Qatil təbəssüm
Səfərnamə və ya xəndeyi-məqtul
(Qətlə yetirilmiş təbəssüm)
Orta əsrlərdən tarixi hekayət
İlahi-pərvərdigara, bu nə təbəssüm idi? Sanasan külli-kainatın nuru, səmadakı səyyarələrin parıltısı bu təbəssümdə cəm olmuşdu, qönçə dodaqların arasından inci mirvari kimi bərq vururdular...
Kaş elə İstanbulda ayaqlarım iflic olardı, Təbriz tacirləriylə bahəm orda qalardım, o bəduğur Benedikt səfərinə çıxmazdım, o ilahi təbəssümü görməzdim ki, qətlə yetirilməyinə də şahidlik eləməzdim; üstündən otuz il keçsə də, hər gecə o "məqtul təbəssüm" yuxuma girməzdi; hər gecə gözümün səkəsində o inci, mirvari kimi dişlər sökülüb tökülməzdi, o qönçə dodaqlar qana boyanmazdı, ifnaya uğramazdı; gözlərindən cin yağan o qara paltarlı keşişin şeytani qəhqəhəsi qulaqlarımda cingildəməzdi...
Vaqeə isə belə başlamışdı. Xudavəndigar əlahəzrət Fateh Mehmet Benedikt cümhuriyyəti ilə sülh bağlayıb Firəngistana yolları açandan sonra, belə qərar oldu ki, ticarət karvanları günbatana tərəf yol alsın, ticarət pərvəriş tapsın, əsnafın güzəranı daha da yaxşı olsun.
Haman vədələr Ağqoyunlu padşahı Uzun Həsənlə Rum məmləkəti arasında hələ cəngü-cidal başlamamışdı, Təbriz tacirləri rahat İstanbula gedib gəlirdilər, bir qism tüccar, hətta payitəxt bazarlarında dükanlar götürüb ticarət də aparırdı. Babam da bu tacirlərlə bahəm bir neçə il idi ki, İstanbulda ticarətlə məşğul idi. Mən də yanında olardım. Firəng tacirləriylə o qədər həmsöhbət olmuşdum ki, onların dilini də azca öyrənmişdim.
Bir dəfə
gənc bir tacirlə rəfiq oldum. Onların Venesiya dedikləri,
bizim Benedikt kimi adını eşitdiyimiz doğma şəhəri
haqqında o qədər maraqlı nəsnələr
danışdı ki... Böylə
məlum olurdu ki, bu şəhər dənizin ortasında,
suyun içində salınıbmış. Küçələr
yoxdu, evlərin arası sudu, at-araba yerinə qayıqlarda gəzib
dolaşırlar. Mənə çox calib gəldi. Görmək
istədim bu möcüzəni.
Tacir o qədər
məni həvəsləndirdi ki, mən də səyahət
havasına düşdüm, babamı razı saldım ki, Firəngistana
yol alan tüccara qoşulum, Təbriz xalçalarından bəzilərini
uzaq Benediktə aparım, orda baha qiymətə satım... Fəqət,
bilmirdim ki, elə bir ağır könül yarası alacam,
sonra illərlə sinəmdə qövr eləyəcək, məni
rahat buraxmayacaq.
Səfərin
ilk həftələri sakit keçdi. Yolboyu
dayandığımız karvansaralarda yerli xəlq bizə səhradan gəlmiş
əcayib-qərayib adamlar kimi baxırdılar.
Bir ay
sonra gəlib Benedikt cümhuriyyətinin sərhədlərinə
yaxınlaşdıq. Dilmanc söylədi ki, burdan iki yol
ayrılır, biri Benediktə, biri də Florans şəhərinə
gedir.
Karvan da
iki yerə bölünüb yoluna davam eləməliydi. Fəqət,
haman ərəfələrdə mən möhkəm sətəlcəm
olmuşdum. O səbəbdən tacir yoldaşlarımız məni
yolda qaldığımız kənddəki karvansaranın
sahibinə tapşırdılar, pul verdilər ki məni bir
müddət saxlasın, səhhətim düzələndən
sonra məni Benediktə yollasın.
Karvansara
sahibi etiraz eləmədi. Bizlə gələn novcavan yunan dilmanc da mənimlə qaldı.
Nökərlərə tapşırdım, mallarımı
anbara yığdılar.
