Ağdam Dövlət Dram Teatrının
səhnəsində 5 illik Zəfər
təntənəsi
Ağdam
Dövlət Dram Teatrının
səhnəsi mənim
üçün tanış
bir yerdir. Ona görə də, bu səhnədə ortaya qoyulan hər bir əsərə
xüsusi marağım
olub. Azərbaycan Teatr mədəniyyətinə
kifayət qədər
ustad sənətkarlar
yetişdirib Ağdam teatrı. Bu teatrın tarixi və nailiyyətlərini nəzərə
alsaq, teatrsevər hər kəsin bu səhnədə yalnız samballı əsər görmək istədiyinə tam əminəm.
Üç gün geniş tamaşaçı
kütləsi qarşısında
sərgilənən tamaşa
barədə zaldan çıxanların təəssüratlarını
eşitdikdən sonra,
mən də öz gördüklərimi
yazmağı qərara
aldım. Bu təkcə
bir qərar deyil, həm də mənim üçün bir borcdur. Bu teatrı dərindən tanıyan biri kimi, deyə
bilərəm ki, uzun müddətdir dodaqlarımızı
çatladan yaxşı
tamaşa "susuzluğu"
Ağdam teatrında səhnələşdirilən bu əsərin təsirilə yox olmuşdu. Nəhayət
ki, bu teatrın səhnəsində güldürərkən
düşündürən, düşündürərkən güldürən bir samballı əsər təqdim olunurdu.
Bu gün də Ağdam teatrına gəlmişdim. Amma, əvvəlkilərdən
fərqli olaraq fəxri qonaq kimi dəvət almışdım. Teatrın
foyesinə daxil olandan əvvəlki mövsümlərdə nümayiş
olunan tamaşalarda şahidi olduğum mənzərə yox idi. Bu dəfə hər şey tamamilə fərqli idi. Binaya daxil
olandan tam bir yenilik hiss olunurdu. Əgər əvvəllər
tamaşa öncəsi
tamaşaçı foyedə
qrimlənmiş və
səhnəyə çıxmağa
hazırlaşan aktyorlarla
rastlaşırdısa, bu
dəfə ortada tam bir fərqli mənzərə varıydı.
Daha doğrusu, çöldəki afişada
yazılan tarixi və vaxtı, zala axışan tamaşaçı axınını
və öncədən
məlumatlı olmağını
nəzərə almasaq,
bu gün teatrda tamaşa oynanılacağını bildirən
heç bir əlamət yox idi. Elə ilk anlardan səhnədə fərqli bir performans olacağı ab-havadan bəlliydi. Yanılmamışdım, doğrudan
da, tamaşaçıya təqdim
olunan əsər fərqli bir formada çatdırıldı.
Bu barədə bir az sonra, daha
ətraflı qeyd edəcəm. Öncə,
əsərin məndə
yaratdığı təəssüratla
bağlı fikirlərimi
bildirmk istərdim.
Niyə "Şuşanı al bizimçün?!"
Diqqətinizə çatdırım ki, əsərin müəllifi
yazıçı-dramaturq İlqar
Fəhmi, quruluşçu
rejissoru Racu Şıxlı, təsvir
rejissoru Anar Əhməddir. Bəli, təsvir rejissoru. Çünki rejissor Şıxlı bu dəfə Ağdam Dövlət Dram Teatrının
səhnəsində bir
yenilik etmişdi, ilk dəfə multimedial tamaşa qurmuşdu. Maraqlı məqam o idi ki, tamaşada iştirak edən yaradıcı heyət iki cəbhədə - vizual və canlı səhnədə
oyun sərgiləyirdilər.
Tamaşanın müəllifi
Racu Şıxlı vizuallaşdırılmış aktyor oyunu ilə
canlı aktyor oyununu sintez etmişdir. İ.Fəhminin
sözügedən pyesinin
motivləri əsasında
ekranlaşdırılan "Qarabağ Azərbaycandır!"
adlı kollaj - sənədli film ekran işində maraqlı nəticə vermişdir
ki, bu məsuliyyəti
təsvir rejissoru A.Əhməd öz üzərinə götürmüşdü.
Kadrlarda məkanların
seçimində, hər
epizodun simvolik açarında, aktyor oyununun kamera qarşısındakı peşəkarlığında
Racu Şıxlı və Anar Əhməd
imzası açıq-aydın
hiss olunurdu. Belə də ki, "Görünən
dağa nə bələdçilik?!" Qayıdıram
bədii sualıma:
"Niyə Şuşanı
al bizimçün?!"
