İrfan bağçasının
"canfəza" gülünə...
Ədəbiyyatşünas alim Nəzakət Məmmədlinin əziz xatirəsinə həsr olunur...
Həm aşiqdi, həm də "Aşiqlərin dostu" - "Ənisül-üşşaq"dı o... Həzrəti Mövlananı, Həzrəti Şəmsi
tanıdım onunla. Həzrəti Rabianı tanıtdı mənə.
Heyran oldum. Həm tanıdana, həm
tanıtdığına... Seyid Nigarini sevdirdi mənə.
Övliyalardan söz açardıq. Allah sevgisi, övliya məhəbbəti
məndə hələ uşaqlıq illərindən
vardı. Ailəmizdə əziz valideynlərimin Uca Allaha
(c.c.), Peyğəmbərimizə (s.a.s.), Əhli-Beytə (ə.),
Haqq dostlarına olan böyük ehtiram və sevgisini
görmüşdüm. Nəzakətlə bəzən
saatlarla o Haqq dostlarının həyatından bəhs edərdik.
İş otağım onun gəlişiylə gözəlləşərdi
hər dəfə. Çünki hər gəlişində
özüylə əsrarəngiz bir aləm gətirərdi.
Bir gənc qız məsumluğu vardı hər ədasında.
Xoş ədalı, nazlıydı əziz Nazım... Adı
özünə çox yaraşırdı Nəzakətin.
Yüksək savadı, dərin elmi, zəngin
dünyagörüşü ilə bərabər, hər rəftarı,
davranışı sadəydi, nəzakətliydi. Könül
saflığından, təmiz əxlaqından qaynaqlanan pak
xislətiylə bəzən bir məktəbli uşaqtək
şən, zarafatcıl, bəzən də yoluna
ömrünü həsr etdiyi təsəvvüf əhli pirlər
kimi ağayana, təmkinliydi.
Bizi doğmalaşdıran ruh yaxınlığıydı, sözsüz...
"Qalu-bəla"dan bəri tanış idik əslində.
Amma bu dünyada tanışlığımıza bir xalq
mahnısı səbəb olmuşdu. Təklikdəykən, ya
da ən yaxın rəfiqələrimin yanında hərdən
zümzümə etməyi sevərdim nə vaxtsa... Günlərin
bir günü "Küçələrə su səpmişəm"i
oxuyarkən o da vardı otaqda. Səhərisi gün iş
otağıma gəlib kiçik bir kağıza
yazdığı şeiri təqdim etdi mənə. "Bunu
dünən axşam yazmışam, sizin
üçün..." Alıb baxdım 3 bəndlik bir
şeirdi...
Küçələrə
su səpən qız,
Ürəyimə su tək axdın,
Qoy, su qədər olsun ömrün,
Qoy, su kimi olsun
baxtın...
O vaxt əziz
Nəzakətin mənə həsr etdiyi bu şeir məni
uşaq kimi sevindirmişdi. İndi isə uşaq kimi
ağladır məni... "Küçələrə su səpən
qız" adlandırdığı bu şeir, onun
yazıldığı o saralmış kağız
parçası, üzərində Nazımın uşaq xəttinə
bənzər doğma yazısı bu gün mənimçün
olduqca əziz və qiymətlidir.
Gözəl alim olmaqla bərabər,
həm də gözəl şairdi Nəzakət Məmmədli.
Şeirlərini bir yerə toplayıb bir kitab kimi çap etməsini
çox söyləmişdim ona... Son illər, nəhayət,
razılaşmışdı. Çox təvazökardı...
Şeirləri də özü kimi həm sadə, həm də
əsrarəngizdi əziz Nazımın...
Nəzakətçün şeir candı, canlıydı...
Çox sevdiyi dahi Füzuli demişkən: "Can
sözdür, əgər bilirsə insan, Sözdür ki,
deyirlər, özgədir can"... "Füzuli"
demişkən, Nəzakət Məmmədli üçün
"Füzuli" demək - "Eşq" deməkdi... Onun
ilk elmi əsəri də Füzulidəndi. "Leyli və Məcnun"
əsərində irfandan bəhs edirdi ilk monoqrafiyası.
Füzulinin çox sevdiyi şeirləri arasında "Ya Rəb,
həmişə lütfünü et rəhnüma mana" və
"Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl
hüda!" qəzəllərinin xüsusi yeri vardı.
Ötən il onun təşkilatçılığı ilə
keçirilən Füzuli konfransında online iştirak
edirdim. Moderator olduğu bölümdə məruzələr
bitdikdən sonra Füzulidən bizə bir şeir
oxumasını rica etdim. Hər zamankı kimi özünəməxsus
xoş bir ədayla eşqini dilə gətirdi bu Həqiqət
yolunun arifi:
Qəd ənarəl-eşqə-lil-üşşaqi
minhacəl hüda!
Saliki-rahi
- həqiqət eşqə
eylər iqtida...
Gözəl
insan, dəyərli alim olmaqla yanaşı, həm də
gözəl, etibarlı, fədakar ömür-gün
yoldaşı, mehriban, qayğıkeş anaydı Nəzakət.
İki dəyərli insanın, gözəl ziyalının
qurduğu ailə ocağında dəfələrlə qonaq
olmuş, halal süfrələrində duz-çörək kəsmişdim.
3 gözəl övlad anasıydı Nəzakət Məmmədli.
Son illərdə çox gözəl, ona yaraşan bir vəzifəsi
də vardı. Xəzər Universitetində yeni
açılmış "Mövlana Araşdırmaları
İnstitutu"nun rəhbəriydi.
Əgər Nəzakətlə bağlı
bütün xatirələrimi,
duyğularımı, düşüncələrimi qələmə
almaq istəsəm, buna bir kitab belə yetməz... Amma ondan
yazmaq çətindi, həm də çox çətin... O
gözəl, mehriban baxışı, şirin,
qayğıkeş, "Ca-aann" - deyə səslənişi,
indi canımı yaxır... Bu yazını da can
yanğısı və göz yaşıyla yazıram...
Şəlalə Ana HÜMMƏTLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 26 dekabr, ¹51-52.- S.21.