"Mən belə
düşünürəm..."
Müsahibimiz tanınmış
aktyor, İrəvan Dövlət Azərbaycan Teatrının
direktoru İftixar Piriyevdir
-
İftixar müəllim, sizi səhnəyə gətirən əsas
daxili ehtiyac nə idi?
- Həqiqət
axtarışı.
- Aktyor
və rejissor sənətlərində həqiqət, sizcə,
nə deməkdir?
-
İnandırıcı dəyişmə; hisslərin
düzgün balanslaşdırılması; personajların
müxtəlif xarakterli, müxtəlif koloritli cəhətlərində
insanlığın əsaslarına söykənən
konseptuallıq və sənətkar bütovlüyü.
-
Öz xarakterinizdə səhnə üçün ən əsas
keyfiyyəti nə hesab edirsiniz?
- Zəhmətkeş,
intizamlı, insaflı, prinsipial və vicdanlı
olmağı.
- Aktyor
həyatının mənası nədir?
- Mənəvi
saflıq.
-Peşəkarlığınız
səhnə obrazlarının semantikasında necə təzahür
edir?
- Qətiyyətli
olmaqla.
-
Aktyorun teatr sənətinə verdiyi əsas töhfə nədir?
-
Heçdən var etmə - həm də inandırıcı, əfsunlayıcı,
sehrləndirici.
- Rola
necə hazırlaşırsınız: daxildən xaricə,
yoxsa əksinə?
- Bu, bənzəri
olmayan, misilsiz bir prosesdir. Əlbəttə, öncə, xaricdən
daxilə sirayət baş verir, sonra daxildən xaricə
ötürmə aparılır.
- Bədən,
səs və düşüncə arasında balansı necə
qurursunuz?
-
İntuitiv kommunikasiyalar və biotoklar ötürməsi ilə.
-
İmprovizasiya sizin üçün nə qədər
vacibdir?
- Sənəti
mükəmməl formalaşdıran, yüksək əyarlı
məhsul ərsəyə gətirmək yolunda performansın
qeyri-səlis modeldə zənginləşməsini təmin edən
polifoniya qədər.
- Məşq
prosesində sizi ən çox çətinləşdirən
nə olur?
- Fikirlərin,
təkliflərin dərhal anlaşılması, hər
şeyin asan başa gəlməsi. Belə olan halda fikir
ayrılığı, polemika, mübahisə, müzakirə,
sənət dartışması, çəkişməsi
baş vermir. İnkişaf və yeni səhifələrin
açılması isə məhz müxtəlifliklərin səpilmiş
işıqlarının toplanılmasındadır.
-
Rejissorla yaradıcı dialoq hansı həddə qədər
azaddır?
-
Ümumiyyətlə, yaradıcı dialoqun azadlığı
sərhədsizdir.
- Tərəf-müqabili
ilə enerji mübadiləsini necə hiss edirsiniz?
- Əsasən,
gözlərinin ifadəsi, duyğuların səsi ilə.
Çünki iç dünyasının təşnəsində
yoğrulan bütün dinamika və digər postulatlar məhz
duyğuların səsi ilə gözün ifadə enerjisində
bişmiş şəkildə partnyora sirayət edir.
Şübhəsiz ki, digər prinsiplər də rol
oynayır.
-
Hansı rollar sizi daxildən dəyişib?
- Dəyişdirmək
deyil, zənginləşdirib, deyə bilərəm -
U.Şekspirin "Kral Lir"indəki Lir.
-
"Kral Lir"in yaradıcı prosesindən və öz məşqlərinizdən
razısınızmı?
- Daha
çox rejissordan - Elvin Mirzəyevin iş üslubundan
razıyam. Öz işimi isə premyerada siz dəyərləndirəcəksiniz.
-
Obrazla şəxsi "mən"iniz arasında sərhədi
necə qoruyursunuz?
- Bu
işdə onlar tandem yaradır və xaosun harmoniyaya
çevrilmə prinsipindən yararlanırlar.
