Qırmızı qaranlıqda yaşıl işıq

 

Ofeliya Bayramlı-90

 

31 dekabr həm də ədəbiyyatşünas Ofeliya Bayramlının doğum günüdür. Ömrünü Əli bəy Hüseynzadə irsinin bərpasına həsr etmiş Ofeliya xanımın 90 yaşı tamam olur. Əlibəyşünaslıqda onun xidmətləri heç kəsin xidmətləri ilə qiyaslandırıla bilməz. O, Hüseynzadəni yenidən fikir həyatımıza qaytaran alimlərin birincilərindəndir. Ofeliya xanım Əli bəy Hüseynzadənin sadəcə tədqiqatçısı olmadı. Onun Əli bəyə olan sevgisi Mövlananın Şəmsi kimi möcüzə həddinəcən yüksəlmişdi. Yoxsa məfkurə eşqinin belə bir ilahi müstəviyə ucala bilməsi mümkün olmazdı. Ofeliya xanım "yalavac" dediklərinin, "rəsuli-həqq" adlandırdıqlarının bütün sirlərini yazdığı 2167 şərhlə bir-bir açıb millətinə xəbər verdi. Dünyasını dəyişəndən bir neçə gün sonra - iyulun 14-də "Ədəbiyyat qəzeti"ndə dərc olunan "Qırmızı qaranlıqda yaşıl işıq" məqaləmdə yazmışdım ki, Ofeliya xanım hadisəydi və 1994-cü ildən üzü bəri Ofeliya Bayramlı hadisəsi alışılmış olan elmi düşüncənin hüdudlarını aşırdı. "Siyasəti-fürusət", "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar", "Türklər kimdir və kimlərdən ibarətdir", "Qərbin iki dastanında türk" kitablarının və "Füyuzat" toplusunun nəşrini həm də Bayramlının səssiz-səmirsiz, kübar bir təmkinlə gerçəkləşdirdiyi böyük milli mücadiləsinin rəmzləri adlandıra bilərik. Hətta Ofeliya xanımın "Füyuzat" toplusuna yazdığı Ön söz, eyni zamanda hazırlayıb kitaba əlavə etdiyi li bəy Hüseynzadənin İttihada doğru tərəqqi proqramı" onu göstərir ki, o, milli-ideoloji baxımından da Əli bəyi dərindən bilənlərin arasında birinci sırada olan alimlərdən idi.

İndi Ofeliya xanım haqqında yazarkən, bir daha vaxtilə avtoqrafla mənə bağışladığı həmin kitabları vərəqləyirəm:

"Bütün varlığımla özümü minnətdar sandığım Azərə Turan sevgisilə Ofeliyadan. 12 fevral 2004".

li bəy Hüseynzadə ruhunu, Turanın böyüklüyünü, işığını özündə hifz edən Azər Turana Ofeliyadan".

"Turan irsinin sərrafı, böyük elin oğlu Azərə Ofeliyadan. 12 fevral 2004".

"Əli bəy Hüseynzadənin həqiqi varislərindən Azər Turana Ofeliyadan. 2 mart 2006".

90 ildən sonra Əli bəy Hüseynzadə yaradıcılığının Vətənə qayıdışını təmin edən Ofeliya Bayramlı barədə Yaşar Qarayevin dediyi bu fikirlərdə böyük bir həqiqət var idi: "Qədim əcdad türk şahə qalxan köhləninin belinə əyilib səmada uçanda yəhərdəki süvarinin kişi, yoxsa qadın olduğunu kəsdirmək imkansız olarmış. "Füyuzat"ı ilk dəfə olaraq köhnə dərgilərin tozlu səhifələri arasından tarixin açıq havasına - çağdaş dünyada düşüncə fikir yarışının cıdır düzünə çıxaran müasir türk qızının da igidliyini tamamilə təbii simvolik hesab edirəm".

 

***

 

Ofeliya xanımla son görüşlərimizi son söhbətimizi xatırlayıram. 2 mart 2006-cı il. Zəng vurub məni evlərinə dəvət etdi. Evləri Nəşriyyatın yaxınlığındaydı. Getdim. Türk düşüncəsinə Əli bəy Hüseynzadəyə böyük xidmətinin daha bir mərhələsini yekunlaşdırmış, "Füyuzat"ın toplusunu transliterasiya edib nəşr etmişdi. Həyat yoldaşı - rəhmətlik Səlim müəllim evdəydi. Çay süfrəsinin arxasında xeyli söhbət etdik. Ayrılarkən mənə yeni kitabı bağışladı. Sağollaşdıq. Çoxmərtəbəli binanın pillələrini az qala, birnəfəsə düşdüm. "Füyuzat"ı bağrıma basıb gedirdim... "Milli mədəniyyətimizin böyük abidəsi" adlı Ön sözündə Ofeliya xanım Əli bəy Hüseynzadə haqqında yazılmış dəyərli yazıların müəllifləri sırasında mənim adımı qeyd etmişdi.

