Burun haqqında Sumqayıt "Qaravəlli"si
Azərbaycan teatrları üçün meydan teatrı variantı kimi, qaravəlli kimi, Molla Nəsrəddin lətifələrinin versiyası kimi çox cəlbedici sayılan
"Zəncir"
hekayəsini Anar 1965-ci ildə yazıb, insanlar arasında alicənablıq defisitini,
ictimai proseslərin dinamikasında şəxsi ambisiyaların üstün mövqe tutmasını, hər bir işin "əl əli yuyar,
əl də
üzü",
"sən mənə, mən də sənə" prinsipindən asılılığını absurd parametrlərində zarafata,
şəbədəyə, kinayəyə söykənərək görükdürüb, rüşvətin anatomiyasını obrazlaşdırıb, sadə, primitiv bir diskursla sosial tənqidi major tonlarda səsləndirib.
Elə buna görə də zaman-zaman teatr rejissorları hekayənin səhnə
versiyasını aktual sayaraq onun təcəssümünə böyük həvəslə
girişiblər: təbii ki,
hərə öz gördüyü, duyduğu, bildiyi, anladığı
kimi refleksiya eləyib bu əsəri...
Sumqayıt Dövlət Dram Teatrının
"Qaravəlli" tamaşası
Rus Dram Teatrının səhnəsində...
Saat
19:00.
Axşamın üzü xeyli
vaxtdır ki, qaralıb...
Teatrın foyesində sakitlik
gözünü dörd
eləyib bir insanlara baxır, bir də divarlardan
asılı fotoşəkillərə...
Seyrçi sayı bir o qədər də çox deyil: teatr cameəsinin bəzi tanış simaları da burada...
Heç
kim foyedə məxsusi ləngimir, birbaşa tamaşaçı
salonuna tələsir.
Bu "yarımcan" atmosferdə
ən fəal adam tamaşanın quruluşçu rejissoru
Abdulla Elşadlıdır: çöhrəsində bir
premyera təbəssümü
işıqlanır: öz
həyəcanını gizlədib,
tam sıfırlaya bilib;
çalışır ki, premyeraya
dəvətlilərin hər
birilə səmimicəsinə
görüşüb danışsın.
Hərçənd seyrçilər artıq
tamaşaçı salonuna
keçiblər, öz
yerlərini tutublar. Mətnin müəllifi qocaman Anar ən
sonda səssizcə gəlib sol lojada küncə qısılaraq
əyləşir: elə
əyləşir ki, onun
üzünü görmək
mümkün olmasın.
Bu, haradasa məxfi bir işarədir ki, tez olun, yubanmayın,
tamaşanı başlayın.
Elə bu ara diktorun
xahiş formasında xəbərdarlığı seyrçi
salonuna yayılır:
"Rica edirik, telefonları
söndürün, saqqızları
salona atıb getməyin: bizə sizin alqışlarınız
da kifayətdir".
İşıqlar sönür.
Quruluşçu rejissor tamaşanın
aktyor heyətini Tənqid-təbliğ teatrının
estetikasına uyğun
bir formatda gətirir pərdə önünə və onlar üçün pozitiv təbəssüm doğuracaq bir təqdimat mərasimi düzənləyir. Mən
Abdulla Elşadlıya həməncə
haqq qazandırıram:
məsələ bu
ki, paytaxtdan kənarda
olan teatr aktyorlarının görünməyə,
tanınmağa, alqışlanmağa,
bir gecəlik seyrçilər qarşısında
ulduz olmağa, özünü respublikada
teatr prosesinin tamhüquqlu iştirakçısı
kimi hiss etməyə ehtiyacı var.
Sonra isə...
...Pərdə məxməri
əsilzadə ətəklərini
sürükləyə-sürükləyə
səhnə güzgüsünün
önündən çəkilib
gedir. Elə həməncə kasıb
teatrın dərdlərini
"tanıyıram:" səhnə
tərtibatından bir
kasıblıq üfürür
tamaşaçılara doğru...
