Zəfərdən öncə yazılan hekayələr
Əbədi yol
Səhər Şuşaya gedəcəm.
Samir "xaş"a çağırıb.
Xanımım iki gündür ki, deyinir:
"Xaş sənin harana yaraşır? Mədən xəstədir.
Hələ mən kontuziyandan danışmıram.
Özün bil! Bir də xəstəxanaya düşsən, geri dönməyəcəksən". Arvaddır da, işi-peşəsi
deyinməkdir. Qoy nə qədər danışır-danışsın. Danışıb yorulandan
sonra, pal-paltarımı
səliqə ilə yığışdırıb qoyacaq yol çantama.
Falçı Pəriyə
də dua yazdırıb tikəcək
göy pencəyimin astarına. Sonra da doqqazda oturub geri dönənə
qədər yolumu gözləyəcək.
Gör neçə ildir Şuşanı görmürəm.
Xaş bəhanədir,
istəyim ora getməkdir, dağların
təmiz havasını
ciyərlərimə çəkməkdir;
meşələrdə səsim
çıxdıqca bağırmaqdır.
Xaş dadlı alınsın deyə,
Samir ayaqları mütləq
Ağcabədi bazarından
alacaq. Aran heyvanı kəklikotu yeyir deyə, dadlı olur axı. Samirin işi Allaha qalıb, vallah. O qədər vasvasıdır ki... İşi
həngamədir. O biçarə
ayaqları Samir əvvəlcə
üç dəfə
isti su ilə
yuyacaq. Sonra torpaqla salavatlayacaq. Ondan sonra öz əlləriylə
ocağın üstündə
bir dəfə də ütüb atacaq qazana. Düz iki gecə
uşaqlar yatandan sonra o yazıq ayaqları qaynadacaq. Sonra qaynayan suyu süzgəcdən
süzüb yenidən
tökəcək qazana.
Bir sözlə, o ayaqları
ayaq olduğuna peşman edib sonra rahatlanacaq. Elə buna görə də Samirin xaşına xaş çatmır da. Onun xaşı adnandı. Mədəm ağrısa
da, o xaşın dadına
baxmalıyam. Üstündən
Teymur kişinin öz əliylə çəkdiyi tut arağından
əlli qram olsa da, içməliyəm.
Şuşalıların zarafatından
yoxdu. Mən belə zarafatı heç yerdə görməmişəm. Bir də
gördün, xaş qazanını oğurlayıb
apardılar, qaldın
ac. Orda adamı söyüş də tutmur. Orda adam
ağrı nədir, bilmir. Bakıda götürmədiyin söyüşü
orda götürürsən.
Heç vecinə də olmur. Oranın halı o qədər yumşaqdır
ki, adam hirslənmək
belə istəmir. Elə istəyirsən o gözəlliyin içində
əriyib itəsən,
bir kənarda oturub adamlara baxasan. Arvadın qulağından iraq, hər dəfə Şuşaya gedəndə
bir gözələ vuruluram. Allah haqqı, düz deyirəm. Elə belə ha, ağlıma pis fikir gətirmədən. Eləcə uşaq kimi bir gözəl
tapıb uzaqdan-uzağa
onu sevirəm. Seçib vurulduğum qadın da bunu hiss edir. Bicliyim yoxdu ha. O dəqiqə ürəyimdəki çıxır
üzümə. Sirrimi
bildirirəm. Sevgimi gizlədə bilmirəm. Çox keçmir, o qadın da başlayır oyuna. Duyuq düşüb
tərpəşir. Uzaqdan-uzağa
naz-qəmzəylə mənə
baxır. Onun da ürəyindən pis fikir keçmir ha. Elə belə, "gizildəmədən" başqa
heç nə. Nə bilim, başlayır yaylığının
ucunu dişləməyə,
saçlarını açıb
kürəyinə tökməyə,
lak tuflilərini təmizləməyə. Bütün
bu adi nazlanmalardan
hər dəfə bilirsən, nə qədər saflanıram?!
Şuşa başqa haldır. Oranın inəkləri də muğam üstədir. Gör bir neçə
il olar, ora getmirəm - hospitala düşəndən. İyirmi
il olar...
Səhər arvad arxamca su atanda: "Az ora-bura hərlən. İki saatdan bir dərmanlarını iç. Yenə huşun getməsin, - dedi. "Baş üstə", - deyib mühərriki işə
saldım. Bərdəyə
qədər maşını
birnəfəsə sürdüm.
Bərdə qaymağından
xoşum gəlir deyə, şəhər bazarının qarşısında
maşını əylədim.
