Nikolae Spetarunun
"monotamaşaları"
Nikolae
Spetaru (1961; rum.: Nicolae Spetaru) - çağdaş rumın ədəbiyyatının
tanınmış nümayəndəsi, görkəmli moldav
nasir, şair, tərcüməçi və publisist. 13 yanvar
1961-ci ildə Çernovtsı vilayətinin (Ukrayna) Herta bölgəsinin
Horbova kəndində anadan olub. Rumıniya və Moldova
Yazıçılar Birliyinin, Pen Klubun üzvüdür.
"Quadrat" ədəbiyyat dərgisinin təsisçisi və
baş redaktoru, eyniadlı nəsr festivalının
direktorudur. "Tanrıların dönüşü"
(1992), "İon və başqa inqilablar" (1996),
"Kürsülərin yeniləri tovladığı gecə"
(1998), "Rilkeni oxuyan kədər"(2000), "Rəqəmlərin
tamaşası" (2005), "Gözlənilməzlik dolu
gün" (2006 ), "Rəngli reportajlar" (2008),
"Divarı oxuyarkən" (2012), "Kiçik və
yuxusuz Avropa" (2013), "Klonların üsyanı"
(2013), "Kiçik mələk ətəkdə" (2015),
"Bir pəncərəli ağılsız" (2017),
"Saatların qovduğu adam" (2019), "Brejnevin
maskaları" (2020), "Bir velosipedin qürubu" (2020)
kimi şeir və nəsr kitabları çap edilib. Əsərləri
ingilis, fransız, holland, çex, macar, alman, ispan, tatar, Ukrayna
və rus dillərinə çevrilib. Barəsində
dünyanın nüfuzlu dərgilərində rəylər
yazılıb. Nikolae Spetarunun əsərləri Azərbaycan
dilində "Ədəbiyyat qəzeti", "Ulduz"
jurnalı və "Dünya ədəbiyyatı" dərgisində
dəfələrlə nəşr edilib, "Qiyamət təxirə
salınır" şeirlər kitabı
("Mücrü" nəşriyyatı, 2021) və
"Brejnevin maskaları" romanı ("Zərdabi" nəşriyyatı,
2025) işıq üzü görüb. O, 2020-ci ildə
pandemiyanın ilk dövründə Bakıda keçirilən
"Evdə qal!" onlayn poetik festivala, eləcə də
2022-ci ildə "Şuşaya salam" beynəlxalq virtual
poeziya marafonuna da qatılıb. Spetaru, həmçinin
"Nizami" mükafatı (Moldova Azərbaycanlıları
Konqresi, 2019), "Nurəngiz Gün" Beynəlxalq Poeziya
Mükafatı (2020) ilə təltif edilib, Azərbaycan
Yazıçılar Birliyinin fəxri üzvüdür.
"Brejnevin maskaları" romanı Avropa İttifaqı
Roman Müsabiqəsinin (2021) qısa siyahısına
düşüb, Rumıniyada, Macarıstan və Rusiyada,
Fransada nəşr olunub, Fransanın Şamberi-İlk roman
müsabiqəsinin (2025) baş mükafatına təqdim
edilib. Səlim Babullaoğlunun "Rumın
yazıları" kitabından növbəti yazını -
Nikolae Spetaru barədə məqaləsini təqdim edirik.
Səlim BABULLAOĞLU
Nikolae
Spetarunu şair kimi, şeirləri ilə tanımışam.
Şəxsi ünsiyyətimiz bir xeyli yazışmalardan sonra
baş tutub. Sonralar Kişineuda, Bakıda, Yaşda,
İstanbulda xeyli söhbətlər eləmişik. Məktublarımızdan,
yəqin 150-160 səhifəlik bir kitab "düzəltmək"
olar. Telefon-whatsap danışıqlarımızı da
üstünə gəlsən, daha bir cild mümkündür.
Şeirlərinə
oxşayan az-az şair görmüşəm. Nikolae
azlardandır.
İlk
görüşümüzdən, ta bu günə qədər
davranışında, görkəmində ustalıqla gizlətdiyi
(yaxud ustalıqla gizlənən) kədər hiss eləmişəm.
