Xalq ruhunun tərənnümü
Osman Sarıvəlli - 120
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 120 illik yubileyi münasibətilə Xalq şairi Osman Sarıvəllinin "Biblioqrafiya"sını nəşr edib. Nəşrin "Ön söz"ünü təqdim edirik.
Nizami CƏFƏROV
Azərbaycan poeziyasının qüdrətli olduğu qədər də, təvazökar bir nümayəndəsinin - Osman Sarıvəllinin xatirəsinin yüz iyirmi illik yubileyi ərəfəsində hörmət və ehtiramla anıldığı günlərdə yadıma, ilk növbədə, onun məşhur "Hər kim yüz il yaşamasa, günah onun özündədir" misraları düşür. Doğrudur, böyük şair bu dünyanı səksən beş yaşında tərk etməli oldu, ancaq onun həyatının, yaradıcılığının məzmun-mündərəcəsinə varanda, görürsən bir neçə yüz ilin mübarizəsindən keçib... Və əsas da odur ki, buradakı yüz il söhbəti çox yaşamaq yox, həyatı doya-doya, bütün təlatümlərinə sinə gərə-gərə, sevincini-kədərini son dərəcə dərindən hiss edərək öz tərcümeyi-halına çevirə-çevirə yaşamaqdan ibarətdir.
Osman Sarıvəlli mənsub olduğu xalqın etnoqrafik dəyərlərini ən müxtəlif tərəfləri ilə həm həyatında, həm də yaradıcılığında ehtiva edən əvəzsiz bir sənətkar olmuşdur. Müasirləri xatırlayırlar ki, onun xəlqiliyi, demokratikliyi, milliliyi sadəlövhlüyə varacaq qədər dərin (və miqyaslı) imiş. Məsələnin paradoksal cəhəti isə onda idi ki, son dərəcə milli (və sadəlövh) olan bu şəxsiyyət uzun illər mahiyyətcə kosmopolit bir ideoloji işə - Azərbaycan Yazıçılar İttifaqı ilk partiya təşkilatına rəhbərlik etmişdir... Moskva Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alması onu öz "patriarxal dünya"sından ayıra bilmədiyi kimi, ailəsinin Sibirə sürgün olunma təhdidləri qarşısında keçirdiyi unudulmaz həyəcanlar da kommunist partiyasından üz döndərməsinə gətirib çıxarmamışdı. Osman Sarıvəlli həmin paradoksları yaşaya-yaşaya "Dəmir sətirlərim", "Bənövşə", "Şairin hədiyyəsi", "Gətir, oğlum, gətir", "Gənclik eşqi", "Bahar çiçəkləri", "Yeni dünyanın qapısı", "İqlimdən iqlimə", "Sabahı yaradanlar", "Hər kim yüz il yaşamasa", "Mən sabaha gedirəm", "Kür qırağında" kimi nikbin ruhlu, həyat eşqi ilə dolu şeir kitablarını nəşr etdirmiş, yetmişinci illərdə üç, səksəninci illərdə isə iki cildlik "Seçilmiş əsərləri" yayınlanmışdır. Və onu da qeyd etməliyik ki, olduqca səmimi bir yaradıcılıq (ilham!) məhsulu kimi ortaya çıxması heç bir şübhə doğurmayan bu yayınlar, nəşrlər şairin "Qırmızı əmək bayrağı" (1959), "Şərəf nişanı" (1963), "Xalqlar dostluğu" (1975) və "Oktyabr inqilabı" (1985) ordenlərinə layiq görülməsi ilə müşayiət olunmuşdur.
30-cu illərin ağır repressiya günləri Osman Sarıvəllinin həyatından bir qasırğa kimi gəlib keçmiş, onu ömrü boyu "gözükölgəli" eləmişdi. Sevgisindən imtinanı özünə sığışdırmayan mərd, qürurlu gənc Türkiyəyə mühacirət etməyə məcbur olan Sədi kişinin qızı Səyalı ilə evlənmiş, mühacirin başsız qalmış ailəsini də himayəsinə almışdı. Amansız rejim ailənin Sibirə sürgün edilməsi barədə qərar çıxaranda gənc olsa da, artıq müəyyən ictimai nüfuz qazanmış şair geri çəkilməmiş, özünün də sürgünə gedəcəyini bildirmişdi. Gərginlik onunla "yumşaldılmışdı" ki, Səyalı xanım sürgündən xilas olmuş, Sədi kişinin ailəsinin digər üzvləri isə Sibirə göndərilmişlər.
Hakimiyyətin Osman Sarıvəlliyə etdiyi bu "böyük güzəşt", təbii ki, heç vaxt onun yadından çıxmayacaqdı.