Az qala, bütün bölgə teatrları kasıb teatr parametrlərində işləməyə
məhkumdurlar. Minimal büdcə
ilə tamaşa hazırlamaq nümunəsi
nədirsə, elə
budur, yəni hər yerdə "Qaravəlli", yəni hər yerdə meydan teatrı variantı...
Amma bir dəqiqə... Bəlkə mən yanılıram?! Bəlkə
bu, bədii priyomdur?! Bəlkə teatr "Qaravəlli"ni
bəhanə gətirib
öz problemlərini oynayır? Bəlkə də keçmiş sovet dönəminin ictimai-sosial mənzərəsini
obrazlaşdırmağa çalışır?!
Əbəs deyil ki, bu dekorlar ilk baxışda bizim doğma kinostudiyanın uçulub-dağılan həyətinin
solğun, qopuq divarlarını, "Mozalan"ın
kadrlarından görünən
köhnə evlərin
fakturasını xatırladır
mənə...
Elə dövr demişkən... Azərbaycan teatrları üçün meydan teatrı variantı kimi, qaravəlli kimi, Molla Nəsrəddin
lətifələrinin versiyası
kimi çox cəlbedici sayılan
"Zəncir" hekayəsini
Anar 1965-ci ildə yazıb, insanlar arasında alicənablıq
defisitini, ictimai proseslərin dinamikasında
şəxsi ambisiyaların
üstün mövqe tutmasını, hər bir işin "əl əli yuyar, əl də üzü",
"sən mənə,
mən də sənə" prinsipindən
asılılığını absurd parametrlərində zarafata,
şəbədəyə, kinayəyə söykənərək
görükdürüb, rüşvətin
anatomiyasını obrazlaşdırıb,
sadə, primitiv bir diskursla sosial
tənqidi major tonlarda
səsləndirib. Elə
buna görə də
zaman-zaman teatr rejissorları
hekayənin səhnə
versiyasını aktual
sayaraq onun təcəssümünə böyük
həvəslə girişiblər:
təbii ki, hərə
öz gördüyü,
duyduğu, bildiyi, anladığı kimi refleksiya eləyib bu əsəri...
"Zəncir" hekayəsinin
bu il 60 yaşı tamam oldu: lakin
Sumqayıt Dövlət
Dram Teatrı onu
2025-ci ildə də aktual saydı, repertuarına saldı və bölgə teatrlarının "zəvvar"
rejissoruna çevrilmiş
Abdulla Elşadlını dəvət
elədi ki, Azərbaycan
səhnəsində artıq
müəyyən təcəssüm
ənənəsinə malik bir əsərə yeni quruluş versin.
Tamaşanın premyerası göstərdi
ki, Sumqayıt Teatrı
öz seçimində
heç də yanılmayıb. Nədən
ki, rejissor pyesin orijinal səhnə həllini tapıb, aktyorlarla produktiv şəkildə işləyərək
tamaşada müəyyən
atmosfer yarada bilib və bir
çox məqamlarda bu əsərə daha öncələr müraciət etmiş rejissor sələflərindən
xeyli fərqlənib, amma onların təcrübəsindən, xüsusilə
də, Rövşən
Almuradlının Bakı
Bələdiyyə Teatrında
qurduğu "Qaravəlli"
tamaşasından bəhrələnib:
məhz onun ardınca gedərək,
"Zəncir" hekayəsini
milli folklorun qaravəlli
ənənələrinin, Mirzə
Cəlilin "Ölülər"
komediyasının davamı
hesab edib və öz tamaşasını elə
R.Almuradlı kimi
"Qaravəlli" adlandırıb.
Bizim gələnəksəl mədəniyyət
çərçivəsində komediya janrının təzahür formalarından,
Azərbaycan milli zarafatının
zirvələrindən biri
qaravəllidir. Hərçənd
Anar "Zəncir"i
və ya onun səhnələşdirilmiş
variantı - "Zəncirbənd"i
qara yumor estetikasında düşünməklə
öz qaravəllisini
absurd dramaturgiyası nümunələrilə
tənləşdirmişdi.
