O səsin
cazibəsi
Dahi
müğənnimiz Rəşid
Behbudovun 110 illiyi tamam olur
Oxumaq təkcə səsdən
və sözdən ibarət deyil. Bu, daha yüksək hisslərin, emosiyaların
ifadəsidir. Konstantin Stanislavskinin
bu baxımdan fikri çox təqdirəlayiqdir: "İlk addımlarından vokalçı
başa düşməlidir
ki, o, nə oxuyur".
Elə bu mənada deyə bilərik ki, oxuma - musiqili nitqdir. Bütün bu ağıllı deyimlərin
cəmi olaraq demək lazımdır ki,
müğənnilik - Rəşid
Behbudovun alın yazısıydı.
Opera və konsert müğənnisinin qabiliyyətini
qiymətləndirərəkən yaxşı səs, musiqi istedadı, gözəl görünüşlə
yanaşı, səhnə
cazibədarlığı da nəzərə alınmalıdır
və sonuncu amil yox dərəcəsindədirsə,
yekun nəticə heçə bərabər
olacaq.
Nə gözəl ki, sadalanan
müsbət keyfiyyətlərin
hamısı Rəşid
Behbudov sənətinin
çərçivəsindədir.
Akademik oxuma texnologiyasına
güclü surətdə
peşəkarcasına yiyələnməsi
R.Behbudova imkan verirdi ki, mürəkkəb klassik əsərləri, o cümlədən,
opera partiyalarını misilsiz
sənətkarlıqla səsləndirsin.
Mən publisist-jurnalist olaraq
son nəticədə dahi
müğənni barədə
irihəcmli bir kitab yazmaya bilməzdim. Son 30 ildə onunla mütəmadi yaradıcılıq
dostluğumuz istər-istəməz
məni bu çox çətin, mürəkkəb işin
həllinə sövq
edirdi. Düzdür, ayrı-ayrı çağlarda,
zaman-zaman müğənni ilə bağlı qeydlərim - müsahibələr,
oçerklər, xaricə
qastrol səfərləri
ilə əlaqədar
qələmə aldığım
təəssüratları mətbuat
səhifələrində yer
almışdır.
Hələ 1974-cü ildə "Gənclik" nəşriyyatında
buraxılmış "Haradasa
görüşmüşük" adlı kitabımda müğənni barədə
oçerkim oxuculara çatdırılmışdır.
"Rəşid var olan yerdə..." adlı irihəcmli kitabım
2018-ci ildə işıq
üzü görmüşdür.
İndi
oxuculara təqdim olunan qeydlər həmin kitabdan alınmadır.
"Şeytanbazar"da düzənlənən
məclis
Uvertüra
Özümü dərk edəndən bəri həyatımın ən başlıca qanunu budur: gələcəkdə
kim olacağını
müəyyənləşdirmək üçün elə indidən canı qurban verməlisən.
Rəşid Behbudov
...Məcid kişi pərdəni bir balaca yana çəkib
pəncərədən küçəyə
ani nəzər saldı.
"Hə, dünənki
qar-çovğun nəhayət
ki, səngidi", - deyə
düşündü.
Hər yer sanki bəyaz
örpəyə bürünmüşdü.
Elə bu halda da Tiflisin qədim "Şeytanbazar"ı
qəşəngdi...
O, möhkəm geyinib küçəyə çıxdı.
Yaxınlıqdakı bazara
üz qoydu. Əsasən etnik azərbaycanlıların sıx
məskunlaşdığı "Şeytanbazar" özəlliyi
ilə diqqəti çəkirdi. Belə
ki, soydaşlarımızdan savayı, digər azsaylı xalqların da nümayəndələri - aysorlar,
osetinlər, ləzgilərlə
də burada qarşılaşmaq mümkündü.
Özü də onların hamısı bir-biri ilə ya gürcücə, ya da azərbaycanca danışır, mehriban qonşuluqları ilə seçilirdilər.
Məcid
20-25 addım irəliləmişdi
ki, qapı qonşusu Malxazla qarşılaşdı.
Mehribanlığı, yeyib-içmək
xüsusiyyəti ilə
seçilən Malxaz dərhal "hücum"a
keçdi:
-
O...o...o...Qamarcoba, padono Məcid...