Gəncliyində bir müddət pedaqoji fəaliyyət göstərsə də, Osman Sarıvəlli üçün doğma iş yeri nə məktəb, nə redaksiya, nə də nəşriyyat yox, məhz Yazıçılar İttifaqı idi. Hansı missiyanı yerinə yetirməsindən (istər partiya təşkilatına rəhbərlik, istərsə də şeir üzrə məsləhətçilik) asılı olmayaraq Yazıçılar İttifaqı Osman Sarıvəlliyə ədəbi prosesin üfüqlərini bütün genişliyi ilə müşahidə etməyə şərait yaratmaqla yanaşı, imkan verirdi ki, keçmiş illərin həzin xatirələrindən ayrı düşməsin. Xüsusilə ona görə ki, həmin xatirələrdə çox əziz olan, "oxucum, bu təsvir üsulu sənə bəllidir, onun ilk avtoru Sarıvəllidir", deyə üslubunu dəyərləndirmiş, başının üstünü qara buludlar alanda "mən dayansam, sən dayanma" vəsiyyətini eləməkdən çəkinməmiş dahi Səməd Vurğun vardı. Və taleyinə Səməd Vurğundan sonra da yaşamaq yazılmış şair əmin idi ki, bundan belə həyatının əsas məqsədi öz dahi dostuna ölümündən sonra da gözlənilən hücumların qarşısını almaqdan, onun müqəddəs ruhunu qorumaqdan, yaratdığı ədəbi məktəbin nüfuzunu yüksəltməkdən ibarətdir.
Əslində, Səməd Vurğunun, bəlkə də, bu cür müdafiəyə elə bir ehtiyacı yox idi, ancaq Osman Sarıvəllinin narahatlığının, təlaşının da əhəmiyyətsiz, ədəbi ideallardan uzaq olduğunu söyləmək özünü doğrultmazdı.
Bu məqamda bir faktın xatırladılmasına da ehtiyac duyuram... Səməd Vurğun məktəbinin görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadə deyirdi ki, bizim nəsil şairlərinin ədəbiyyata Səməd Vurğunun təsiri ilə gəlməyimiz barədə, əslində haqlı olaraq çox danışırlar, ancaq etiraf etməliyəm ki, bizə Osman Sarıvəllinin təsiri də az olmamışdır. Bu isə o deməkdir ki, Osman Sarıvəlli poeziyada, ədəbiyyatdakı Səməd Vurğun məktəbinə öz məktəbi kimi baxırdı.
Onun ilk partiya təşkilatı rəhbəri olaraq fəaliyyətində aparıcı istiqamət, heç şübhəsiz, məlum siyasi-ideoloji xəttə xidmət deyildi. Və həmin vəzifəsində də Osman Sarıvəlli, təxminən, Əli Vəliyev kimi, şəxsiyyətinin etnoqrafik fundamentallığını qətiyyən zədələmirdi. Əksinə, "partiya funksionerliyi" hər iki şəxsiyyət üçün sözügedən etnoqrafik fundamentallığı reallaşdırmaq, yeri gələndə isə cari təhlükələrdən qorumaq məqsədi güdürdü.
Məsələnin nə yerdə olduğunu daha təfərrüatı ilə anlamağa, elə bilirəm ki, belə bir əhvalat kömək edə bilər... Osman Sarıvəllidən fərqli olaraq həm də kommunist ideoloqu kimi tanınan Mehdi Hüseyn Oktyabr inqilabının hansısa ildönümündə ondan xahiş edir ki, Yazıçılar İttifaqında həmin münasibətlə keçirilən yığıncaqda çıxış edib inqilabın Azərbaycana gətirdiyi nailiyyətlərdən danışsın. Osman Sarıvəlli öz "patriarxal məntiq"ini işə salır. İnqilabdan əvvəl xalqın aclığından, yoxsulluğundan danışdıqdan sonra keçir savadsızlığa, xurafata, nadanlığa, daha sonra deyir ki, millət kirin-pasın içində qırılırdı... Mehdi Hüseyn sözünü kəsib şairə irad tutur ki, ay Osman, inqilaba qədər ac olduğunuz, savadsız olduğunuz öz yerində, bunun günahı Nikolay hökumətində idi, kirə-pasa Nikolay neyləsin, kəndinizin bir tərəfindən Kür axır, o biri tərəfindən Xram, yuyunaydınız da...
Osman Sarıvəlli görür ki, Mehdi Hüseyn haqlıdı, ancaq özünü sındırmır, cavab verir ki, əşi, sən dedin Oktyabr inqilabını təriflə, mən də tərifləyirəm dana...
