Vətən sənə "oğul" dedi...
"Öz təmkin atı
ilə
çox tozanaq atlını ötüb keçən" professor Tofiq
Əbdülhəsənlinin
70 illiyinə
Professor Tofiq Əbdülhəsənli mənim tələbə yoldaşımdır. Onun haqqında olan məqalədə rəsmi məlumatları,
hamıya bəlli statistik informasiyaları yox, xatirələrimi yazmağı daha düzgün hesab etdim.
1970-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsi intibah dövrünü yaşayırdı. 1919-cu ildə
BDU təsis edilərkən
onun ilk iki fakültəsindən biri
olan bu qurum
tarixin çətin sınaqlarından keçərək
məhz 70-ci illərdə
öz zirvəsinə
çata bilmişdi. İyirminci illərdə Bəkir Çobanzadələrin
başladığı estafet
yalnız 40-cı, 50-ci illərdə
ilk milli kadrlarını alim kimi yetişdirə bildi. Məmmədağa Şirəliyev, Məmməd
Arif Dadaşzadə, Muxtar Hüseynzadə, Həmid Araslı, Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Əli Sultanlı, Cəfər Xəndan, Məmməd Cəfər və digərlərinin yaratdığı özül
üzərində üçüncü,
daha möhtəşəm
bir nəsil yarandı.
Azərbaycan ədəbiyyatında mövcud olan
"60-cılar" xüsusi, ədəbi mühiti dəyişdirən və
qüvvətləndirən hadisə olduğu kimi Bakı Dövlət Universitetində
"70-cilər" də görkəmli
şəxsiyyətlərin bir arada elm və
təhsil, zəka və ürfan yolu ilə xalqın
bilik və maarif dünyasını zənginləşdirdiyi mərhələ
olaraq tarixə yazılıb. Bəxtiyar Vahabzadə, Ağamusa Axundov, Mir Cəlal Paşayev, Əlövsət
Abdullayev, Tofiq Hacıyev,
Əli Fəhmi, Fərhad Zeynalov, Yusif Seyidov, Firudin Hüseynov, Təhsin Mütəllimov,
Xalid Əlimirzəyev,
Abbas Zamanov, Əzizə
Cəfərzadə, Gülhüseyn
Hüseynoğlu, Pənah
Xəlilov və başqa görkəmli aimlərin dərs dediyi dövrdə, xoşbəxtlikdən, biz tələbə
idik. Zarafat deyildi, bizə dərs deyən müəllimlərin arasında
neçə-neçə dünya
şöhrətli, məşhur
insan, Xalq şairi və Xalq yazıçıları,
Dövlət Mükafatı
laureatları var idi. Hər biri ayrı-ayrılıqda
canlı əfsanə,
elm və insanlıq məktəbi, həyat universiteti olduqları bir mühitdə ən çətin iş belə şəxsiyyətləri tələbə
olaraq qane etmək idi. Bax, bu məsələdə
hamımızdan fərqlənən,
hər kəsdə həsəd hissi oyadaraq bütün fənlərdən "əla"
qiymətlər alan, mühazirələrdə müəllimlərə
ən maraqlı və düşündürücü
sualları verən, seminarlarda hamıdan yaxşı və ətraflı cavab verən, bir növ o "ağır artilleriyanın" qabağına
çıxarmalı, müəllimlərin
yanında üzümüzü
ağ edən bir tələbə yoldaşımız var idi.
Öz mədəniyyəti,
yüksək intellekti,
səliqəli geyim-keçimi,
həm də mehribanlığı, çalışqanlığı,
səmimiyyəti, vətənpərvərliyi
ilə hamıdan seçilən, tələbələr
arasında rəğbət
oyadan bu oğlan sonralar bizim bütün ümidlərimizi doğruldan,
kursumuzda ilk elmlər namizədi, sonra da ilk elmlər doktoru olan professor Tofiq Əbdülhəsənli idi.
Doğrudur, böyük çətinliklərdən
keçsək də,
yeni cəmiyyət doğuldu,
ölkəmiz müstəqil
oldu, yenidən qurulduq, dəyişdik,
"babaların min illik
arzuları" gerçəkləşdi.