Həmin gün gecə təkrar zəng vurdu. Kitab haqqında mütləq yazı yazmalı olduğumu, özü yazını bu həftə çıxacaq "Ədəbiyyat qəzeti"ndə dərc etdirməyimi israrla tapşırdı. "Mütləq yaz" dedi. "Yad et məni, qəmli-qəmli yad et, yaxud Əli bəyə, "Füyuzat"a, milli təməllərə qayıdışın kitabı" adlı yazım "Ədəbiyyat qəzeti"nin növbəti sayında - martın 10-da dərc olundu. Həmin gün Ofeliya xanım zəng vurub minnətdarlığını qəribə sözlərlə ifadə etdi: "Sən bu yazınla məni necə böyük bir sarsıntıdan qurtardığını təsəvvür edə bilməzsən" - dedi. Hansı böyük sarsıntını nəzərdə tuturdu, bunu da söylədi. Sonra təbəssüm çalarlı səsi ilə: "Topçubaşovun qızı zəng vurub deyir ki, mən elə bilirdim, Əli bəyin falçısı təkcə sənsən. Sən demə, onun başqa bir falçısı da varmış". Hansı Topçubaşovun qızı belə deyib, bilmədim. Amma məqaləmin onun üçün qədər əhəmiyyətli olduğunu dönə-dönə təkrar edirdi.

"Füyuzat" toplusu nəşr olunduğu, daha doğrusu, toplunun təqdimat mərasiminə hazırlaşdığımız günlərdə Hüseynzadənin bəxtindəndir, ya nədir, bilmirəm, onun Salyandakı heykəli ilə bağlı əcaib şayiələr yayılmağa başladı. Şayiələr, hətta bəzi qəzetlərdə tirajlandı. Guya Əli bəy Hüseynzadənin heykəli olduğu yerdən götürülür... TRT-nin Bakı təmsilçiliyindən Raşid Demirtaşın o aralar "Azerbaycandan portreler" layihəsində Əli bəy Hüseynzadə ilə bağlı veriliş hazırlamaq niyyətində olduğunu bilirdim. Ona zəng vurdum. "Bəlkə Salyana gedək, çəkilişləri ordan başlayasınız", - dedim. Razılaşdı. Amma əsl səbəbi demədim. üçün belə qəfil Salyana gedirik - bilmədi. Hər şeyi yerində görmək üçün martın 26-da Raşid Demirtaş Ağası Hunla birgə Ağasının sürdüyü maşınla Salyana getdik. Əli bəy bütün mənalarda yerindəydi. Heykəlin ətrafında çəkilişlər başladı. Heykəl İcra Hakimiyyətinin qarşısındaydı deyə, çəkiliş qrupu diqqəti cəlb etmişdi. Salyanın o zamankı icra başçısı əməkdaşlarından birini göndərib bizimlə görüşmək istədiyini bildirdi. Kabinetinə getdik. İzahat verdim ki, çəkiliş qrupu Türkiyə televiziyasından gəlib. "Eşidiblər ki, Salyanda Əli bəyin heykəli götürülüb. Xəbərin yalan olduğuna inandırmaq üçün özləri şahid olsun deyə, bir yerdə gəldik", - dedim. Ağası Hun, Raşid Demirtaş mən Kür üstündə yemək süfrəsinin arxasında yenicə əyləşmişdik ki, telefonum zəng çaldı. Ofeliya xanım idi. Səsi təlaşlıydı: "Düz deyirlər ki, Salyanda Əli bəyin heykəlini götürüblər?" "Ofeliya xanım, elə biz bunu eşidib TRT-dən olan dostlarımla Salyana gəlmişik. Deyilənlər, əlbəttə, yalandı..." Səfərimizin təfsilatını ona danışdım. Səsinin ahəngindən köksünə Kür havasını necə həvəslə çəkdiyini hiss etdim. "Görürsünüz, Azər Turan Səlyanda heykəlin yanındadı. Heykəl yerindədir", - deyə yəqin ki, çevrəsində kim vardısa, onlara bu barədə məmnun-məmnun xəbər verdi.

