Buratino şpin
Hekayə
Dünyanın əmin-amanlıq dövrüydü.
Xüsusi təyinatlı
təhsil müəssisəsində
arın-arxayın oxuyurduq.
Bizim qrupda məzəli bir nəfər vardı. Arıq, şəvərək,
uzundraz bir oğlandı. Boyu bir metr yetmiş
beş santimetrə yaxın olardı. Cərgədə həmişə
qabaqda dayanardı. Hərbi məktəbdə
hamıya familiyası
ilə müraciət
olunurdu. Şpinin əsl adının necə olduğunu qrupda çox adam bilmirdi. Təzə tanış olanda özü də soyadını deyirdi və elə qürurla səsləndirirdi ki, bundan
xüsusi zövq aldığı hiss olunurdu:
- Kursant Şpin, cəsarətlə və fəxrlə deyə bilərəm ki, boyum bu qədərdir. Şərəfim naminə
söz verirəm ki, heç vaxt bundan uzun olmayacağam.
Bir də, hələlik
subayam, atam, anam icazə verməyənə kimi evlənməyəcəyəm. Heç kimlə sevgili olmamışam, belə bir fikir
ağlımın ucundan
da keçməyib. Amma evlənəndən
sonra istəyirəm beş uşağım olsun. Qoy, sovet
vətəndaşlarının sayı mənim hesabıma çoxalsın.
Bəlkə də yalan danışırdı, boyu
dediyindən bir az uzun olardı,
çünki boylarımızı
ölçəndə onun
irişə-irişə zürafə
boynunu qaz kimi necə qısdığının şahidi
olmuşdum. Xüsusi təhsil ocağında tankçılar üçün
yüksək hədd bir metr yetmiş
beş santimetr sayılırdı. Şpin
bu qrupa necə düşmüşdü,
ağlıma sığışdırmırdım.
Onda elə fərasət vardı ki, nəinki tankçılar
qrupuna düşərdi,
şeytanı yoldan çıxardıb birbaşa
cənnətə girərdi.
Qrup yoldaşları tez-tez zarafatlaşaraq onu ələ salırdılar.
Gah zürafə boyuna
ilişər, ona
"uzundraz, xeyrə-şərə
yaramaz", deyirdilər,
gah da "uzunun ağlı
topuğunda olar," deyib cırnadardılar.
"Şpin", "Şpinka",
"Şpinyonok" da deyib
onunla əylənənlər
olurdu. Hər dəfə bir söz tapar, deyilənləri zarafata salıb ciddiyə almaz, vəziyyətdən
çıxardı. Bir də
ciddiyə alıb nə edəsiydi?! Vasvasının biriydi. Qız əllərinə oxşar sınmışlarını
gündə on dəfə
sabunlayıb yuyurdu. Böyründən bir çimdik götürəndə
qız kimi ciynə vurub dingildəyirdi.
Zabitlərlə qarşılaşanda gülümsəyib dişlərini
ağardardı. Ən
hirsli zabit də onu görəndə
gülümsəyir, hirsi
soyuyurdu.
- Yoldaş zabit, - deyərək, lap o yapon robotları
kimi əlini gicgahına dirəyib hərbi təzim edərdi. - Şərəfim
naminə and içə
bilərəm ki, siz sovet qoşunlarının
ən xoş görünüşlü zabitisiniz.
- Bəyəm, mən qadınam, madmuazeləm
ki, "xoş görünüşlü"
deyirsən? - Zabitlər
etiraz edəndə də Şpin söz altında çaşıb qalmazdı.
- Bağışlayın, yoldaş
zabit. Mən "xoş duruşlu" demək istəyirdim, birdən dilimdən "xoş görünüşlü"
ifadəsi çıxdı.
Ancaq bu da sizə uyğundur. Heç bilirsiniz, zabit mundiri sizə
necə yaraşır?
- deyə vəziyyətdən
çıxardı.
O vaxtlar orduda hamı bir-birinə "yoldaş" deyə müraciət edərdi. Dünya sistemindəki
"cənab" müraciətinə
ağız büzüb
rişxəndlə yanaşardılar.
"Yox, bir bəy, xan, qolçomaq..." "Cənabın
varidatı, villası
olar, cənab qarem saxlayar. Kirayədə qalan leytenanta da cənab de, maşını, böyük
vəzifəsi, evi olan polkovnikə də..."
İlk vaxtlar kursant Şpin hər şeyə maraq göstərirdi. Nə görürdü, zabitlərə
yaxınlaşır, maraqlanırdı.
Hətta adi, elementar şeylərə marağı da ətrafındakıları
təəccübləndirirdi.
- Yoldaş zabit, bu nə olan
şeydir?
- Bəyəm, siz bunun nə olduğunu
bilmirsiniz?