Əsərin vətənpərvərlik mövzusunda olması öncədən elan edilmişdi.
Buna görə də,
hər kəsin gözlədiyi tanış
bir mənzərənin
olacağı düşünülürdü.
Yəni, atəş səsləri, həyəcanlı
musiqi, əlində silah "səngərdən"
düşmənə tərəf
atəş açmaq,
hərbçilərin döyüş
meydanında yüksək
səslə bir-birlərini
ruhlandıracağı sözlər
və s. Əsərin
adından göründüyü
kimi, cərəyan edəcək bütün motivlər Qarabağın
işğalına yönəlib.
Bəs o zaman niyə
"Qarabağı al bizimçün"
yox?..
Hamımız yaxşı bilirik
ki, Şuşa yerləşdiyi
coğrafi mövqeyi, strateji əhəmiyyətilə
hər zaman seçilib.
90-cı illərdə cərəyan
edən proseslərdə
"Şuşa kimdədirsə,
Qarabağın sahibi odur" şüarını
çox eşitmişdik.
44 günlük Vətən
müharibəsi də
bunu əyani sübut etdi ki, doğrudan da, Şuşaya
hakimlik nə dərəcədə böyük
üstünlük deməkdir.
Heç şübhəsiz,
dramaturq İlqar Fəhminin də əsərinin adını
Şuşayla əlaqələndirməsi,
işağldan azad edilən ərazilərimizin
azadlığına işarədir.
Düşünürəm ki, bu ad təkcə Qarabağa deyil, əsrlərdir işğal
edilən torpaqlarımızın
hər bir qarışının düşmən
tapdağında olmasına
sətiraltı bir eyhamdır. Əsərin dərin mövzunu əhatə etməsi isə tamaşa boyu daha çox
açılacaq. Burada
ailə dəyərləri,
milli kökə bağlılıq,
vətənə olan sevgi, milli qürur hissləri müəllifin
özünəməxsus yanaşmasıyla,
günümüzün reallığını
əks etdirir.
Teatrda vətənpərvərlik mövzusunda
səhnələşdirilən tamaşalarda hər zaman gördüyümüz bir
mənzərə var: zalın
diqqətini çəkmək
üçün, yüksək
səs tonu və musiqi sədaları ilə birbaşa mövzuya giriş. Amma, gözlənilənlərin
heç biri olmadı.Yox, bu dəfə nə həyəcanlı musiqi, nə cəbhəni andıran silah səsləri, nə aktyorun pərdə arxasında asta və ya
rejissorun təklif olunmuş vəziyyətinə
uyğun olaraq, yüksək tonla danışaraq səhnəyə
çıxması oldu.
Deyə bilərəm
ki, ilk anlardan tamaşaçını
psixoloji cəlbetmə
metodu çox ustalıqla hazırlanmışdı.
Bu, tamaşanın illərdir
görmədiyi və
görməyi arzu etdiyi bir mənzərəydi.
Deyərdim ki, bu yanaşma teatrın quruluşçu rejissoru Racu Şıxlının
tamaşaçını özünəməxsus
cəlbetmə taktikasıdır.
Axı, rejissor sənətinin əsas prinsiplərindən biri də tamaşaçı
mövqeyidir. Hiss olunurdu
ki, Şıxlı bu
prinsipi unutmayıb.
İlk baxışda səhnənin
uzaq yerində təkərli oturacaqda oturan ata obrazı
zalda oturanların diqqətini özünə
çəkmişdi. Bizə
yaxın olan sıralarda oturan bəzi tamaşaçılar
əsər barədə
müəyyən öngörənlik
etməyə başlamışdılar.
"O kişi nə deyəcək?", "Orda
nə üçün
oturub?", "Gözlə,
bu saat durub
ayağını yerə
vura-vura səhnədən
çıxacaq" və
s. Bu kimi fikirlərlə
hər kəs səhnədə cərəyan
edəcək hadisələri
proqnozlaşdırmağa çalışırdı.
Yox. Zalın diqqətini təkərli oturacaqda oturan obraz çəksə də, tamaşaçı
bu dəfə fərqli bir təqdimat izlədi.
Giriş,
proyektorla divara verilən videorolikin təqdim edilməsilə
start götürdü. Geniş
ekranda verilən kadrlarda məchul bir istiqamətə hərəkət edən ayaqlar, bütün diqqətləri səhnədə
oturan obrazdan bir anlıq özünə çəkir.
