Cəfakeş teatr fədailəri
Hörmətli oxucular! Milli teatrımızın təşəkkülündə
və müxtəlif inkişaf mərhələlərində
yüzlərlə sənət
fədaisinin böyük
xidmətləri olub. Çox-çox təəssüflər
ki, teatr icmasının
gəncləri, eləcə
də səhnə sənətində çalışan
xeyli ortayaşlı səhnəsevər həmin
fədailərin böyük
əksəriyyətini tanımırlar.
Tanıyanların da çoxu
illər uzunu televiziyadan, radiodan adlarını eşitmədikləri,
haqlarında mətbuatda
oxumadıqları fədailəri
unudublar... Fikrimcə,
həmin səhnə fədailərimizi az qism tanıyanlara xatırlatmaq, tanımayanlara
tanıtmaq teatr tədqiqatçılarımızın müqəddəs mənəvi
və peşə borcudur. Mən öz yazılarımda əsasən yaradıcılıq
faktlarını təqdim
edəcəm.
I yazı
Həsən Əliyev
(08.03.1910-22.12.1970)
Rejissor,
teatr təşkilatçısı
və pedaqoq idi.
Şəki teatrının (1936-1938) repertuarının formalaşmasında,
aktyor truppasının
peşəkarlıq inkişafında
xüsusi xidmətləri
olub.
Yaradıcılığı, əsasən,
realist teatr prinsipləri
ilə xarakterizə olunur.
Həsən Əbdülkərim oğlu
Əliyev 8 mart 1910-cu ildə
Nuxada (indiki Şəkidə) doğulub.
Burada 7 illik məktəbi bitirib.
1925-1928-ci illərdə Mirzə
Fətəli Axundzadə
adına Bakı Teatr Məktəbində aktyorluq, 1928-1933-cü illərdə
Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Teatr İnstitutunda rejissorluq təhsili alıb. Qısa fasilələrlə 1933-1946-cı illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində, 1946 -1968-ci illərdə Azərbaycan
Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs
deyib. 1938-1942-ci illərdə
Azərbaycan Dövlət
Musiqili Komediya Teatrında bədii rəhbər, 1947-1951-ci illərdə
Gənc Tamaşaçılar
Teatrında baş rejissor işləyib. Ömrünün son iki ilində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında
dublyaj rejissoru kimi çalışıb.
1933-cü
ildə Nuxada (Şəkidə) dövlət
teatrı açılıb.
Bakıda Milli Dram Teatrında
işləyən və
burada bir neçə tamaşaya quruluş verən Əlihüseyn Rzayev
(1891-1936) yeni yaranan kollektivə
baş rejissor göndərilib. O, təxminən,
bir ilə yaxın işləyəndən
sonra ağır xəstələnib və
Bakıya qayıdıb.
Az sonra teatr bağlanıb. 1936-cı ildə
Nuxa (Şəki) Dövlət Dram Teatrının
fəaliyyəti bərpa
olunub və sənət ocağına
Mirzə Ələkbər
Sabirin adı verilib. Həsən Əliyev Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində rəhbərlik
etdiyi aktyor kursunun tələbələri
ilə birlikdə bura göndərilib. Cəfakeş pedaqoq teatrın direktoru və baş rejissoru kimi fəaliyyətə başlayıb.
Qeyd edim ki, Həsən Əliyevin sənət müəllimi
olduğu həmin tələbələr arasında
gələcəyin şöhrətli,
tanınmış aktyorları,
sonradan Gənc Tamaşaçılar Teatrında
çalışmış Yusif Vəliyev, Məmməd Xalıqov, Akademik Milli Dram Teatrının
truppasında (eləcə
də İrəvan teatrında) fəaliyyət
göstərmiş Kamil Qubuşov,
Böyükxanım Axundova
(Qubuşova), Gəncə
teatrında işləmiş
Sərxan Mustafayev, Rza
Sarabski (sonralar Azərbaycan Dövlət Teatr İnstitutunda pedaqoq kimi çalışıb),
Azərbaycan Dövlət
Filarmoniyasında konfransyelik
edən Xalidə Məmmədova-Hüseynova, Abbas Hüseynov olublar. Qısa fasilələrlə
üç dəfə
bu kollektivin baş rejissoru olub. O, vaxtilə "Nicat", "Səfa"
truppalarında, Milli Dram Teatrında
fədakarlıqla çalışmış
Cəlil Bağdadbəyovu,
İbrahim Azərini ötən
əsrin 20-ci illərində
Şəkidə teatr
sənətinin inkişafında
müstəsna xidmətləri
olan Baxşəli Axundovu, Məmmədkəbir
Hacıoğlunu, Bilqeyis
Ələsgərovanı, Yunis Qarabağlını və
daha bir neçə ümidverən
gənci də kollektivə cəlb etmişdi. Teatr Məktəbinin növbəti
buraxılışlarında vaxtilə dərs dediyi Rzabala Rzayevi, Sima Hidayətzadəni,
Hökümə İsamyılova-Qasımovanı
truppaya götürmüşdü.
