Əsas mənəviyyatdır...
Yeni ilə
gülə-gülə...
Hekayələr)
Ömrüm boyu kasıb yaşadım. Özümü ha ora-bura çırpdımsa, xeyri olmadı. Yanımda puldan-paradan söhbət düşəndə, elə hey dedilər:
- Əşi, pul-para, var-dövlət boş şeydir, əsas mənəviyyatdır. Vallah-billah, mənəvi zənginlik hər şeydən üstündür.
Doğrusu, belə sözləri uşaqlıqda çox eşitdiyimdən bir müddət deyilənlərlə razılaşırdım. Amma illər keçdikcə görürdüm ki, "zəngin mənəviyyatla" dolanmaq olmur. Yəni "zəngin mənəviyyatla" bazarlıq eləmək olmur, uşaqlara paltar almaq mümkün deyil, ad gününə əliboş getməli olursan, oğlunu, qızını oxuda bilmirsən, onların toyunu görəmmirsən və sair və ilaxır. Bir sözlə, yavaş-yavaş başa düşürdüm ki, "zəngin mənəviyyat" yaxşı şeydir, amma gərək bir az da pulun-paran olsun.
Məni yandıran o idi ki, "zəngin mənəviyyat" yolunu tutmağı məsləhət görənlərin hamısının vəzifəsi, ev-eşiyi, maşını, bağı, nəhayət, xərcləməyə çoxlu pulları vardı. Mən də yavaş-yavaş başa düşürdüm ki, pulun olması üçün vəzifə tutmaq lazımdır.
Belə-belə, ömrümün çoxu getdi. Əlli yaşa çatanda mənə kiçik bir vəzifə verdilər ki, bala, get, dolan. Yenə də quru maaşa baxmağa başladım. Yan-yörəmdəkilərin hamısının hər şeyi oldu, təkcə məndən başqa.
Bir gün lap böyük vəzifəlinin biri ilə görüşdüm. Söz dolanışıqdan-zaddan düşdü. Dedim, mən də vəzifədəyəm, amma elə əvvəlki kimi yaşayıram. Fərqi ondadır ki, burada məni xidməti maşın gəzdirir. Həmin vəzifəli də mənə nə desə yaxşıdır?
- Qardaşoğlu, əlli il belə yaşamısan, bundan sonra da yaşaya bilərsən. Neynirsən pulu-zadı? Əsas mənəviyyatdır!..
Bu sözləri eşidəndə hirsimdən ağlım başımdan çıxdı. Dəli kimi qışqırdım:
- Zalım balası, məni ələ salmısan? Mənəviyyat yaxşı şeydirsə, özün yaşa da mənəviyyatnan! Elə acından ölmək mənə qalıb?!
Hərənin öz yeri
Uzunqulaqla it təzəcə dostlaşmışdılar, "can" deyib, "can" eşidirdilər. Aralarından su da keçmirdi. Bir gün it uzunqulağa dedi:
- Gəl, biz də torpağı əkib-becərək, ona-buna möhtac olmayaq.
Uzunqulaq anqırıb razılığını bildirdi, ancaq hər ehtimala qarşı soruşdu:
- Nə əkək, it qardaş?
- Məsələn, buğda.
Uzunqulaq fikrə getdi:
- Onda məhsulun torpağın üstünə çıxan hissəsi mənim olsun, kökü sənin, razısan?
İt hürərək razılığını bildirdi.
Buğdanı əkib-becərdilər, sünbül hissəsini uzunqulaq götürdü, kökünü də it. İt başa düşdü ki, uzunqulaq onu aldadıb. Öz-özünə fikirləşdi: "Borclu borclunun sağlığını istər".
O biri il uzunqulaq gəldi ki, it qardaş, gəl kartof əkək...
İt dostunun sözünü ağzında qoydu:
- Onda məhsulun torpağın üstünə çıxan hissəsi mənim olsun, altında qalan hissəsi də sənin, razısan?
- Razıyam, - deyə uzunqulaq qulaqlarını şəkləyib bic-bic gülümsədi.
Əkdilər, becərdilər. İt yenə aldandığını görüb, əllərini göyə qaldıraraq dedi:
- Ay Allah, məni yaratmışdın, bəs uzunqulağı niyə yaradırdın, hə?! Məni ona möhtac etməsəydin, olmazdı?
Qeybdən bir səs gəldi:
- Sən belə
işlərə qarışma,
küçük! İtin it yeri
var, uzunqulağın da uzunqulaq!
Bildin?!
Kasıb pul tapdı...
Bir neçə il bundan əvvəlin söhbətidir.