Abdulla Elşadlı isə tamaşanın janrını
sosial şarj kimi konkretləşdirib: bu janrın poetikası aktual sosial mövzuların tənqidini ehtiva etsə də, dostyana zarafatı, mövzu ilə, mövzunun subyektlərilə
yüngülcə məzələnməyi
də unutmur, karikaturanın sərtliyini,
amansızlığını, obyektə qarşı ironik münasibətini yetərincə yumşaldır.
Haradasa,
keçən əsrin
60-cı illərinin ortalarında
yazılmış və
vaxtilə dillər əzbəri olmuş
"Ey həyat, sən nə qəribəsən" mahnısının
o dönəmlərdən sanki
paraşütlə "uçub"
bu günün "Qaravəlli" tamaşasına
"qonması" da, görünür,
absurdun acı təəssüratından, personajların
niyyət qaranlığından
birtəhər qurtulmaq,
onun tünd rənglərini bir azca duruldub açmaq,
ora əlvan tonlar qatmaq, musiqi vasitəsilə pozitivə doğru lağım atmaq ehtiyacının əlamətidir.
Düzdür, mən rejissorun
"mahnı desantı"nı
bir elə də uğurlu saymadım. Nə üçün? Birincisi,
ona görə ki, mahnının ritmi, həyatsevər ovqatı,
gurşadlığı səhnələşdirmənin
motivlərilə, personajların
xəbis, eqoist niyyətlərilə əlaqələnmir;
ikincisi də, ona görə ki, A.Elşadlının özünün qurduğu
tamaşa kompozisiyası
bu cür şaqraq mahnı ilə aşkar dissonans əmələ gətirir.
Fikrimi izah edirəm: bu mahnı öz
xarakteri etibarı ilə genişliyə, pozitiv təəccübün
sevincinə, ailə dəyərlərinin təntənəsindən
rəqs meydançasına
açılır. Rejissor
isə səhnə məkanını daraldıb,
tamaşasını bir
bütövcə kimi
tamamilə orta plana yığıb, mizanları
yumaq kimi bir-birinə dolayıb və praktiki olaraq digər planlardan yararlanmayıb: ön səhnədən isə yalnız ekspozisiya və finalda istifadə edib. Öz mizan
rəsminə görə
"Qaravəlli" uzaqdan-uzağa
Akademik Milli Dram Teatrının
"Dantenin yubileyi"
tamaşası ilə
baxışırdı: burada
mizanlar divarın, orada isə avtobusun ətrafında hərlənib-fırlanıb şəkillənirdi:
hər iki tamaşada ailə planı səhnə kompozisiyasının mərkəzi
seçilmişdi.
Sumqayıt Teatrının "Qaravəlli"sində
səhnənin tən
ortasında söküntü
işlərinin aparıldığı
ərazidə "yaralı"
divar fraqmenti görünür: bu fraqmenti kukla teatrının şirması
kimi də yozmaq mümkündür; çünki personajların
hamısını sanki
divar arxasından gözəgörünməz kuklaçı
çıxarıb bir
qədər oynadır
və yenidən aparıb həmin yerdə də gizlədir, ta finala qədər...
Dediyim bu ki, tərtibat (quruluşçu rəssam
Nizami Dadaşov) birbaşa rejissorun konsepsiyası ilə diktə edilib və tamaşanın fikir partiturasının mühüm kodu kimi qəbul oluna bilər. Lakin tamaşanın məkan həlli, tərtibat fakturası birmənalı
şəkildə oyun
müddəti ərzində
iki dəfə müraciət edilən
"Ey həyat, sən nə qəribəsən" mahnısı
ilə heç cür uyuşmur, hətta sözlər dəyişdirilsə belə:
mahnıda həyatın
qəribəliyi təəccübləndirir,
sevindirir, yaşamağa
ruhlandırır, pyesdə
isə insan xislətinin qəribəliyi
təəccübləndirir, tükənməz istəklərdən
hörgülənmiş yaşayışın
absurdluğu kədərləndirir,
qəhr edir və öldürür. Odur ki, tamaşa kompozisiyasının ritmilə
mahnının ritmi bir-birini "vurur" və "həftəbecər"ə
qapı açır:
aktyorların bu mahnının təranələri
altında rəqsi də təsirsiz ötüşür.