Teatr öz pərdələrini
15 fevral 1937-ci ildə
Həsən Əliyevin
hazırladığı "Hacı Qəmbər"
(Nəcəf bəy Vəzirov) komediyası ilə açıb. Coşqun ehtirasla işləyən rejissor qısa fasilələrlə
üç dəfə
bu kollektivin baş rejissoru olub. Şəki Dövlət Dram Teatrında
Mirzə Fətəli
Axundzadənin "Hacı
Qara", Əbdürrəhim
bəy Haqverdiyevin
"Pəri cadu",
Cəfər Cabbarlının
"Sevil", "1905-ci ildə",
Mirzə İbrahimovun
"Həyat", Üzeyir
bəy Hacıbəylinin
"Arşın mal alan",
Maksim Qorkinin "Həyatin
dibində", Aleksandr Ostrovskinin
"Günahsız müqəssirlər"
əsərlərinə maraqlı
səhnə quruluşu
verib; qısa müddətdə kamil truppa formalaşdıra bilib.
1938-ci il
may ayının 30-da Bakıda
Musiqili Komediya Teatrı yaradılıb və Opera və Balet Teatrının rejissoru Soltan Dadaşovun quruluşunda Zülfüqar Hacıbəylinin
"Evliykən subay"
operettası göstərilib.
Bu, müəyyən mənada,
Musiqili Komediya Teatrına dövlət statusu verilməsinə hazırlıq prosesi idi. Həsən Əliyev Şəkidən
çağırılaraq bu
kollektivə bədii rəhbər təyin olunub və 1942-ci ilin sonlarına kimi sənət ocağına rəhbərlik
edib. O, qısa müddətdə truppanı,
orkestri, xor və balet truppalarını
formalaşdırıb. Dirijorlar
- Çingiz Hacıbəylini,
Şəmsəddin Fətullayevi,
Aleksandr Lixovitskini; rəssamlar
- Rüstəm Mustafayevi,
İsmayıl Axundovu,
Həsənağa Mustafayevi,
Fyodor Qusakı, xoreoqraf
Ələsgər Hənəfizadəni
teatra dəvət edib. Rəsmi və təntənəli açılış 1939-cu il yanvarın
7-də Həsən Əliyevin
hazırladığı "Məşədi İbad"
(Üzeyir bəy Hacıbəyli) tamaşası
ilə olub. Rejissor bu kollektivdə
bir-birinin ardınca
"Ər və arvad" (Üzeyir bəy Hacıbəyli. 8
mart 1939-cu il), "Lənkəran xanının vəziri"
(dramaturq Mirzə Fətəli Axundzadə və bəstəkar Niyazi), "Toy kimindir?"
(dramaturq Məhərrəm Əlizadə
və bəstəkar Ağası Məşədibəyov.
22 may 1940-cı il), "Qızılgül"
(dramaturq Məhərrəm
Əlizadə və bəstəkar Soltan Hacıbəyov. 9 yanvar
1941-ci il), "Məşədi İbad" (17 yanvar
1941-ci il), "Evliykən subay"
(Zülfüqar bəy
Hacıbəyli. 30 aprel
1941-ci il), "Arşın mal alan" (Üzeyir bəy Hacıbəyli. 19 fevral 1942-ci il) əsərlərini
tamaşaya hazırlayıb.
1947-1951-ci
illərdə Gənc
Tamaşaçılar Teatrında
baş rejissor işləyib. Bu sənət
ocağında "Ana" (Abdulla Şaiq. 6 may 1945), "Qaraca
çoban" (Əbdüləzəl
Dəmirçizadə. "Dədə Qorqud" dastanı əsasında.
27 aprel 1945-ci il), "Bahar
nəğməsi" (Əyyub
Abbasov. 10 oktyabr 1948-ci
il), öz tərcüməsində
və səhnələşdirməsində
"Polad necə bərkidi" (Nikolay Ostrovski.
1 may 1949-cu il), "Tom dayının koması" (Biçer Stou. 27 noyabr 1949-cu il),
"Dərsdən sonra"
(Mirzə Müştaq.
14 may 1950-ci il), "Sevinc" (Əyyub Abbasov. 16 fevral 1951-ci il) tamaşalarının
quruluşçu rejissoru
olub.
Bakı
Teatr Məktəbindəki
pedaqoji fəaliyyətinə
görə 17 iyun
1943-cü ildə Azərbaycan
Respublikasının Əməkdar
müəllimi fəxri
adı ilə təltif olunub.
Həsən Əliyevin oğlu
Eldar Əliyev
(14.1.1936 - 24.2.1984) Azərbaycan Dövlət Rus Dram Teatrında
rejissor işləyib.
"Dəli Kür"
(Rus Əhməd), "Mən
ki gözəl deyildim"
(Çingiz), "Sən
niyə susursan?" (Yol müfəttişi),
"Yenilməz batalyon"
(Əlimərdanın silahdaşı),
"Gümüş furqon"
(Ağadadaş), "Mezazoy
əhvalatı" (Arif)
filmlərinə çəkilib.
Nəvəsi Dinarə
Əliyeva Moskva Akademik
Böyük Teatrının
solistidir.
Fədakar rejissor, səriştəli
pedaqoq Həsən Əliyev 22 dekabr 1970-ci ildə Bakıda vəfat edib.
İlham
RƏHİMLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, №51-52.- S.5.