Beləcə,
Benediktin bir həftəlik məsafəsində olan o balaca
şəhərdə qalası oldum. Adı heç cür
dilimə yatmırdı. Əslinə qalanda heç yadda
saxlamaq hayında da deyildim.
Bizə
ayrılan otaq karvansaranın mətbəxinin üstündəydi
deyə, isti idi. Buxarını da yandırmışdılar.
Yunan
dilmanc məni yerbəyer edəndən sonra dedi ki, karvansara
sahibindən xahiş etmişəm, səni
sağaltmaqçün əczalar göndərəcək.
Buralarda havalar soyuq olur deyə, əldə hər cür dəva
saxlayırlar ki, xəstələnəndə çox əziyyət
çəkməsinlər.
Gəldiyimiz
gecəni yorğana bürünüb möhkəm yatdım.
Arada dilmanc oğlan mənə nəsə içirtdi.
Heç dadı da yadıma gəlmir. Bircə onu bilirəm
ki, bütün içimi möhkəm
qızışdırdı...
Səhər
hələ yuxudan tam oyanmamışdım, fəqət, qəfildən
qulağıma incə, zərif zənən
gülüşü gəldi. Elə bil xırda bulaqdan gələn
su şırıltısı idi. Gözlərimi yuxulu-yuxulu
bir azca açdım, gözümün qabağında sanasan
bir mələk təbəssümü parladı.
Elə
bildim behişti-əladayam. Gül dodaqlar arasında inci mirvari
dişlərin parıltısından az qala gözlərim
qamaşdı. Duman içində bir pəri
görürdüm elə bil. Özü də haman dəmdə
nə gözləri, nə üzü, nə saçları
gözümə görünmürdü. Yalnız mələk
təbəssümü...
Otaqdakı
balaca pəncərədən düşən gün
şüaları onun ağappaq mirvari dişlərində elə
bərq vururdu ki...
Biixtiyar
gözlərimi yumdum. Ani sükutdan sonra yenə bir
gülüş səsi gəldi. Çətin
anladığım dildə nəsə danışmağa
başladı. Onun ardıyca dilmancın səsini eşitdim.
Anladım ki, dilmancla söhbət eləyir.
Nəhayət,
sükut çökdü. Yenə gözlərimi
açdım. Dilmanc dedi ki, karvansara sahibinin qızıdı,
yemək gətirib.
Yeməkdən
bir az yeyib yenə uzandım və bayaqkı təbəssümü
xəyalımın lövhəsinə gətirdim. Ümumən
çöhrəsini xatırlaya bilmirdim heç cür.
Axşamtərəfi
yenə gəldi. Sadə geyimli bir qız idi, bir suyu da bizim
Qarabağ gözəllərinə oxşayırdı.
Başına da qəribə ləçək
bağlamışdı. Amma təbəssümü... off...
Mənə
baxaraq dilmancla pıçıltıyla yenə nəsə
danışdı, güldü, gətirdiyi yeməkləri
qoydu, getdi... Fikri xəyalımı da özüylə
apardı.
Dilmanc
dedi ki, qızın adı Məryəmdi. Karvansara sahibinin də
yeganə qızıdı. Həm də qonaqlara qulluq edir.
Sonrakı
iki-üç gündə ara-sıra gəlib yemək gətirərdi,
dilmancla bir az danışıb, deyib-gülərdi, ara-sıra
mənlə də danışardı, mən də onların
dilində bildiyim qədəri bir-iki kəlmə cavab verərdim.
Ara-sıra qəribə şirin baxışlarla mənə də
baxardı. Hiss eləyirdim ki diqqətini çəkmişəm... Hər dəfə qapıdan
çıxanda, bir ləhzə çönüb mənə
baxırdı, gülümsünərdi, gül dodaqlar arasındakı
mirvari dişlərinin parıltısını mənə hədiyyə
eləyib gedirdi.
