Gündəliklərindən
görünən
Yusif Səmədoğlu
"-
Haralısan?
-
Dünyalıyam!"
Bu
qısa qeyd Yusif Səmədoğlunun gündəliyindəndir.
Yusif Səmədoğlu
özünə ünvanladığı suala cavab olaraq
"Azərbaycandanam" demir, "Turan elindənəm" də
demir, "keçmiş SSRİ-dənəm" heç demir.
"Dünyalıyam", deyir.
Zənnimcə,
bu, bir yazıçının, bir yaradıcı insanın
çata biləcəyi ən ali məqamdır.
Özünü böyük dünyanın vətəndaşı,
bir parçası hesab etmək, dünyada baş verən
bütün ictimai-siyasi proseslərə, narahatlıq
doğuran məsələlərə özünü bir insan
kimi, fərd kimi məsul saymaq. Yusif Səmədoğlu bu qeydi
Azərbaycan Parlamentinin Beynəlxalq Münasibətlər və
Parlamentlərarası Əlaqələr Komitəsinin sədri
kimi Brüsseldə separatizm haqqında qanunun müzakirəsində
iştirakı zamanı yazıb. Yəqin
razılaşarsınız ki, bunu sırf siyasət adamı nə
yaza bilərdi, nə də düşünərdi. Ancaq sənət
adamı, yaradıcı insan bu düşüncədə ola
bilərdi. Yusif Səmədoğlu həmin yaddaş qeydinin
altında yazırdı: romanım üçün. Yəni
onun hansısa qəhrəmanı öz milli və şəxsi
sərhədlərini aşıb, bütün insanların
arzu və düşüncələrini ifadə etməlidir,
Qərbin və Şərqin soyuq və qızılı
çərçivələrindən kənarda.
Yusif Səmədoğlunu
bu mərtəbəyə, bu ali məqama gətirən yollar
haqqında düşündüm, o cığırı tapmaq
istədim, bir yol kitablardan gəlirdi, mütaliə etdiyi zəngin
kitablar dünyasından. Onun mütaliə marağı və
mədəniyyəti haqqında 1957-ci ildə
yazdığı xatirəsində oxuyuruq:
"Bizim
evdə bir otaq var. Əvvəllər bu otağın axşam
səkkizdən yanan işığı bəzən səhərə
qədər sönmürdü. İndi isə artıq bir ilə
yaxındır ki, o otağın pəncərələrindən
işıq gəlmir. Bu otaq atamın kabinetidir. Burada hər
şey - uzun və enli yazı stolu, stolun üstündəki qələm
və kağızlar, divarlar boyu qoyulmuş şkafların rəflərindəki
kitablar, hər şey, hər şey bizə son dərəcə
əzizdir...
Atamın
kitabxanası çox zəngindir: Nizami, Marks, Lenin, Puşkin,
Sabir, Petefi, Vaqif, Bayron, Tolstoy, Axundov, Çexov, Molla Nəsrəddin,
Turgenev və s. Onlarla müəllif,
onlarla cild... Bu cildlərin hər birini atam dəfələrlə
varaqlamış, hər birində atamın qeydləri var.
Budur, A.S.Puşkinin 1907-ci ildə Sankt-Peterburqda nəşr
edilmiş on iki cildliyi. "Yevgeni Onegin"in çap
olunmuş cildini rəfdən götürüb varaqlayıram.
Səhifələr atamın qeydləri ilə doludur.
Poemanın qurtaracağında, səhifənin təmiz hissəsində
isə atam bu sözləri yazmışdır: "Eşq
olsun belə sənətkara"... Yaxud başqa bir kitab:
Sabirin "Hophopnamə"si. Kitabın sonuna atam bu sözləri
yazmışdır: "Sənə min rəhmət!.." Bu
misalların sayını istənilən qədər
artırmaq mümkündür...
"Atam
çox oxuyurdu. Əlbəttə ki, onun ən çox sevdiyi
şeir kitabları idi. O özü son vaxtlar tez-tez etiraf edirdi
ki, onun yaradıcılığının kamilləşməsində
kitabların, məhz bədii ədəbiyyatın olduqca
böyük rolu olmuşdur".
