Ədəbi körpü memarı Alla Axundova
(Əvvəli 47-48-ci sayımızda)
Milli koloritin daha qabarıq ifadəsini nəzərə alaraq, nasirin üçüncü
kitabı olan "Böyük Arişa" üzərində bir qədər geniş dayanmaq vacibdir. Kitabda iki povest
var: avtobioqrafik xarakter
daşıyan "Böyük
Arişa" və Azərbaycan gerçəkliyini
əks etdirən
"Yaşayın!" İkinci
povestin mövzusu real həyatdan alınmışdır.
Abşeron çimərliklərinin
birində dənizdə
batan dörd qızı xilas edərkən, dördüncü
qızla birlikdə suda boğulan Tofiq Hüseynov adlı gənc bir yuxarı sinif şagirdinin qəhrəmanlığından söhbət açılır.
Bədbəxt həyat
hadisəsindən bəhs
edən "Yaşayın!"
povesti dərin psixologizmi və həyatla ölüm, varlıqla yoxluq arasındakı daimi mübarizənin fəlsəfi
interpretasiyası baxımından
oxucunu dərindən düşünməyə vadar
edir.
Bəlkə də Alla Axundovanın nəsrini oxuyan hər hansı rusdilli qeyri millətin nümayəndəsi oradakı
Azərbaycan koloritini görməyə bilər;
bu təbiidir, çünki onun əsərlərindəki milli kolorit
alt qatdadır, bu dərinliyin fərqinə
varmaq üçün
oxucu ən azından həmin koloritin daşıyıcısı
- azərbaycanlı olmalıdır.
Öz xalqını sevən, başqalarının
ayağına verməyən
və həm də başqa millətlərə hörmətlə
yanaşan tolerant bir azərbaycanlı. Amma müqtədir
bir tənqidçi də bu koloritin
məğzinə vara
bilər, onu intuitiv şəkildə duya bilərmiş. Vaxtilə povest haqqında "Drujba narodov" jurnalında
"Arzulanan kədər"
adlı rəy dərc etdirmiş görkəmli rus tənqidçisi Lev Anninski
(1934-2019) yazmışdı: "...Demək mümkündür
ki, Axundovanın qarışıq,
acıtam üslubunda
da özünəməxsus şəkildə 1980-ci illərin
sonundakı "sərt"
nəsrin kontrastları
öncədən duyulur,
hətta burada belə bir öngörüntü
də aşkar etmək olar ki, onda rus və
rus olmayan nəsnələr gizli-dramatik
şəkildə necə
qarşılaşdırılmışdır"
(Lev Anninskiy. Çaənnaə
peçalğ. Moskva, jurnal
"Drujba narodov"
¹6, Moskva, 1991.).
Burada məşhur tənqidçi
"rus olmayanın"
məhz azərbaycanlı
xarakterinə, Azərbaycan
mentalitetinə aid olduğunu
nəzərdə tutmuşdur.
Əsər ətrafındakı
dünyanı böyük
gözü ilə görən və böyük ağlıyla
qavrayan kiçik bir qızın xatirələri formasında
qələmə alınmışdır.
Həm də burada bir nağılvarilik
də var; bunu yuxu ilə gerçəkliyin
növbələşməsi kimi də qəbul
etmək mümkündür.
Sanki kövrək uşaq
qəlbini əzə biləcək qədər
sərt gerçəklik
bəzən müəllif
təxəyyülündə qəsdən yumşaldılır
və oxucu real təsvirlərdən nağılvari
- romantik səviyyəyə
keçidin şahidi olur. Lakin bu nağıl gerçək
həyatın özündə,
mühitin özü tərəfindən yaradılır,
bəslənir və hələ sərt gerçəkliyin qəbuluna
hazır olmayan uşaq təsəvvürlərinə
ləzzətli çərəz
şəklində təqdim
olunur.
Povestdə maraq doğuran və oxucunu cəlb edən odur ki, bütün bunlar iki rakursdan
- kiçik qızın
və artıq böyümüş, uşaqlıq
xatirələrinə ironik
tərzdə yanaşan
yaşlı müəllifin
gözü ilə verilir. Uşaq üçün ağlamalı,
böyük üçün
gülməli effekt yaradan bu iki
baxış bucağının
qovuşmasından müəyyən
mənada poetik neytrallaşma gedir və nə qədər qəribə olsa da, bunun özü oxucuda mənəvi komfort duyğuları oyada bilir. Sovet təbliğat
maşını Moskvanı
əfsanəvi bir nəhəng kimi təqdim etsə də, real paytaxt həyatı kiçik uşaq gözlərində
həmin mifik effekti yarada bilmir və bu aldanış uşağın xəyal qırıqlığına səbəb
olur. Bolşeviklərin
bəşəriyyətə vəd etdikləri "sosial cənnət" xülyası gerçəkliyin
sərt və qart daşlarına çırpılaraq çilik-çilik
olur. Buradakı alt qatda yazıçı məhz aldadılmış
azərbaycanlı kimi
düşünür və
duyğularını da metaforik
bir dillə ifadə edir:
"Nənəmlə anam gülüşdülər. Onlar
mənə gülürdülər.