Şüşələri qırıq,
toz-torpaqlı çayxanada
şirinçayla iki-üç
qaşıq qaymaq yedikdən sonra Şuşaya tərəf dəbərdim. Samir məni
şəhərin girəcəyində
qarşıladı. Öpüşüb
görüşdük. Gözləri
doldu. "Hamı yığışıb. Səhərdən
xaşla birlikdə səni də "yeyirik". Nə gec gəldin, ay kişi?! Dilimə bir damcı da olsun araq vurmadım
ki, səni evə ayıq ikən çatdırım!" Samiri
görəndən ağlayırdım.
Kövrəlmişdim, neynəyim?!
Gör neçə ildir görüşmürdük.
O, atası ilə bir həyətdə yaşayırdı. Təmiri
köhnə olsa da, evləri pis deyildi. Əslində bütün şəhər
Samirin qohumlarıydı.
Hansı evin qarşısında dayanırsan-dayan,
ya darvazasından içəri keç, səni canla-başla qarşılayacaqdılar. Gözlərimə
inanmadım, bütün
şəhər məni
qarşılamağa çıxmışdı.
Gör haçandı
onları görmürdüm.
Bir xeyli ayaqüstü
hal-əhval tutduqdan sonra içəri keçdik. Məclisin
"baş-ayaq" vaxtıydı.
Yaşıl çəmənliyin
üstündə boş
araq şüşələri
dəstə-dəstə "çiçəkləmişdi". Kabab iyi xanlığa qədər yayılmışdı.
Daş döşəmə
üstə üç
cərgə miz düzülmüşdü. Üçünün
də arxasında yaxşıca keflənmiş
dostlarım oturmuşdu.
Məni görən kimi ayağa qalxıb: "Xaş korlayan gəldi!" - qışqırdılar. Bir-bir
hamısı ilə öpüşüb görüşdüm.
Məni görməklərinə
elə ürəkdən
sevinirdilər ki... Hamısı
da gözəl, cavan və sap-sağlam idilər; gözləri bulaq kimi qaynayırdı.
Sinələri sevdalı,
biləkləri gələcəyə
gəriliydi. Bu qonaqlığı
bir-iki inəyin ayağı ilə yola vermək olmazdı. Yəqin Samir
"bütün aran"ın
inəklərini ayaqsız
qoymuşdu. Diri inəklərin ayaqlarını
da Əhəd doxtura kəsdirmişdi. Mizə yaxınlaşıb içi
araq dolu çappa stəkanı əlimə götürdüm.
Dostlarım ayağa qalxıb sözümə
tərəf boylandılar.
"Allah bu inək ayaqlarını bizə çox görməsin! Vallah, mən sizinlə birlikdə inəyin hər zadını yeyərəm!"
- dedim. Dostlarımın
şaqqanağı dağları
silkələdi. Doyunca
güləndən sonra
bir ağızdan
"Sən yeyərsən"
- deyib arağı başlarına çəkdilər.
Axşam
yarıyuxulu Bakıya
tərəf tərpəndim.
Bu, adını belə,
unutduğum sarsaq işim olmasaydı, vallah, heç geri dönməyəcəkdim.
Bərdəni keçəndə
xatırladım ki, Şuşada
olsam da, oranı əməlli-başlı görmədim,
başım xaşa qarışdı. Görəsən,
Şuşanın havası
necəydi? Dağları,
dərələri təravətini
saxlamışdımı? Xarı
bülbülü yenə
bitirdimi? Saf gülüşlü qadınları,
fidan baxışlı
qızları, çatmaqaş
oğlanları, iri gözlü nənələri
yenə salamlı-kalamlıydılarmı?
Geriyə dönməyə
vaxtım olmadığı
üçün gəzməyi
gələn səfərimə
saxladım. Samirin hələ o qədər xaş qonaqlığı
olacaqdı ki. Evə gec çatdım. Qadınım qapının
doqqazında durub məni gözləyirdi. Maşından düşən
kimi üstümə cumub boynuma sarıldı.
Pıçıltıyla: "Şükür ki, sağ-salamatsan!"
- dedi. "Mənə
nə olacaqdı
ki?" - soruşdum. Sözümü
ağzımda qoyub
"Sənə deməmişəm,
bu halda maşın sürmə! Gecəyə qalma!" - dedi. "Mən özümdəyəm lap. Şuşadan
qayıdıram" - qışqırdım.
Qadınım əl çəkmədi: "Şuşa
ermənilərdədir e, bilirsən
nə danışdığını?
de görüm, indi neçənci ildir?"
- soruşdu. Fikrə getdim. Qəfil qulaqlarım tutuldu. Əllərim gizildədi...
Görəsən neçənci
ildir? Ha fikirləşsəm
də, tapmadım. Zamanı çaşdırmışdım,
nədir? Görəsən
mən Şuşaya haçan xaş yeməyə getmişdim?
