"Kefcil" yazıçının yazdığı hekayə

 

"Sənət haqqında hekayələr" silsiləsindən

 

Xalq şairi Vaqif Səmədoğlunun unudulmaz xatirəsinə

 

Həmin müdhiş hadisə baş verən gün, özü kimi dindar dostları ilə çayxananın həyətində təsbehlərini çevirə-çevirə müsəlman üçün nəyin əsas şərt olması barədə qızğın söhbət edirdilər. Qəfildən belə vaxtlarda həmişə susan, daha çox dinləyən Azərin telefonuna zəng gəldi və o, bu səs-küydə rahat danışmağın qeyri-mümkün olduğunu bildiyindən qalxıb masadan aralandı. Sonra telefonla danışa-danışa, yolun o biri tərəfinə - supermarketin qarşısındakı iri, qoca çinara tərəf addımladı. Ağaca çatanda dayandı, sağ əlini onun gövdəsinə dayayaraq xəttin o başındakı müsahibini dinləməyə başladı.

Qəfildən yolun o tərəfindən qəribə bir şaqqıltı səsi gəldi. Ardınca kimsə qışqırdı, bir başqası dərindən bir "ah" çəkdi. Başlarını qaldırıb o tərəfə baxdılar: qoca çinarın lap yuxarısında qurumuş iri bir budaq gövdədən qopub aşağı düşmüşdü.

Cəld yerlərindən sıçrayıb o tərəfə cumdular. İri budağın altından yalnız Azərin ayaqları görünürdü.

Axışıb gələn adamların arasından özünə gəlib, soyuq başla düşünənlər cəld irəli atılıb bu böyük şaxəni asfaltın üstündə hərəkətsiz qalmış Azərin üstündən kənara çəkməyə çalışsalar da, bir nəticəsi olmadı. Ağacın qopub düşən hissəsi çox böyük və ağır idi.

Az sonra təcili yardım, ardınca yaşıllaşdırma idarəsinin işçiləri və polislər tökülüşüb gəldilər. Texnikanın köməyi ilə bu nəhəng ağac parçasını qaldırıb kənara çəkdilər.

Ağacın iri budağı Azərin peysərini parçalamışdı. Alnı, çənəsi, üzü qan içində idi. Heç həkim müayinəsinə də ehtiyac qalmadı - qarası getmiş, açıq qalmış gözlərindən onun artıq keçindiyi aydın görünürdü.

Dostlar quruyub qalmışdılar. Hamısının rəngi ağarmış, gözləri bərəlmişdi. Cəmi beş-altı dəqiqə əvvəl süfrə başında çay içdikləri dostlarının belə təsadüfi və dəhşətli şəkildə ölümü hamısını sarsıtmışdı.

Amma sarsılan təkcə onlar deyildi. Gün ərzində şəhərin çayxanalarında, tinlərində, dükanlarında, hələ ailə qurmamış, mömin, əməlisaleh, gənc bir adamın bu dünyadan belə tez köçməsinə çoxları təəssüflənirdi.

Səhəri gün çiynini Azərin tabutunun altına verib qəbiristanlıq tərəfə addımlayanda dostunun işıqlı çöhrəsi, dupduru baxışları gözlərinin qabağında canlanır, göz yaşları yanaqlarından süzülüb boynunu, sinəsini islatdıqca ona elə gəlirdi ki, Azərin itkisinə - valideyn və doğmalarını çıxmaq şərtilə - bu şəhərdə ondan çox yanan, ondan çox ürəyi ağrıyan yoxdur.

Beyninə mismar kimi sancılan və o gündən sonra rahatlığını əlindən alan, içini alt-üst edən sözləri isə Azərin cənazəsini qəbrə qoyandan sonra molla dedi:

- Qardaşlar, ölüm haqdır. Bu cavan oğlanın ölümü bir daha göstərdi ki, Allah əməlisaleh, təmiz bəndələrini çox sevdiyindən onları öz dərgahına tez aparır, öz qanadları altına alıb cənnətə göndərir. Azər təmiz, günahsız bir cavan idi. Allah belə bəndələrini sevir.

Əslində, bu sözləri o, çox eşitmişdi. Amma bu dəfə qulaqlarında sanki başqa bir səslə, başqa bir tonda səsləndi. Azərin meyitini evə gətirəndə anasının, bacısının saçlarını yolmaları, üzlərini cırmaqlamaları, canavar kimi hayqırmaları gəlib dayandı gözlərinin qabağında.

