Göyçədən gələn səs:
Xəyali dönüş
Göy qurşağı, təzadlar
və "Qədir ağacı"nın kölgəsi
Sultan deyiləm, göy qurşağındakı rəngləri
fərqləndirə bilirəm.
Saqqal darağı olanlara həsəd aparmıram. Donuz saxlayan tanış-bilişim
də yoxdur. Amma ət yeyənəm, "dimdiyimdən" bəllidir.
Ayın o biri üzünü görmək
istəyi ilə alışıb-yanan olmadım,
çoxölçülü fəzanı təsəvvür
etməyə cəhd etmişəm. Sevgidən başqa mif görməsəm də, Bertran Rasselin "çayniki"ni də ciddi söhbət sayıram. Şeytanı daşlayanam. Güman ki, qoynunda mənə də daş saxlayan və quyuya atdığım o bir daşı çıxarmaq istəyənlər
40-dan çox olar. İnanıram ki, bağında
"qədir ağacı"
olanım var, bir oğlum da olsa, adını Rizvan qoyardım.
Bakirə ağlıq və Barak Obamanın "qolu"
2018-ci ilədək müxtəlif
rəngdə bir neçə pencək geyinmişdim. Astarsız olanlar daha rahat
idilər. Kostyumum olmamışdı. Olması
labüdləşəndə, axtarış fayda vermədi, tikdirməli oldum. En-uzunumu ölçüb-biçən köynək də məsləhət gördü.
Qara kəpənək
bəzəyən köynəyin
bakirə ağlığını
əynimə çəkəndə
gördüm ki, pencəyin
qolundan iki santimetrdən artıq
"boylanan" hissəsi
dərinin qaralığını
daha da qabartdı. Mütəəssir olmadım,
Barak Obamada da belə idi. Kostyum "qutu kimi" oturduğu üçün
razılaşıb geyindim.
Nənəm demiş:
"Bəy kimi oğlan" oldum. Ayaqqabım həm fərqli, həm də rahat idi.
Gəlin, bu idimlə gedəyin bizim kəndə - Ardanışa.
Qazaxdan keçən yollar:
Yurdun ruhları
Bizə
yollar Qazaxdan keçir, bəlkə elə Rimə gedən də... Şorca kəndi arxada qaldı, "Malakan təpəsi"ni keçdim, görünən
kəndimizdir. Maşını
daha da yavaş sürdüm. Mühərrikin
səsi eşidilirdi. Uşaq vaxtı qoyun-quzu otaranda fit ilə dalımca çağırdığım buludlar yenə göydə idilər. Qəbiristanlıq duası...
Yatanlar məni tanıdı. Saç-saqqalım
ağarsa da, 15 yaşında ikən kənddən çıxan
Rizvan, Qara Hacının Məhəmmədinin
nəvəsi olduğumu
bildilər. Neçə
axund, mollanın ruhu, neçə doğmanın qəbirləri
sanki danışırdı:
"Burada dövran yatıbdır".
Gen qayçısı
və yerin köksündən gələn
melodiya
Doğma yurdun
torpağında onun hər daşı, hər ağacı adamı adı ilə çağırır,
zamanı qəbul etmirlər. Özünü
təqdim etməyə
ehtiyac yoxdur. Böyük maşın, mühərrikin gurultulu səsi və əzələli vücudumu
gizlədən idimim, döş cibimdəki optik, gözümdəki qara eynəyim heç kimi aldada bilmədi... Doğulduğun torpaqda sənin səs-carın yerin köksünə hopmuş ən xoş melodiyan üstündə səciyyələnir.
Bir notu belə ata bilmirsən.
Gen redaktəsi üçün ən uğurlu qayçın da kəsərsiz olur. İndiki halında hansı musiqi alətinə və janrına valehliyindən asılı
olmayaraq, ruhların şahidliyi ilə öz keçmişinin nəğməsinə qulaq
asmalı olursan. Bəlkə elə buna görə də şirin, doğma, əziz nəğmə eşitmək
üçün doğulduğumuz
torpağa can atırıq. Dağılmış
məzarların torpağı
başqa rəngdədir,
kiminin üstündə
ot, kiminin üstündə min bir sual var.
Oxunmağa tələsən
kitabın səhifələri
kimi vərəqlənirlər...
"Cəngi Koroğlu", "Çılpaq
qəlb" və
"Sürünçək daş"
Piyada
"Dovşan yolu"na
qalxdım. Sanki Niftalı
dayımın başdaşı
arxamca gəlir. Sazı bəmdə olsa da, "Cəngi Koroğlu" ilə gedirdim. "Sürünçək
daş"a doğru istiqamətləndim. Şəxsiyyətin
ikiləşməsi... Bu yerlərdə
mistik bir ab-hava var. Uşaqlığım
üzümə durdu,
ən xoş xatirələrim tar-mar oldu.