Mən də,
elə gözlərimi yumduqca, onun təbəssümü gəlib
dayanırdı gözümün qabağında. Təbriz
civarındakı kəndimizdə uşaqlıqdan bəri
gördüyüm bütün gözəllərin
gülüşlərini xatırlayırdım, müqayisə
edirdim. Şəksiz ki, bizim gözəllərin də
qönçeyi-xəndanı şirin olardı, fəqət,
o xəndələr sanki bir xəndeyi-məhcub idi, sanasan
gülüşləri də hicablı idi, adam arasında
ürəkdən gülməzdilər, təbəssümlərinə
niqab çəkərdilər. Fəqət, Məryəmin
gülüşü məhcub deyildi, eynən
burdakıların paltarlarının yaxaları kimi
açıq, asudə idi, fəqət, bu asudəliyin
altında əcayib bir sədd var idi. Elə bil gözəgörünməz
bir sədd ona aludə olanların qabağını kəsirdi,
yaxınlaşmağa qoymurdu. Bu xüsusda dilmancla da
danışırdıq, fəqət, hiss edirdim ki, Məryəmin
təbəssümü xüsusunda dediklərim ona bir o qədər
də maraqlı gəlmir, elə belə dinləyir, fikri tamam
başqa yerdədi.
Həftənin
sonuna yaxın bir az özümə gəldim. Üşütmə
canımı tam tərk eləməsə də, artıq durub
gəzirdim. Fikirləşirdim ki, uzağı, dörd-beş
günə tamam səhhət taparam, yolumuza düzələrik,
öz karvanımıza çataram.
Yavaş-yavaş
dilmancla birlikdə otaqdan çıxıb karvansara həyətində
gəzişməyə başladıq. Köhnə də olsa,
səliqəli ikimərtəbəli bir mülk idi,
arxasında da geniş bağ-bağçası vardı. Fəsil
üzü yaya gedirdi deyə, havalar bir az
qızışmışdı. Ağaclar çiçək
açmışdı. Amma mənim
gözlərim bayıra çıxan kimi biixtiyar Məryəmi
axtarırdı.
Məryəm
isə hər yerdəydi...
Elə
bil ki, karvansaranın bütün işləri məhz onun
üzərində idi. Onun yox, onun təbəssümünün.
Sanasan onun təbəssümü olmasaydı, bura bir nəfər
də ayaq basmazdı, karvansaranın ticarəti getməzdi, hər
yan qara dumana bürünərdi. Hiss eləyirdim ki, hamı bu
xoşxasiyyət, şən əhvallı gənc
qızın xətrini çox istəyir.
Karvansara
sahibi də, sanki ondan arxayın idi deyə, özü
bütün günü karvansaranın yeməkxanasında qurdalanardı,
çox vaxt heç bayıra çıxmazdı. Hər
şeyi qızına həvalə eləmişdi.
Məryəm
isə gah karvansara həyətində təzə gələn
qonaqları qarşılayırdı, gah ərzaq gətirən
kəndlilərin qabağına çıxırdı, gah
atlara qulluq edən mehtərlərlə zarafatlaşardı,
gah nökərlərin arasındakı dava-dalaşı sakitləşdirərdi.
Bütün işləri də təbəssümlə,
gülə-gülə həyata keçirirdi.
Tez-tez bizə
də vaxt ayırırdı, bir-iki kəlmə
danışardıq, hərdən mənə də söz
atardı. Öz dilində, "qara oğlan", deyirdi mənə.
Bir dəfə
hiss elədim ki, nəsə məndən danışırlar.
Amma tam anlamadım söhbətlərini. Məryəm gedəndən
sonra dilmanc dedi ki, sənin sirrini açdım ona, dedim ki, bu
qara oğlan sənin təbəssümünə aşiq olub,
ehtiyatlı ol, bu türklərdən hər şey gözləmək
olar. Birdən təbəssümünü oğurlayıb aparar...
O da mənə çönüb xüsusi nəvazişlə
dedi ki, təbəssüm qönçənin ətri kimi bir
şeydi. Ətri qönçədən ayırmaq olmaz...
qeyzləndim dilmanca. Dedim, niyə hər şeyi açıb
tökmüsən? Bizim tərəflərdə belə
şeyə pis baxırlar. Adam içində olan hər hissi,
hər istəyi açıb tökməz...
Bu
müddətdə karvansaraya gəlib-gedən adamlara fikir
verdikcə elə bil başa düşməyə
başladım ki, nə səbəbdən hamı Məryəmi
çox istəyir. Daha doğrusu, onun təbəssümünü.
Burdakı adamların əksəriyyətinin dişləri, ya
tökülmüş idi, ya da qurd yemiş, sapsarı
olardı. Hətta yeniyetmələrin də dişləri
çox pis idi. Ən gözəl zənənlər də
güləndə ağızlarını, ya yelpinclə
örtərdilər, ya da əlləriylə tutardılar. Ona
görə də heç vaxt ürəkdən gülməzdilər.