Anlamışam: bütün həyatını ədəbiyyata,
yazı-pozuya, sonradan isə öz ölkəsində ədəbi
işin təşkilinə yönəltmiş (bu isə həm
Moldova ədəbiyyatının dünya xalqlarının dillərinə
çevrilməsi işi, həm təsisçisi və
baş redaktoru olduğu "Quadrat" jurnalında yeni Moldova
və dünya ədəbiyyatı nümunələrinin təqdimatı,
nəşri kimi yorucu, ardıcıl proses deməkdir) bu
adamın kədəri bir az "akmeistik xiffətdirsə",
bir az da "cari fanilik duyğusu"dur. Məsələ budur
ki, hər nə qədər sezsəm də, Nikolae bu kədəri
hər daim büruzə verməməyə
çalışıb, bəlkə də anlayıb: kədər
- müqəddəs bir şeydir və onu adi, gündəlik və
mütəmadi lüğətimizin ümidinə buraxmaq olmaz.
Müxtəlif
vaxtlarda, xüsusən, telefonla danışanda, ilk sual kimi
"Nikolae, necəsən, kefin-əhvalın necədir?"
deyə soruşanda, həmişə "Hamıdan
yaxşı..." deyib, bəzən də əlavə edib
ki, bəs, sən bilmirsən, bizim, rumınların,
moldavanların kefi həmişə hamıdan yaxşı olub...
Azərbaycan
oxucusu çağdaş Moldova, rumın ədəbiyyatının
görkəmli nümayəndəsi, şair,
yazıçı, tərcüməçi Nikolae Spetarunu ilk
olaraq şair kimi tanıyıb: əvvəl "Ədəbiyyat
qəzeti", "Ulduz" jurnalı və "Dünya ədəbiyyatı"
dərgisi Moldova ədəbiyyatı xüsusi sayındakı
publikasiyalarla, 2021-ci ildə "Mücrü" nəşriyyatında
nəşr olunan "Qiyamət təxirə
salınır" seçmə şeirlər toplusuyla, 2025-ci
ildə isə "Zərdabi" nəşriyyatında
işıq üzü görən "Brejnevin
maskaları" romanıyla.
"Rumın
yazıları" kitabına yalnız özümün tərcümə
etdiyim (yaxud tərcüməçilərindən biri
olduğum) kitablar, müəlliflər barədə
yazdığım məqalələr toplansa da Nikolae
üçün istisna etmək fikrindəyəm; sondan
başlayıb, Nikolaenin, həmkarımız istedadlı nasir,
şair, tərcüməçi Həmid Piriyevin
çevirdiyi (mənim isə yalnız redaktoru və naşiri
olduğum) "Brejnevin maskaları" romanı barədə
də danışmaq fikrindəyəm.
Roman,
mütaliəyə başlayar-başlamaz, dərhal oxucunu
qrotesk-absurd atmosferə, həm də hadisələrin
içinə (bu keyfiyyətilə Luici Pirandellonu
xatırladır) dəvət edir, lap düzü, salır;
İroniya və uydurma, banallıq və mistika sıx şəkildə
bir-birinə sarılıb. Burda kənar, mistik qüvvələrin
varlığına inam, xalq inancları qəribə gerçəklik
yaradır: oxucu üçün çox cəlbedici, bir az da
fantastik; bir az da Bulqakov vurğuları sezilir. Post-Brejnev
dövründən danışılır, amma yaxşı
anlayırsan ki, müəllifin ustalıqla
danışdığı, nəql etdiyi "hadisə"
bütün dövrlər üçün aktualdır.
Yaşadığımız çağdaş zaman kəsiyindəki
istənilən siyasi sistem üçün; ən inkişaf
etmiş (etmişmi?) dövlətlərdən, cəmiyyətlərdən
tutmuş, ən geridə qalmış topluluqlara qədər.
Şəxsən
mən xeyli mütəəssir oldum. Bu hüznü doğuran
bir tərəfdən, nələrisə
anlamağımdırsa, başqa tərəfdən, müəllifin
ironiyasının arxasından yelçəkəndən
üflənən soyuq hava şırnağı kimi iliyimə
işləyən kədərdi.
Fikrimcə,
bu kədər və hüzn Nikolaenin insan kimi xasiyyətidir.
Bəlkə
də Nikolae bizə demək istəyir (di) ki, maska təkcə
Brejnevin (Brejnev epoxasının) deyil ki,
hamımızındır.
Nikolaenin
cümlələri lakonikdir, doludur, o sanki fikirləri demir,
yazmır, mis təbəqə üzərinə misgər kimi
döyəcləyərək həkk edir. Ekspressivdir,
dinamikdir, yüksək üslubla bilərəkdən
vulqarlaşdırılmış dilin sərhədindəki
bir dildir.
