"Böyük Azərbaycan naminə Bağır Seyidzadə"
İctimai xadim və
istedadlı
tədqiqatçımız Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat Bağır Seyidzadənin ictimai və siyasi fəaliyyətinə həsr olunan "Böyük Azərbaycan naminə Bağır Seyidzadə"
kitabı işıq üzü görüb. Müəllif arxiv sənədlərinə əsaslanaraq,
Bağır Seyidzadənin
Cənubi Azərbaycanda
diplomat kimi işlədiyi
illəri ictimai dövriyyəyə yenicə
buraxılmış arxiv
sənədlərinə istinad
edərək işıqlandırır,
o dövrün hadisələrinə
yeni baxış bucağından
nəzər salır.
"Ədəbiyyat qəzeti"
"Böyük Azərbaycan
naminə Bağır
Seyidzadə" kitabından
müəyyən hissələri
oxucularla bölüşür.
I
1946-cı
ilin dekabrından geosiyasi vəziyyət 21 Azər hərəkatını
başlayan milli qüvvələrin
xeyrinə olmayan şəkildə dəyişmişdi.
Bütün bu proseslərin canlı şahidi olan Bağır Seyidzadənin
o günlər haqda şəxsi qeydləri çox maraqlıdır.
"Koalisiya kabinetinə
(1946-cı il Qəvamın qurduği üçüncü
hökumət nəzərdə
tutulur - A.M.) Demokratik firqənin nümayəndələrinin
dəvət edildiyi bir vaxtda Azərbaycanın
hərbi blokadaya alınması planları hazırlanırdı. Rəsmi
qəbullarda Müzəffər
Firuz Qəvam adından Azərbaycan hərəkatını "bütün
İranın xilaskarı"
adlandırdığı bir
vaxtda, bu cənablar xarici qüvvələrlə birlikdə
xain hücum planları qururdular. Qəvamın üçüncü
hökumətinə qədər
nazirliklərdə çalışan
İran Xalq Partiyasının
üzvləri kütləvi
şəkildə işdən
çıxarılaraq, onların
yerinə İran Demokratik
Partiyasının (Bu partiya
Azərbaycan Demokratik Partiyası deyil, Tehran mərkəzli mürtəce,
şovinist bir siyasi xətt idi - A.M.) üzvləri gətirilirdi. Amma Azərbaycan
Demokratik Partiyasından
ayrılanları "Mehre
İran" qəzetinin oktyabrın
21-də verdiyi xəbərə
görə, Nazirlər
Şurası Cənubi
Azərbaycanda işdən
çıxarılan bütün
məmurların Əmək
və Təbliğat Nazirliyinə verilməsi barədə qərar qəbul etmişdi.
İran Xalq Partiyasının klub və komitələrinin
dağıdılması, işçilərin
döyülməsi, Xalq
Partiyası və həmkarlar ittifaqı üzvlərinin işdən
çıxarılması, həbslər və sürgünlər və
s. dövrü başlanmışdı.
Gyarmsarda (Tehranın şərqindəki kiçik
kənd) İran Xalq Partiyasının 150 üzvü
həbs edilmişdi və çoxu İran Demokratik Partiyasından olan mürtəcelərin onlara qarşı quldur hücumları zamanı yaralanmışdı.
Oktyabrın 25-də, Qolpaqanda
tanınmış mürtəce
mülkədar Nezamın
təhriki ilə
İran Xalq Partiyası
komitəsinin binası
yandırılıb. Ertəsi
gün Sarı şəhərindəki Mazendaran
vilayət komitəsinin
klubu, eləcə də Pəhləvi şəhərindəki Xalq
Partiyasının klubu
dağıdılıb.
Oktyabrın 10-da Xalq Partiyasının
İsfahan təşkilatı rəhbəri Fədakarın
"Rəhbər"də dərc olunmuş teleqramında bildirilir ki, noyabrın 8-də Xalq Partiyasının Sede kənd klubunun rəhbəri Əli Kiyani öldürüldü.
Noyabrın 10-da Tehranda
Dəmiryolçular Həmkarlar
İttifaqı Mərkəzi
Komitəsinin üzvü,
işçi Barat Əli
öldürülüb, daha
8 işçi isə
ağır yaralanıb.
Hücumu İran Demokrat
Partiyasının üzvləri
təşkil edib və üç həmkarlar ittifaqı fəalının həbsinin
səbəbinin izahını
tələb edən
polis dəstəsi fəhlələrə
atəş açıb.
