədim
tarixindən" adlı kitabı qiymətli tarixi bir əsərdir.
Bu əsərində Firudin qədim Midiya dövlətinin
bugünkü Azərbaycan (şimali və cənubi)
torpaqlarında əmələ gəldiyini göstərir, Azərbaycan
xalqının midiyalıların həqiqi varisi olduğunu,
midiyalıların İran müstəbidlərinə
qarşı apardığı şərəfli mübarizələri
tarixi və məntiqi dəlillərlə sübut edir. Kitabda
adıçəkilən və sitatlar gətirilən qədim
və müasir ədəbiyyat müəllifin geniş məlumat
sahibi olduğunu göstərir.
Firudin İbrahimi son dərəcə
təvazökar, xoşrəftar, mədəni bir insan və
yaxşı yoldaş idi. Düzlük və sədaqət
onun xasiyyətinin əsas cəhətləri idi. Firudin Azərbaycan
xalqının azadlıq mübarizəsinə son nəfəsinə
qədər sadiq qaldı. O, gənc və saf həyatını
xalqımızın qəddar düşmənləri olan
İran mürtəceləri əleyhinə, vətənin
azadlığı və səadəti yolunda mübarizədə
qurban verdi. Azərbaycan xalqını böyük övlad məhəbbəti
ilə sevən Firudin İranda yaşayan başqa xalqlara da
azad və xoşbəxt həyat arzu edirdi. O deyirdi:
- İnsanlar arasında ümumən ədavət toxumu səpmək
çirkin işdirsə, xalqlar arasında ədavət törətmək
yüz qat çirkin və murdar işdir.
Onun ruhi mətanət və böyüklüyü, imperialistlərə
qarşı nifrəti məhbəsdə olarkən parlaq bir
şəkildə özünü göstərdi. İngilis və
Tehran müxbirinin zindanda Firudinlə olan görüşü
bu cəhətdən çox maraqlıdır. Müxbirlərə
verdiyi cavablar göstərir ki, Firudin məhbəsdə də
ruhdan düşməmiş, öz səliqə və təmizliyindən
əl çəkməmişdi. Kameranın son dərəcə
soyuq olduğunu qeyd edən müxbirlər, gözəl bir
oğlanın çiyninə qiymətli bir şal salaraq
sobanın yanında durduğunu yazırlar. Firudin müxbirin:
- Siz prokuror olarkən
nə iş gördünüz? - sualına
- Biz əsassız olaraq
zindanlarda cürüyən adamların işinə baxıb
azad etdik. Xalqı fəsad və oğru hakimlərin əlindən
qurtardıq - deyir.
- Bəs hanı o xalq, nə
üçün sizi öldürmək istəyirlər?..
- Bizi öldürmək istəyən imperialistlərin əmri ilə
hərəkət edən Tehran mürtəcelərinin
bıçaqçı dəstələridir. Xalq isə zəhmətkeş
fəhlə və kəndlilər, qulluqçu və
ziyalılardır ki, onların da hazırda dili və əli
bağlanmışdır. Lakin onların bütün zəncirləri
qıracağına əmin ola bilərsiniz...
Firudin Azərbaycanda demokratik hərəkat başlananda da, xalq hakimiyyəti
yarananda da, Tehran irticası müvəqqəti qalib gəlib
dar ağacları quranda da bu əqidə ilə yaşadı.
O, ölümlə üz-üzə gəldikdə belə bu
ümidini itirmədi. O, Azərbaycan demokrat firqəsi Mərkəzi
Komitəsinin binasını canilərdən qoruyaraq
atışdığı zaman bu əqidə ilə
yaşayırdı.
Tehran mürtəceləri xalqın
qəzəbindən qorxaraq Firudini səhər
saat beşdə Təbrizin Səttarxan xiyabanının
başlanğıcında Gülüstan bağının
ağzında edam etdilər. Buna baxmayaraq qocaman Təbriz
öz sadiq oğlu ilə ləyaqətlə vidalaşdı.
Onun məğrur halda dar ağacına getdiyini görənlər
ayaq saxlayır, uşaqlar və qocalar böyük bir kədər
içində dayanıb başını aşağı
dikir, başı çadralı qadınlar
uşağını qucağına basaraq: "Ah,
Firudin!" - deyə göz yaşı tökürdü.
Çünki nəcib ürəkli Firudini xalq böyük bir
məhəbbətlə sevirdi. Tehran mürtəceləri
öz xarici ağalarının əmri ilə Azərbaycanın
bu mərd və namuslu oğlunu Təbrizdə dar
ağacından asdılar. Onların amansızcasına qətl
etdiyi minlərlə qəhrəman kimi Firudinin də adı və
xatirəsi xalqın qəlbində əbədi olaraq
yaşayır və qocalardan körpələrə qədər
hamını "intiqam, intiqam!" deyə mübarizəyə
çağırır.
Mirzə İBRAHİMOV
"Kommunist"
qəzeti
4 iyun 1949, ¹108, səhifə 3.
Ədəbiyyat
qəzeti: xüsusi buraxılış.- 2025.- 12 dekabr, ¹49-50.-
S.10-11.