Məni aldatmışdılar.
Mənə vətənimizin
paytaxtı Moskvanı,
ağ daşdan tikilmiş Kremli, böyük nənəni vəd etmişdilər və bunların heç biri yox idi... O zaman mənə elə gəldi ki, bundan sonra yaşamağın mənası yoxdur" (Alla Axundova. Bolğşaə Arişa.
Povesti. Moskva, "AATRONİK", 2009.
S.9. 202 s.).
Sovet dönəmində həyat
tərzini, həyat həqiqətlərini tərs-avand
təqdim etmək və bununla da təkcə ağlı kəsməyən körpə
uşaqları deyil, həm də yaxşını yamandan ayırmağı bacaran,
"söz anlayan"
böyükləri belə
aldatmağa nail olan bolşevik quruluşu 70 il
ərzində "çılpaq
kralı" geyimli-kecimli
təqdim etməyi, adi məişət normalarına belə həsrət qalan insanlara xəyal-plov yedirtməyi bacarmışdı.
Moskvanın nəhəngliyi haqqında
mifin uşağın
beynində dağılması
ilə bağlı nənənin bir sözü də Azərbaycan-türk mentaliteti
üçün kontekst
rolunu oynayır. Könlü sınan uşaq geriyə - Bakıya qayıtmaq istədiyini deyəndə,
Böyük Arişanın
reaksiyası belə olur: "Hələ bax, Moskva onun gözünə kiçik
görünüb. Bir qarış
boyu var, ancaq oxşayıb oxşamışına!
- deyə nənəm
dişsiz ağzını
açıb güldü.
- Sizin "stanbullardan"
ki, kiçik deyil, ay mənim məğlub türklərim!" (Yenə
orada)
Bu eyhamda da pravoslavların yaralı yeri olan İstanbulun türklər tərəfindən
fəthinə (29 may 1453) açıq
bir işarə özünü göstərməkdədir.
Povestdə bir sıra hallarda klassik poeziyamızın təsirini,
izlərini açıq-aşkar
sezmək mümkündür.
Arişanın toy gününün
təsviri, gənc qızın həmin gün keçirdiyi dərin hiss-həyəcan
klassik poeziyadakı, eləcə də Azərbaycan xalq nağıllarında, məhəbbət
dastanlarımızdakı aşiq-məşuq
obrazlarının təsvir
və tərənnümünü
xatırladır:
"Arişa üzərinə
calanmış mavilikdən
qamaşan gözlərini
yumdu. Gözlərini burda yumdu, bəs
orda, orda neyləsin? Hara getsin, necə dözsün, necə yıxılmasın?
...Artıq İvanın
sifəti get-gedə ona yaxınlaşırdı.
Nə qaçmaq olardı, nə gizlənmək, nə üz döndərmək.
Yer uğuldadı, titrədi, onun dodaqlarına nə isə yumşaq bir şey toxundu.
Yumşaq, nəvazişli,
ağlı başdan çıxaran, nəfəs
kəsən bir şey. Ürəyi sinəsində çırpındı,
sanki boğazına sarı yuxarı qalxdı, bir-iki dəfə guppuldayıb
hara isə aşağı
yuvarlandı. Aman Tanrım,
bu nə gurultudur! Aman Tanrım, bu nə döyüntüdür?
Bu nədir? Aman Tanrım,
mən ölürəm..."
(Yenə orada. S 39. Sətri tərcümə
- A.B.)
Alla Axundovanın Azərbaycan,
Bakı, Rusiya, Moskva həyatından bəhs edən sərt realizm üslubunda qələmə alınmış
nəsrində Azərbaycan
milli koloritinin kifayət
qədər güclü
olduğunu qeyd etmək gərəkdir. Qloballaşma dövründə
xalqımızın adət-ənənələrini,
həyat tərzini, sağlam dünyagörüşünü,
xeyirxahlığını, qonaqpərvərliyini, müdrikliyini
və digər özəlliklərini cəmləyən
milli mentalitetini, milli koloritini rus dilində, rus dünyasına təqdim edən Azərbaycan ədəbiyyatının
belə qeyrət damarlı, milli koloritli, Vətən sevgili maraqlı örnəkləri daha artıq əhəmiyyət
kəsb edir və dünyanın böyük ədəbiyyat
xəzinəsinə çıxışımıza
real zəmin yaradır.
Kino sənəti
və dramaturgiyası.
SSRİ-nin müxtəlif
kinostudiyalarında Alla
Axundovanın ssenariləri
əsasında bir sıra tammetrajlı bədii filmlər və kinoalmanaxlar çəkilmişdir: "Oynadığımız
dənizin yaxınlığında"
("Odessa kinostudiyası",
1967); "Şərikli çörək"
("Azərbaycanfilm", 1969); "Qızlar, xoşbəxt olun!" ("Azərbaycanfilm",
1969); "Bir dəfə
yayda" kinoalmanaxı
(Moskvanın "Qorki
adına kinostudiyası",
1973); "Sən gəl
bizə, gəl" (Moskvanın "Qorki adına kinostudiyası",
1973); "Avtomobil, skripka
və köpək Klyaksa" ("Mosfilm",
1974); "Alma almaya bənzər" ("Azərbaycanfilm",
1975); "Sirli yollarla..."