Atasının
kitab oxumaq, dünya ədəbiyyatını oxuyub öyrənmək
haqqında tövsiyələrindən, bəzən yeni
çap olunan əsərləri vaxt ucbatından oxuya bilməmək
gileylərindən yazan yazıçı qeyd edir ki:
"İndi mən hər dəfə atamın kabinetinə
ayaq basanda onun kitablar və bədii ədəbiyyat haqqında
dediyi sözləri qulaqlarımda səslənir: "Oxu, bacardıqca
oxu, oxumaqdan hələ heç kəs zərər çəkməyib...";
"Mən dünya ədəbiyyatını
varaqlamışam, amma yadıma düşəndə ki, bir
kitab var, onu oxuya bilməmişəm, min dəfə heyfsilənirəm...";
"Bu kitablar olmasaydı, mən indiyətən
yazdıqlarımın heç yarısını da yaza bilməzdim..."
Bir hadisə
ömrüm boyu yadımdan çıxmayacaq. Bakıya yay tətilinə
gəlmişdim. Axşam saat on bir radələrində, bilmirəm,
nə iş üçünsə atamın yanına -
kabinetinə girdim. Mənim ayaq səslərimi eşidib o,
başını qaldırdı. Mən onun yaşarmış
gözlərini gördüm. Sözün düzü,
özümü itirdim. Hələ indiyə kimi heç vaxt
atamı gözüyaşlı görməmişdim. O, məni
yanına çağırıb əlində tutduğu
"Hophopnamə"ni stolun üstünə qoydu və
kövrəlmiş bir səslə dedi: "Deyirəm, görəsən,
Sabir yüz il yaşasaydı, dünyanın beli
qırılardı? Eh, namərd dünya!.. Sən Sabiri
oxumusanmı?"
Cavab
verdim ki, oxumuşam.
Oxu, həmişə
oxu. Yoldaşlarına da de ki, oxusunlar, deyə atam bir an susdu,
sonra əlilə kitab şkaflarını göstərdi.
- Bax, mən
dünyanı tutub durmayacağam... Bu kitabların
hamısı sənin olacaq. Əgər bir gün sən bu
otağa girib kitablardan birini varaqlamasan, onu bil ki, mən qəbirdə
də bundan xəbər tutacağam..."
Yazıçının
qardaşı Vaqif Səmədoğlu isə Yusiflə
bağlı xatirələrində yazır ki, mən
atamın ağladığını Yusif Moskvada Ədəbiyyat
İnstitutuna qəbul olanda görmüşəm. "Yusif sənədlərini
Qorki adına Ədəbiyyat İnstitutuna verdi. İnstitutun
rektoru Polikarpovla yanaşı, bir neçə müəllimin
sorğusundan keçdi. Həmin müddətdə atam Ədəbiyyat
İnstitutunun dəhlizində dayanıb gözləyib.
Sorğu-sual başa çatıb. İçəridəkilər
çıxıblar. Təbii ki, Polikarpov da, institutun digər
professorları da atamı yaxşı tanıyırdılar.
Onlar qələm yoldaşı idilər. Rektor
yaxınlaşıb. Atam ondan soruşub.
- Hə,
mənim oğlum necədir?
-
İxtiyar məndə olsaydı, oğlunuza elə indi diplom verərdim.
Gözəl cavab verdi. Bizim məzunların hamısı
birlikdə bu saat sizin oğlunuzun onda biri qədər bilmir, Səməd
Yusifoviç. Oxumurlar...
Övladı
barədə Qorki adına Ədəbiyyat İnstitutunun
rektorundan bu cür sözlər eşitmək ata
üçün qürurdur. Elə onda ağlamışdı
Səməd Vurğun.
Bu
uğur öz-özünə gəlib
çıxmamışdı. Yusifin geniş mütaliə mədəniyyətinin
nəticəsi idi. Mütaliə mədəniyyəti Yusifin
öz daxilindən gəlirdi..." Göründüyü
kimi, Yusifi mənən zənginləşdirən yollardan biri
kitab və kitab dünyasına gedib çıxırdı.