Bu gün həmin illəri xatırlayarkən
düşünürəm ki, əgər Tofiq müəllim kimi vətənpərvər oğullar
Xəlil Rzanın qadağan olunmuş şeirlərini, Bəxtiyar
Vahabzadənin "Gülüstan"
poemasının əlyazmasını,
Gülhüseyn Hüseynoğlunun
o vaxtlar heç kəsə məlum olmayan yazılarını,
daha nələri, nələri gizli-gizli, ancaq cəsarətlə gənclər arasında yaymasaydı, bizi bu qədər vətən sevgisinə kökləməsəydi, yetkin
vətəndaşların formalaşmasına
yeni kərpiclər qoyulmasaydı,
bəlkə də
Milli azadlıq hərəkatı
baş tutmazdı, ürəklənib mitinqlərdə
sözümüzü deyə
bilməzdik, birlik, həmrəylik nümayiş
etdirə bilməzdik,
soyuq havalarda səhərə kimi meydanlarda oyaq qalmağa özümüzdə
qüvvə tapa bilməzdik
və bəlkə müstəqil dövləti
də qura bilməzdik.
Hər gün salamlaşanda vətənpərvər şairlərimizdən,
ən çox da Xəlil Rzadan bir-iki bənd mütləq deyərdi:
Düşmən naşı deyil,
seçir kütləri,
Xalqı
öz əli ilə susdurmaq üçün.
Çəkir vəzifəyə, dartır
irəli,
Qəbrini özünə qazdırmaq
üçün.
Düşmən axmaq deyil... tanıyır, tapır,
Diriykən ömrünü bitirmişləri.
Xalq üçün düşməndən
daha qorxulu,
Milli simasını itirmişləri.
Biz də böyük qardaşımızın şövq
ilə dediyi bu misraların təsiri altında milli duyğularla çılğıncasına
çırpınan gənc
ürəyimizdə "azadlıq",
"müstəqillik", "vahid Azərbaycan" kimi böyük ideyalar haqqında düşünər, ona böyük heyranlıqla qulaq asardıq. Yaxşı xatırlayıram
ki, hər dərsin əvvəlində belə
hisslərlə köklənməyimiz
bizim dərslərə
marağımızı xeyli
artırar, xüsusən
xalqın milli dəyərləri,
ədəbiyyatı, dili,
tarixi ilə bağlı mühazirələrə
daha böyük həvəslə qulaq asar, seminar dərslərində
müəllimlərlə mübahisəyə
cəsarətlənərdik. Dil dərslərində Tofiqin tənəffüs zamanı dediyi misraların təsiri altında müəllimlərdən
daha dürüst və ətraflı məlumat tələb edər, onların hələ yuxarı kurslarda bizə tədris edəcəyi
Mahmud Kaşğari, Mirzə
Kazım bəy, Sultan
Məcid Qənizadə
haqqında artıq məlumatlı olduğumuzu
gizlətməzdik:
Ehtiyac varmı sənin tərifləyim dilini,
Kaşğarlı Mahmudunu, Məhəmməd
Füzulini?!
Ehtiyac varmı deyim
Sənin
ana dilində
Yaşar
Şərq əzəməti,
Al qanını zülmətə
İşıq kimi çiləmiş,
Ehkam cəbhələrini
Darmadağın eləmiş Nəsiminin qeyrəti?!.
Bu gün
belə şeirləri
oxumaq, əzbərləmək,
təhlil etmək sadə məsələdir,
hamı üçün
əlçatandır, ancaq
həmin illərdə
bu misraların hər birinə görə ən ciddi cəza tədbirləri görülürdü.
Bununla belə, fakültəmizdə, qrupumuzda
hər kəsin ürəyində saf bir toxum əkilmişdi,
biz yaşa dolduqca o da göyərir,
böyüyür, yarpaqları
solmayan sarmaşıq
kimi bizi vətənə, xalqa, elə-obaya, böyük amallara bağlayırdı.