Hakimiyyət dəmiryolçuların
24 saatlıq etiraz aksiyası ilə əlaqədar 200-dən çox
adamı həbs edib.
Mütərəqqi əqidələri ilə
tanınan Şeyx Hüseyn Lənkərani və onun qardaşları
"Azərbaycan məsələsinin
sülh yolu ilə həlli" təklifi ilə çıxış etdiklərinə
görə, həbs edilərək Kirmana sürgün ediliblər.
Hər kəsə aydındır
ki, Qəvam və onu dəstəkləyən
amerikalı dostları
İranda Azərbaycanı
məhv etmək, İranı ABŞ və İngiltərə müstəmləkəsinə
çevirmək, burada
azadlığın bütün
izlərini yox edəcək bir diktatura qurmaq niyyətindədir. Onlar demokratik təşkilatları
boğmaq, sonra isə Azərbaycana hücum etmək üçün ölkənin
cənubunu ingilis imperializmininc xidmətçiləri
olan soyğunçu feodallara verdilər. Amma buna
baxmayaraq, indiyə qədər Qəvam yenə də əsl məqsədlərini
gizlətmək istəyir,
verdiyi bəyanatlarda özünü quzudan da məsum göstərir, qılıncını xalqın
başına qaldıraraq,
xeyirxahlığından danışmağa
davam edir. Qəvamın İranda
1921-ci il dövlət çevrilişini
təkrarlamaq istəyirlər.
Xalqın azadlığını
boğmaq, diktatura qurmaq, xalqın və təbii sərvətlərinin qeyri-məhdud
istismarı məqsədilə
ölkəni müstəmləkəyə
çevirmək siyasəti
yeridilir.
Qəvamın mürtəce kursuna
və İran Demokratik
Partiyasının törətdiyi
bütün zorakılıqlara
və kobud özbaşınalıqlara qarşı
hər hansı etiraz səsini boğmaq üçün,
demək olar ki, bütün demokratik qəzetlər bir-birinin ardınca bağlandı.
1946-cı il dekabrın əvvəlində
"Rəhbər" qəzeti
bağlanaraq, onun əvəzinə "Bəşər",
"Rəzm", "Kar-o-daneş" və "Bidariyə ma", "Zəfər"
qəzetləri nəşr
olundu. Yeni mürtəce
qəzetlər "Atəşbar" ,"Şahbaz",
"Cebhe", "Nabarde
emruz", "Mazda" və
s. çap olunmağa
başlanıldı. Bu qəzetlər
İran qoşunlarının Azərbaycana daxil olması üçün
kampaniyanı davam etdirirdilər. 1946-cı il noyabrın
ortaları və dekabrın əvvəllərindən
etibarən "Kuşeş", "Mehre
İran", "Atəş", "Vodjdan", "Şəhriyar",
" Keyhan ", "Egdam",
"Marde Emruz",
"Tehran Mossavar", "Kasra", "Zandegi",
"Peykare Rua",
"Setare", "Agaz",
"Sarbaz", "Bazpors",
"Jedal" və digər qəzetlər
İran hökumət qoşunlarının
dərhal Azərbaycana
göndərilməsini xüsusi
canfəşanlıqla müdafiə
edirdilər.
1946-cı
ilin noyabr və dekabr aylarında SSRİ-yə qarşı mürtəce
və düşmənçiliyi
ilə tanınan
"Egdam", "Caravan", "Pahriar", "Namee
Azad", "Adib", "Kanun",
"Keşvar", "Nasime
Saba" qəzetlərinin üzərindən
qadağa götürüldü.
"Xaver", "Sedae
İran" , "Sepidedam",
"İrane Know", "Mehre Mihan", beləliklə, Azərbaycan
Demokratik Partiyası,
İran Xalq Partiyası
və Sovet İttifaqına qarşı
böhtan dolu eyhamlarını dərc etmək üçün
tam sərbəstlik qazandı".
Həqiqətən də, tarixi proseslər Azərbaycanın
xeyrinə inkişaf etmirdi.