Bir yol isə
mənsub olduğu şəcərədən gəlirdi, mən
şəcərə deyəndə, təkcə onun genetik və
fiziki şəcərəsini - Vəkilovlar nəslini nəzərdə
tutmuram. Ümumilikdə Şərq təfəkkürünü,
türk əxlaq və zəkasını, şərqli
ziyasını nəzərdə tuturam.
Bu barədə
Yusif Səmədoğlu özü yenə gündəliyində
yazır: "Azərbaycanın əxlaqi saflıq genləri
dağılmazdır... Əxlaqi saflıq deyəndə, təbii
ictimai əxlaqı nəzərdə tutmuram - bu, totalitar
rejimin nəticəsidir - irsi əxlaqı nəzərdə
tuturam". İrsi əxlaq genlərimizi dağılmaz hesab
edən yazıçı fəaliyyətinin bütün
istiqamətlərində, istər yazı masasının
arxasında, istər parlament kürsüsündə, istər
meydan hərəkatında bu genlərin müqəddəsliyini,
toxunulmazlığını qorumağa
çalışmışdır.
Yusif Səmədoğlunun
gündəliyi həm onun özünün şəxsiyyət
kimi obrazının bir göstəricisi, portretini tamamlayan və
tanıdan ştrixdirsə, digər tərəfdən,
dövrün siyasi mənzərəsini - meydan hərəkatını,
siyasi hərc-mərcilikləri, daxili çaxnaşmaları,
beynəlxalq sferadakı münasibətləri, iqtisadi çətinlikləri
və yazıçının bütün bu adı çəkilənlərə
münasibətini əks etdirir.
Ancaq hər
nədən yazırsa-yazsın, "romanım
üçün", "yeni hekayə
üçün", "görəsən, bir roman da yaza
bilərəmmi?", "məqalə üçün",
"yazmamaq mənim üçün beyin qurutmaq deməkdir",
"Ən qəribəsi də budur ki, çox sirləri ölümlə
o dünyaya aparmaq istəmirəm. Yəqin ki, eqoistlikdəndi.
Heyif... Təki romanımı qurtara bilim. Romanımı
qurtarsam, şübhəsiz ki, ürəyimi
boşaltmış olacam", - kimi yaradıcılıq
planları cızır, bütün görüb
müşahidə etdiklərini ədəbiyyatın
yaddaşına köçürmək istəyirdi. Bu niyyətlərindən
biri də Mirzə Cəlil haqqında xatirələr adlı
bir yazı yazmaq idi. "Povestmi, romanmı, bilmirəm, amma hər
halda bir şey yazmalıydım. Deyəsən, bu fikir yenə
məni hərləyir. Bəlkə də, ayrıca əsər
olmadı. Təzə yazdığım romanda onun süjetinə,
mövzusuna axıb əriyəcək bir mövzu oldu".
Yusif Səmədoğlu
gündəliklərində tez-tez səhhətindən
şikayət edir, əcəldən romanını bitirmək
üçün möhlət istəyir, bildiklərini
özü ilə, ölümlə aparmaq istəmədiyini
bildirir, dərhal bu arzusuna görə özünü ittiham
edərək, bunun eqoistlikdən irəli gəldiyini
düşünürdü.
Gündəliyində,
həmçinin cəmiyyətdə, ətrafında baş
verən proseslərə, müxtəlif həyat hadisələrinə
qısa olaraq, bəzən bir cümlə ilə münasibətini
bildirir. Məsələn, "İslamın mahiyyətinə
qayıtmaq lazımdır, İranın icad elədiyi şəriət
qanunlarına yox", deməklə həm islama, həm
islamı öz təmənnalarına uyğun təhrif edənlərə
münasibətini bildirirdi. Yaxud, "xoşbəxtlik və
azadlıq bir-birinə bağlı
anlayışlardır", - deyən yazıçı
xoşbəxtliyi azadlıqla bir tuturdu və təbii ki, bu
anlamda azadlıq çoxqatlı məna
daşıyırdı, sözün azadlığı,
xalqın azadlığı və nəhayətdə insan
azadlığı.