- Heç də elə deyil, cənab zabit, - nəzakətlə dillənərdi,
- mən bunun nə olduğunu təxmin edirəm, ancaq dəqiqliklə öyrənmək istəyirəm.
O, nəzakətli müraciəti,
xoş davranışı
ilə hamını heyrətləndirirdi.
Kursant Şpinin heç bir qayda-qanun pozuntusuna yol verməməsinə baxmayaraq
onu tez-tez gündəlik naryada qoyardılar. Belə ki, dörd qrupun birləşərək bir
bölük təşkil
etdiyi şəxsi heyət bütün əşyası, ləvazimatı
ilə dördmərtəbəli
binanın bir mərtəbəsində yaşayırdı.
Cəmi bir olan giriş-çıxış
qapısında tumboçka
qoyulmuşdu. Üç
nəfərdən ibarət
olan gün növbətçiləri növbə
ilə həmin tumboçkanın yanında
dayanar, giriş-çıxışa
nəzarət edərdilər.
Sözün qısası,
biz burda həm tələbəlik illərini
yaşayaraq ali təhsil alır, həm də əsgərliyimizi keçirirdik.
Bölük komandiri kursant Şpini uca boyuna, xoş
nəvazişinə və
gülməli çöhrəsinə
görə seçib
ora qoyurdu. Fındıq burnu sifətinə başqa bir görkəm verirdi. Lap Qoqolun personajlarına oxşayırdı.
Onu ilk dəfə görən hər kəs belə düşünürdü. Bölüyü
yoxlamağa gələn
ən qəddar qərargah zabitləri də kazarmaya ayaq basan kimi
onu görər, kefləri açılar, hirs-hikkələri keçib
gedərdi.
Kursant Şpinin rus, ukraynalı, ya da belarus olduğunu da heç kim ayırd edə bilməzdi. Ruslarla bir yerdə olanda deyirdi ki, onun ulu babası Suvorovun yavəri olub. Suvorov hər döyüşqabağı onun
babası ilə məsləhətləşərmiş. Onların nəslindən törəyən bütün
kişilər həmişə
at belində döyüşdə
olublar. İndi də
at dövrü keçdiyindən
tankçı peşəsini
seçib. Nənəsinin
dediyinə görə,
onların nəsil şəcərəsi "İqor
polku haqqında dastan"dakı sərkərdə
İqora bağlıdır.
Ukraynalılarla bir yerdə olanda isə başqa şey danışardı. Ulu babasının
Lvov şəhərinin bünövrəsini
qoyanlardan biri olduğunu deyərdi. Benderlə, Boqdan Xmelnitski ilə əminəvəsi törəmələri
olduğundan fəxrlə
bəhs edərdi.
"Min təmiz xoxol qalıbsa, onlardan biri mənəm", deyib özünü öyərdi.
Elə
ki, belaruslarla bir yerə düşdü, tez dönüb olurdu başqa adam. "Əsl bulbaş mənəm, siz hamınız geydirmə belarussunuz, rusun, xoxolun, moldavanın qarışığından
törəmisiniz", deyib
zarafata salardı. Taras Bulbanı özünə qohum sayardı.
Kursant Şpin belə biri idi. Nə
rus kimi rus, nə ukraynalı
kimi ukraynalı, nə belarus kimi belarus, nə
də adam kimi adamıydı. Əsl buratino idi.
Bir gün Şpinlə birlikdə naryaddaydıq. Mən tumboçkanın yanında dayanmışdım,
o isə "qırmızı
guşə"də təzə
gələn qəzetləri
nizama salırdı. Birdən ucaboylu bir polkovnik qapını
açıb içəri
daxil oldu. Çaşıb qaldım.
Bizim kazarmaya yüksək rütbəli
zabitlər gələrdi,
ancaq polkovnikin gəldiyini birinci dəfəydi görürdüm.
Odur ki, bilmədim
"farağat" komandası
verəm, yoxsa "növbətçi çıxışa"
deyəm. Polkovnik bu an özü mənə yaxınlaşdı,
əl uzatdı, görüşdük.
- Oğlum, heç narahat olma, mən
yoxlama deyiləm, - nəvazişlə bunu deyib əlavə etdi: - Zəhmət olmasa, kursant Şpini çağırın.
"Ay
Allah, hamı gəlib
Şpinlə maraqlanır.
Praporşik də, polkovnik də gəlib onu soruşur", deyə öz-özümə düşündüm
və ucadan səsləndim.
- Kursant Şpin, çıxışa!
"Qırmızı guşə"nin
qapısı açıldı
və kursant Şpinin qıpqırmızı
qızarmış, mürdəşir
yumuş sifəti, bir də Buratinonun
burnuna bənzər burnu göründü. O, polkovniki görən kimi gülümsədi, dişlərini ağartdı.
Burnunun ucundakı yumru fındıq bir az da qızardı.