Bu qayalarda hərə
öz daxili əksini görərdi. Bu
qayalar, daşlar ona baxanları unutmurlar. Kiminin çılpaq qəlbi, kiminin lüt vücudu bu yerlərin yadındadır.
Çılpaq qəlblər
lüt bədəndən
qorxar, dolu başa nifrət edərlər. Bu yerlərdə
insan düşünə
biləcəyindən də
azad davrana bilərmiş kimi fikirləşir...
Pəncərələrdəki göz yaşları və
15:45-in həsrəti
"Çal"ın daşları
uğurlu debütü
pis sonluğa gətirib çıxaran şahmat partiyasının
fiqurları kimi paradoksal düzülmüşdülər.
Şahı mat olanları,
matdan sonra şah olanları, qalanları da yadınıza
salın. Doğulduğum
evi hüdudlandıran
çinarlar məğrur
olduqları qədər
də kövrək görünürlər. Gözü
nəmli meyvə ağaclarımız rabitəsiz
mətni oxuyan adam kimi yorğun
görünsələr də,
sevindilər. Evimiz günahkar-günahkar dayanıb,
pəncərələri maddım-maddım
baxır... Damın şiferlərinin bozluğu
uzun qara qız hörüklərinin
ucunda olan saçqırana bənzəyir.
Bir anlığına nəvazişə
həsrət qalan qızının başına
sığal çəkmək
istəyən ata kimi əlimi dama uzatdım. Pəncərələr açıq
idi. Əlim yaş oldu. Vüsalda göz yaşlarının şirin
olduğuna bir daha əmin oldum. Təmasdan diksindim... Balaca vaxtı yuxuda sonsuzluğa kimi saymaq tapşırılanda
təşvişdən nənəmi
çağırdığımı, səsini eşitdikdən sonra sevindiyimi sanki pəncərədən
yenidən gördüm.
Evimizdə kitab-dəftərin
qoxusu, diyircəkli qələmin kağıza
qoşduğu nəğməsi,
rəqəmlərin ədədlərdə
ardıcıllıq uğrunda
mübarizəsi, "Nə?
Harada? Nə zaman?" verilişinə,
kinoya, idman oyunlarına baxılması,
bir də oxuduğumuz bədii kitabların müzakirəsi
hələ də qalmaqda idi. İtimin
ayaq izləri, göyərçinlərimin şıltaq
qanadları, hədəqəsində
durmayan gözləri,
dua edən adam pozasında dovşanlarımın kök
yeməsi elə bil bu gün
baş verir. Ocağımızda, bizsiz
də bərəkət
olsun deyə, saxladığımız qaşqa
inəyimizin həsrət
dolu gözləri boz danamızın saçlı quyruğundan
elə asılmışdı
ki, əvvəllər
mənə xeyirsiz görünən qara qoçumuzun iri buynuzu babamın çomağını özünə
ox edib, saat əqrəbi istiqamətində dönərək,
həmişə eyni bir zamanı - 15:45-i göstərirdi. Kəndimizi
məhz bu vaxt tərk etmişdim. Meyvə ağaclarımızın, itburnu
kollarının koordinatlara
görə öz dadları varıydı. Pəncərəmizin düz
altında yorulmuş yolçu öz dayağına söykəndiyi
kimi, evimizin damına dirsəklənən
armud ağacının
şiferə sərilmiş
(gərilmiş) budağından
yekə bir armud tapdığımı
xatırladım. Evə
endirdiyimi, anama tapıntım ilə öyündüyümü yada
saldım. Onun isə armudu çini qabda stola qoyub "papan gələndə yeyər" deməsini və atamın onu dilim-dilim hamımıza paylamasını
bir daha yaşadım. Bir də uşaq oldum, uzağa baxdım. Ömür yenə uzun göründü, 50 yaşlını
qoca sandım...
Xəngəl qazanımızın hisli qulpunda nənəmin barmaq izləri, sanki Cənabi Əlinin qayada qoyduğu müqəddəs
ayaq izləri kimi bir mistika
yaratdı. Elə sandım ki, hər qara damın
belə bir möhürü olur.