Bu günə kimi yaşayan həmin sarmaşığın
bağbanı isə Tofiq Əbdülhəsənli
idi...
Əfsanəvi müəllimlərimizə görə
"xoşbəxt insanlar"
titulu yaraşsa da, yaşadığımız
dövrə görə
kiminsə bizə həsəd aparacağına
inanmıram. Əksinə,
bu baxımdan biz XXI əsrin 20-ci illərində, müstəqil,
sabit, suveren, inkişaf etmiş demokratik bir ölkədə yetkinləşən
gənclərə paxıllıq
edə bilərik. Bizim gənclik illərimizdə görmədiyimiz
hadisə qalmadı, müharibə, qaçqınlıq,
aclıq, vətəndaş
qarşıdurmaları, devalvasiya,
dövlət çevrilişləri,
müxtəlif faciələr,
inflyasiya, daha nələr, nələr...
Bu çətin mərhələnin sonunun
nə vaxt gəlib çatacağına,
getdiyimiz qaranlıq tuneldə işığın
nə zaman görünəcəyinə ümid
də yox idi, bunu səmimiyyətlə
etiraf etmək lazımdır. Belə mürəkkəb tarixi dönəmdə ümidini
itirən insanların
əksəriyyəti ailəsinin
ibtidai tələbatını
ödəmək üçün
ixtisasından, peşəsindən,
hətta vətənindən
uzaqlaşdı, ticarətlə,
iaşə xidməti
ilə məşğul
olmağa başladı,
Rusiyaya, İrana, Türkiyəyə getdi. Bütün çətin
sınaqlar məhək
daşı funksiyasını
yerinə yetirdiyi kimi, bu dəfə
də belə oldu. Yalnız əsl peşəkarlar, sənətinin fədaisi olanlar, vətənə ürəkdən bağlananlar
fərqli mövqe tutdu. Tofiq müəllim
də belə çətin günlərdə
qələmindən, yazı-pozusundan,
müəllimliyindən və
vətənindən ayrılmadı.
Yüz yerdən yüz təklif gəldi, necə deyərlər, "qızıl
dağlar" vəd etdilər, parlaq karyeraya, Türkiyə universitetlərində kafedra
müdiri, digər vəzifələrə dəvət
etdilər, getmədi.
"Mamır olub vətən qayalarında bitməyi" qürbətdə
qızılgül olub
büllur vazalarda bəslənməkdən daha
dəyərli hesab etdi və tarix
göstərdi ki, o, düz edib! Tunelin sonu da
gəlib çatdı,
işıqlı günlərə
də çıxdıq,
özü də belə vətənpərvər,
yurdsevər, sözdə
yox, əməldə xalqa, torpağa, elə-obaya bağlı vətəndaşların hesabına
çıxdıq, bax
o zaman kimin kim olduğu bilindi.
Bu gün
professor Tofiq Əbdülhəsənli ölkənin
tanınmış ziyalılarından
biridir, respublikanın
Əməkdar mədəniyyət
işçisidir, "Tərəqqi"
medalına layiq görülüb, onlarla kitabın müəllifidir,
Azərbaycan Yazıçılar
Birliyinin, Jurnalistlər
Birliyinin və Respublika İqtisadçılar
İttifaqının üzvüdür,
"Qızıl Qələm",
"Həsən Bəy
Zərdabi" və
"Araz Ali Ədəbi" mükafatları
laureatıdır. O uzaq
70-ci illərdən başlayan
yol hədəfləri
düzgün müəyyənləşdirən
Tofiq müəllimi
"çox tozanaq atlını təmkin atıyla keçərək"
rəsmi adlardan savayı "əsl kişi", "xalqın
dəyərli ziyalısı",
"nəcib insan"
titulları ilə şərəfli bir ömrün 70-ci zirvəsinə
çatdırıb. Xəlil
Rza Ulutürkün təbiri ilə desək, bu dünyada "Tofiq də çoxdur, Əbdülhəsənli də.
Tofiq Əbdülhəsənli
isə təkdir!"
Təbrik edirəm!!!
Fikrət
ŞİRİYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, №51-52.- S.22.