Riyakarlıq,
bürokratiya (olsun ki, daha çox kommunist aparatının
bürokratiyası (hərçənd nə fərqi var!),
idarəetmənin rəsmi ritorikası... insan
axmaqlığının fərqli səviyyələri...
qadın-kişi münasibətlərinin
girintili-çıxıntılı, banal
eniş-yoxuşları...
Nikolaenin
uydurduğu (bəlkə də uydurmadığı),
romandakı hadisələrin cərəyan etdiyi kəndi (Snixeu),
fikrimcə, miniatürdə elə bizim bu
dünyamızdır.
Romana
Ön söz yazmış filologiya üzrə fəlsəfə
doktoru Ülvi Babasoyun bu fikirlərini bölüşməmək
olmur: " Dünya ədəbiyyatı mütəxəssisi
kimi deyə bilərəm ki, hələ bu qədər dinamik
tezliyi olan roman oxumamışdım.
Yaşadığımız zəmanə də dinamikdir. Hətta
işlərimizi günlərə və aylara
sığışdıra bilmirik. "Brejnevin
maskaları"nda kadrlar o qədər tez-tez dəyişir ki,
oxucunun sıxılma ehtimalı belə yaranmır. (...)
"Brejnevin maskaları" romanı "Çala" hekayəsi
ilə eyni estetik ərazini bölüşür.
"Çala"dan (A.Platonov) daha qatı və qara yumorla dərinliklərə
varır Spetarunun oxucuları.(...)
Romanda
maskalar metaforu dünya ədəbiyyatında bir çox mətnlə
əlaqə yaradır. Corc Oruelin "Heyvanıstan" əsərinin
finalında donuzların sifəti insan simasına çevrilir.
Donuzlar çevrilməyə ən çox qorxduqları
varlığa - insana transformasiya olunurlar. Brejnevin maskaları
da sovet rejiminə alternativ bir hökumət
yaratdıqlarını düşünürlər. Lakin
öz ideallarının əksinə hərəkət edirlər.
Spetarunun yumor mühərriki məhz bu zaman işləməyə
başlayır. "Brejnevin maskaları" həm məzmunca,
həm də formaca "kokteyl romandır". (...) Romanı
şair, tərcüməçi Həmid Piriyev Azərbaycan
dilində səsləndirə bilib. Məsələn:
"İstənilən təsdiq şüurun bəhəridir,
ya da altşüurun: axı, o da haçansa, lap çoxdan
şüur olub". "Şüurun bəhəri" ifadəsi
olduqca uğurlu və bərəkətlidir. Və ya:
"Ümumiyyətlə, Sinixeu kəndində xüsusi nəsə
var. Sözlə ifadə oluna bilməyəcək nəsə.
Onu Mioritsin balladasının birinci misrasına calaq etməyə
çalışsan: "Bir balaca guşədə, cənnətin
bir bucağında...", onda hər şeyi korlayacaqsan. Ya da
az qala hər şeyi". Burada təkcə "calaq"
sözü kontekstində semiotik təhlillər və mənalandırmalar
aparmaq mümkündür. Deməli, "Brejnevin
maskaları" hazırlıqlı oxucuya sonsuz sayda mütaliə
versiyaları bəxş edir və edəcək..."
Fikrimcə,
Azərbaycan ədəbi tənqidi "Avropa roman
yarışması"nın qısa siyahısına
düşmüş bu gözəl əsər barədə
yazılı fikrini ifadə eləməkdə bir az tənbəldir,
hərçənd akademik Nizami Cəfərov da, istedadlı
şair, esseist Fərid Hüseyn də roman haqqında olduqca
maraqlı fikirlərini şəxsi söhbətlərdə dəfələrlə
ifadə eləyiblər.
Azərbaycan
ədəbiyyatının dostu və yorulmaz təbliğçisi
olan Nikolae Spetaru, ilk növbədə, olduqca maraqlı,
istedadlı, özünəməxsus, ciddi şairdir.
Əxlaqca modernist, bədii fəndgirliyinə görə
postmodernistdir.
İxtisarla
başlığından kitabın adını
götürdüyümüz "Qiyamət yenə təxirə
salınır" şeirini təkrar oxuyuram, həm də ona
görə ki, fikrimcə, bütün həqiqi mətnlər,
ya sona hesablanıb, ya son aqibət haqqındadır həm də.