Halbuki quruluşçu rejissor A.Elşadlının həm tamaşa konsepsiyası maraqlıdır,
həm də plastika frazaları öz mahiyyətinə, mənalar sayrışmasına
görə yetərincə
effektlidir: fikir və assosiasiyalar zənciri yarada bilir. Başlayaq elə Əvəz Əvəzovun səhnəyə
gəlişindən. Bir məqamı
istərdim diqqətinizə
öncədən çatdırım:
"Zəncir" hekayəsi
əsasında meydana gəlmiş pyes-səhnələşdirmə
o nadir əsərlərdəndir ki, qəhrəmanın ad və soyadı mətnin ideyasını
da, insanların genetik
xislətini də, münasibətlər sisteminin,
birgəyaşayış qanunlarının
rəsmiləşdirilməmiş neqativ prinsipini də, əsərin arxitektonik quruluşunu, hətta Azərbaycan folklorunu da özündə
yüzdə yüz güzgüləyir. Məgər
azərbaycanlı atalar
öz ötən ömürlərinə fəlsəfi
yanaşaraq deməyiblər
ki, "dünya əvəz-əvəzdir?"
Mentallığımızı görükdürən ifadələr
sırasındadır bu.
Bəs
"Cik-cik xanım"
nağılına, yəni
"dınqıl sazım,
dınqıl" ifadəsilə
məşhurlaşmış əhvalata nə deyirsiniz? "Zəncir"
hekayəsində milli folklor
çox "diridir":
onu, həqiqətən,
"Cik-cik xanım"ın
əla müasir reversi kimi təsnif
etmək mümkündür.
Lakin A.Elşadlı səhnələşdirmənin protoqonisti Əvəz Əvəzovu sosial funksiya dışına çıxarıb onun ekzistensiyasına enməyə
çalışır. Təsadüfi
deyil ki, "Qaravəlli"
tamaşasının arıq,
hündürboylu Əvəz
Əvəzovu əməkdar
artist İzaməddin Bağırovun
ifasında karikatura və ya şarj
təəssüratı oyatmır,
daha çox qaşları düyünlənmiş
şlyapalı qəmgin
Pyeroya bənzəyir.
Aktyorun üz cizgilərindən Əvəz
Əvəzovun əmin,
ürəyiyuxa, üzüyola,
hər şeyə əlüstü inanan bir kimsə olduğu həməncə
oxunur.
Nəyin
əsasında mən
gəldim bu qənaətə? Əvəz
Əvəzov - İ.Bağırov dördkünc
"yaralı" divarın
arxasından gəlib səhnənin ikinci planı ilə addımlamaq istəyərkən,
qəfil yadına düşür ki, saatın
neçə olduğunu
bilmir. Dönüb baxır ki, qonşusu Kazım Kazımov (Anarın mətnində o,
Əli Əliyev kimi verilir) küçə
ilə addımlayır.
Əlüstü ondan
soruşur ki, saat neçədir? Qonşusu
da cavab verir ki, əgər ona diş qurdalamaq üçün bir kibrit çöpü gətirsə, saatın neçə olduğunu deyər.
Elə bu nöqtədən də Əvəz Əvəzovun cəfəng,
məntiqsiz, absurd macərası
start götürür. O, sosial
münasibətlərin karuselinə
düşür: kimdən
nə istəyirsə,
ondan həməncə
əvəz tələb
eləyirlər: saata görə kibrit, kibritə görə papiros, papirosdan ötrü iki qəpik, iki qəpik əvəzinə
kinoteatra bilet, kinoteatra bilet əvəzinə əmioğlunun
şoferliyə düzəldilməsini,
əmioğlunu şoferliyə
düzəltmək əvəzinə
şairə poema yazdırmasını, poema
yazmaq əvəzinə
balıq gətirməsini,
balıq əldə etmək əvəzinə
ATS-dən telefon çəkdirməsini istəyirlər.