Çünki təbəssümün yaydığı
işıqdan məhrum idilər.
Dilmancdan
soruşdum ki, bunlar dişlərini misvakla yumurlar? Dilmanc dedi ki
yox, sənin fikrin İstanbula getməsin, sizin peyğəmbəriniz
buyurub deyə, siz həm dişlərinizi tez-tez təmizləyirsiz,
həm də tez-tez yuyunursuz. Orda yaşayan başqa xalqlar da
sizdən ibrət götürüb özlərinə qulluq
edir... Buralarda belə şey
yoxdu.. Əlavə elədi ki,
İstanbulda Firəng rəssamlarının nə qədər
rəsmlərini görmüsən. Fikir vermisən ki,
hamısında adamların ağzı bağlıdı?
Yüngül təbəssüm var, fəqət, bir şəkildə
də ürəkdən gülən adam yoxdu. Çünki
dişlərinin iyrəncliyini göstərmək istəmirlər.
Xatırlayıb
gördüm ki, düz deyir, bunların rəsm əsərlərində
bircə dənə də gülən adam görməmişəm.
Biixtiyar
soruşdum ki, bəs Məryəmin dişləri niyə belə
qalıb? Dilmanc dedi ki, heç ağlıma gəlməyib. Gərək
maraqlanım.
Axşam
dilmanc mənə dedi ki, maraqlandım, Məryəmin anası
əslən başqa məmləkətdən olub. Atası onu
müharibədən əsir kimi gətirib, sonra özünə arvad eləyib. Ona
görə xüsusi qulluq eləməsə də, dişləri
bu cür gözəl qalıb. Eynən uşaq dişlərinə
oxşayır.
Bu
söhbətdən sonra biixtiyar Məryəmin anasının
gəldiyi məmləkəti fikirləşməyə
başladım. Gözümün qabağına yenə də
cənnət kimi bir yer gəldi ki, orda hamının dişləri
inci-mirvari kimidi, illər keçsə də, çöhrələri
solsa da, hamının simasında o mələk təbəssümü
qalır...
Beləcə,
həyət-bacada gəzib dolaşa-dolaşa tam
sağalmağımı gözləyirdim. Artıq karvansaraya
gəlib-gedənlər də bizə öyrəşmişdi.
Arada dilmancdan nəsə soruşub eləyirdilər, amma mənə
çox əhəmiyyət vermirdilər.
Məryəmlə
də aramızda qəribə bir bağlılıq əmələ
gəlmişdi. Hərçənd arada dilmanc vardı, fəqət,
nəzərlərimiz toqquşanda, heç bir sözə
ehtiyac qalmırdı. Baxışlarından elə bir istilik
axırdı ki, bu soyuq məmləkətin günəşindən
daha çox qızışdırırdı ruhumu.
Bir dəfə
Məryəm bizimlə söhbət edəndə,
uşaqlıqda bir Təbriz aşığının dilindən
eşitdiyim qoşmadan bir bənd düşdü yadıma.
Ağzın
bir sədəfdi, dişlər mirvari,
Hər kəlmən
bir inci dürr kimi, gözəl.
Hikmət
dəryasından zühura çıxdın,
Apardın
başımdan əqlimi, gözəl...
Şeiri
oxudum, sonra onların dilinə çevirməyə cəhd elədim,
amma gördüm çətin olur mənə, dilmanca dedim, tərcümə
eləsin Məryəm üçün.
Məryəm
dilmancın tərcüməsini diqqətlə dinləyəndən
sonra ürəkdən elə qəhqəhə çəkdi
ki, ruhum silkələndi... Qəfildən əyilib
üzümdən öpdü... və gülə-gülə
çıxıb getdi.
Məryəmin
busəsi deyəsən, şeirin əvəzi idi. Üzün
müddət çöhrəmi yandırdı. Elə bildim
ki, yanağıma toxunan onun gül dodaqları yox, məhz təbəssümü
idi...
Məhz o
şeirdən sonra, hər dəfə məni görəndə
daha fərqli gülümsünürdü, sanasan hamıya
payladığı təbəssümünün üstünə
bir az da xüsusi bir işvə dadı qatırdı.