Məcid
də, öz növbəsində, eyni xoş ovqatla onu elə gürcücə
salamladı:
- Qaqimarcoz, qatso...
Malxaz:
- Roqoroxar?
Məcid:
- Madlobs...
Qonşu
bu dəfə azərbaycanca - özünəməxsus
şirin ləhcəylə
soruşdu:
- Padono Məcid! Səni ürəkdən təbrikləyirəm; bu bir. Oğlun olub, bəs niyə səs-səmirin çıxmır? Bu da iki...
- Allah verən paydır, qardaşım...
- Şeni geneşvali, bu öz yerində.
Axı, sən "Şeytanbazar"ın qayda-qanunlarından
xəbərdarsan. Xoş
hadisənin üstündən
sükutlu ötüb
keçməkmi olar?
- Şeni cerime, haqlısan...
- Bəs nəyi gözləyirsən?
- Elə indicə bazara gedirəm. Ayın-oyun alıb qayıdıram. Sonra nə
desəniz, mən hazır...
- Yox, olsun. Danışdıq.
Əzizim, sən bazarlığını elə.
Mən də qonum-qonşuya xəbər
verim. Günorta naharı zamanı məhəllədəki xingəlxanada
toplaşaq. Hə, necədir?..
- Əla!..
...Razılığa əsasən
Vaxtanq Qorqasalıya heykəli ilə üzbəüz xingəlxanada
əla bir məclis quruldu. Yaddan çıxmamış
xatırladım ki, sonralar
Azərbaycanda dövlət
və ictimai xadim kimi tanınan
Həsən Həsənovun
doğmaları da həmin
çağlarda bu məkanda - Məcid Behbudovun qonşuluğundakı
üzbəüz evdə
yaşayırdılar. Haqqında
söhbət açılan
məclisdə Həsən
müəllimin atası
Əziz kişi də iştirakçı
idi.
1915-ci ilin dekabrında düzənlənmiş və
sonradan baş verəcək "Rəşid
Behdudov əfsanəsi"nin
özül daşı
olan həmin məclislə bağlı
söhbətə davam
edək...
...Hə, masabəyi Malxaz Ecibadze məclisi açıq
elan elədi və dedi:
- Əziz dostlar, nə səbəb burada toplaşmağımız
hər birimizə bəllidir. Doğma Tiflis torpağının əhali
sayında dünən
daha bir sakin də artdı.
Gəlin, bu xoş hadisəni ürəkdən alqışlayaq.
Hamı
ayağa qalxdı,
salon alqış çələnginə
büründü. Masabəyi
işinə davam elədi:
- Əla!..
Təklif edirəm,
ilk badəni səbəbkarın
sağlığına qaldıraq...
Gürcülərin adətinə görə, masabəyinin sağlıq badəsini hər bir iştirakçı
növbə ilə təkrarlayaraq şərabı
son qətrəsinədək içir. Və bu, masaboyu beləcə
davam edir...
Kiçik haşiyə
...Məcid Behbudəli oğlu Behbudov 1873-cü ildə Azərbaycanın dilbər guşəsi olan Qarabağda - gözəl Şuşada doğulub. O, sonradan taleyin qisməti ilə Tiflisdə məskunlaşıb. Xatırladaq
ki, Azərbaycanın müxtəlif
yerlərində, o cümlədən,
Bakıda, Şuşada,
Şamaxıda xalq musiqi ifaçılarından
ibarət məclislər
- "salonlar" mövcuddu.
Qonşu Gürcüstanın
paytaxtı Tiflisdə
də belə bir məclis fəaliyyətdəydi və
ətrafında çox
güclü sənətkarlar,
xüsusən, xanəndələr
toplaşmışdılar. Bu səbəbdən də Məcid Behbudov Tiflisə köçmüş
və yaradıcılıq
fəaliyyətini burada
davam etdirmək qərarına gəlmişdir.
Ümumiyyətlə, xanəndələrin,
xalq musiqi ifaçılarının parlayıb
məşhurlaşmasında Tiflis musiqi məclislərinin xüsusi yeri və çəkisi danılmazdı. Bunu tarixi sənədlərdən,
araşdırmalardan, arxiv
materiallarından, müxtəlif
qeydlərdən aydın
görmək mümkündür.