Tez də ciddi görkəm alıb nizami addımlarla iki-üç addım polkovnikə tərəf addımladı, fil xortumunu
yuxarı qaldıran kimi, bir arşın
sağ qolunu yuxarı qaldırıb gicgahına dirədi. Polkovnik də bir-iki addım ona tərəf getdi.
- Yoldaş polkovnik! Kursant Şpin sizin əmrinizlə gəlmişdir.
Polkovnik
də "farağat"
vəziyyətdə, əli
gicgahında dayanıb
onun raportunu qəbul etdi. Mən bu gözəl
mənzərəni maraqla
seyr edirdim. Birdən hər ikisi əlini aşağı saldı və bir-birinə yaxınlaşdılar.
- Papa!
- Oğlum!
Qucaqlaşdılar. Uzun illərin həsrətliləri kimi bir-birini öpür, sıxmalayırdılar.
Biz ondan sonra bildik
ki, kursant Şpinin atası polkovnikdir. Kiyevdə yerləşən
hərbi dairənin qərargahında əhəmiyyətsiz
bir vəzifədə
xidmət keçir. Oğlunu tankçılar
məktəbinə düzəldənə
kimi neçə adama boğaz çəkib. Bir-birinə
yaman oxşayırdılar.
Zürafə boğazları
və burunlarının
ucundakı fındıq
boyda yumru sanki eyni rəssamın
işiydi. Bundan sonra Şpin tez-tez lovğalanır və atasının adını çəkirdi.
- Heç bilirsiniz, mən kimin oğluyam? - deyirdi. - Mənim atam Qırmızı bayraqlı
Kiyev Hərbi Dairəsinin qərargahında
çox mühüm vəzifədə xidmət
keçir.
Atası
gəlib-gedəndən sonra
bölük komandirinin
münasibəti kursant
Şpinə dəyişdi.
Daha onu gün növbətçisi
qoymadı. İndi o, yeməkxana
növbətçiliyinə gedirdi. Yeməkxanada bizim bölüyün yeri üçüncü
mərtəbədəydi. Üçüncü
mərtəbədə bizdən
başqa daha üç bölüyün
və əsgər bölüyünün yemək
masaları düzülmüşdü.
Hər gün bölüklərdən yeməkxana
növbətçiliyinə yeni kursantlar təyin olunurdu. Onların vəzifəsi qab-qacağı
stollara düzmək və ayrılmış normaları da masalara yerləşdirmək idi. Qab-qacağın qorunmasına
da onlar cavabdehlik daşıyırdılar. Bir də
yeməkdən sonra çirkli qabları yığıb qabyuyulan sexə aparmaq, ordakı maşında yumaq da onların vəzifə borcuna daxil idi.
Yeməkxanada tez-tez çəngəl-qaşıqlar
yoxa çıxırdı,
vaxtaşırı "samovolka"ya
gedən intizamsız kursantlar kimi, onlar da qeyb olurdu.
Bəzən yeməkxana
növbətçiləri fürsət axtarırdılar
ki, bir-birindən qab-qaşıq
oğurlasınlar. Odur
ki, günlərin birində
bölük komandiri şəhərdən şəxsi
heyət üçün
yeni qaşıq, çay
qaşığı və
çəngəl alıb
gətirdi. Hamısını
həmin gün növbədə olan kursant Şpinə təhvil verib buyurdu:
- Apar yeməkxanaya. Deşik aç ki, bizim qaşıqlar seçilsinlər,
o biri növbətçilər
daha bizdən oğurlaya bilməsin.
- Baş üstə! - Şpin əmrə müntəzir dayandı.
- Şərəfim naminə
söz verirəm ki, dediyiniz kimi də edəcəyəm.
Sabah günorta nahar yeməyinə gələndə
gördüyümüzdən heyrətləndik. Şpin
qaşıqların hamısının
ortasını deşmişdi.
Biz boşqabdan borş
götürüb yemək
istəyirdik. Qaşığı
qaldıran kimi borşun suyu qayıdıb boşqaba tökülürdü. Hamımız
dilxor olmuşduq. Bölük komandiri cilov gəmirirdi. Şpin isə dişlərini ağardır,
heç nə olmayıbmış kimi deyirdi:
- Qaşığın qulpu
çox qalın idi, deşmək mümkün olmadı. - Özünə haqq qazandırırdı. - Bir də
nə olasıdır
ki?! Çörəyi doğrayın
borşun içinə,
sonra yeyin. Bəyəm, əcdadlarımız
belə yeməyib?
Çarəsizlikdən boşqabları
qaldırıb başımıza
çəkdik.
Bax, Buratino Şpin belə Şpin idi, Allahın bəlasıydı, hər
halında vəziyyətdən
çıxmağı bacarırdı,
başımıza oyun
açırdı.
Əli bəy AZƏRİ
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, №51-52.- S.26.