Fikirləşirdim
ki, yenə bir-iki şeir oxuyum onun üçün, amma tərslikdən
xatirimə bir misra da sala bilmirdim. Daha dürüst desəm,
yadıma beytlər çox düşürdü, zülfi pərişandan,
qədd-qamətdən, Leyli-Məcnundan, Fərhad və
Şirindən. Fəqət, sədəf dəhana, inci-mirvari
dişlərə həsr olunmuş bir misra da xatırlaya
bilmirdim ki, bəlkə onun bəhanəsiylə yenə mənə
qəfil bir busə hədiyyə elədi.
Bu
minvalla, mələk təbəssümünün
işığında keçirdiyim günlərin birində,
qəribə bir hadisə baş verdi ki, əsl cansuz hekayət
də, elə bundan sonra başladı.
Orda
qalmağımın ikinci həftəsi səhər tezdən
gördüm ki, yaxınlıqdakı kilsənin zəngləri
möhkəm vurmağa başladı. Bu neçə vaxtı
elə şey eşitməmişdim.
Dilmanc
dedi ki, aşağıda söhbəti əsnasında
eşitmişəm ki, bunların keşişi bir müddət
əvvəl vəfat edib, yerinə təzəsi göndəriləcək,
onu gözləyirlər, ona görə kilsə zəngləri
də susub, cümə günləri camaatı duaya
çağıran yoxdu.
Dedim, əgər
indi zənglər vurursa, deməli, təzə keşiş gəlib?
Dilmanc
dedi ki, yəqin elədi.
Haqlıydı.
Günorta həyətdə dolaşanda gördüm ki,
hamı elə bil kimisə qarşılamağa
hazırlaşır.
Məryəm
nökərlərə nəsə başa salır, onlar da
karvansaranın həyətini silib-süpürürlər, səliqəyə
salırlar.
Nahardan
sonra biz həyətdə olanda gördüm ki, bir neçə
ağsaqqal adamla birlikdə orta yaşlı, qara geyimli, zəhmli
görkəmli arıq bir keşiş gəldi, həyətdə
onu Məryəmlə atası qarşıladı.
Keşiş
əvvəl hamıyla hörmətlə
görüşdü, nəhayət, Məryəm qabağa
çıxıb gülümsünərək
duz-çörəklə keşişin qabağına
çıxıb nəsə dedi, baş əydi,
keşişin əlindən öpdü...
Amma Məryəmi
görən keşiş qəfildən tutuldu,
qaşlarını çatdı. Düzdü, çörəkdən
qoparıb duza batırıb yedi, fəqət, hiss elədim ki,
elə bil qəfildən üstünü qara dumanlar alıb.
Sonra onu həyətdə
açılmış süfrənin arxasına dəvət
elədilər. Dilmancla birlikdə həyətin bir
küncündə oturub onlara baxırdım. Böyüklər
oturandan sonra Məryəm yenə həmişə olduğu
kimi gülə-gülə süfrəyə qulluq eləyirdi,
gah yeməkləri gətirirdi, gah da qonaqlarçün şərab
süzürdü.
Mənsə,
daha çox keşişi müşahidə edirdim.
Görürdüm ki, gözaltı ancaq Məryəmə
baxır, onu müşahidə edir. Həm də sevgi və mərhəmətlə
yox, qəribə bir qeyzlə.
Amma çalışırdı ki, büruzə verməsin.
Səbəbini
anlamağa çalışdım. Əvvəl elə bildim
ki, Məryəmin sinəsi, çiyinləri açıq geyimi onu qeyzləndirib.
Sonra fikir verdim ki, burdakı övrətlərin əksəriyyəti
belə geyinib. Bəzilərinin sinəsi Məryəmin
libasından daha açıq-saçıq idi. Fəqət,
keşiş onlara heç fikir
vermirdi, gözaltı yalnız Məryəmin çöhrəsini
süzürdü...
Qonaqların
çoxu şərab içdiyinə görə, bir az sərxoş
kimiydilər, keşişin bu
gizli marağını da, deyəsən, məndən
başqa heç kim sezməmişdi.
Keşiş
gələndən iki gün sonra həyətdə ikən,
yenə onun karvansaraya gəldiyini gördüm. Yanında da
iki qaşqabaqlı rahib vardı.
Yenə onu qapıda Məryəm qarşıladı.