Cənubi
Azərbaycanda din xadimlərinin
baş verən proseslərə münasibətləri
də maraqlı idi. Noyabrın 13-də
"Cebhe" qəzeti
yazırdı: "Müctəhid
Borucerdi (Qumda) Tehran nümayəndəsinə deyib
ki, əgər Azərbaycanda
mərkəzi hakimiyyətin
qurulmasına qədər
Məclisə seçkilərin
başlanmasına çağırışlar
olsa, o, fitva verəcək və dindarları "kəfən
geyinib küçəyə
çıx" ilə
hədələyib. Ruhanilər
Tehran qoşunlarının Azərbaycana daxil olmasından əvvəl seçkilərin başlaması
təqdirdə şahın
siyasətini pisləyən
məzmunda olan 100 min vərəq hazırlayıblar".
Bütün bunlar, təbii
ki, Azərbaycana hücumdan
əvvəl ictimai rəyin hazırlanması
və ümumi planın həlqələrindən
başqa bir şey deyildi. "Esteklal" qəzeti noyabrın 15-də yazırdı
ki, "ruhanilərin bu
çıxışlarını hökumət özü təşkil edir və bununla da onlar ruslara ictimai
təzyiq altında olduqlarını göstərməyə
çalışırlar".
Noyabrın 12-də "Atəş" qəzeti xəbər verir ki, şah 1946-cı il
noyabrın 10-da baş
nazir Qəvama, hərbi
nazir general Əhmədə və baş qərargah rəisi general Rəzmara Azərbaycanda mərkəzi hakimiyyətin
bərpası ilə bağlı tapşırıqar
verib. Azərbaycan demokratları təslim olmadıqları təqdirdə
onlara qarşı
"güc tədbirləri"
görülməsinə qərar
verilib".
Həmin
qəzetin 15 noyabr sayında Tehranda Zabitlər klubunda çıxış edən
hərbi nazir general Əhmədi
bəyan edir ki,
"İran ordusu "parlaq
süngülərinin" gücü
ilə təhlükəsizlik
və sülhü təmin etməyə qadirdir və ilk fürsətdə İranın
hər yerində alaq otlarını kökündən çıxarmağa
hazırıq".
Bütün bu və bunabənzər hazırlıq
işləri görülən
zaman 1946-cı il noyabrın 19-da Qəvam deyirdi: "Ümid edirəm ki, Azərbaycan məsələsi
tezliklə həll olacaq və iki gün sonra,
XV Məclisə seçkilərin
keçirilməsi qaydası
ilə bağlı, Qəvamın noyabrın
21-də yerlərə göndərdiyi
sirkulyarında, seçkilərin
başlanmasına icazə
yalnız ölkənin
bütovlüyü bərpa
olduqdan sonra veriləcək yazılırdı.
Eyni zamanda həmin günlər irtica mətbuatında Azərbaycan Demokrat Partiyasına qarşı aparılan kampaniya xeyli gücləndi.
Hələ 21 noyabr 1946-cı il tarixli
Qəvam sirkulyarından
əvvəl, noyabrın
15-də və 16-da jandarm,
sonra isə hərbi birləşmələr
hökumətlə əldə
edilmiş razılaşmaya
əsasən Azərbaycan
demokratlarının tərk
etdiyi Zəncana daxil oldular. Jandarm dəstələri Zəncana çatan kimi Azərbaycan Demokrat Partiyasının üzvlərinə qarşı
təxribat törədilib.
İrticaçı "Ettelaat"
qəzeti "əhali"nin
Azərbaycan demokratlarının
tərəfdarı olan
Molla Məhəmməd
Xoy ilə necə "davranması"
barədə xəbərlər
yazırdı.
"Ettelaat"ın rəhbərlik
etdiyi bütün şovinist qəzetlər ictimayyət arasında Pişəvəri hərəkatını
gözdən salmaq üçün, Zəncanda
azərbaycanlı demokratların
qondarma "vəhşilikləri"
haqqında, Azərbaycan
şəhərlərində onlara qarşı "əhalinin etirazları",
qadınlara və qızlara qarşı törətdiyi "zorakılıqlar"
haqqında həyasızlıqla
böhtan dolu yazılar dərc edirdilər. Noyabrın
27-də Baş Qərargah
rəisi general Rəzmara
Tehrandan Zəncana yola düşür. İrticaçı "Atəş"
qəzeti yazır ki,
o, Tehranı tərk etməzdən əvvəl
Zəncanda demokratların
"vəhşilikləri" haqqında zabitlər qarşısında çıxış
edib. Onun çıxışından sonra
bəzi zabitlər guya qışqırıblar:
"İcazə verin,
10 gün ərzində
Təbrizə çataq".
(Davamı olacaq)
Adıgözəl MƏMMƏDOV
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, №51-52.- S.15.