Kadrlar, beyinlərdə
cavabsız suallar yaradır. Arxa fonda müharibənin görünən izləri,
bu addımların dərin bir məna daşıdığının
göstəricisidir. Videorolik
müxtəlif yerlərdə
çəkilib. Hər
mənzərəyə uyğun
aktyorların bədən
jestləri, üzlərində
olan mimikalar, ekrandan tamaşaçı
beyninə sözsüz,
amma mənası dərin mesajlar ötürür. Bayaqdan zalda müşahidə edilən pıçıltılar
da kəsilib. Hiss edirsən
ki, səhnəyə tamaşaçının
fokuslanması artıq
tam ələ alınıb.
Kadrlarda böyük bir əsərin motivləri artıq verilib. Burada təqdim olunan üzüntü, soyuqluq, əzab, həsrət, sevinc və sevgi hissləri mükəmməl bir səviyyədə təqdim
edilirdi.
Yuxarıda da qeyd etdiyimiz kimi, tamaşa vətənpərvərlik mövzusunda
yazılıb. Lakin, yaradıcı
heyət bu dəfə birbaşa müharibə səhnəsinə
fokuslanmır. Əksinə,
iki sevən gəncin görüşü,
hərbçinin sevdiyi
qızın ad gününə hədiyyə
gətirdiyi zaman gələn
qəfil zəngin müharibə başlaması
xəbəri onları
sarsıdır. Ancaq burada nə qızın ağlayıb
göz yaşı tökməsi, nə də hərbçinin sevdiyi qıza "sonuncu görüş ola bilər" bəhanəsi
altında sarılması
səhnəsi verilir.
Tam əksi - hər iki obrazın milli mentalitetimizə uyğun bir şəkildə davranışları sərgilənir.
Qızla oğlan sadəcə aralarında olan bir məsafə
saxlayaraq bir-birlərinin
əllərindən tutur,
hər ikisi sevdiyinə uğurlar arzulayaraq vidalaşırlar.
Biri vətəni qorumağa,
biri isə sevdiyi bir igidin
həsrətilə onun
yolunu gözləməyə
gedir. Bu epizod əslində əsl Azərbaycan qadını və kişisinin safniyyətli, təmizqəlbli,
sevdiyinə olan ülvi hisslərindən xəbər verir. Bu yerdə onu deyə bilərəm ki, müəllif İlqar Fəhmi müasirləşən
və yeniliklərin burulğanında tez təsir altına düşən cəmiyyətimizə,
özünə, soyuna
və soykökünə
bağlılığı xüsusi formada çatdırmağa çalışıb.
Əsərdə cərəyan edən
proseslər yalnız arxa cəbhədə baş verən, əslində hamımıza
tanış olan olaylarla başlayır. Yox, elə bilməyin
ki, əsər tamamilə arxa cəbhədə yalnız
öz biznes imperiyasını genişləndirməyə
çalışanlardan gedir.
Əksinə, sonunda onların da var, pul, dəbdəbəli
həyat tərzlərinə
olan bağlılıqları,
hər şeyi ancaq pulla ölçmə
düşüncələri vətən sevgisinə çevrilir. Müəllif
İlqar Fəhmi, əsərdə hər şeyi pulla satın alma düşüncəsində olanlara,
əslində pulun çox şey olduğunu, lakin hər şey olmadığını çox
incəliklə yazır,
quruluşçu rejissor
da öz səhnə yozumunda bu incəlikləri özünəməxsus həssaslıq
çalarları ilə
tamaşaçıya təqdim
edir. Hiss olunurdu ki, dramaturq-rejissor
münasibəti əla
səviyyədə, bir-birlərini
tam başa düşən ikilidilər.
Bəzən bu xoşbəxtçilik hər
dramaturqla rejissora qismət olmur, haaa. Əsərin sonunda təkərli oturacaqda əyləşən
şəhid atasına
zəfər müjdəsi
verilərək, "Nə
durmusan, şəhid atası, qalx ayağa, qalx, deyirəm! Yeri!" sözlərindən sonra,
atanın qalxaraq asta addımlarla yeriməsi, özlüyündə
çox dərin bir mesajdır. Bu, kənardan sadəcə bir səhnə obrazı kimi görünə bilər. Müəllifin personaja yanaşmasını,
rejissorun səhnə yozumunu, aktyorun isə həqiqi yaşantılara oxşar obrazı yaşaması, deyərdim ki, bir xalqın ayağa qalxaraq, ya azad olması,
ya da tamamilə
yox olması yolunda zəfərə doğru addımlamasının
rəmzi kimi göstəricisi olmaqla yanaşı, İlqar Fəhmi və Racu Şıxlının
dərin düşüncəsinin
sintez olunmuş məhsuludur.