O zaman Tiflisə gələn
bir sıra əcnəbi şair və yazıçıların,
səyyahların, sənət
adamlarının mətbuatda
dərc olunmuş məlumatları, qeydləri,
xatirələri indi bizim üçün çox ciddi məna kəsb edir.
Tədqiqatçılar haqlı olaraq yazırlar ki, azərbaycanlı sənət
xadimlərinin bütün
Qafqazda məşhur olmalarında Tiflisin musiqi həyatı mühüm rol oynamışdır. Tiflis o zaman Zaqafqaziyanın inzibati və siyasi mərkəzi sayıldığına
görə burada rus, Avropa və
Şərq mədəniyyətlərinin
özünü göstərməsinə
istər-istəməz imkan
yaranmışdı. Buna görə
də Tiflis Zaqafqaziya xalqlarının mədəni
mərkəzi kimi də şöhrət tapmışdı.
"Azərbaycan xalq musiqiçiləri" kitabında
oxuyuruq: "Hələ
XIX əsrin 40-50-ci illərindən
başlayaraq burada müxtəlif teatrlar yaradılmış, ayrı-ayrı
dillərdə tamaşalar
göstərilmişdir...
...O zaman
Tiflis musiqi mərkəzi
kimi də şöhrət qazanmışdı.
Burada musiqi salonları və "krujoklar" (dərnəklər)
mövcud idi. Bunlarda tez-tez konsertlər, musiqili gecələr və xalq gəzintiləri təşkil edilirdi. Ələsgər Allahverdi
kimi məşhur xanəndələr, Ağamal,
Ələkbər, Hüseyn
Baba kimi çalğıçılar
xalq şənliklərində,
teatr tamaşalarının
fasilələrində və
konsertlərdə çıxış
edirdilər.
Tiflisin musiqi həyatı Rusiya, Qərbi Avropa, Yaxın və Orta Şərq
ölkələrindən gələn
səyyahların nəzərini
cəlb etmiş, onların qəlbində dərin iz buraxmışdı.
XIX əsrin ikinci
yarısında Qafqaza
səyahətə çıxan
Aleksandr Düma, L.N.Tolstoy, Y.Polonski, İ.Seqal, M.Olşevski, A.Kişmişov kimi dövrünün qabaqcıl
maarifpərvərləri Tiflis
haqqındakı yazılarında
şəhərin musiqi
həyatını geniş
təsvir etmiş, xanəndəlik sənətinə
və bu sənətin görkəmli
nümayəndələri olan
azərbaycanlılara yüksək
qiymət vermişlər.
XIX əsrin ikinci
yarısında Tiflisdə
uzun illər yaşamış məşhur
rus şairi Y.Polonski şəhərin
musiqi həyatına, xüsusilə, musiqiçilərinə
aid qeydlərində yazmışdır: "Keçmişdə
olduğu kimi, indi də Gürcüstanda
sazəndələrə çox
böyük hörmət
bəsləyirlər. Onların
xalq arasında saysız-hesabsız pərəstişkarları
vardır. Tiflisdə istər kübar və istərsə də ortabab ailədə heç bir toy şənliyi
sazəndəsiz keçmir.
Onları xüsusi maraqla dinləyirlər".
Tanınmış rus tarixçisi A.Kişmişov isə yazırdı: "O dövrdə
(XIX əsrin 40-cı illəri
nəzərdə tutulur
- F.R.) əhalinin əksəriyyəti
"Köhnə şəhər"də
("Şeytanbazar" nəzərdə
tutulur - F.R.) yaşayırdı.
Gün çıxandan,
gün batana kimi onun küçələrində
həyat qaynayırdı.
Tatar (azərbaycanlı
- F.R.) bəzzazxanasında, Sion küçəsində
və buraya yaxın olan karvansarada xüsusi canlanma gözə çarpırdı. Şəhərin
bu cür yerlərində böyük
kommersiya və parça alveri aparılırdı.
Küçələrdəki
gediş-gəliş kəsilmirdi.
Axşam düşən
kimi mahnı sədaları şəhəri
bürüyürdü. Açıq
havadakı bu konsertlər yerli əhalinin musiqi qabiliyyətini açıq-aydın
göstərirdi. Bu mahnıların yaradıcıları
ölməz xalq xanəndələri idilər".
(Davamı olacaq)
Fazil
RƏHMANZADƏ
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, №51-52.- S.13.