"Əhməd
Cavadın şəxsiyyətinə
və Azərbaycan
ədəbiyyatına böyük hörmətim var"
Müsahibənin qısa tarixçəsinə nəzər
salsaq, yaxşı olar. Bu yaxınlarda müsahibimin rəsmi youtube kanalında bir çıxışına
baxdım. Çıxışında
Əhməd Cavadla bağlı fikirləri diqqətimi çəkdi.
Sonra həmin fikirləri
öz feysbuk hesabımda paylaşdım.
Müxtəlif fikirlər
səsləndi, qınaqlar
oldu, etirazlar edildi. Ancaq mən
onu ilk dəfə
"Bir pişik, bir adam, bir ölüm"
romanı ilə tanımışdım. Daha
sonra yazıçının
digər romanlarını
da oxudum. Bu imza Azərbaycan oxucusu üçün tanış
olsa da, əslində haqqında bildiklərimiz elə də çox deyil...
Düşündüm ki, yazıçı
ilə əlaqə saxlayım. Həyəcanla
müsahibə götürmək
istəyimə necə
cavab verəcəyini gözləyirdim. Düzü,
bir az tərəddüd
içində idim. Ancaq aldığım cavab və münasibət
məni çox sevindirdi. Budur, müsahibə hazırdı. Müsahibim
məşhur türkiyəli
yazıçı, ssenarist,
siyasətçi, musiqiçi,
rejissor Zülfü Livanelidir.
- Bu yaxınlarda yeni romanınız
çap olundu: "Gözlə məni".
Bu romanın yazılma
səbəbi və sizi bu əsəri
yazmağa vadar edən motivlər haqqında nə deyə bilərsiniz?
- "Gözlə məni" uzun illər ərzində toplanan insan talelərinin, şahidliklərin və duyğuların cəmi olaraq meydana gəldi. Mən fərdi həyatlarla ictimai faciələrin necə iç-içə
keçdiyini göstərmək
istədim. Zamanın insan üzərindəki təsiri, yaddaşın həm yaralayan, həm də qoruyan tərəfi, eləcə də sevginin sağaldıcı
gücü romanın
əsas xəttini təşkil edir. Coğrafiyamızın ortaq
yaraları, köçlər,
müharibələrin buraxdığı
izlər və insanın öz keçmişi ilə hesablaşması bu kitabın yazılmasında
əsas motivasiya oldu.
- Ədəbiyyat və sənət sahəsində
bir çox mükafat almısınız.
"Engereğin Gözü"
romanı "Der Spiegel"in
"Dünyanın ən
yaxşı 100 kitabı"
siyahısına daxil edilib. Sizcə, bir yazıçı üçün beynəlxalq
uğurun sirri nədir?
- Mən heç vaxt beynəlxalq uğuru hədəf alaraq yazmamışam. Buna
baxmayaraq, kitablarımın
müxtəlif ölkələrdə
qarşılıq tapmasının
səbəbi, yəqin
ki, insanın ümumi
duyğularını səmimi
şəkildə anlatmağa
çalışmağımdır. Universallığın sirri
yerli olanı ürəkdən yazmaqdır.
Çünki insanın
əsas duyğuları
hər yerdə eynidir. Yazıçılığın
əsas qaynağı
isə çox oxumaq, düşünmək,
müşahidə etmək
və insanı anlamağa çalışmaqdır.
- UNESCO
tərəfindən "zamanımızın
ən önəmli intellektuallarından biri"
kimi təqdim olunmaq sizdə hansı hissləri yaradır? Sizcə, müasir intellektuallıq nədir?
-
UNESCO-nun belə bir dəyərləndirmə verməsi,
əlbəttə ki, sevindiricidir.
Amma mən intellektuallığı
bir titul deyil, öyrənmə və sorğulama tərzi kimi qəbul edirəm. Bu günün intellektualı
həqiqətin ardınca
gedən, ədalətsizlik
qarşısında susmayan,
cəmiyyəti parçalamaq
əvəzinə birləşdirməyə
çalışan və
özünü daim yeniləyən insandır.
Mənim üçün
intellektual olmaq dünyaya maraqla baxmaqdır.
- Ədəbiyyat, musiqi və kino sahəsində fəaliyyətiniz çox
genişdir. Zamanınızı
necə bölürsünüz?
- Mən bu sahələri
bir-birindən ayrı
görmürəm. Ədəbiyyat,
musiqi və kino eyni qaynaqdan qidalanan ifadə formalarıdır. Bəzən
bir fikir romana çevrilir, bəzən bir hiss mahnıya, bəzən isə bir film səhnəsinə. Burada əsas məsələ
zaman bölgüsü deyil,
daxili axını izləməkdir. Bu sahələr
bir-birini bəslədiyi
üçün yaradıcılıq
bir yük yox, təbii bir tarazlığa çevrilir.
- "Sevdalım həyat"
həm sizin, həm də bir çox insanın hekayəsinə
bənzəyir. Sizin üçün xoşbəxtlik
nə deməkdir?
- Mənim üçün xoşbəxtlik parlaq və gurultulu anlarda deyil, həyatın kiçik detallarında gizlidir: bir söhbət, bir uşağın gülüşü, bir melodiya, bir kitab səhifəsi... Xoşbəxtlik
insanın həyatla barış içində
olmasıdır. O, bir
məqsəd deyil, bir şüur halıdır. İnsan gözəlliyi nə qədər görə bilirsə, o qədər də xoşbəxtdir. Həm də unutmamalıyıq ki, davamlı
xoşbəxtlik yoxdur
- yalnız xoşbəxt
günlər və anlar vardır.