Olan-olmazımı toplayıb
bir köhnə maşının pulunu yığmışdım. Özüm
də kirayədə qalırdım. Pulu evdə qoyub gedəndə ürəyim
düşürdü ki, ya
qohum-qonşu götürəcək,
ya da oğru-quldur gəlib aparacaq. Pul cəhənnəmə,
arvad-uşağa zərər
toxuna bilər.
Çox
fikirləşdim, nə
edim, nə etməyim, axırda qərara gəldim ki, aparım rayona, verim anama, bəlkə
onun bir etibarlı yeri olsun, qoysun ora,
saxlasın. Elə də etdim. Anam pulu görən
kimi qışqırdı:
- Ə, bu qədər pulu haradan almısan?
Dedim, ay
ana, qorxma, qəpik-qəpik
yığmışam. Vəzifəm
yoxdur ki, rüşvət
alam!
Handan-hana arvadın ürəyi üstünə
gəldi, pulu götürüb qoydu çoxdan işlədilməyən
köhnə bir samovarın içərisinə.
Mən də arxayın qayıtdım şəhərə.
Aradan bir-iki ay keçdi, gördüm telefon aramsız zəng çalır. Dəstəyi
götürdüm, anam
idi. Ürəyim düşdü, dedim, sən öl, pula nəsə olub. Heç demə, düz fikirləşmişəm.
Anam həyəcanlı
idi:
- Ay bala, durma gəl,
pulun çürüyür!
Rayona gedib nə görsəm,
yaxşıdır? Həqiqətən
pul şişmişdi,
amma hələ çürüməmişdi. Gülmək
məni tutdu, bir atalar məsəli
yadıma düşdü:
"Kasıb pul tapdı, qoymağa yer tapmadı".
Sözün qısası, getdim
bir köhnə maşın aldım. Fikirləşdim ki, daha o boyda maşını oğurlaya bilməzlər.
Maşın da nə maşın?! Gündə
bir hissəsi xarab olur, düzəltdirirəm.
İndi qalmışam borcun-xərcin
içində... Zibili
sata da bilmirəm, canım qurtarsın. Amma ürəyim sakitdir ki, daha pulum yoxdur...
Gərək adamın olsun
Uşaqlarımızı ali məktəbə düzəldəndə
yüz ölçüb,
bir biçirik: oxuyub axırı nə olacaq? Lap bu yaxınlaradək dəb idi: orta
məktəbi alayarımçıq
bitirənlər də
hüquq fakültəsinə
girmək istəyirdilər.
Hamısının da başında
bircə fikir olurdu: prokuror olmaq! Hüquq fakültəsinə qəbul
olunmaq istəyənlərin
bircəciyi düşünməzdi
ki, vəkil olsun, hüquq məsləhətçisi
olsun. Heç müstəntiqlik, hakimlik də yada düşməzdi.
Bu fakültədə oxumaq eşqi heç indi də beyinlərdən
çıxmayıb. Görün,
iş hara gəlib çatıb ki, millət
vəkillərinin də
bəziləri hüquq
fakültəsində oxuyurlar...
Hüquq
fakültəsinə qəbul
olunmaq isə, türklər demiş
"kolay", yəni
asan iş deyil və heç
vaxt da asan olmayıb. Burada gərək, ya zırpı adamın olsun, ya da pulun-paran...
Kimin ki, adamı, pulu-parası olmur, belələrinin bir az biliyi olur.
Onlar da harada oxusalar yaxşıdır:
Pedaqoji Universitetdə,
ya da xırda-xuruş
texnikumlarda. Axırda
da, ya ibtidai sinif müəllimi olurlar, ya da bir müəssisədə
kiçik mühasib. Nə olar, qoy
kim nə olur-olsun, amma adam olsun. Ən
pisi odur ki, əlinə güc-bəla
ilə diplom alanların könlündən
ancaq birinci şəxs olmaq keçir, heç kim ikinci, üçüncü
dərəcəli vəzifələrə
özünü yaraşdırmır.
Amma birinci şəxs
olmaq asan başa gəlmir. Elə-belə adamı birinci şəxs qoymazlar, axı... Gərək bunun üçün arxanda duranın-zadın olsun.
Bir az da çənədən
möhkəm olasan, orda-burda ağzına gələni danışıb,
özünü hörmətdən
salmayasan. Heç fikir vermisinizmi, hansı müavindən soruşursan müdirin necə adamdır, deyir, "yaramazın, axmağın biridir". Müdiri hörmətdən
sala-sala vəzifədən
də salıb yerinə keçmək istəyir bədbəxt! Beləsinə deyən yoxdur ki, yaramaz, axmaqla necə işləyirsən? Deməli,
sən də onun tayısan!
Xülasə, bəziləri ki, müdir,
rəis, direktor... oldular, daha onların
üzlərini görmə.