İki gün sonra, yəni martın 28-də Atatürk Mərkəzində "Füyuzat"ın təqdimatına toplaşdıq. Tədbirdə çıxış edən Xalq yazıçısı Anar dedi ki, "Ötən əsrin əvvəllərində dərc olunan jurnallarımız çox olub, amma millətimizin həyatında daha çox görən tarixdə qalan "Molla Nəsrəddin" Füyuzat"dır... Ofeliya Bayramlı "Füyuzat"a yenidən həyat verib, onu dirildib. Mədəniyyətimizin böyük bir səhifəsini bizə qaytarmaqla bir institutun deyil, bir neçə institutun gördüyü işi görüb". Anar müəllim haqlıydı. Ofeliya xanımın səbatlı, qeyrətli, yorulmaz elmi fəaliyyətinin hesabına Əli bəy Hüseynzadə təkcə Azərbaycana deyil, daha geniş miqyasda türk dünyasına qaytarılmışdı. Həmin tədbirdə Bəkir Nəbiyev, Nizami Cəfərov, Teymur Kərimli, Şamil Vəliyev, Vəli Osmanlı, Alxan Bayramoğlu, Arif Əmrahoğlu ilə yanaşı, mən çıxış edib çağdaş elmi fikirdə fraqmental Əli bəyi bütövləşdirən Ofeliya Bayramlıya minnətdarlığımı bildirdim. Sonda Ofeliya xanım danışdı. Əli bəy Hüseynzadə barədə o vaxta qədər ondan sonra da heç yerdə təsadüf etmədiyim bir fikir səsləndirdi: "Atatürk iştirak etdiyi məclislərdə Əli bəyi görən kimi ətrafındakılara: "Qalxın, imam gəlir!" - deyərmiş".

İki gün sonra, yəni martın 31-də "Ədəbiyyat qəzeti"ndə tədbir barədə hazırladığım xəbər dərc olundu. Yazdığım ilk son informasiya bu sözlərlə başlayırdı: "Əliyarbəyov küçəsində həmişə hər şeydən narazı bir tanışıma rast gəldim. "Füyuzat"ın nəşr olunduğunu, bu münasibətlə Atatürk Mərkəzində keçirilən təqdimat mərasiminə tələsdiyimi dedim. " "Füyuzat", təqdimat, Salyanda Əli bəyin heykəlini götürüblər, bu barədə söz deməyə cəsarət etmirsiniz, amma Əli bəy haqqında danışırsınız", - dedi. Tanışımla mübahisə etməyə ehtiyac duymadım. Çünki iki gün öncə Salyanda olmuşdum bir sıra qəzetlərin yazdığına rəğmən Əli bəyin heykəlini öz yerində görmüşdüm"... Qəzet çapa gedərkən yazının əvvəlindəki bu abzası çıxarmaq istədim. Amma şaiyələrə cavab olsun, deyə ixtisar etmədim.

 

***

 

Yaşar Qarayev yazırdı: "Bir neçə on il müddətində Əli bəy ədəbi məktəbinə XX əsr Azərbaycan "mürtəce romantizminə" (?)... bütünlükdə "Siyasəti-Füyuzat"a çirkab, lənət küfr yağdırmaqda bir-birilə yarışan rütbəli, titullu vətən oğullarının günahını bu münəvvər xanımın qeyrətli sərrast qələmi yuyub təmizləmişdir".

Ofeliya Bayramlı bu böyük mənəvi sərvəti - Hüseynzadənin irsini bütövlükdə millətimizə əvəzsiz olaraq, qarşılıq gözləmədən qaytardı. Azərbaycan ədəbiyyatşünaslıq elmində bu miqyasda bir ilkə imza atan ikinci bir alim yoxdur. Bütün kitablar da oğlu Etibar Yolçuyevin maliyyə dəstəyi ilə nəşr olundu.

1982-ci ildə "Əli bəy Hüseynzadə "Həyat" qəzetində ədəbiyyat məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi. Neçə-neçə elmlər doktorunun fəaliyyətinə istiqamət verən, elmdə yeni üfüqlər açan bu dəyərli alim dünyadan elmlər namizədi kimi getdi. Bu sətirləri yazıram rus ədəbiyyatşünaslığının korifeylərindən olsa da, elmlər doktoru ola bilməyən, yaxud olmaq istəməyən Mixail Baxtinin elmi taleyini xatırlayıram. Elə buna görə düşünmək olar ki, diplomlar şərtidir. Şəxsin rütbeyi-əqli əsərindən görünür. Ofeliya xanım institutların edə bilmədiyi bir işin altına imza atmışdı. Amma gördüyü işlər etiraf olunmayanda bir qadın incəliyi ilə az qala, hamıdan küsərdi. Bircə Hüseynzadədən küsməzdi. O, Hüseynzadəyə həyatını, gəncliyini, səhhətini fəda etdi. O, Hüseynzadənin yaradıcılığına, sadəcə, elmi fakt müstəvisindən yanaşmadı. Onların münasibəti ata-övlad münasibəti qədər məhrəm doğmaydı.