Təbiətən ciddi, "qranit kimi sərt" Mehdi Hüseyn deməyə söz tapa bilməyib, istər-istəməz dodaqaltı gülümsəyir, sözü kürsüdən özünəməxsus təmkinlə düşən Osman Sarıvəllinin ahəngdar addım sədaları altında növbəti natiqə verir.
Ailəsinin "keçmiş"inə görə sovet hökumətinin yanında, artıq qeyd etdiyimiz kimi, "gözükölgəli" olan şair, əlbəttə, özünü ehtiyatlı aparmağa məhkum idi. Şəmistan Nəzirli danışırdı ki, general Əliağa Şıxlinskinin arxivindən heç gözləmədiyim bir material tapdım. Məlum oldu ki, "rus artilleriyasının allahı" o zaman gənc şair Osman Sarıvəllinin bir şeirini rus dilinə çevirərək ona mahnı yazmış imiş. O da məlum oldu ki, elə həmin günlərdə həm sözlərin, həm də musiqinin mətni şairin özünə də göndərilibmiş. Artıq yaşlaşmış, çox şeyi xatırlamayan Osman qağadan bu barədə bilib-bilmədiyini soruşanda, "xəbərim var", dedi. Ancaq mətnləri saxlamamışdı. Səbəbini öyrənmək istəyəndə özünəməxsus səmimiyyətlə, "ayə, ağlın olsun," - dedi, - 30-cu illərin o tuthatutunda çar generalının kağız-kuğuzunu saxlayıb, onsuz da qeylü-qalda olan başıma bəlamı açacaqdım?" - dedi.
Əli Vəliyevlə Osman Sarıvəllinin dostluğu, məsləkdaşlığı, deyilənlərə görə, belə bir əhvalatın yaranmasına da səbəb olmuşdur... Atasından fərqli olaraq Sovet hakimiyyətindən xoşu gəlməyən gənc Məsud Əlioğlu hərdənbir kefi kök olanda qələm yoldaşları ilə birlikdə Yazıçılar İttifaqına gələr, atası Əli Vəliyev də daxil olmaqla, oradakı "sovet yazıçıları"nı "kommunizmin bülbülləri" adlandırıb gedərmişlər. Əli Vəliyev Osman Sarıvəlliyə xəbərdarlıq edir ki, sən partkomsan, bu cavanların siyasi tərbiyəsi ilə məşğul olmaq sənin işindir... Növbəti gəlişdə Osman Sarıvəlli çılğın xarakterli Məsud Əlioğlunun antisovet "çıxış"ını yarımçıq kəsib deyir: "Ayə, a bala, ali məktəb diplomunun yekəsi səndə, evin genişi səndə, həyat yoldaşının gözəli səndə... Sovet hökumətindən nə istəyirsən?" Məsud Əlioğlunu gülmək tutur. "Ay Osman qağa, - deyir, - diplomu, evi bildik. Həyat yoldaşının sovet hökumətinə nə aidliyi var?" soruşanda Osman Sarıvəlli sözünün təsirsiz ötmədiyini görüb cavab verir: "Ayə, o diplom, o ev olmasaydı, o gözəllikdə qızı kimiydi sənə verən..." "Sovet yazıçısı"nın öz əqidəsindən dönməyəcəyinə əmin olan "qiyamçı"lar başlarını yellədib gedəndən sonra Əli Vəliyev "Sağ ol, Osman, - deyir, - axır ki, haqsız olduqlarını başa düşdülər".
Şairin öz etnoqrafik dünyasına nə qədər bağlı olduğunu onun poetik yaradıcılığı cümlə-cümlə, söz-söz təsdiq edir... Bu yaradıcılığın ruhuna, ideya-məzmun, ifadə-forma sirlərinə dərindən bələd olan Zəlimxan Yaqub maraqlı bir müqayisə aparırdı. Deyirdi ki, müharibə illərində Səməd Vurğun müasir dövrün tələblərinə uyğun bir şəkildə yazanda ki, "uçun, qızıl şahinlərim, göylər olsun məskəniniz", Osman Sarıvəlli köhnə qayda ilə çomaq-yaba davasına çağırırdı:
Ay ellər,
bir məni dinləyin, barı,
Endirin
dağlardan boz ilxıları...