Samir indi orda deyil? Axı bu gün səhər
mən onun evindəydim. Maşınımın
mühərriki də
hələ heç soyumayıb...
Alməmməd kişi
Taxta kazarmanı əsgərlər
talada təzəcə
tikmişdilər. Alməmməd
kişi kürəyini
kazarmanın hələ
rəngi qurumamış
tirlərinə söykəyib,
papiros tüstülədə-tüstülədə
göy üzünə
baxırdı. Göy
üzü mis rənginə
çalırdı. Havadan
paslanmış dəmir
qoxusu gəlirdi. Qəfil yaxınlıqda mərmi partladı. Yaşıl otluğa uzanıb dincələn əsgərlər ayağa
qalxıb, bir-birini itələyə-itələyə meşəyə sarı qaçdılar. Yağışdan
daldalanan bağça
uşaqları kimi ağacların arasından
qorxa-qorxa partlayış
olan tərəfə boylanan, bığ yeri təzəcə tərləmiş əsgərlərə
baxa-baxa Alməmməd
kişi öz oğlunu xatırlamaq istədi. Amma nə illah elədisə, uşağının üzü
yadına düşmədi
ki, düşmədi. Oğlu
iki aydı cəbhədəydi. Bu iki
ayda kişi bircə gecə olsa belə, rahat yuxu yatmamışdı.
Qabaqlar uşaqlarını
düşünməyə vaxtı olmamışdı.
Səhərlər kənd
xoruzları oyanmamış,
mal-qoyunu qabağına
qatıb haylaya-haylaya dağa qalxmışdı,
axşamlar günbatanda
mal-qoyun onu haylaya-haylaya kəndin ayağındakı daxmasına
gətirmişdi. Uşaqları
çəpərin dibinə
basdırdığı "Urus ağacı" kimi, özü-özünə böyümüşdülər.
Oğlu cəbhəyə çağırılan gün də Alməmməd kişi dağdaydı. Xəbəri ona kənddən qaça-qaça gəlmiş dəllək Üzeyir vermişdi. Kişi quzuları Üzeyirə tapşırıb kəndə düşmüşdü. Yol gəliblər deyə, zabitlər üçün iki arıq qoyun kəsmişdi. Oğlunu zabitlərə tapşırıb yenə dağa qalxmışdı. Səhər həmin o iki zabit Alməmməd kişinin oğlunu iri yük maşınının yüklüyünə qaldırıb birbaşa cəbhəyə aparmışdılar. Alməmməd kişi oğlunu uzaqdan yola salmışdı. Dağ başından kənd cığırı ilə ağır-ağır gedən yük maşınının içində ürkək quzuya oxşayan oğluna baxa-baxa içində nəyinsə qırıldığını da elə həmin an hiss eləmişdi... Bu qırılan nəsə kişini iki ay rahat buraxmamışdı. Dünən səhər kənddən çıxıb, soraqlaşa-soraqlaşa oğlunun qulluq elədiyi kiçik alayın yerini tapmışdı. Alayda oğlundan kişiyə bir əməlli söz deməmişdilər. O bunun üzünə baxmışdı, bu onun üzünə, nəhayət, komandir meşənin dərinliyində qulluq edən kəşfiyyatçılara baş çəkməyə və kişiyə oğlundan bir xəbər gətirəcəyinə söz verib maşınına oturmuşdu.
İndi Alməmməd kişi oğlunun xəbərini gətirəcək alay komandirini gözləyirdi. Düşmənin atdığı güllələr səngimişdi. Əsgərlər meşədən çıxıb iki-bir, üç-bir kazarmaya tərəf gəlirdilər. Aşpaz bir qıraqda təzəcə kəsilmiş quzunu soyurdu. Alməmməd kişi ayağa qalxıb aşpaza yaxınlaşdı: - Elə yox, ay bala! - dedi, - "Ver, mən soyum!" Alməmməd kişi quzunu soya-soya oğlunu düşündü. Oğlu ilə əvvəllər əməlli-başlı oturub kəlmə belə kəsməmişdi. Oğlu arıq, çəlimsiz, sözü gec anlayan, astagəl, saatlarla susan uşaq idi. Səkkizinci sinifdə oxuyanda məktəbdən qovulmuşdu. Əvvəl istəmişdi oğlunu özü ilə dağa aparsın, sonra fikrindən vaz keçmişdi: "Qoy kənddə qalıb bir işin qulpundan yapışsın" - fikirləşmişdi. Oğlu cəbhəyə gedənə qədər heç bir işin qulpundan yapışmadı. Onun bütün ömrü boyu ən böyük işi elə o yük maşınının yüklüyünə qalxıb Alməmməd kişi üçün "ağır yük" kimi cəbhəyə getməsi oldu...