-
Hansı teatr estetikası sizə daha yaxındır və niyə?
-
Əslində, bütün modellər və estetik paradiqmalar
intuisiyamda özünə yer tapa bilir, ona görə də təxəyyülümdə
və təsəvvürümdə çoxşaxəli
düşüncə trayektoriyası daim genişlənməkdədir.
"Qeyri-səlis teatrı" sisteminin ərsəyə gəlməsinə
meydan açan bu etalon hələ də zəka aləmimə
işıq tozu yaymaqdadır.
- Teatr
cəmiyyət qarşısında hansı məsuliyyəti
daşımalıdır?
- Vicdani,
mədəni, mənəvi, əxlaqi, tərbiyəvi intizam və
idraki-psixoloji-fəlsəfi inkişaf tendensiyalarının zənginləşdirilməsi
prinsiplərinə xidmət təlqinini.
- Zamanla
aktyor kimi nəyi itirmisiniz, nəyi qazanmısınız?
-
Qazanacaqlarımı itirmişəm, itirmədiklərim isə
qazancımdır.
- Əgər
özünüzü bir cümlə ilə səhnədə
ifadə etsəydiniz, bu cümlə nə olardı?
- Teatr mənim
həyatımdır!
- "Qeyri-səlis
teatrı" sizin üçün nədir: sənət, ritual,
ictimai institut, yoxsa düşüncə forması?
-
Müasir düşüncənin, idraki tələblər
paradiqmasının labirintlərinə, lağımlarına
ilğımlar fenomeni ilə işıq salan real və irreal,
mistik ovqata və intuitiv transekplikasiyalara çevrilən zəngin
mənalar və rənglərdir - sənət ehtişamı.
-
"Qeyri-səlis teatrı"nı səciyyələndirən
əsas tendensiyalar hansılardır?
-
Bütün teatr modellərinin nəzəri cərəyanlarını,
fəlsəfi-psixoloji və vizual postulatlarını
özündə cəmləşdirən, onların hər
birini anlaşılan dərəcədə sistemli metodoloji
prinsipdə əks olunmalarını təmin edən,
çoxluqların xaotikasını yaratmaqla, süjeti mürəkkəb
silsilədə qarışdıran və daraqvari keçidlərlə
ahəngdar minimalizmdə səngitməklə, maksimal
harmoniyaya gətirərək məntiqə bağlayan orijinal
bir sxem və ya sistemdir.
-
Rejissor peşəsi sizcə, daha çox müəlliflikdir,
yoxsa vasitəçilik?
-
Yaradıcı etalondur.
-
Teatrın əsas missiyası nədir: insanı dəyişmək,
onu sual qarşısında qoymaq, yoxsa estetik təcrübə
yaşatmaq?
-
Teatrın əsas missiyası bütün paradiqmalara yeni ahəng
gətirməkdir. O cümlədən də insan fenomeninə.
- Sizin
teatr anlayışınız zamanla necə dəyişib?
- Mənim
teatr anlayışım dəyişməyib, zənginləşib.
Yalnız düşünmə, müşahidə və
çalışmalarımla.
-
"Qeyri-səlis teatrı"nın bugünkü cəmiyyətdə
zəruri olduğuna inanırsınızmı? Niyə?
- Əlbəttə
və mütləq!.. Əks təqdirdə, bu barədə
düşüncələrimi daim itiləməklə məşğul
olmaram. Ona görə ki, idraki, şüuri, mənəvi,
ruhi, psixoloji, fəlsəfi, poetik, üslubi, konseptual və
sair mündəricələrin motivasion dirçəlişi,
sürətli və dayanmadan inkişafı məhz bu sistemin
mahiyyətinə bağlıdır.
- Tamaşa
üzərində işləyərkən, ilkin impuls haradan gəlir:
mətn, ideya, obraz, aktyor, yoxsa vizual təsəvvürdən?
-
İntuisiyanın lokatorlarının ötürdüyü
enerji bazasından.
