21 Azər, yəni
12 dekabr 1945-ci il. Təbriz
İkiyə bölünmüş Vətənin özü kimi, liderlər də sanki dəyişib
müsənna (ikili) bir şəkil almışdılar. Şimali
Azərbaycanda bir Mircəfər, Cənubi Azərbaycanda digər bir Mircəfər. Aldanışlar və fəlakətlər dövrünün
iki lideri. Bu iki Mircəfər əl-ələ verib ikiyə bölünmüş
Azərbaycanı birləşdirmək
istəyir. Mircəfər
Bağırov deyir ki,
""Türkmənçay" ilə bölünmüş
xalqımız birləşməlidir!
Bu, şərəf məsələsidir!..
İranın ən böyük şəhərləri
- Qəzvin, Urmiya, Miyanə, Marağa, Təbriz, Ərdəbil, Salmas, Xoy, Ənzəli
və başqaları
bizim əcdadlarımızın
vətəni olub. Əgər həqiqəti
bilmək istəyirsinizsə,
Tehran da qədim Azərbaycan
şəhəridir... Əgər
içimizdə bir damla belə, Azərbaycan qanı qalıbsa, o zaman biz bir zamanlar zorla parçalanmış xalqın
birləşməsinə nail olmalıyıq". İdeya
haradan gəlir? Stalinin diktəsi olmasaydı, Bağırov
bu cəsarəti edərdimi? Təbii ki, edə bilməzdi? Stalin bunu istəyərdimi? Təbii ki, istəməzdi.
İki Mircəfər
- Bağırov və
Pişəvəri "bir
zamanlar zorla parçalanmış xalqın
birləşməsinə nail olmalıyıq..." əqidəsində
yekdil kimi görünsələr də,
sonrakı hadisələr
sübut edəcək
ki, bu, sadəcə
Stalin tərəfindən təklif
olunmuş vəziyyətdir.
Cənubi Azərbaycanı
əsl adı Mircəfər olan Seyid Cəfər Pişəvəri Mircəfər Bağırovun
"ikiyə bölünmüş,
bir-birindən ayrı
salınmış xalq
ya birləşməlidir,
ya da məhv olub tarixdən silinməlidir" təlqinləri
ilə bütöv Azərbaycana doğru istiqamətləndirir. Təbii
ki, bu, Stalinin təşviqi ilədir. İkisi də bolşevikdir. Mircəfər
Bağırov kontekstində
Azərbaycan birləşsə,
Bağırov SSRİ-də
Ukraynadan daha böyük bir respublikanın rəhbəri
olacaq. Pişəvəri
isə səmimidir və millidir. Xalq yazıçısı
Anarın "Yaşamaq
haqqı" kitabında
Pişəvərinin Mircəfər
Bağırova dediyi sözlər xatırlanır.
Pişəvərinin sözləri
onun siyasi bəsirətini və
milli narahatlığını tam şəkildə ifadə
edir: "Bəli, indi ruslar bizi
hərəkət etməyə
sövq edir, amma kömək lazım olanda onlar bunu etməyəcəklər".
Yazının bu yerində fikir dövriyyəsinə
"Azərbaycan" şeirinin
müəllifi Səməd
Vurğunu daxil etmək istəyirəm. Çünki məsələnin
ən saf tərəfi ədəbiyyat
və xalqdır. Birləşmək istəyən
xalqın səsi ədəbiyyatdan eşidilir.
Səməd Vurğunun
"Azərbaycan" şeirində
Təbriz olmasa da, Araz var. Hələ üstəlik, bunu da xatırladaq ki, Səməd
Vurğunun "Təbriz
gözəlinə" şeiri
ilk dəfə 1948-ci ildə
çap olunsa da, şeirin avtoqraf nüsxəsində tarix olaraq şeirin yazıldığı il 1935-ci il göstərilib: "Nədir
bu həsrətin adı, ünvanı?
"Baisin evində işıq yanmasın! /
Ah, Araz, ah, Araz, vədimiz hanı? / Bir ürək ikiyə parçalanmasın!.." Səməd Vurğuna qədər nəinki poeziyamızda, heç siyasi leksikonumuzda da ikiyə bölünmüş Azərbaycan
söhbəti yoxdur. Həm də Səməd Vurğunun
1935-ci ildə yazdığı
şeirdə Azərbaycanın
adı təkrir olunur: "Azərbaycan, Azərbaycan". İki Azərbaycan təsadüfdürmü,
mistikadırmı, yoxsa
bilərəkdən belə
olub? Əgər bilərəkdən belədirsə,
o zaman XX yüzildə Vahid Azərbaycan ideyasının
Səməd Vurğun
tərəfindən irəli
sürüldüyünə inanmalıyıq. Çünki
o illərdə nə
Bağırov Cənubi
Azərbaycan məsələsində
1940-cı illərdə olduğu
kimi israrlıdır, nə də başqa kimsə ikiyə bölünmüş
Vətən barədə
danışır. "Ədəbiyyat
qəzeti"nin 9 yanvar
1946-cı il tarixli 1-ci sayında
və 2-ci səhifədə
"Dəvətnamə" adlı bir şeir
var. Şeiri Cənubi
Azərbaycanın 9 şairi
- Biriya, Etimad, Əli Fitrət, Mir Mehdi Çavuşi, Sədi
Zaman, Hüseyn Sühaf,
Niknam, Məhəmmədəli
Fəxrəddin, Şeyda
Yəhya imzalayıb.