İstədikləri işçini
istədikləri vaxt işdən atırlar bayıra. Elə bilirlər, külli-ixtiyar sahibidirlər.
Arxalarında adamları
var axı...
Onlara deyən gərək, səni vəzifəyə
qoyublar ki, camaata xidmət edəsən, vəzifəyə qoymayıblar ki, camaat sənə xidmət etsin?
Xülasə, "rəhbərlərin" tabeliklərində olanların
"başlarında əkdikləri
turp" barədə
çox danışmaq,
çox yazmaq olar, amma qorxuram.
Çünki arxalarında
duranlar var...
Mən təzə söz demirəm, amma deyirəm ki, gərək adamın adamı olsun. Niyə bu fikrə gəlmişəm,
onu da deyim: Bir işi görmək üçün düz bir ay, bəzən bir il onun-bunun qapısını döyməli
oluram. İşi görüb qurtarandan sonra, böyürdən biri çıxır ki, bəs, mənə desəydin, sənin işini bir dəqiqəyə həll
edərdim. Ona görə
də gecə-gündüz
fikirləşirəm ki, hərənin
bir adamı var, bəs mənim niyə adamım yoxdur?!
Ömrüm boyu elə bilmişəm ki, savad, bacarıq, qabiliyyət varsa, deməli, müəyyən vəzifə
də tuta bilərəm. Ömrüm
boyu da vəzifəsiz
qalmışam. Heç
demə, savad, bacarıq, qabiliyyət, nə bilim, nələr əsas deyilmiş, gərək vəzifə tutmaq üçün adamın
olsun. Vəzifə də elə şeydir ki, hamı sənə savadlı, bacarıqlı, qabiliyyətli
kimi baxır, hətta səni nəvazişlə "filankəs
müəllim" deyə
çağırırlar.
Sözün qısası, bu
zəmanədə adamsız
oldun ha, qurtardı-getdi.
Ölsən, ondan yaxşıdır!
Yalan-palan
Uşaq
vaxtı adamın ağlı kəsmir, nə desələr, inanır. Biz də eləydik, deyilən, yazılan bir şey oldu ha, mütləq inanırdıq.
Ümumiyyətlə, bizimkilər
yazıya lap çox inanırlar. Məsələn,
qəzetlərdə yazırlar
ki, filankəs pis adamdır, qurtardı! Haqqında yazılan adam peyğəmbər kimi olsa da, xeyri
yoxdu. Yaxud yaxşı adamı pis qələmə verdilərsə, "kitabı
bağlandı".
İndi bizim məqsədimiz qəzetçilərin nəyi
necə yazdıqlarından,
yaxud da adamların hər yazılana inanıb-inanmamalarının lazımlı-lazımsız
olub-olmadığından söhbət
açmaq deyil. Söhbətimiz müsəlman
üçün yazıya
pozu olmaması barədədir.
Uşaq
vaxtı kitablarda oxuyurduq ki, insan meymundan əmələ gəlib. Biz də buna inanırdıq. Böyüdük,
orta məktəbi, universiteti bitirdik, amma çox fikirləşdik ki, ayə,
görəsən, doğrudan
da, insan meymundan əmələ gəlib, yoxsa yox? Hərdən
güzgünün qabağına
keçib özümüzlə
meymunda oxşarlıq
axtarırdıq. Meymunun
da gözləri var, insanın
da. Meymunun da əlləri,
ayaqları var, insanın
da. Meymunun da burnu, qulaqları var, insanın
da. Meymunun da bədəni
tüklüdür, insanın
da. Elə insan var bədəni meymundan tüklüdür, baxanda adam qorxur. Xülasə,
insanda olanlar meymunda da var. Belə şeyləri düşünəndə
deyirsən, bəlkə
də kişilər düz yazıblar, insan meymundan əmələ gəlib.
Amma meymun insana baxanda bir az
eybəcərdir. Bu eybəcərliyi
görəndə düşünürsən,
bəlkə meymun insandan əmələ gəlib?!
Sözün qısası, bu
həyatda çox yaşadıq, çox ömür sürdük, amma meymundan insan əmələ gəldiyini, yaxud onun tərsini görmədik. Belə getsə, ömrümüzün
axırına kimi də görməyəcəyik.
Bəs bu sirri necə açaq? İnsan meymundan, yoxsa meymun insandan əmələ gəlib?
Adamın
yadına toyuq-yumurta məsələsi düşür...
Bunlar hamısı yaradanın işləridir,
özü bilər. Görəsən, insanlar niyə yalan-palan yazıb, bir-birini aldadırlar, hə?
Xeyrəddin QOCA
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, ¹51-52.- S.19.