Əgər bu müsibət xoşbəxt sonluq idisə, bəs o müsibət nə idi? Məntiqlə yanaşsaq, gərək bu hadisəni müsibət kimi yox, labüd bir sonluq, dəyişməz bir yazı, qaçılmaz bir hökm kimi qarşılayaydılar axı...

Yox, əgər molla düz danışmırdısa, onda Azər kimi tərtəmiz bir bəndənin - ürəyində heç kimə kin-küdurət olmayan, gündə beş dəfə namaz qılan, hər cümə günü məscidə gələn, oruc tutan, ədəb-ərkanlı, işıqlı bir insanın belə təsadüfi ölümünə necə haqq qazandırmaq olardı? O qurumuş budaq bu boyda şəhərdə niyə məhz onun başına düşməli idi?

Qəbiristanlıqdan yas mağarına qayıdanda içində qəribə bir qaranlıq, ağırlıq hiss etdi. Ürəyi elə bil iki yerə bölünmüşdü. Fikirlərində bir dağınıqlıq, pərakəndəlik vardı...

Fikirli-fikirli otağına girib qapını örtdü. Axşam namazına az qalmışdı. Corablarını çıxardı, qollarını çırmalayıb, dəstəmaz almaq üçün vanna otağına keçdi. Suyu açmazdan əvvəl başını qaldırıb, divara vurulmuş güzgüyə baxdı. Güzgüdəki əksinin gözlərində tərəddud, çaşqınlıq və qeyri-müəyyənlik vardı. İçini yavaş-yavaş gəmirən mübhəm, anlaşılmaz duyğuları qovmağa çalışsa da, alınmadı. "Qoy, əvvəlcə namazımı qılım", - deyə özünə təskinlik verdi. - "Sonra oturub soyuq başla fikirləşərəm".

Qollarını soyuq suyun altına tutdu...

Namaza başlayanda hiss elədi ki, fikrini əvvəlki kimi, tamamilə cəmləyə bilmir, sözlər ağzından əvvəllər olduğu kimi qətiyyətlə çıxmır. Sanki ikiyə bölünmüş qəlbinin parçaları bir-birinə mane olur, bir-biri ilə dil tapa bilmirdi.

Üşüyən kimi oldu, "Əstəğfürullah", - deyib, özünü bir az sakitləşdirdi və namaza başladı.

Möhürü ceynamaza büküb, yerinə qoyduqdan sonra divanda oturub təsbehini çevirə-çevirə fikrə daldı.

"Mənə nə oldu belə?" - deyə ürəyində öz-özünə sual verdi. - "İçimdəki rahatlıq, xətircəmlik niyə birdən-birə pozuldu? Azərin ölümünə görəmi? Ölüm haqdır, hamımız bir yolun yolçusuyuq. Namaz qılan, oruc tutan, hər gün neçə dəfə Allaha səcdəyə gedən insan bir həqiqəti tam dərk etməlidir ki, hamımız bu dünyadan köçəcəyik - birimiz gec, birimiz tez"...

Və qəfildən dediyi o iki kəlmə sözün zərbəsini düz ürəyinin başında hiss edib dizləri titrədi. Bircə anın içindəcə başa düşdü ki, onu sıxan, özü də bilmədən şüurunun dərin qatlarına yerləşmiş məhz bu iki kəlmənin təzadlı dartışması imiş.

"Niyə axı tez? Allah adamı, əməlisaleh olmağın mükafatı budurmu? İndi neyləyək? Bu dünyada işlərimizi başa vurmamıs, bu dünyadan doymamış axirət evinə tez getməmək üçün daha Allahdan qorxmayaq, namazdan, orucdan geri çəkilək?"

Beş il əvvəl ilk dəfə məscidə gəldiyi gündən dini məclislərdə çox söhbətlərə, çox moizələrə qulaq asmış, inandığı möminlərin hər sözünü iman və inamla dinləmişdi. Əgər onlar da Allahın əməlisaleh bəndələrini çox sevdiyi üçün yanına tez apardığına inanırdısa - deməli, özü də inanmalı, bunu labüdlük, xoş aqibət kimi qəbul etməli idi.

Bəs niyə edə bilmirdi? Nə mane olurdu? Yoxsa, özünə də belə bir tale qismət ola biləcəyindən xoflanırdı?

Cavab tapa bilmirdi, amma görürdü ki, ikiyə bölünmüş ürəyinin bir parçası onu varlığına inandığı cənnətə, o biri parçası isə içində yaşadığı dünyaya, reallığa çəkir.

İndi evində, divanda oturub bu sualların məngənəsində sıxılanda, üç il əvvəl televiziyada bir yazıçının dediyi sözləri xatırladı.