Ekzistensial
ironiyası var şeirin: qiyamət sanki ciddiyyətini itirib,
sıradan bir görüş kimi təxirə salınıb -
bunu elə şeirin adı pıçıldayır oxucuya. Bəlkə
biz gündəlik cılız işlərimizin girdabında əsas
günü və aqibətimizi unutmuşuq?!
"Bir
fincan kofedən o birinə, / bir az idman və meditasiya. //
Siqaret tüstüsü / barın bir küncündən o
birinə yayılır, // sanki sensasiya." Bu hərəkətlər
müasir, urbanizasiyaya uğramış insanın
özünü sakitləşdirmə, həyatı nizamda
saxlama cəhdləridir. Onlar adi bir ritualdır və Qiyamət
kimi böyük bir hadisənin yoxluğunda (yaxud heç
olmayacaqmış kimi unutduğumuzda) ən adi işlərlə
həyata məna, məzmun verməyə
çalışırıq. Sonra da "motivasiya"
kitabları yazır və yəqin motivasiya ədəbiyyatının
banisi "dostları qazanmaq və qazandırmaq ustası"
Karnegi kimi ömrümüzü yalqızlıqla bitiririk.
Kitabı
açan "Yol üstəyəm" şeiri ilk əvvəl
ritminə görə maraqlıdır, fikrimcə, nəfəs
dərmədən oxunmalıdır, dua və ayin kimi. Təkrarlar,
fani, keçici, gündəlik anlar, işlər, sadalamalar,
yuxu və gerçəklik arasındakı "əraf",
sirli ovqat.
Bir tərəfdən,
fiziki yol, başqa tərəfdən, dəyişkən həyatın
rəmzi olan "yol" kateqoriyası. Daşlar, durğunluq,
yol. Statika və hərəkət. Statikada hərəkət,
hərəkətdə statika. Tələsiklik, ötərilik,
ədəbilik, qalıcılıq. Qəribə
iç-içəlik.
Görkəmli
rumın şairi və nasiri Daniel Korbu Nikolae barədə
yazır: "Neoekspressionist şair düşkünləşmə
səhnələri, dünya gündəmində tez-tez təxirə
salınan, gülüş və təhqir hədəfinə
çevrilən apokalipsis, dekadansla dərindən
maraqlanır. O hər gün öz banallığında daha
da dərinə batan gündəlik həyatdan dəhşətə
gəlir, yuxular görür..."
Çox
doğrudur.
Rezvan
Vonku isə: "Spetaru həyat qarşısında faciəvi
qorxu ilə tarazlığını qoruyan stixiya arasında,
ironiya ilə melanxoliya arasında daimi gərginliyi saxlayır,
bu nöqtədən qidalanaraq oxucuların hisslərini də
gücləndirir" - deyir.
Vonkunun
yazdığı bu fikirlər Nikolaenin həm poeziyası, həm
də nəsri barədə indiyədək söylədiklərimin
ən yaxşı rezümesidir.
"Necə
zəng etməli?" çağdaş dövrün
sıxıntısını, çağdaş insanın
ümidsizliyini və dəyişiklik sarıdan gizli həsrətini
özünəməxsus şəkildə ifadə edir.
Şeir adıyla, sual qoymaqla başlayır. Amma dərhal sanki
başqa bir mətləb faş olur: "Yağış
haqqında bütün şeirlərdə/ olduğu kimi
yağış yağır/ və neçə gündür
darıxmağın/ bir özgə açmasını tapmaq
istəyirsən, / təəccüblənirsən ki, saitlər
samitlərlə/ mübahisə etmirlər / (hətta sözlərdə
belə nifrət və düşmənçilik yoxdu
indi)".
Zahiri təbiət
hadisəsi - yağış (Allah bilir, bir insan ömründə
neçənci dəfə) , daxili təbiət hadisəsi
(hadisəsizliyi) - sıxıntı (o da saysız-sonsuz),
bütün bunların vərəqdə neçənci dəfə
inikasına cəhd ki, burda da yenə yeknəsəklik; hətta
o qədər ki, saitlərlə samitlər mübahisə
etmirlər (guya etməliydilər!). Axı nəsə dəyişməlidir.