-
Yaratdığınız yeni sistemdə intuisiyanın və
rasional planın nisbəti necədir?
-
Ümumiyyətlə, nisbətləri hesablamaq mümkün
deyildir, çünki intuisiyanın nəyi diktə edəcəyini
Tanrı vəhyi tənzimləyir.
-
Rejissor kimi, özünüzü daha çox
strukturlaşdıran, yoxsa improvizasiyaya açıq olan hesab
edirsiniz?
-
Strukturlaşma əvvəlcədən baş verirsə, bu,
binar qanununa aiddir. İntuitiv yaranırsa, bu, qeyri-səlisizmin
sisteminin törəməsidir. Mən isə intuisiyamla
çalışıram.
- Dram mətni
sizin üçün toxunulmazdır, yoxsa transformasiya olunan
materialdır?
-
Ümumiyyətlə, mətn kündə deyildir. Ona görə
də onu bir xəmir hesab etmək daha məntiqlidir və belə
tendensiya məzmun dərinliyinin yaranmasına səbəb olur.
-
Klassik mətni müasir səhnəyə gətirərkən
əsas risk nədir?
- Mətni
yanlış anlamaq.
- Simvol
və metaforalarla işləmək sizə daha yaxındır,
yoxsa birbaşa ifadə?
-
Simvolsuz, metaforasız ifadə yoxdur. Sadəcə, onu tapmaq və
ya görmək lazımdır. Bütün ifadələrin məzmununa
aid öz simvolu və metoforu, mütləq ki, vardır.
- Tamaşaçını
yaradıcı tərəfdaş hesab edirsinizmi?
- Birmənalı.
Tamaşaçı ən önəmli yaradıcı tərəfdaşdır.
- Müasir
tamaşaçı ilə dialoq qurmaq niyə çətindir?
- Bu
çətinlik müasir yaradıcı dili bilməyən,
yaxud yaradıcı dili heç olmayanlar üçündür.
-
Teatrın gələcəyini necə
görürsünüz?
- Teatr sənəti
öz enerjisi ilə özünü təmin edən
generatordur. Ona görə də həyat, insan var olduqca, bu sənət
də yaşayacaq və hər zamanın tələblərinə
uyğun, ən müasir formaya düşəcək.
- Milli
dramaturgiya anlayışı XXI əsrdə həllini tapa
bilirmi?
-
Tapacağına nikbin baxıram. Çünki bu istiqamətdə
cücərtilər hiss olunmaqdadır və hətta nümunələr
də göstərmək üçün cəsarətli
olmaq olar.
- Azərbaycan
teatr mühiti dramaturqa nə verir və nəyi məhdudlaşdırır?
-
Qayğıya və tələblərə böyük ehtiyac
duyulan bu institusional ərazi hələ ki, minatəmizləmə
mərhələsindədir.
- Gələcəyin
dramaturgiyasını necə təsəvvür edirsiniz?
- Tam
qeyri-səlis strukturda və adekvat mexanizmlə: fikir, üslub,
forma, xarakter və s. qeyri-xətti normalar arealında. Biz bu
istiqamətdə tanınmış qırğız
yazıçısı, Əməkdar mədəniyyət
xadimi Bekijan Əhmədovla birgə "Yenə gəl -
Mövlanə Cəlaləddin Rumi" adlı əsərlə
ilk nümunəni ərsəyə gətirmişik. Artıq
ikinci - "Bir gecənin hökmü - Çingiz xan" pyesi
üzərində çalışmalarım davam edir. Məncə,
bu hər iki pyes ilk nümunələr olaraq yeni mexanizmin
açarı kimi istifadə oluna bilər.
- Gənc
dramaturqlara ən vacib tövsiyəniz nədir?
-
Bülövlüyə gedən yolda yorulmayan təfəkkürlə
çalışmaq.
İftixar
Piriyev
Söhbətləşdi:
Nərminə Ağayeva
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, №51-52.- S.27.