Mənə elə
gəldi ki, hər dəfə xəngəl qazanı ocağa asılanda, içində qaynayan su ilə xəmir
yarpaqları və kartof bişdikcə, onun buxarı və yağda qızardılmış soğan
iyi bütün Göyçənin üstünə
qalxaraq qoxusunu birbaşa asimana hopdururdu ki, hər kəs öz yurdunu o qoxu ilə özəlliklə
tapa bilsin. Xəmir kündəsinin duvaq üzərində oxlovla yayılması isə sanki xətanın və bəlanın bu evdən qovulması anlamına gəldi. Qurutun əllə əzilməsi isə ananın xəstə balasını ovxalayaraq şəfa verməsi səhnəsini gözlərim
önündə canlandırdı.
O anda mənə elə gəldi ki, qapqara olmuş
ocaq daşları tüstüdən acışıb
tökülən göz
yaşlarının izlərini
özündə saxlayıb
və indi bu izlər həsrətin
selinə bənzəyirdi.
Sanki qazan mənə dedi ki, bir də
qaynayacağam, bir də sizi başıma
yığacağam.
Ağ qurutun
həm şəffaf, ziyanlı sayılan və bizə həmişə azlıq edən mayeyə qatdığı daddan başqa, həm də etibarlılıq və inam əlaməti
var idi. Sanki həmin mayenin mənfi təsirləri məhz qurutun "sayəsində"
yox olurdu. Bu qurut kimin
cibindən çıxmasından
asılı olmayaraq, hamı tərəfindən
qəbul edilir, hamı tərəfindən
dadılırdı. Bu
universal inam, bayram ayında oynanılan "aşıq-aşıq"
oyununda da özünü göstərirdi:
bu, sadəcə əyləncə deyil, insanların bir-birinə təmənnasız nəsə
verməsinin ən saf forması idi.
Bunları düşünərkən,
qurutun o universal inamı ilə birlikdə, elə bil qazan yenidən
mənə səslənib:
"Bir də qaynayacağam, bir də sizi başıma
yığacağam" deyirdi.
Göyçənin
keşiyində: Tarixi
ədalət və maarifə çağırış
Evimizdən görünən
ucalığı "Ocağın
başı" adlandırsaq
da, bizim kənddə nə məscid varıydı, nə də ocaq. Amma hər
evdə başına and içilən ata, hər evi
pir edə bilən ana varıydı. Kiminin goru, kiminin başı
çox əziz olardı. "Koroğlunun
başı" deyilən
yer isə Göyçə gölünü
gözdən qoymurdu və indi də
onun keşiyindədir.
Koroğlumuz həmişə
olub, qayadan uçan keçəlimiz
də. Həmzələrsə
yoxuydu. Heç "Mil-Muğan" da yox idi... "Qara çay", "Cullab" dağlardan gətirdiyi sel-su nə Saranı qərq etmişdi, nə də çoban peşman qalmışdı. Kərəm
biz tərəflərlə
tanış olsaydı,
Əslinin köynəyindəki
düymələrin sirrini
çobanlardan öyrənərdi.
Çobanlar qaranlıqda
o qədər iş görüblər ki, onlar heç şam da yandırmazdılar.
İti bıçaqları
ilə onun köynəyini yırtardılar.
Bu kənddə çox stereotiplər sınır, çox şeylər, ya adiləşir, ya da çox qüdsal
obraz alır. "Palais Galliera" muzeyindən oğurlanan köynəyi mənim babam tikib, düymə
də bizim dəmirçixanada düzəlib,
onu bizim estetlər düzüb və o, indi bu muzeydə tanınmış sənətkarların
işləri arasında
saxlanılan və ən çox oğurlanan, özününküləşdirilən
eksponatlardan biridir. Növbəti oğurluq xəbəri eşidilən
kimi klubumuzun səhnəsində "Dərviş
Məstəli Şah"
Parisi yenidən partlatdı. Molla Pənah Vaqifin də səsi gəldi:
Kor kimi
qalmasın insan,
Qalxsın cəhalətin
qaranlığından!
Açılsın hər yerdə məktəb, mədrəsə,
Balalar quş kimi versin
səs-səsə...
Levitasiya
edən bina və Kvant mexanikasının
sirri
Məktəbimizin səsi yüz ilin dərinliyindən gəlir. Levitasiya edən bu binaya
bircə il ayaq basmış şagird sizi Çinə piyada apara bilər.
