***

 

Təbrizin yolları oyum-oyumdur,

Yanıq dağdan qalxan duman olaydım!

Həsrət könüllərdə ümid olmasam,

Heç olmazsa, zəif güman olaydım!

 

1959

 

Təbrizim mənim

 

Balaş Azəroğluna

 

Laylası məhzun,

Nəğməsi məhzun.

Həsrəti ömründən uzun,

Karvandan üzülmüş dəvəsi.

Gözlərində böyük ümidin uzaq töhfəsi

Neçə evinin küçə divarı kor.

Dodaqları quru,

bulaqları gur.

Arzularında qançır, qamçı.

Kədəri axın-axın,

sevinci damcı-damcı.

Bəzən günləri qanlı yuxu kimi,

bəzən həsrətli yuxuları gerçək olmuş,

Neçə dəfə sevincək olmuş.

Balaları sərgərdan,

Gəlinləri nigaran.

Qurtuluş yolları:

məhbəs, dar ağacı, gülləbaran.

Dan yeri qan boyalı.

Ümidindən, arzusundan dönməyən.

Ocağında - ürəyində odu sönməyən,

Səhəri uzun əsrlərin yolunda yubanan,

Qardaşına həsrət, bacısına həsrət,

Bayatıları - qədim məhəbbət.

Qoynu gah aydın havalı,

gah çənli, dumanlı.

Qəlbi gümanlı,

Taleyi böhranlı.

Özü bababir, nənəbir

adət-ənənə bir -

doğma qardaşım.

Pasportda o yanlı.

Arzulayanda əlim çatmayan,

Ağrısı, göynəyi qəlbimdə

gecə-gündüz yatmayan.

Dağları dağlarıma bənzər,

bağları, bağlarıma.

Ana sözü kimi

əziz olan adı - dodaqlarıma.

Köhnəm, təzəm, uzağım, yaxınım,

Ən gözəl şerim,

Yanıqlı mahnım.

Mənsizim!

Təbrizim!

 

 1964

 

Nigaran suallar

 

Son zamanlar

səni tez-tez

yuxuda görürəm, Təbrizim!

Yuxuma qəmli gəlirsən

hər gecə.

Suyun, çörəyin varmı?

Nəğmən necə?

Yenə "Qaragilə"dir,

yoxsa daha qəmlidir?

Göy məscid necədir?

Ərk qalası necə?

Yanıq dağ qupqurudur,

ya nəmlidir?

Tez-tez yuxuma girirsən,

Təbrizim!

Yoxsa incimisən,

uzun həsrət yorub səni?

Yoxsa dözüb-dözüb

indi yaman qəribsəmisən.

İnanmıram,

hələ ümidin var böyüyəsi,

arzun var boy atası.

Hardan düşdü yadıma

anamın göynəkli bayatısı!

"Mən bütöv bir yuvaydım,

yel vurdu paralandım.

Mən səndən ayrılmazdım,

zülümnən aralandım".

 

1975

 

Yaralı Təbriz

 

Mən görəndə

bağçaların, bağların

çiçək idi,

gül idi.

Küçələrdə, məclislərdə

səslənən

doğma, gözəl dil idi.

Fədailər

dəstə-dəstə keçirdi,

yeni adlı küçələrdən;

dodaqlarında nəğmə!

"Ey torpağı ləl, mərcan,

Azərbaycan!"

 

Səttarxan xiyabanı

bəzəkli, çilçıraqdı,

Qoçaq, mərd oğulların,

Firudinlərin sağdı.

Kəhrəba işıqların

gecələrin qoynuna

ulduz-ulduz yağırdı.

Oyanışlı günlərin

oldu,

hanı indi?

Gəldi qara günlərin,

az bəxtiyar oldun,

sevindin.

Söylə, Təbrizim,

söylə,

ulduzlu mavi göydən

sənə kim yanğı saldı!?

Üstünü buram-buram

qara dumanlar aldı.

Naxış-naxış evlərin

alışdı, közə döndü.

Bağçaların, bağların

viranə düzə döndü.

Yanğınlar gur kükrədi,

yayıldı, gölə döndü.

Pərdələr arxasında

Gizlənmişdir işıqlar.

Sazını sındırdımı

tunc gövdəli aşıqlar!

 

Təbriz, qəşəng şəhərim!

Yüz bir şəhər içində

seçimli, tək şəhərim!

Sənin yaran azdımı,

vurdular bir yara da.

Qəzəbindən titrədi

Göy məscidin üstündə

Qızıldan aypara da.

Sənin dərdin azdımı,

taleyinə tarixlər

qara günlər yazdımı?

Sinəndə varkən hələ

göynəkli dil yarası,

Səttarxanlar yarası,

Firudinlər yarası,

yanıq, nakam arzular,

qəm, nisgillər yarası -

Yaraladılar səni,

Heyranların vətəni,

Sahiblərin vətəni!

 

Mən deyirdim, vaxt olar,

baharlı Novruz günü

gələrəm.

Həsrətindən qurtarıb

Qoynunda dincələrəm.

Yaraların ağırdır,

Təbrizim!

Nigaranlıq qəlbimi

ağrıdır,

Təbrizim!

 

İnanıram, keçəcək

matəmli günlərin .

Açılacaq üfüqlər

bir aydın səhərində.

Çəkiləcək üstündən

O zəhərli buludlar.

Doğrulacaq arzular,

umudlar.

Yüksələcək bayrağı

yeni Səttarxanların.

Qaldıracaq səsini,

Öz gücünə güvənən,

bu günlərdən dərs alan,

gələcəyə inamlı -

qüdrətli cavanların.

 

Göyçay, 11-13 oktyabr 1980

 

Ərk qalası

 

Təbriz - gözəl şəhər!

 

Vuruşdular:

son gülləyə;

son süngüyə,

son qundağa qədər.

Vuruşdular:

hər şey qırmızı geydi;

daşdan, torpağa qədər.

Vuruşdular:

alt dodaqdan

üst dodağa qalxa bilməyən

səsə qədər.

Vuruşdular:

onlardan yeddi dəfə - yetmiş qat

artıq olan,

süngüləri narın daraq dişi kimi

sıx olan düşmənlə.

Yaralılar ufuldamadı,

Can verənlər inləmədi.

Susuzlar "yandım", demədi.

Öpdü qurumuş dodaqları

qan hopmuş torpağı.

Yaralarına basdılar

qan rəngli bayrağı.

düşmən onlardan

bir aman sözü ala bildi,

bu ölümü yağı duydu,

qala bildi.

Söykənib qala divarına

öldülər ayaq üstə;

çiyin-çiyinə.

Ulduzlar şahid oldu,

bir sırada dayanmış

ölülərin qabağından,

yüz yerə bölünmüş dirilərin

çəkildiyinə.

Öldülər ayaqlarının altında

Vətən torpağı.

Başlarının üstündə

Vətən ulduzları.

Könüldən könülə keçdi

ümidləri, arzuları.

Gecə ağır-ağır keçdi

cənazələrin üstündən;

keçdi getdi yolu səhərə.

Günəş şəfəqdən bir örtük çəkdi

torpağı qoruyub, torpaqda dincələn

cənazələrə.

 

1958

 

Rəsul RZA

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2025.- 12 dekabr, ¹49-50.- S.7.