Azərbaycanın çağdaş fikir həyatında Ofeliya xanımın şəxsiyyətinin timsalında klassik bir elm adamının obrazı təcəlli etmişdi. O, Akademiya dəhlizlərində bəhrəsiz qocalan alimlərdən olmadı. Firavan düşüncələrin qoynunda yaşadı, yaratdı getdi...

 

***

 

Mənə "Ədəbiyyat qəzeti"ndə dərc olunmaq üçün "Əli bəy Hüseynzadə Şeyx Əhməd Salyani" başlıqlı bir məqalə vermişdi. Amma yazı dərc olunana qədər, yəni iyulun 14-də qəzetdə Ofeliya Bayramlının nekroloqu dərc olundu. Sonra avqustun 4-də "Ədəbiyyat qəzeti"ndə Ofeliya xanıma vida sözlərim - "Qırmızı qaranlıqda yaşıl işıq" məqaləm çap olundu. Ofeliya xanımın məndə qalan yazısını isə qəzetin 13 oktyabr 2006-cı il tarixli sayında dərc etdik.

2007-ci ildə Əli bəy Hüseynzadənin "Seçilmiş əsərləri"nin nəşrə hazırlanması mənə həvalə olundu. Ofeliya Bayramlının transliterasiya tərtibi ilə kitabı çapa hazırladım Əli bəy Hüseynzadənin "Seçilmiş əsərləri" Prezident İlham Əliyevin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamına əsasən nəşr olundu.

 

***

 

Ofeliya Bayramlı fədakarlığı, sədaqətinin aşırılığı ilə öz imzasını Hüseynzadənin böyük mənəvi ardıcıllarının imzaları ilə yanaşı qoymağı bacardı. Bu, hər kəsə nəsib olmur. Bu, elmdən uca mərhələnin, Akademiyadan Tanrı dağlarına - Oğuz xanın çadırına - öz cənnətimizə daxil ola bilməyin mistik bir nümunəsidir.

O, həm böyük alim, həm Azərbaycanda türk düşüncəsini təmsil edən böyük fikir adamı idi. Onun sakit, təvazökar halını düşünəndə Nihal Atsızın sözlərini xatırlayırdım: "Türk təvazökar olmağa borcludur. Çünki özünü gözə soxmaq, etdiyinin əvəzini gözləmək təqdir olunmaq üçündür. Halbuki təqdir gözləmək bir xudbinlikdir. Türkçü millətinə bir xidmət göstərərkən bunu bəyənilmək üçün deyil, vəzifə bildiyi üçün edir göstərdiyi ən böyük xidmətin belə adı-sanı bilinmədən ölüb, məzarsız yatan şəhidlərin hizməti yanında çox kiçik qalacağına inanır". Ofeliya xanımı tanıyanlar bilir ki, o da işlərini təqdir olunmaq üçün deyil, vəzifə bildiyi üçün görənlərdən biriydi...

Ömrünün sonlarında, dediyim kimi, Ofeliya Bayramlı "Füyuzat"ın bütün saylarını bir kitab halına gətirməyə imkan tapdı, dərginin bütün nüsxələrini transliterasiya edib millətə əmanət buraxa bildi Atatürk Mərkəzinin Azərbaycan Yazıçılar Birliyi Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu ilə birgə keçirdiyi yuxarıda xatırlatdığım həmin təqdimat mərasimində çıxış edənlər Ofeliya xanımın bu nəcib işinin elmi tarixi əzəmətini əhəmiyyətini etiraf etdilər. Ofeliya xanım həyatının ən son çağlarında qələm fikir dostlarından bu sözləri mütləq eşitməliydi...

Onsuz keçən bu 20 ildə haqqında ya az yazıldı, ya heç yazılmadı. Məncə, yazılmadı. Amma buna rəğmən, Ofeliya xanımın adını həmişə ön sıralarda çəkməliydik.

Dekabrın 31-də həm Ofeliya Bayramlının 90 yaşı tamam olur.

 

24 dekabr 2025

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2025.- 26 dekabr, №51-52.- S.6-7.