- Federiko Qarsiya Lorka haqqında
söylədikləriniz çox
maraq doğurdu. Sizcə, Lorkanı niyə oxumalıyıq?
- Lorka yalnız böyük şair deyil, həm də azadlığın,
ədalətin və xalqın səsidir. Onun şeirində musiqi axır, xalq mədəniyyəti müasir dillə qovuşur, insan ruhunun həm qaranlığı, həm
də işığı
görünür. Azadlıq
uğrunda həyatını
fəda etmiş bir vicdandır. Lorkanı oxumaq insanlığın ürək
döyüntüsünü dinləməkdir. Qranadada onun adına mənə mükafat verilməsi həyatımın
ən böyük xoşbəxtliklərindən biridir.
- Ədəbiyyat insanı həyata nə qədər hazırlaya bilər?
- Ədəbiyyat insanı həyata ən yaxşı hazırlayan sahələrdən biridir.
Çünki oxuyarkən
başqalarının acılarına,
qorxularına və ümidlərinə şahid
oluruq. Bu da bizi daha anlayışlı edir. Dostoyevski insan ruhunun qaranlıq
dəhlizlərini, Tolstoy vicdanın
gücünü, Yaşar
Kamal isə insanla təbiət arasındakı
qədim bağı anladır. Ədəbiyyat
insanın özünü
tanımasının ən
təsirli yoludur.
- Əhməd Cavadın
"Çırpınırdı Qara dəniz" şeiri ilə bağlı dedikləriniz
Azərbaycanda birmənalı
qarşılanmadı. Oxuculara
nə demək istərdiniz?
- Bu sualı verməyiniz çox yaxşı oldu. Əvvəla, Əhməd Cavadın şəxsiyyətinə və
Azərbaycan ədəbiyyatına
böyük hörmətim
var. Mənim çıxışım
ədəbiyyatla deyil,
musiqi ilə bağlı idi. Bir YouTube çıxışı zamanı
Qafqaz musiqilərindəki
oxşarlıqlardan bəhs
edərkən, səhv
anlaşılmaya səbəb
olan bir ifadə işlətdim və dərhal bunu düzəltdim. Əsərin bəstəkarı
olan böyük Üzeyir Hacıbəyliyə
də dərin hörmətim var. Tarixi məlumatlar kontekstdən çıxarılanda yanlış
anlaşılmalar baş
verə bilir. Əgər sözlərim
kimisə incitmişsə,
bunu düzəltməkdən
məmnun olaram. Mənim üçün Türkiyə-Azərbaycan mədəni
bağları hər şeydən üstündür.
- Sevdiyiniz dünya yazıçı və şairləri kimlərdir?
- Dostoyevski, Tolstoy, Folkner, Markes. Şairlərdən
isə: Lorka, Nazim Hikmət, Ritsos, Rimbaud.
- Azərbaycan ədəbiyyatında
oxuduğunuz və maraqlandığınız müəlliflər
kimlərdir?
- Azərbaycan ədəbiyyatı
türk dilinin ən böyük xəzinələrindən biridir.
Nəsimi
və Füzulidən
başlayaraq, Bəxtiyar
Vahabzadə, Anar, Elçin, Elçin Hüseynbəyli kimi müəllifləri maraqla
oxumuşam. Azərbaycan
ədəbiyyatının güclü
poeziya damarı və dərin lirizmi var.
- Gənc yazarlara nə tövsiyə edərdiniz?
- Çox oxuyun, dəbə uymayın, dünyaya maraqla baxın, insanları dinləyin, səbirli olun, ən əsası,
səmimi olun.
- Bir neçə film tövsiyə
edə bilərsinizmi?
Dünya və Türkiyə kinosundan...
- Dünya kinosundan: Akira Kurosava - "Raşomon",
Fellini - "La Strada", Bergman - "Yeddinci
möhür", Ridli
Skott - "Cənnət
qapıları.
- Son olaraq Azərbaycan oxucusuna və sənət adamlarına nə
demək istərdiniz?
- Müsahibəyə görə
təşəkkür edirəm.
Dəfələrlə qeyd
etdiyim kimi, Osmanlı yüksək mədəniyyətinə də
təsir göstərmiş
Azərbaycan mədəniyyəti
mənim üçün
son dərəcə önəmlidir.
Azərbaycan musiqisi və poeziya ənənəsinin sənətimdə
böyük rol oynadığını hər
zaman hiss etmişəm. Anadoluda
ilk gənclik illərimdə
Rəşid Behbudovun konsertlərinə gedərdim.
Sonralar Zeynəb Xanlarova, Polad Bülbüloğlu kimi dəyərli dostlarım oldu. Azərbaycanlı musiqiçilərlə çalışdım.
Hörmətli Anar ilə Dədə Qorqud simpoziumunda birgə iştirak etdik. UNESCO-nun xoşməramlı
elçisi kimi hörmətli Mehriban Əliyevanın
dəvəti ilə Bakıya etdiyim səfər, orada qazandığım təcrübələr,
tanış olduğum
insanlar və Muğam Mərkəzinin təməlqoyma mərasimində
iştirakım unudulmaz
xatirələrim arasındadır.
Bu fürsətlə tanıdığım
və dostluq etdiyim bütün azərbaycanlı sənət
adamlarına və ədiblərə salamlarımı
çatdırıram.
Zülfü LİVANELİ
Söhbətləşdi: Tural
CƏFƏRLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, ¹51-52.- S.32.