Məqsədim uzun-uzadı tamaşanı
izah etmək deyil. Sadəcə və sadəcə tamaşa başlayandan sona kimi, səhnədə
şahidi olduqlarımız,
ortada ciddi bir əməyin olmasını və bu əməyə layiqli dəyərin verilməsinə toxunmaqdır.
Ara-sıra gurultulu alqışları əməyə
verilən dəyərlə
yanaşı, həm də səhnədən tamaşaçı ruhuna
"hopma" kimi qiymətləndirmək olar.
Səhnədə, sözün
əsl mənasında,
ciddi bir əməyin bəhrəsi
varıydı. Bugünkü
tamaşada bir daha əmin olursan ki, əsər
hər nə qədər ciddi olursa-olsun, onu tamaşaçıya çatdıran
heyətdən çox
şey asılıdır.
Səhnəyə çıxan
hər bir aktyor oynadığı rolu mənəvi övladı hesab edir. Rejissor, assistent, ən əsası, aktyorların
rola can yandırmaları da bu əsasdan qaynaqlanır ki, bu gün bunun
bir daha şahidi olduq.
Əsərdə rolların yaşa uyğun bir şəkildə bölünməsi
xüsusi diqqət çəkirdi. Bəli, səhnəyə çıxan
aktyorların əksəriyyətinin
gənc olmasına baxmayaraq, ortada peşəkar bir təqdimat var idi. Bu, həm
də quruluşçu
rejissor Racu Şıxlının əsərdə
cərəyan edən
hadisələrin cəmiyyətə
çatdırılması yolunda heç kimi təqlid etməyərək, özünəməxsus
bir yanaşmasının
olmasıydı. Bu dəfə tamaşaçı
da səhnədə fərqli bir yanaşmanın fərqindəydi.
Bunu tamaşa boyu, arxa sıralardan
açıq eşidilən
pıçıltılardan, tamaşadan sonra, foyedə ayaqüstü müzakirə edən tamaşaçıların fikirləri
də təsdiq edir. Bir daha
vurğulamaq istəyirəm
ki, əsərin motivi nə olursa-olsun, onun təqdimatından çox
şey asılıdır.
Əmin olursan ki, tamaşaçını
teatr səhnəsinə
cəlb etmək üçün, heç
də mavi obrazına girib, qadın donu geyinməyə ehtiyac yoxdur. Sadəcə səhnəyə çıxan
hər bir kəsə bacarığını
ortaya qoyması üçün şəffaf
şərait yaratmaq lazımdır. Ortaya qoyulan əsəri də elə təqdim etməlisən ki, tamaşaçı zala məcburi deyil, sevərək gəlsin.
Unutmaq lazım
deyil ki, mədəniyyətin məbədi
sayılan teatr, sözün əsl mənasında mədəniyyət
beşiyidir.
Bu gün
təqdim edilən tamaşaya baxanda bir daha əmin
olursan ki, bu səhnədə rol alan gənclərin
ortaya qoyduqları əmək teatr sahəsinə bəslənilən
böyük sevginin bəhrəsidir. Deməli,
Ağdam Dövlət
Dram Teatrının səhnəsində "cücərən"
bu "fidan"lar sayəsində daha neçə-neçə sanballı
əsərlər ortaya
qoyulacaq, daha neçə tanınan simalar yetişəcək.
Bir sözlə, teatr paxıllıq, xainlik, istedadların qarşısında qaratikan
olmağı sevmir.
Bu əsərdə
aktyorların seçimi,
heyətin düzgün
dəyərləndirilməsi, hər rola uyğun
yaş həddinin müəyyən edilməsi,
mən deyərdim ki, əsl sənətkar
və peşəkarlıq
nümunəsidir. Doğru
seçim və dəqiq yanaşma, gərgin əmək sərf etmək, ortaya uzun illər
yaddaşlardan çıxmayacaq,
tamaşaçı ruhuna
hopan sanballı sənət əsəri qoyur.
Mən bugünkü
fərqli təqdimata və tamaşaçı
rəğbətinə görə
başda Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov
olmaqla, bütün yaradıcı və texniki heyəti ürəkdən təbrik
edir, sənət fədailərinə uğurlar
arzulayıram. Əmin
olun ki, bu gün ortaya
qoyduğunuz zəhmət,
çiyinlərinizə böyük
bir məsuliyyət yükü qoyur. Bundan zəif olmağa heç bir haqqınız yoxdur!
Daşqın
GÜNEYLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, №51-52.- S.30-31.