Sıxılan adam (kimsə; x; y; z) çıxış yolunu
telefonun dəstəyini qaldırıb və məchul bir
operatordan "inqilaba necə zəng etmək olar?"
sualını verməkdə görür.
Gücsüzlük,
əlacsızlıq, monotonluq...absurd qərar...
İnqilaba,
dəyişikliyə necə nail olmalı?
Yadıma
böyük yunan şairi Ritsosun poemasından
("Xristotemida"dan) bir parça düşür:
"Ətrafda
nə baş verdiyini,
kimin hücum çəkdiyini,
kimin geriyə
çəkildiyini
anlamaq olmurdu.
Kimisi
qaçırdı, kimisi gizlənirdi,
kimisi dizi üstdə məktub
yazırdı;
kimisi
intihara tələsirdi;
kimini
sübh vaxtı yalın fabrik
divarları yanında edam
edirdilər,
kimisi
gödəkçəsinin düymələrini
bağlamağa imkan
tapmır,
gecikməkdən
qorxur -
edama kömək
üçün tələsirdi..."
Bu dəhşətli passaj
inqilab/üsyan vaxtının bir səhnəsidir.
Sıxıntıdan,
ətalətdən inqilaba düşmüş, dünyanı
dəyişəcəyinə elə indi nail olmaq istəyən
vəhşiləşmiş insanın təsviri.
Nikolae
Spetaru isə dünyanın dəyişməsi arzusu ilə
yanıb-yaxılan adamın özünü dəyişməli
olduğunu xəfifcə nişan verir. Əlbəttə,
hüznün sarmaşıq kimi dolandığı
ironiyası ilə. Burda Nikolae üslubuna, ampluasına yenə
sadiqdir.
Spetarunun
bütün şeirləri ciddi, vacib suallar qoyur,
düşündürür. 42 şeirin hər biri haqqında
ayrıca danışılmağa layiqdir. Əslində 5 il əvvəl
kitab çap olunanda, filologiya elmləri doktoru,
tanınmış ədəbiyyatşünas-alim Elnarə
Akimova kitaba yazdığı geniş Ön sözdə
şairin bir çox şeirləri haqda
"danışmışdı da", indi o yazının
bir fraqmentini xatırlayıram: "Spetaru keçmişlə
olduqca sərbəst davranır, bu sərbəst gedişdə
tarixi-mədəni hadisələr yenidən şərhini
tapır, arxetiplər deformasiyaya uğrayır, qədim abidələrin
mətnləri təkrar yazılır. Ümumiyyətlə,
arxetip zənginliyi ilə seçilən bu şeirlərdə
ilkin strukturlara qədər göndərmələrlə
rastlaşırıq. Müəllif buna tarixi təfəkkürlə
oynayaraq nail olur. Şeirlərin çoxqatlı, iyerarxik
olması da burdan irəli gəlir, onların bir-birinə
keçidi həmin bu arxetiplərlə reallaşır.
Spetarunun
şeirlərində keçmiş, bu gün və gələcək
arasında gəzişmələr insanın zamanla daim
kontaktda olmasını müəyyənləşdirən
neyrofizioloji bazanın sayəsində mümkünləşir.
Bu mətnlərin metaforik çoxqatlılığında hər
hansı deyim artıq bu üçlü zaman amilinin çərçivələnmiş
nəql strukturunda təqdim olunur..."
İoan
Holban "Nikolae Spetaru öz poeziya "teatrı"nı
yaradan müasir rumındilli ədəbiyyatın görkəmli
nümayəndələrindən biridir" yazır. Məhz
"poeziya teatrı" ifadəsi çox sərrastdır,
çünki Spetarunun şeirləri teatraldır, bir çox
hallarda "monotamaşalar"dır.
Rumın
şairəsi, Spetarunun müasiri Mariya Pilkinin Nikolae Spetaru barədə
bir fikri ilə 5 il sonra yazdığım bu yazıya nöqtə
qoymaq istəyirəm: "Ədəbiyyat üçün ilk
tələb olunan şey istedaddır və Nikolay da çox
istedadlı şair və nasirdir. Onun imzası ilə işıq
üzü görən hər bir şeir və nəsr
kitabı saysız-sonsuz mətnlərdən fərqli olaraq
rumın ədəbiyyatında olduqca dəyərli yerə
sahibdir..."
Və təkcə
rumın ədəbiyyatında yox.
22
noyabr 2025-ci il
Səlim
BABULLAOĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, ¹51-52.- S.16-17.