Adam çaş-baş olub
yollarda, mərtəbələrdə,
divarlar arasında qalır. İş o yerə gəlib çatır ki, kimisi Əvəz Əvəzovdan
onu evləndirməsini,
kimisi də ev məsələsini həll etməsini arzulayır.
Nəhayət, məsələ onunla
tamamlanır ki, zəncirin
sonuncu həlqəsi
Kamal Kamalov da imzaladığı
sənədin əvəzinə
çönüb Əvəz
Əvəzovdan saatı
soruşur. Vəssalam,
dairə qapandı. Süjet bitdi: həyat absurdu isə yox. Həqiqətən,
bu cür absurd münasibətlər içrə
yaşamaq son dərəcə
üzücüdür, qapalı
orbitdə dələ
kimi dəlicəsinə
qaçmaqdır, ölənəcən
qaçmaqdır.
Absurd mənaların itirildiyi nöqtədir.
Ona görə də absurddan qurtulmağın iki yolu var: ya
ölmək, ya gülmək; özünə,
ətrafına, dünyaya
gülə-gülə absurddan
xilas olmaq.
Sumqayıtlıların "Qaravəlli"sində
ölüm tərcih edilir: Əvəz Əvəzovun ürəyi
partlamır, göydən
başına daş düşmür; yox, o, sadəcə, qafasını
çiyninə endirib
susur, bitməz-tükənməz
istəklər yarışında
növbədən çıxır.
Abdulla Elşadlı öz tamaşasında bu "əvəz-əvəz" zəncirinin
həlqələrini rekvizit
burunlarla bir-birinə vizual şəkildə düyünləyir. Rejissor
əsərin semantikasına
yeni mənalar gətirməyə
çalışır. Öz
sorğusuna cavab almayan və kibrit dalınca göndərilən Əvəz
Əvəzovun üzünə
həməncə bir rekvizit burun taxırlar. Beləliklə,
nəsə əldə
etmək çabasında
bulunan bütün personajlar bir-bir, növbə ilə müxtəlif rekvizit burunlarla "ödülləndirilirlər".
N.V.Qoqolun "Burun" satirik povestində qəhrəman
burnunu itirir, Abdullanın tamaşasında
isə personajlar əlavə burun qazanırlar. Bunu necə yozmaq, anlamaq olar, yahu?
Rejissor personajları "burunlaşdırmağı"
bir tərəfdən,
milli folklorun, digər
tərəfdən isə,
məşhur rus deyiminin refleksiyası kimi gerçəkləşdirir.
Azərbaycanlılar əhvalı
pozulmuş kimsədən
bir az ciddi,
bir az zarafatyana
xəbər alarlar:
"nə var, yenə
burnunu niyə sallamısan?" Burun sallamaq həyatdan küsmək, rəncidə
olmaq kimi mənalandırılır. Əksərən
insanlar nədənsə
məhrum olanda burun sallayırlar. Anarın "Zəncir"
əsəri cəmiyyətə,
eqoist insan xislətinə bir satira, karikatura olmaqla yanaşı, unutmayaq ki, həm də müxtəlif problemləri olan insanların ünsiyyət
zonasıdır. İnsan
nəsə istəyirsə,
demək, möhtacdır.
Fikir verin, "Qaravəlli"nin
personajları Əvəz
Əvəzovdan tutmuş,
Kamal Kamalova, Gülabə
Gülabovaya qədər,
hamı permanent nədənsə
məhrumdur: kibritdən,
papirosdan, peşədən,
kinoteatr biletindən və digər çoxsaylı nəsnələrdən...
Məhz məhrumiyyət
acısı onları
bu cür xəbis, hər şeyə qənimət kimi yanaşan mənəviyyatsız, insafsız
fərdiyyətçilərə çevirib: hamı başqasına köməyi
unudub birinci özünü düşünür.
Əslində, Anarın
"Zəncir"i rüşvətxorluğun
ictimai modelini, psixoloji strukturunu görükdürür. Nəyinsə
əvəzinə nəsə
istəmək rüşvətin
barter formasıdır. Rüşvət
eqoizmin patalogiyasıdır.