Lakin bu dəfə keşiş sakit qəzəblə ona nəsə
dedi, Məryəm də gedib atasını
çağırdı.
Onlar həyətdə
oturub söhbət eləməyə başladılar.
Dilmancı
göndərdim ki, bir az yavıq getsin, görsün nə
danışırlar.
Danışıqları
isə getdikcə çox qəzəbli əhvala gəlib
çıxdı, ətrafdakı adamlar da onları
çaşqınlıqla dinləyirdilər. Hiss elədim ki, keşiş nəyəsə
israr edir, karvansara sahibi ona yalvarır, xahiş edir. Sonda
keşiş və rahiblər ayağa qalxıb getmək istəyəndə,
karvansara sahibi keşişin ayaqlarına düşüb
ağlamağa, uzun qara əbasının ətəyini
öpməyə başladı.
Heç
nə anlamasam da, hiss edirdim ki, ortada nəsə çox
ağır bir məsələ var...
Nəhayət,
dilmanc da qaşqabaqla mənə yaxınlaşdı,
yanımda oturub susdu. Mən israr elədim ki, nə olub
axı, niyə mübahisə edirlər.
Dilmanc bir
müddət susandan sonra, dedi ki, təzə gələn
keşiş Məryəmi Kilsə məhkəməsinə
çəkib, cadugər kimi mühakimə eləmək istəyir.
Mən də
özümü itirdim. Soruşdum, axı nə səbəbdən?
Bəlkə nəsə cinayət olub, qızın boynunda
qalıb? Ya oğurluq-filan eləyiblər? Ya karvansarada
qalanlardan kimsə şikayət eləyib ondan? Axı ola bilməz?
Biz on gündü burdayıq, bu qız hamıya xoş sifətlə
yanaşıb, hamı onun başına dolaşır,
hamıya kömək edir, heç kimlə mübahisə eləməyib.
Axı niyə onu Kilsə mühakiməsinə verməlidilər?
Dilmanc
ağır-ağır dedi ki, üzündəki təbəssümünə
görə...
Mən
qulaqlarıma inanmadım. Necə yəni təbəssümünə
görə? Bu katolik keşişlərin ağlı
çaşıb nədi? Dəli olublar? Təbəssümə
görə adamı mühakimə edərlər? Bizdə də
Məsihi var, nə qədər keşiş görmüşəm,
amma belə səfeh şey dediklərini eşitməmişəm.
Bu nə sərsəmlikdi?
Dilmanc
izah elədi ki, bizdə Şərqdəki Məsihilik ortodoks
kilsədi, bunlarla eyni deyil. Sizdəki
sünni-şiə kimi fərqlər var. Bunlar katolikdi. Kilsə qanunları
çox qəddardı, hamı kilsənin ittihamından
qorxur. Ən çox da cadugərlikdə, şeytana nökər
olmaqda adamları ittiham edib, tonqalda yandırırlar.
İnkvizisiya deyilən kilsə məhkəməsi var, kimdənsə
bu xüsusda şübhələnirsə, ona rəhm yoxdu.
Heç kim də haman adamı müdafiə edə bilməz,
yoxsa, onu da kafirlikdə, şeytana qul olmaqda ittiham edib cəza
verərlər.
Dedim
axı, Məryəmin cadugərliyə, şeytana qul
olmağa nə dəxli var? Onun ki üzündən cənnət
nuru yağır, mələk kimi varlıqdı. Güləndə
elə bil ilahi nur bərq vurur.
Dilmanc
dedi ki, elə keşişi də qəzəbləndirən məhz
budu. Deyir ki, burda hamı qadınlar çirkindi, üzləri
də, dişləri də kəsafət içindədi. Ona
görə kişilərin ağlını başından
çıxarda bilmirlər, amma Məryəmin təbəssümündə
nəsə şeytani bir gözəllik var, kişiləri
ağıldan eləyir, içində ehtiras, şəhvət
oyadır, günaha batırır, Tanrı yolundan
çıxardır. Bu səbəbdən, şəksiz ki, o
qız cadugərdi, nəsə cadu eləyib, qara qüvvələrlə
əlbir olub, bu gözəlliyi, təravəti ona şeytan
verib ki, kişilərin ağlını dumanlandırsın.