Ən qısa yolu tapacaq, enerji
sərfiyyatını optimallaşdıracaq,
bir neçə dildə şeir deyəcək, Cordanonu oddan qurtaracaq, Qalileyin ömrünün sonunda Allaha inandığını, Tolstoyun
İslam dininə meyilli
olduğunu və hətta Kopernikin insultdan öldüyünü
israr edəcək. Aşıq Ələsgər
şeiriyyətində kvant
mexanikasının inikasından,
aşıq Alının
"ipək tora həlqə salma dəmirdən" müəmmasına
elə don geyindirəcəkdir
ki, məşhur Füzulişünaş
Zakir müəllim kimi,
işini-gücünü buraxıb
dünyanın hikmətini
bizim kənddə axtaracaqsan.
Klubun səhnəsi: Əxlaq
dərsləri və qəhrəmanlar
Klubun səhnəsi təkcə
"Dərviş Məstəli
Şah"ın partlayışlarını
görmədi. Bu səhnədə
"Hacı Qara",
"Sevil" kimi tamaşalar oynanılır,
acgözlük və köhnə adətlər
ifşa edilirdi. Biz o səhnədən nəticələr
çıxarırdıq; mənəvi
tərbiyə dərsləri
divarlara yazılmışdı.
Bəli, biz bəzi böyük həqiqətləri
kitabın səhifəsindən
deyil, qaranlıq salonda alqış sədaları altında öyrənirdik. Təkcə
səhnə deyil, zalın qaranlığında
parlayan pərdə də bizim mənəviyyatımıza
güzgü tuturdu.
Güzgü kimi kino və Şinel metaforu
Kino seansları bir bayram idi; oradan
evə doğruluq və mərhəmətlik
aparırdıq. "Cənab
420", "Zita və Gita", "Loğman" kimi filmlər bizi kövrəldir, vicdanımızı
oyadırdı. Bu filmlər
qəhrəmanları uzaqlarda
axtarmağın gərəksizliyini
sübut edirdi. Axı, necə deyərlər, "Hamımız
o böyük mədəniyyət
ocağının şinelindən
çıxmışıq". Bizim xarakterimiz, vicdanımız və düzlük meyarlarımız
o qaranlıq salondan, o
işıqlı pərdədən,
o səhnədən bəhrələnərək
formalaşmışdı.
Dastanların nəfəsi və
Buta arzusu
Klubun ekranı və səhnəsi bir tərəfə, biz həm
də daşların,
ağacların, uca dağların dilində danışan aşıqların
nəfəsi ilə böyümüşdük. Aşıq
dastanları bizim üçün, sadəcə,
nağıl deyil, kəndin əbədi qanunu idi. Bu dastanlarda düzlük, sədaqət və qeyrət fəlsəfəsi
elə usta dillə verilirdi ki, onlar mənəviyyatımızın
möhkəm təməli
idi. Mən öz gözlərimlə
görmüşdüm ki, bəzən
fermalarda aşıqlar
saman səpilmiş bir
yerdə, sadə tamaşaçılara dastan danışırdılar.
Bu, aşıq sənətinin
nə qədər canlı və xalqa yaxın olduğunun sübutu idi. Mən, o dastanlara, o nağıllara
qulaq asandan sonra, kənddəki "Tək ağac"ın altında yatırdım
ki, birdən mənə
də buta verilər, mən də "vergili" olaram, sevib sevilərəm.
Təpədən gələn qəhvə qoxusu və yüksək mədəniyyət
Bütün o dastanlar və
filmlər kəndin qəlbi olsa da, bizim bir də
mədəni-intellektual oyanış
nöqtəmiz var idi.
Kəndin başında
bir ev dururdu
ki, hər zaman oradan ətrafa xoş qəhvə qoxusu yayılırdı. Həmin
evdə qəhvə əl dəyirmanı ilə üyüdülər,
cəzvədə qaydalara
uyğun dəmlənərdi.
Lakin maraqlısı budur
ki, bu evdə heç vaxt qəhvə içilmiş
fincanda bəxtə baxılmazdı. Çünki
həmin evdə yaşayanlar bilirdilər
ki, bu, cahillikdir. Biz təkcə kənd klubunda deyil, həm də bulaqlarımızla mənən
durulurduq. Bu kiçik
detal, bizim ənənəyə bağlı,
eyni zamanda bilik və zəkanı
dəyərləndirən bir
cəmiyyət olduğumuzu
göstərirdi. Bu mühitdə
dilin özü incəsənətə çevrilmişdi:
bizim kənddə sadə, nəqli cümlələrlə fikri
ifadə etmək sönüklük sayılırdı.
İnsanlar gündəlik
həyatda da sadə danışıqdan çox,
şeirə, bayatılara
üstünlük verirdilər.
Biri ilə dərdini bölüşmək üçün
bayatı demək sıradan bir iş idi.