Alməmməd kişi quzunun dərisini yaşıl otluğun üstünə atıb, əllərini yumaq üçün çənə tərəf getdi. Kranın puçunu buranda maşın səsi eşidildi. Kişi bu səsdən diksinən kimi oldu. Alay komandirinin maşını kazarma qarşısında dayananda, aşpaz əyilib quzu dərisini otluqdan qaldırdı. Dəridən yaşıl otluğun üstünə damcı-damcı qan damırdı... Komandir maşından düşüb məyus-məyus Alməmməd kişiyə tərəf boylandı. Alməmməd kişi əllərini kəsən suyun soyuqluğunu ancaq indi hiss edib, kürəyi komandirə: - Nəsə olub?- soruşdu. Komandir quru, əsgəri səslə: - Oğlun daha yoxdur, kişi, möhkəm ol! - dedi. Alməmməd kişi əllərini bir xeyli yuduqdan sonra aşpazın verdiyi məhraba ilə quruladı. Ağır-ağır çevrilib, komandirə yaxınlaşdı: - Otur, əminiz sizə yaxşı çoban bozartması bişirsin! - pıçıldadı. Komandir qarşısında dayanmış, ağrısını gizlətməyə çalışan, tanımadığı bu mərd adamın qabağında kiçildiyini hiss edib, aşpazın üstünə qışqırdı: - Rədd ol burdan! Sonra kişinin qarşısında niyə kiçildiyini, aşpazın üstünə niyə qışqırdığını özü də anlamayıb, maşınına sarı yüyürdü...
Səhər komandir minaya düşmüş əsgərinin qəlpələr diddiyi kəmərini Alməmməd kişiyə uzadıb: - Üstündə adı yazılıb, əmin ola bilərsən, oğlunun toqqasıdır", - dedi. İki ay içində gəzdirdiyi qorxuyla kişi əlini kəmərə tərəf uzatdı. Barmaqları kəmərə toxunanda, hiss elədi ki, artıq qorxunun o tərəfinə keçib. Bir az toxtadı...
Alməmməd kişini kənd yolunun ağzında arvadı ilə kiçik oğlu qarşıladı. Ərini uşağının arxasınca yola salanda, arvad onun tək qayıdacağına inanmırdı. İndi ərini belə görüb duruxdu: - Uşaq hanı bəs? - soruşdu. Alməmməd kişi arvadına nə deyəcəyini hələ düşünməmişdi. Hələ özü olanı anlamırdı. Oğlunun ölümünə inanmırdı. Arvad ərinin susqunluğundan bir şey kəsdirməyib qorxa-qorxa: - Südlü aş bişirmişəm, bə uşaq necə oldu? - pıçıldadı. Arvadın səsi elə bil hər şeyi başa düşmüşdü. Ürəyi isə başa düşüləni yaxına buraxmaq istəmirdi. Alməmməd kişi düşünmədən əlindəki bağlamanı açıb, oğlunun kəmərini çıxartdı. Arvadı qəlpələrin diddiyi kəməri görüb ağlamsındı: - Bu nədi? - soruşdu. Alməmməd kişi elə bil yuxudan ayıldı. Əlindəki kəməri xatırlayıb, kiçik oğlunu hayladı: - Bəri gəl ə, qardaşın sənə kəmər yollayıb, bağla belinə! Kiçik oğlu kəməri dədəsindən alıb sevinə-sevinə belinə bağladı. Kişinin belə arxayın danışdığına arvadı bir az toxtadı: - Vallah, adamlığın yoxdu e sənin, ürək-göbəyim düşdü, dedim, görəsən nə olub? Şükür Allaha, deyəsən salamatlıqdı", - dedi. Alməmməd kişinin kiçik oğlu belində kəmər kənd yolu ilə əsgər addımlarıyla gedirdi. Arxada Alməmməd kişiylə arvadı kirimişcə gəlirdilər.
Alməmməd kişi sübh tezdən, heç kəsə bir söz demədən dağa qalxdı. Bir ay dağdan kəndə enmədi. Bir ayın tamamında dəllək Üzeyir dağa qalxıb, kişini bir qumral quzu ilə danışan gördü. Üzeyir nə qədər çalışdısa, Alməmməd kişini kəndə düşürdə bilmədi. Ancaq lap sonda, Üzeyir kəndə dönən zaman Alməmməd kişi ondan: - Uşaqdan məktub gəlməyib? - soruşdu. Dəllək Üzeyir: - yox, gəlməyib, amma sən ayağını bir kəndə qoy, ev təkdir, - dedi.
Orxan
FİKRƏTOĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, ¹51-52.- S.4.