Həmin yazıçı həm şeir, həm də hekayə yazanlardan idi. Aparıcı qız ondan axirət dünyasının varlığına inanıb-inanmadığını soruşanda, şair-nasir təmkinlə cavab vermişdi:

- Mən o dünyanı görməmişəm. Görmədiyim, bilmədiyim şey haqqında nə deyə bilərəm? Bu, inam məsələsidir. Biri yalnız gördüyünə, bir başqası eşitdiyinə inanır, digəri isə inandığına həqiqət kimi baxır. Kimin haqlı olduğunu isə bir Allah bilir.

O vaxt bu cavaba ürəyində gülmüşdü. Ertəsi gün çayxanada həmin cavabı müzakirə edərkən, bu "kefcil" şairin öz əsərlərində tez-tez Allahın adını çəkdiyini, Allaha müraciət etdiyini biləndə onun ağayana naturasını gözləri qabağında canlandırıb ürəyində demişdi: "Bu, nə qəribə adamdır! Axirətə inanmır, amma Allaha üz tutub ona müraciət edir".

Amma çox qəribədir ki, bir neçə gündən sonra hansısa mübhəm bir hissin təsiri altında kitabxanaya gedib o şairin şeir kitabını götürdü. Evə gəlib oxuyanda gördü ki, kitabda həmin o "kefcil" şairin Allaha müraciətlə yazdığı xeyli təsirli şeir var. Kitaba yazılmış Ön sözdə də onun şeirləri barədə yaxşı fikirlər söylənilmişdi.

Həmin şair-nasir ötən (il) vəfat etdi. Özü də qəfil yox, xəstəlikdən. Ölümünə bir az qalmış onun yubileyini də keçirdilər. Və maraqlıdır ki, o mərasimdə iştirak edən yubilyar ölümcül xəstə olduğunu, bu dünyada son günlərini yaşadığını bilsə də, üzündə nə ölüm kölgəsi, nə də qorxu vardı. Əksinə, qəribə bir əminlik, rahatlıq, hətta bir işıq vardı simasında.

Görəsən, hardan gəlirdi bu qüvvə? Ölüm ərəfəsində onun çöhrəsini işıqlandıran bu nur nə idi?

O biri otaqdan gələn uşaq səsləri onu fikrindən ayırdı və elə o andaca otağın qapısı açıldı. Dördüncu sinifdə oxuyan qızı idi, əlində "Oxu" kitabını tutmuşdu.

- Ata, mənə kömək edərsən? - deyə qız baş barmağını səhifələrin arasına yerləşdirdiyı yerdən çıxarıb kitabı açdı.

- Əlbəttə, qızım. Gəl otur, görum.

Uşaq keçib atasının yanında oturdu:

- Oxudan təzə hekayə keçmişik. Müəllim deyib ki, oxuyub ideyasını yazaq.

"Lap yaxşı oldu," - deyə fikirləşdi. - "Bir az fikrim dağılar".

- Hanı, oxu görum...

Uşaq başını asağı əyib, aram-aram və yaşına uyğun intonasiya ilə oxumağa başladı:

Əbədi rahatlıq

Əhməd kişinin köhnə, balaca evi kəndin ucqarındakı dağ ətəyində, çayın səsi eşidilən bir yerdə idi. Evin damı köhnə idi, divarları çatlamış, pəncərələri illərin küləyindən solmuşdu. Amma həyəti başqa aləm idi - ilin 9 ayı yamyaşıl olur, göz oxşayırdı.

Əhməd kişi yetmiş beş yaşında idi. Tək yaşayırdı. Nə ailəsi vardı, nə də övladı. Amma bu tənhalığın içində belə, onun çöhrəsində daim bir işıq vardı. Hər səhər erkən qalxar, samovarı qaynadar, bir stəkan çayla həyətə çıxaraq talvarın altına qoyduğu kötüyün üstündə oturub, əkdiyi ağaclarla, gül-çiçəklərlə, ora-bura uçuşan quşlarla salamlaşardı.

Kənddə onu "İşıqlı Əhməd" deyə çağırırdılar. Astadan, təmkinlə danışar, heç kimdən heç nə ummazdı, amma bir kimsə dara düşəndə ilk yetən o olardı. Kənd camaatı ona hörmət edirdi, amma içindən keçənləri, gecələr nələr düşündüyünü heç kim bilmirdi.

Bir gün kənd məktəbində tarixdən dərs deyən gənc Rövşən müəllim Əhməd kişinin evinin yanından keçərkən qocanın həyətdə odun doğradığını görüb ayaq saxladı, ona salam verdi. Əhməd kişi başını qaldırıb salamı aldı və onu çaya dəvət etdi. Həmin gün Rövşənin həyatını dəyişdirəcək bir günə çevrildi...