"Şairlər məclisi"nin
şeirlə yazılmış
dəvətnaməsində Cənub şairləri Azərbaycanın bərcüstə
(ən gözəl) simalarından olan Səməd Vurğunu Təbrizə dəvət
edirlər. Özü
də hansı sözlərlə: "Sən
şeir səmasında
təcəllalı günəşsən
/ Səndən ilham alır, eşq əhli sərasər... Üstadi-qələmsən, sayılırsan
bizə rəhbər".
Həmin səhifədə
baş məqalə əvəzinə, uzun bir şeir də
dərc olunub: "Təbrizdəki "Şairlər
məclisi" üzvlərinin
İran Azərbaycanı Milli Hökumətinə məktubu"
adlanır (Hər iki şeiri bugünkü sayımızda,
tarixin aynası olsun deyə təqdim edirik). "Ədəbiyyat qəzeti"nin
1946-cı ildə çıxan
bir sıra sayları sanki Təbrizdə hazırlanıb,
Bakıda çap olunub. Lakin ilin sonuna yaxın, birdən-birə Təbriz
unudulur. Səməd Vurğun isə Təbrizə getmir və Təbriz şairlərinin şeirli
dəvətnaməsinə yazdığı
cavab da o illərdə
heç yerdə dərc olunmur. Nə baş vermişdi?
1945-ci ildə II Dünya müharibəsini qələbə
ilə başa çatdıran Stalin İran şahı
Məhəmməd Rza
Pəhləvi ilə dil tapmış, Şah İranın baş naziri Qəvamı Stalinlə
görüşmək üçün
Moskvaya göndərmiş
və gizli anlaşma imzalanmışdı.
Cənubi Azərbaycan
torpaqlarında neft oyunlarına keçid edilmişdi. Fədailərə
kömək üçün
gedən sovet ordusu geri çəkilmiş,
Cənubi Azərbaycan
problemi İranın daxili işi elan olunmuş və Cənubi Azərbaycan şah ordusu qarşısında əliyalın
buraxılmışdı. Məhəmməd
Rza Şaha dəstək verməklə
azərbaycanlıların soyqırımına
rəvac verən
Stalin məqsədinə çatmışdı.
Pişəvərinin Mircəfər
Bağırova dedikləri
gerçək olmuş,
Stalin nəinki Təbrizə
kömək etmiş,
əksinə, Stalinin gözləri qarşısında
və onun riyakar susqunluğunun nəticəsi olaraq
1946-cı ilin 8 dekabrında
Azərbaycan hökuməti
qanundankənar elan edilmiş,
şah ordusu dekabrın 12-də Təbrizə
daxil olmuş, Emrə Bayırın verdiyi məlumata görə, 25 min azərbaycan
türkü qətlə
yetirilmiş, 2500 nəfər
edam edilmiş, 8000 azərbaycanlı
həbs edilmiş,
3600 ailə farslar yaşayan bölgələrə
sürgün edilmiş,
hələ üstəlik,
70 min azərbaycanlı ölkədən
çıxarılmışdı. Milli Azərbaycan hökumətinin
liderləri aldadılmış,
fədailər, ya öldürülmüş, ya
da Şimali Azərbaycana
hicrət eləmişdilər.
Şair Kaşifi Xoyda tikə-tikə doğranmış, Əli
Fitrət zindanda qətlə yetirilmiş,
Milli hökumətin 27 yaşlı
gənc Baş prokuroru Firudin İbrahimi xalqın gözü önündə
edam olunmuş, gənc
şair Niknam xüsusi amansızlıqla
qətlə yetirilmiş
və s. Təbriz viran qoyulmuşdu. Cənubi Azərbaycan iki böyük düşmənin - həm
Stalinin, həm də Pəhləvinin girovuna çevrilmişdi.
Hüseyn
Cavid demişkən, siyasət başqa, ədəbiyyat başqadır...
1945-ci ildə 21 Azər hərəkatı ilə siyasiləşən Vahid Vətən
məfkurəsi azərbaycanlıların
milli şüurunda olduğu
kimi, ədəbiyyatında
da yeni üfüqlər açdı.
Bəxtiyar Vahabzadənin
"Gülüstan" poemasını,
Xəlil Rza Ulutürkün "Apardı
sellər Saranı"
əsərləri həmin
milli Azərbaycan məfkurəsinin
ədəbiyyatdan eşidilən
əks-sədası, Şəhriyarın
1951-ci ildə yazdığı
"Heydərbabaya salam"
poeması isə İrandakı Milli Azərbaycan
dövrünün - milliləşmə
hərəkatının ədəbiyyatdakı
ən parlaq təzahürüydü.
"Ədəbiyyat qəzeti"
olaraq, biz də bu tarixi günün
80 illiyinin yanından sükutla keçə bilmədik.
Azər TURAN
Ədəbiyyat
qəzeti: xüsusi buraxılış.- 2025.- 12 dekabr, ¹49-50.-
S.4.