Şah İsmayıl
dövrünün yadigarları
İstanbulun sakit və səssiz bir guşəsində Mərmərəyə
baxan çinarlar kölgəsindəki Topqapı
sarayı qədim Osmanlı sultanlarından yadigar qalan gözəl
bir binadır.
Bir
zaman sultanlar məskəni
olan bu qəsr
bu gün bir muzeyə çevrilmişdir.
Bu qəsrdə çox zəngin və ağır qiymətli əntiq əşyalar saxlanılıb və o əşyaların içində
Azərbaycan sənətkarlarının
zərif və sehrəngiz sənət əsərlərini bariz bir şəkildə göstərən dəyərli
əsərlər də
gözə çarpır.
Məsələn, Səfəvilər
dövrünə aid məşhur
ləl-cəvahirlə bəzədilmiş
zəngin "Şah İsmayıl taxtı"
muzeyin salonlarının
birində qoyulmuşdur.
Bu taxt bir sütun
üzərində duran,
Hindistanın qiymətli
ağaclarından yonulmuş,
zərif ipəyə sarılmış və cəvahirat ilə bəzədilmiş bir taxtdır. Bu taxtın üzərində işlənmiş
olan zümrüdlər,
sarı və yaşıl yaqutlar, almazlar bu gün
artıq cəvahirat satanların sandığında
deyil, ancaq şairlərin divanında
cilvələnir.
Neçə milyard qiymətə
sahib olan bu bədii və əfsanəvi əsər
bu gün bizim qədim incəsənətimizin nə
qədər ali olduğuna canlı bir şahiddir.
Taxtın yanı başında yenə də Şah İsmayıldan yadigar qalan gözəl bir ipək xalça
divardan asılıbdır.
Bu xalça XVI əsrdə toxunan xalçaların, bəlkə də ən gözəli və ən zərifidir.
Bu xalçada nazik ipək tellər ilə salınan gül butaları və ondakı sönməz işıqlı
rənglər seyrçiləri
heyrətdə buraxır.
Xalçanın ortasında bənövşəyi rəngdə
olan bir yerdə Şah İsmayılın üzərində
"vilayətin şahı
İsmayıl Səfəvi"
ifadəsi olan səltənət möhürü oxunur.
Yenə də həmin salonda, aynabənd qəfəslər içində
qızıl, gümüş
və yaqutla bəzədilmiş şahanə
qab-qacaqlar arasında qiymətli bir xəncər və bir də sarı
yaqutla bəzədilmiş
qızıl kəmər
gözə çarpır.
Bu xəncərin və
qızıl kəmərin
üzərində bizim
böyük sərdarımız
və həmşəhərlimiz
olan İsmayıl Səfəvinin parlaq adı həkk olunubdur.
Həbib SAHİR
"Azərbaycan" qəzeti
22 yanvar 1946-cı il
Ədəbiyyat
qəzeti: xüsusi buraxılış.- 2025.- 12 dekabr, ¹49-50.-
S.14.