İnsanları rüşvətxor
edən acgözlük
deyil, məhrumiyyət
qorxusudur. Bu kontekstdə
burun rüşvət
verən və rüşvət alan adamın işarəsi kimi də çözülə
bilər.
Digər
tərəfdən isə,
bu burun məsələsi rusların
"ostatsya s nosom"
(hərfi tərcümədə
"burunla qalmaq" deməkdir) frazeologizmilə
baxışır. Ruslar
bu ifadəni o zaman işlədirlər ki, birisi
nəyisə bərk arzulayır, bunun üçün əldən-ayaqdan
gedir, səhər-axşam
fasiləsiz çalışır,
axırda isə aldadılır, uğursuzluğa
düçar olur, ümidləri puça çıxır: bir özü qalır, bir də burnu.
Sumqayıt "Qaravəlli"sinin
personajları da öz
adi məişət istəklərini belə gerçəkləşdirə bilməyən kompleksli insanlardır.
Odur ki, rejissor bu sosial
tiplərə də bir mərhəmət duyğusu ilə yanaşır: düzdür,
əvvəlcə onları
rekvizit burunlarla ödülləndirib kukla-təlxəklərə
oxşadır, məsxərəyə
qoyur, amma sonra isə bu adamların halına acıyır. Elə ona görə
də tamaşa sosial şarjdır: biz də bu tiplər
kimi, nəsə istəyirik, çox zaman istəyimizin ardınca gedə-gedə rüşvət,
süründürməçilik, biganəlik karuselinə düşürük və
bir də görürük ki, ömür
qurtarıb.
"Qaravəlli" tamaşasında
ara-sıra mistikanın,
fantasmaqoriyanın da əsintilərini
duymaq mümkündür.
Bir də görürsən
ki, divar-şirmanın üstündə
şeytanabənzər bir
məxluq göründü.
Başqa bir məqamda isə sarı kombinezonlu, şəlpəqulaq, buynuzlu
digər məxluq adlayır səhnə məkanına və personajlarla birbaşa dialoqa girir. Rejissor "Qaravəlli"ni
sosial şarj kontekstindən qoparıb kukla tamaşasına, maska teatrına doğru aparır: hüquqsuz, təşəbbüssüz,
asılı insanları
kuklalar qismində görür, insan münasibətlərinin "əvəz-əvəz"
absurdunu şeytan əməli bilir.
Bütün bunlara rəğmən,
Əvəz Əvəzovun
absurd karuselindən bezikib
ölməsinə rəğmən,
tamaşaya müəyyən
optimist ruh da hakimdir.
Bu optimist ruh daha çox tamaşanın haşiyəsidir, nəinki
mahiyyəti. Sadəcə,
oyunun lap əvvəlində
Abdulla Elşadlı aktyorları
tamaşanı keflə,
ləzzətlə oynamağa,
oyundan həzz almağa kökləyir: rejissor Yaxşı kişi (Kamran Muradlı) və Pis kişini
(Şəmistan Süleymanlı)
Tənqid-təbliğ teatrında
olduğu kimi, iki kloun kimi,
Qaragöz və Həcivət kimi, qafalarına şux sarı rəngli kaskalar geyinmiş inşaatçılar kimi,
oyun babaları kimi səhnənin sağ və sol künclərində tribunada
yerləşdirir və
onlar başlayırlar
gurultulu tərifləri
zarafata qarışdıraraq,
səhnə önündə
sıra ilə düzülmüş aktyorları
öyə-öyə seyrçilərə
tanıtmağa. Sumqayıtlı
aktyorların sevinci, fərəhi, səmimiyyəti
həməncə seyrçi
salonuna ötürülür.
Rejissor aktyorlar üçün tamaşa
kontekstində balaca bir bayram düzəldir,
onları oyuna həvəsləndirir.