Yoxsa, necə olur ki, burdakıların elə gəncliyindən
dişləri tökülür, heç adamın üzünə
baxıb gülümsünə də bilmirlər,
ağızlarını tuturlar... Fəqət, Məryəmin
dişləri isə mirvari kimidi. Güləndə az qala
şölə saçır.
Şəksiz ki, bu elə şeytan vəsvəsəsidir.
Bu gözəlliyi, bu gücü ona yalnız İblis verə
bilər...
Dilmancın
dediklərini dinlədikcə, az qalırdım havalanım.
Ancaq nəsə deməyə söz də tapmırdım.
Çünki eşitdiklərim ağlı başında olan
adamın şüuruna sığışmırdı.
Dilmanc onu
da dedi ki, burdakı katolik keşiş şəhərdəki
böyük inkvizitoru dəvət edib. İki-üç
günə, o, özü gəlib vəziyyətlə
tanış olacaq, qızı dindirib həqiqəti öyrənəcək.
Dindirmək də ki, kilsə məhkəməsində ancaq
işgəncə verməkdən ibarətdir.
Dedim ki,
elə işkəncələr altında adam hər şeyi
boynuna alar. İblisin övladı olduğunu da deyər, Allaha
asi olduğunu da. İşgəncə altında deyilən
söz necə həqiqət kimi qəbul edilə bilər
ki?!
Dilmanc
dedi ki, bunların ehkamı belədi ki, əgər ilahi həqiqət
sənin tərəfindədisə, işgəncə
altında belə, Tanrı sənə güc verəcək,
ağrı hiss eləməyəcəksən, dözəcəksən...
Əgər ağrı hiss eləyirsənsə, deməli,
Tanrı səninlə deyil, Şeytan nökərisən,
İblisin tərəfindəsən... Hətta yeni
keşiş deyib ki, burdakı adamları da kilsə məhkəməsinə
çəkəcəklər ki, niyə bu vaxtacan Məryəmin
cadugərliyi, şeytanla əlbir olması barədə
inkvizisiyaya xəbər verməyiblər. Yəqin ki, əvvəlki
qoca keşiş də şeytanın nökəri olub. Yoxsa,
bu cadugərin əməllərini görüb susmazdı...
Ölməsəydi, onu da mühakimə edəcəkdilər.
Xeyli
müddət oturduğum yerdə qaldım. Özüm də
bilmirdim nə fikirləşim. Elə qoca karvansara sahibi də
deyəsən, mən haldaydı. Bayaq keşişlə
danışdığı yerdə oturub başını əlləri
arasına alıb fikrə getmişdi. Görünür, kilsə
mühakiməsinə düşəsi olsa, qızının
hansı işgəncələrlə üz-üzə
qalacağını qabaqcadan təsəvvür edirdi.
Fikirləşdim
ki, yox, buna yol vermək olmaz. Hərçənd mən bu yad məmləkətdə
müvəqqəti qonaq idim, heç kimi də tanımırdım,
fəqət, belə ədalətsizliyə dözmək də
mənə məqbul deyildi.
Bizim məmləkətdə belə dilrüba təbəssümü şairlər vəsf edər, şəninə
nəğmələr deyərlər, bunlar fəqət, təbəssümünə
görə kilsə mühakiməsinə göndərib
işgəncə vermək istəyirlər. Bu nə cahillikdi?
Fikrimi
dilmanca deyəndə, qəti etiraz elədi, dedi bu, onların öz işidi, nə
tövr müdaxilə edə bilərik ki? Öz
başımıza əngəl açarıq. Burda kilsənin,
keşişlərin işinə qarışmağın
axırı yaxşı qurtarmır. Bizim
özümüzü də şeytan nökəri elan eləyib,
tonqala atıb yandırarlar.
Əvvəlki
vaxtlarımızı xatırladım, qərara gəldim ki
biz tərəflərdə işimiz müşkülə
düşəndə, elədiyimiz kimi, bəxşeyş təklif
edim keşişə, əl çəksin qızdan.
Dilmancı
götürüb getdim kilsəyə, həyətdə
keşişlə qarşılaşdıq, dilmanca dedim
keşişə tərcümə eləsin ki, bizdə
Tanrının evi harda olur olsun müqəddəs məkandı,
mən də istəyirəm sizə beş-altı dənə
qiymətli Şərq xalçası bəxşeyş eləyim,
istəsə, kəlisayə döşəyər, istəyər
satıb dər-divarını təmir eləyər, öz
işidi.