Bu,
şairin üslub stixiyası idi. Və elə həmin
müharibə illərində o, poeziya şedevrlərindən
biri olan "Gətir, oğlum, gətir"i qələmə
almışdı ki, bu şeirdə xalqımızın
xarakteri, ümumən mənəvi-etnoloji portreti səciyyəvi
cizgilərlə təqdim olunur... Özündən fərqli
olaraq şəhərdə doğulmuş oğluna - gələcəyin
professor-filosofu Babək Qurbanova müraciətən
yazdığı şeirdə ona tövsiyə edir ki, kənddə
tez-tez olsun, gələndə isə...
Bir
gün bu yerlərə dönüb gəlirkən,
Topla xumar
gözlü bənövşələrdən.
Bir az
gecikdinmi, nanə, üzərrik,
Özəkli
baldırğan, çiçəkli yemlik,
Keşniş,
kəklikotu, çobanəppəyi,
Lalə,
xoruzgülü, qaymaq çiçəyi,
Qulançar,
quzuqulaq, tərə, göbələk,
Albalı,
qarağat, moruq, çiyələk...
Bunlar
şirin nemət, şirin diləkdir,
Sevməyən
sevməsin, mənə gərəkdir.
...Ötürmə
bunları, quzum, sən gətir,
Bilməz
bu neməti hər yetən, gətir.
...Ana
yurdumuzun nəyi var, gətir,
Məhəbbət,
sədaqət, etibar gətir!..
1943-cü
ildə yazılmış bu şeirdə nə güllə səsi,
nə də sülhə çağırış var... Ancaq
əcdadların kökünü min illərin dərinliklərindən
alan elə bir əbədi hayqırtısı gəlir ki, onu
duymamaq, eşitməmək, sadəcə olaraq, mümkün
deyil.
Osman
Sarıvəlli doğulduğu yurda min bir tellərlə, ən
ruhsal duyğularla bağlı olduğundandı ki, vəfatından
çox-çox əvvəl, torpağa məhz doğma kəndində
tapşırılmasını vəsiyyət eləmişdi.
Odur ki, dövlət rəsmiləri xalq şairinin - müasir
Azərbaycan ədəbiyyatının klassiklərindən
birinin Fəxri Xiyabanda dəfnini təklif etsələr də,
ailəsi heç bir tərəddüdsüz onu Qazağa
apardı. Həmin mərasimdə iştirak etmək
üçün böyük bir qrup qələm adamları ilə
birlikdə Bakıdan mən də getmişdim. Yolboyu şairin
şeirlərindən misraları xatırlayırdıq.
Xüsusilə, "Bu yerlər" qafiyəli məşhur
qoşmadan. Uzaq 30-cu illərdə yazılmış olsa da, həmin
şeir böyük şairin bütün həyatının
"manifesti" kimi səslənir:
Yaxın
sirdaş kimi, əziz dost kimi
Qolunu
boynuma saldı bu yerlər.
Mənim
bir nisgilim vardı əzəldən,
Oxşayıb
könlümü aldı bu yerlər.
Göylərə
uçsam da bağlıyam yenə
Əziz,
doğma yurda, doğma vətənə.
Min eldə
min nemət dadmışam, mənə
Şəkərdi
bu yerlər, baldı bu yerlər.
Aşıq
eldən alır öz nəfəsini,
Gəldim
eşitməyə elin səsini.
Könlümün
dil açan kəmənçəsini
Zərif əllərilə
çaldı bu yerlər.
Osman
Sarıvəlli ömrünün sonunda yenə də doğma
yerlərə qayıtdı, çünki yaxşı bilirdi
ki:
Kim minir
Qazağın Dilboz atını,
Götürür
toyların şal xalatını.
Şeirin,
sənətin mükafatını
Hər
zaman, hər yanda aldı bu yerlər.
Kimin
olursa-olsun, dəfn mərasimi hamını kədərləndirir,
az və ya çox ağrı- acı, dərd-qəm gətirir.
Ancaq Osman Sarıvəllinin dəfnində o mənada həzin
bir məmnunluq da vardı ki, şair sevimli həyat
yoldaşı Səyalı xanıma qovuşurdu. İllər
keçdi, ailə yenə də bir yerə toplaşdı. Bu
gün Şıxlı qəbiristanlığında Osman
Sarıvəlli ilə Səyalı Sarıvəlli oğulları
Afər, Rafiq, Babək və Seyranla yanaşı uyuyurlar.
Yazını
böyük şairin poetik ruhuna uyğun nikbin ovqatla bitirmək
üçün xəyala dalanda yaddaşımın çox
dərin qatlarından hansısa qazaxlı bir şairin sözləri
cücərdi:
Osman
qağa, misraların nurludur,
Eyləmişik
əldə çıraq şeirini...
Nizami CƏFƏROV
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, №51-52.- S.10.