Gündəliyində
ruslar haqqında yazdığı fikirlər də
maraqlıdır: iki ildən sonra Rusiya əsl mənada
militarist dövlət olacaq. Araq və zalımlıq, daxili əxlaqsızlıq,
insani humanist meyarların tədricən yox olması. Məhz
buna görə də XIX əsr bu xalqın tarixində
möcüzə kimi görünür. Rus xislətini obyektiv
qiymətləndirən yazıçı gündəliyin
başqa bir səhifəsində yazır: "Azərbaycan
xalqı əxlaqi saflığını
saxlamışdır... Azərbaycanın əxlaqi saflıq
genləri dağılmazdır. Lakin intellektual səviyyəsi,
müasir texnologiyaya yiyələnmək imkanı məhduddur.
Bu sarıdan... o söz! Qarşıda iki nəslin görəcəyi
işlər var azı!!"
Yaxud
"Allah bizi şöhrət azarından, bir də bolşevizmdən
hifz eləsin. Azərbaycanda demokratik hərəkatı bu iki
amil yalnız puç edə bilər.
Şöhrət
azarı liderlərimizin canına-qanına hopub, bolşevizm isə
camaat arasında yayılmış ən həyati
ideyadır", - deyərək ağrılı nöqtələrimizin
üzərinə işıq salırdı.
Yazıçı
gündəliklərində tez-tez kirlikir obrazını
xatırlayır, onun üçün
darıxdığını bildirir. Bir yerdə isə
yazır: "kirlikir peyda olur və danışır: - Sənə
demədim ki, dünyanın hər günü qətl
günüdür?!"
Ümumiyyətlə,
gündəliyindəki qeydlərində onu daim narahat, nigaran və
qayğılı görürük. "Frankfurta uçuram.
Servis ən yüksək səviyyədə. Özümü
pis hiss eləmirəm. Amma yenə qayğılar, yenə
fikirlər, yenə keçmişin xatirələri,
şübhələri, ümidsizlik quyusunun dibindən
çıxıb məni vahiməyə salan qaranlıq və
ilaxır... Deyəsən, diabet mənim psixikamı o söz.
Yox, sadəcə ömür tükənir, eqoist hisslər
güclənir, cavan olmaq istəyirsən, nə isə...
Romanı qurtara bilməyəcəm", kimi nigaran notlar. Və
nəhayət, deyilənlər gəldi başa.
Yarımçıq qalacağından çox narahat
olduğu, haqqında söhbət gedən əsər bilirik
ki, "Deyilənlər gəldi başa" romanıdır.
Bir oxucu kimi düşünürəm ki, bu əsər bir əsər
taleyi yox, sanki bir insan taleyi yaşadı, ona yazılmasına
icazə verildiyi qədər yazıldı və şəxsən
o roman məndə yarımçıqlıq təəssüratı
yaratmır.
Yusif
müəllim gündəliyinin, həm də
ömrünün sonunda yazır:
"Ümdəsi:
biz dünyaya niyə gəlirik? Bunun cavabını dünyada
yəqin ki, heç kəs bilmir.
Yarım
gecə gəldi, gecə getdi,
Heç
bilmirəm, ömrüm necə gəldi, necə getdi".
Bu yerdə
Anar müəllimin bir yazısı yadıma düşür,
Anar müəllim də ömrü qürbətdə
keçən Ağabəyim ağanın bu məşhur
beytini yazır və deyirdi ki, bəzən böyük bir
roman yazırıq ki, bu iki - Əfsus ki, yarım gecə gəldi,
gecə getdi, // Heç bilmirəm, ömrüm necə gəldi,
necə getdi,- misralarının ifadə etdiyi mənanı verə
bilək.
Həyat
belədir, dünyaya məmləkətin ən şöhrətli
şairinin evində göz açıb, sonradan öz
namını məşhurlaşdırsan da, yüksək
kürsülərdən xalqın, millətin səsini ifadə
etmək səadətini və məsuliyyətini yaşasan da,
ecazkar qələminlə ismini ədəbiyyat tarixinə əbədi
yazdırsan da, bir gün hamı kimi "insan dünyaya niyə
gəlir?", "heç bilmirəm, ömrüm necə gəldi,
necə getdi", - kimi sual və nidalarla baş-başa
qalırsan.
Yusif Səmədoğlu
kimi.
Aygün
BAĞIRLI
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, №51-52.- S.24.