Aktyorlar
da bu etibarı yüzdə yüz rejissora qaytarırlar: tamaşa oynanılmır,
su kimi axıb
tez qurtarır; ayrı-ayrı oyun fraqmentlərisə yaddaşda
fiksə edilir. Xüsusilə, nağaraya
dəyən ritmik çırtmalar altında
Əvəz Əvəzovun
- İzaməddin Bağırovun
öz tarixçəsini
hər dəfə eyni tərzdə him-cim üsulu ilə hüznə bələnmiş
bir susqunluqda təkrarlaması yetərincə
ifadəli və məzəli alınır,
vizual meyxanaya dönür.
Bu arada onu da qeyd
edim ki, səhnədə
görünən hər
bir personaj - tip üçün dəqiq koloritli cizgilər tapılıb. Məsələn,
60-70-ci illərdə Bakının
Papanin məhəlləsində
gizli şəkildə,
hətta bölgələrdə
belə, küncdə-bucaqda
xarici siqaret, digər xırdavat satanlar məhz Kamran Məmmədlinin Məmməd
Məmmədovu kimi idilər, kriminal dünyası ilə nəfəs alan, lotuluq eləyən gözü eynəkli, lopabığ tüfeylilər
idilər. Bütövlükdə
bütün aktyorlar personajın peşəsinə
uyğun müəyyən
bir əlaməti əsas götürüb onu qabardırlar, qroteskə meyillənirlər,
diri adamı yox, onun şişirtmə
yolu ilə alınmış şarjını
oynayırlar.
Mən sumqayıtlıların "Qaravəlli"sini
Tənqid-təbliğ teatrı
ilə kukla teatrı estetikalarının
qarışdığı bir sərhədin tamaşası kimi qavradım. Çox xoş oldu ki, rejissorla truppa bir-birlərini bu qədər adekvat anlaya biliblər. Bəlkə bu ondan irəli gəlir ki, Abdulla Elşadlının
özü ixtisasca peşəkar aktyordur. Bütün hallarda "Qaravəlli" tamaşası
Sumqayıt Dövlət
Dram Teatrının balaca
və qiymətli bir uğurudur.
Amma və lakin... bunu da deməsəm, heç olmaz. Fikrimcə, tamaşanın
cilalanmasına, "daranmasına",
obrazların və mizanların plastikasının
daha dəqiq konturlarla işlənilməsinə
ehtiyac var. Nədən
ki, tamaşanın kompozisiyası
təkrarlardan ibarət
olduğundan, burada hər bir mizan,
jest, mimika, davranış
saat mexanizmi kimi dəqiq yerinə yetirilməlidir: kompozisiyada azacıq yayqınlıq, ifa təqribiliyi olmamalıdır
ki, kustarlıq, əyalət
sindromu həməncə
nəzərə çarpmasın,
həvəskar teatrsevərlər
klubu təəssüratı
oyatmasın... Ki, teatrın
qafasına rekvizit burun taxmasınlar.
Hərçənd hər necə olursa-olsun, bu tamaşa müsbət energetika saçırdı
ətrafa. Quruluşçu
rejissor A.Elşadlının
buffonada səciyyəli
"Qaravəlli" tamaşası
müasir teatr dəbindən daha çox, keçmiş sovet dönəminin müəyyən teatr tendensiyaları ilə səsləşsə belə,
yenə öz primitiv səmimiliyi, dinamikası, ritmik dəyişkənliyi, metaforik
obrazları ilə seyrçinin düşüncə
və hissiyyatına toxuna bilirdi.
Sonucda bir məqamı da nəzərinizə çatdırım
ki, burun Fransada parfümerlərin, yəni
əttarların, yəni
ətir düzəldənlərin
və onu satanların ləqəbidir:
peşəkarlıq səviyyəsini
eyhamlaşdırır. Bu isə
Abdullanın tamaşasının
semantikasına "peşəkar
rüşvətxorlar" anlamında
başqa bir çalar da gətirmək
iqtidarındadır. Gəlin,
bir az da gülümsəyək, cənablar,
axı, qaravəlli hər zaman bizim genetik yaddaşımızdadır!!!
Aydın TALIBZADƏ
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, №51-52.- S.28-29.