Talvarın altında oturdular. Samovardan çay süzüldü. Bir az ordan-burdan danışandan sonra Rövşən müəllim dedi:

- Əmi, bağışlayın, bir şey soruşmaq istəyirəm. Sizi illərdir izləyirəm. Hamı sizə hörmət edir. Amma siz tək yaşayırsınız, var-dövlətiniz yoxdur, ailəniz yoxdur... Amma yenə də xoşbəxt görünürsünüz. Mən bəzən özümü bu yaşımda belə, gücsüz, aciz hiss edirəm. Nə kömək edir sizə?

Əhməd kişi sakitcə başını qaldırıb gülümsədi, sonra nəzərlərini uzaqlara dikib dedi:

- Məhəbbət və inam, oğul. Bu illər ərzində çox itkilərim oldu. Bəzən gecələr özüm-özümə sual verdim: "Əhməd, sən nə üçün yaşayırsan?" Və hər dəfə cavab birdən gəldi: "Sən bu dünyaya gələndə əlində heç nə yox idi. Getdiyində də olmayacaq. Ona görə insan kimi yaşa, Allahını təmənnasız sev, hər səhər, hər axşam Ona şükür elə, etdiyin yaxşılığın əvəzini gözləmə, onu insanlıq borcu kimi bil. Onda vicdanın təmiz, ruhun rahat olacaq. Bilirsən, oğul, mən qocalmışam. Amma hər səhər Allaha üz tuturam: "İlahi, mən bu günü də Sənə qarşı üzüqara çıxmadan keçirmək istəyirəm." Günün sonunda bu alınırsa - ruhum əbədi sakitliyə - cənnətə qovuşur.

Əhməd kişi danışığına ara verib çayından bir qurtum içdi, sonra başını qaldırıb baxışlarını göyə dikdi. Gün batırdı. Qızılı işıq onun solğun sifətində gəzişib qəribə bir nur yaradırdı.

- Mən Allahı qorxuyla yox, sevgiylə hiss edirəm. Mənimçün O, uzaqda yox, burda - ürəyimin içindədir. Odu ki, mən dualarla danışıram Onunla. Və sənə bir söz deyim, oğul: bu dualar məni heç vaxt tərk etməyib...

Rövşən müəllim həmin axşam öz gündəliyinə yazdı:

"Əbədi rahatlığı göydə axtarma, o, insanın içindədir. Əhməd kişinin həyatı mənə bunu sübut etdi".

Mətn bitdi və uşaq nəzərlərini kitabın səhifəsindən ayırıb atasına baxdı. Amma atasının hara, niyə və necə baxdığını heç cür müəyyən edə bilmədi: kişinin gözləri açıq olsa da, elə bil yatmışdı və üzündə heyrət, təbəssüm və sevinc qarışıq qəribə bir ifadə vardı.

- Ata, - uşaq bir az qorxaq səslə çağırdı.

- Həə... - deyə diksinib sanki yuxudan ayıldı və hiss elədi ki, içində bir-biri ilə öcəşən fikirlərin ağırlığı çəkilib gedib, ruhu o qədər yüngülləşib ki, yerindən qalxsa, şar kimi havaya qalxa bilər.

- Kömək yadından çıxdı? - qız dedi. - Bu hekayənin ideyasını necə yazmaq olar?

Sanki ağır bir yükü çiynindən yerə qoyubmuş kimi, dərindən nəfəs alıb qızın saçlarını tumarladı:

- Çox sadədir, qızım. Müəllif göstərir ki, biz hamımız dünyaya adam kimi gəlirik, amma dünyadan insan kimi köçməyə çalışmalıyıq. Həyat, əslində, Tanrının bizə verdiyi adamdan insana çevrilmə şansıdır. Bu şansı reallaşdırmağın yeganə şərti isə kor-koranə yox, dərk olunmuş, həyat tərzinə çevrilmiş inamdır. Bax, belə də yazarsan.

Uşaq, deyəsən, bu mürəkkəb izahdan o qədər də razı qalmadı. Dodaqlarını büzüb getmək istəyəndə kitabı bir az caşıb qalmış qızın əlindən alıb hekayənin müəllifinin adına baxdı: həmin kefcil yazıçının hekayəsi idi...

 

Əlisəfdər HÜSEYNOV

 

Ədəbiyyat qəzeti.- 2025.- 26 dekabr, №51-52.- S.11.