Qəlbin əhdi: O yurda dönəcəyik
Qayıdış tamamlandı. Bu yaddaş silsiləsi mənim üçün sadəcə, bir xatirə yox, gələcəyə aparacağım
ən böyük mirasımdır. Bu kənddə mənə aşılanan o mənəviyyat,
o bədii dil, cahilə nifrət və qəribə qucaq açmaq qabiliyyəti - bütün
bunlar mənim əsl şinelimdir. Və mən bu şineli indi, bu gün
də əynimdə gəzdirirəm. Yaddaşın
daşları arasından
keçərkən anladım
ki, insan harada yaşamasından asılı olmayaraq, qəlbinin bəy kimi oğlanı qalmalıdır. Mən də o kəndin, o ruhların butası ilə vergili olmağa çalışıram
- sevib-sevilən və
heç vaxt unudulmayan. Bu, sadəcə xəyali dönüş deyil, həm də içimdəki qədim əhddir: o kənd, o dəyərlər məni
nə qədər əhatə edibsə, mən də ona o qədər borcluyam. Bu borc
isə bir gün mütləq ödənəcəkdir; qəlbimin
ən dərin qatında bilirəm ki, biz o yurda
dönəcəyik.
P.S. Əbədi torpaq: Köçkünlüyün
qərib meyiti
Çalın dağının sakitliyində,
yatan ruhların pıçıltıları arasında
dayanıram. Və birdən, o yerdən - həyatın səssizliyə
döndüyü yerdən,
qədim bir qəbrin üstü açılır. Qəbrin
sakinləri ilə gözlə görünməyən
bir dialoq başlayır. "Bizim qoynumuza gələnlərin
heç biri yad deyil", - deyir qəbrin səsi.
Qaçqın düşən zaman yolda dünyasını dəyişən, cəmi
24 gün yaşamış,
yurdundan ayrılmış
Turan adlı oğlan uşağının
qərib meyiti haqqında danışır.
Onu yad bir
ana öz torpağının bir hissəsinə qəbul etmiş, qoynuna almışdı. Qərib
meyitin qolları torpağına uzanmışdı,
sanki son nəfəsində belə,
bu torpağın hər zərrəsindən
tutunmağa çalışırdı.
Bəli, bu qısa 24 günün ağrısı, bu xəyali dönüşün
bütün ağırlığından
ağrılıdır.
"Ey yolçu!
Bil ki, bu
torpaq yadlığı
tanımır. Mənim
qoynumda yatan bu körpə qərib olsa da, mənə doğmadır. Amma sərhədlər təkcə
yerin üzündə
deyil. Bizdən də alt qatlarda
daha çox insanlar yatırlar. Onlar da bizə
doğmadılar, necə
ki mənim qoynumda yatan qərib meyit doğmadır. Axı hər birimiz eyni yerdən, eyni qandan gəlirik.
Bu yeraltı dünyada hamı qohumdur, hamı evdədir. Dövran burada bitir, ayrılıq
burada yox olur.
Bir də,
bil ki, Yaradan
bu qövmü bu yerlərdən ona görə ayırdı ki, onu hər cür
təhlükədən qorusun
və ruhunu gücləndirsin. Axı atanın iki oğlu öz aralarında bir metr torpağın qədrini bilirdilər və ata yurdunun
bir ovcunu belə, yadelliyə verməzdilər, Yaradanın
özü belə məsləhət gördü.
Qayıdış vaxtı yetişəndə,
bu torpaqlardan çıxan hər bir çoban, fəhlə, müəllim
və alim dünyanın bilik və təcrübəsinə
yiyələnmiş bir
nəsil olaraq dönəcək; qurban verilən o illər onların əlində bəhrələnmiş və
inkişaf etmiş bir gələcək kimi geri qayıdacaq.
Bu mənəvi
sərmayənin gücü
ilə onlar, bir zamanlar itirdikləri
hər daşa, hər ağaca öz ruhlarının və biliklərinin yeni nəfəsini bəxş edəcəklər".
Mən o səsi
dinləyirəm, geri dönərkən mühərrikin
səsini yavaşladıram.
Başdaşıları yenə
dinməzdir, amma indi mən bilirəm
ki, onların susqunluğu dərin bir həqiqəti gizlədir: köçkünlük
qəlbi yarsa da, bu yerin
əhdi sarsılmazdır;
o birlik, o qardaşlıq
bağları qəbir
daşlarını bir-birinə
bağlayan görünməz
damarlardır - sanki 24
günlük bir ömrə həsrətlə
verilən ad, əbədi yurdun hər qatına yazılmış ən böyük arzumdur.
Rizvan HACIYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, ¹51-52.- S.8-9.