(Moskvanın "Qorki
adına kinostudiyası",
1982); "Unudulmuş əşyalar"
kinoalmanaxı ("Riqa
kinostudiyası", 1982); "Lyuboçka" ("Odessa
kinostudiyası", 1984). O, həmçinin üç
cizgi filminin də ssenari müəllifidir: "Cırtdan"
("Azərbaycanfilm", 1969); "Gözəl şahzadə
Neft" ("Azərbaycanfilm",
1974); "Möhkəm metal
əsgərcik" (Moskva,
"Soyuzmultfilm", 1976). Kinodramaturqun
ssenarilərindən bəziləri
Azərbaycan mövzusu
ilə bağlıdır:
"Şərikli çörək"
filminin həyəcanlı
və dərin psixoloji ssenarisi onun müharibədən sonra Azərbaycanda keçən uşaqlığının
təəssüratı altında
yazılmışdır. Müəllif
bu filmin ssenarisinə görə
1971-ci ildə Azərbaycan
SSR-in Dövlət mükafatına layiq görülmüşdür. "Azərbaycanfilm" kinostudiyasında
rejissor Eldar Quliyev (1941-2021) tərəfindən
çəkilmiş son
dərəcə maraqlı
və təsirli "Xoşbəxt olun, qızlar!" filminin ssenarisi isə Abşeron çimərliklərindən
birində boğulmaqda
olan uşaqları xilas edərkən özü dənizdə həlak olan Bakı məktəblisi haqqındakı gerçək
hadisələr əsasında
yazılmışdır. Hər
iki ssenarinin bədii materialı sonralar müəllifin maraqlı povestlər ərsəyə gətirməsinə
vəsilə olmuşdur.
Qoca bağbanın
insanlara xoşbəxtlik
gətirən tumsuz sehrli alma növü
yetişdirməsindən bəhs
edən "Alma almaya bənzər" lirik komediyası tamaşaçıda təmiz
və xeyirxah ideyalar doğurur, həmçinin personajlar vasitəsilə təqdim edilən sadə, işıqlı ümumbəşəri
dəyərlər aşılayır.
Alla Axundova "Cırtdan" animasiya filmi üçün eyniadlı məşhur Azərbaycan xalq nağılının məzmununu
əsas götürmüşdür.
"Gözəl şahzadə
Neft" cizgi filmi də müəllifin
Azərbaycan xalq folklorundakı mövcud süjetlərdən istifadə
edərək yazdığı
eyniadlı nağılın
motivləri əsasında
çəkilmişdir.
Azərbaycanın milli folklor materialı
Alla Axundovanın bütün yaradıcılığı
üçün həmişə
mühüm rol oynamış və onun coşqun yaradıcılığının aparıcı qaynaqlarından
biri olmuşdur. Folklor motivləri əsasında yazılmış
"Sirr...Sirr...Sirr..." mənzum pyesi 1993-cü ildə N.V.Qoqol adına Moskva Dram Teatrının
səhnəsində tamaşaya
qoyulmuşdur. Bu pyes əsasında hazırlanmış tamaşanın
yığcam təhlilini
dəyərli oxucuların
diqqətinə çatdırmağı
lazım bildik.
Musiqili Şərq
nağılı həm
böyüklər, həm
də uşaqlar üçün nəzərdə
tutulmuşdu, bəlkə
də buna görə tamaşa seyrçilərin rəğbətini
qazanaraq on ilə yaxın teatrın repertuarında yer almış, beş yüz dəfəyə yaxın səhnədə oynanılmışdır.
"Sirr...Sirr...Sirr..." pyesi çox səlis rus dilində yazılmışdır və
istedadlı rejissor Aleksandr Bordukov (1946) səhnələşdirmək üçün
bu əsəri təsadüfən seçməmişdi.
"Təkcə əsərin
mükəmməliyi və
peşəkarlığı deyil, həm də rejissorun risk etməkdən qorxmayan sənətkar cəsarətini də xüsusi qeyd etmək lazımdır: axı həmişə mənzum pyesə quruluş vermək, özü də folklor motivləri əsasında yazılmış
əsərə, üstəlik
Moskva tamaşaçısına
məlum olmayan qeyri-rus milli xarakterlərin yer aldığı bir əsərə - məgər
bütün bunlar rejissor üçün risk deyil? Lakin
Bordukov heç də uduzmadı: "Sirr..." tamaşası ikinci aydır ki, teatrın səhnəsində anşlaqla
gedir" (Abuzar Baqirov. "V çem je tayna?". Reüenziə na spektaklğ "Tayna...Tayna...Tayna..." po odnoimennoy pğese A.Axundovoy v dramatiçeskom teatre im. N.V.Qoqolə v Moskve. "Delovoy mir" ¹262, ejednevnaə qazeta qosudarstv SNQ. 25 dekabrə 1993. S.8.).
(Davamı olacaq)
Abuzər BAĞIROV
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, ¹51-52.- S.14.