Sözüm
keşişin xoşuna gəldi, fəqət, bunun əvəzində
Məryəmdən əl çəkməyini istədiyimizi
söyləyəndə qeyzləndi, dedi: - sizin bura gəlməyiniz
də elə o qızın cadugərliyinə bir dəlildi.
Burda ötəri qonaqsız, amma görün, öz şeytani
cadusuyla sizin də ağlınızı necə alıbsa,
beş-altı gün tanıdığınız bir adama
görə, bu qədər bahalı bəxşiş təklif
edirsiz. Başa düşün ki, bu gücü ona İblisin
özü verib ki, insanların ağlını
başından çıxartsın...
Biz etiraz
eləmək istəyəndə, keşiş yunan dilmancı
hədələyib, nəsə ağır sözlər deyərək,
ikimizi də ordan qovdu.
Axşam
karvansara sahibi üstümüzə gəlib bizi danladı ki,
niyə kilsəyə getmisiz, keşiş elə bilir ki, sizi mən
göndərmişəm, əlavə bizi ittiham eləyir ki,
İsanın yolundan çıxmışıq, kafirlərlə
rəfiq olmuşuq.
Anladım
ki, keşişə bəxşeyş təklif eləməklə
işləri bir az da müşkülə salmışıq.
Bu müşküldən nə üsulla
çıxmağı düşündüyümüz vaxt,
daha bir bəd xəbər gəldi...
Otaqda qəmgin
oturduğumuz vaxtda, aşağıdan ağlaşma və
mübahisə səsləri eşitdim.
Dilmancla
birlikdə aşağı düşəndə gördük
ki, həyətdə Məryəmlə atası və bir nəfər
qəribə geyimli kişi mübahisə edirlər.
Dilmanc kənardan
onların mübahisəsini bir az dinləyəndən sonra,
çönüb mənə dedi ki, kimsə təklif eləyib
ki, şəhərdəki kilsədən inkvizitor gələnə
qədər, gərək qızın dişlərini
çıxardaq, ağzı o birilərin gününə
düşsün, onda keşişlərin deməyə bir
sözü olmayacaq. Məryəmin atasının
ağlına batıb bu fikir, gedib bərbər gətirib ki,
qızın qabaq dişlərini dartıb
çıxartsın. Canları bu şeytani bəladan
qurtarsın.
Yenə
canımı vicvicə basdı. İlahi pərvərdigara, bu
nə tövr cəhalətdi axı? Necə yəni dişlərini
çıxartsın?
Qız
ağladı, etiraz elədi, deyəsən, atasının da
yazığı gəldi ona. Qızı dilə tutdu, birtəhər
sakitləşdirdi, sonra bərbər qızın dişlərinə
baxdı, atasıyla nəsə müzakirə elədilər,
sonra bərbər çıxıb getdi.
Belə məlum
oldu ki, işi sabah səhərə təyin ediblər.
Məryəm
ağlaya-ağlaya evə keçdi, atası isə yenə həyətdə
dilxor halda oturub fikrə getdi. Hiss olunurdu ki, çox
ağır seçim qarşısındadı, qızına
yazığı gəlir, amma vəziyyətdən
çıxmağa da başqa yol tapa bilmir.
Biz
dilmancla birlikdə otağa qalxdıq. Mən hələ də
özümə gələ bilmirdim.
Həmin
axşam bizə yemək gətirən olmadı. Əslinə
qalsa, heç biz də yemək hayında deyildik. İkimiz də
sabahkı edamı düşünürdük. Təbəssümün
edamını.
Hətta əvvəllər
Məryəmin gözəlliyinə bir az laqeyd olan yunan dilmanc
da yaman fikirli idi, hiss eləyirdim ki hadisə ona da yaman təsir
eləyib. İkimiz də düşünürdük, amma
ağlımıza bir şey gəlmirdi.
Nəhayət,
qəfildən üzümü dilmanca tutub dedim ki, mən o
qızla evlənəcəm. Buna heç kim bir söz deyə
bilməz. Sonra da onu burdan aparacam.
Dilmanc mənə
baxıb gözlərini döydü, dedi ki, bəlkə
razılaşmadı?
Mən də
bildirdim ki, bu saat o qızın başqa xilas yolu yoxdu.
Əslində
əvvəl də bu xüsusda
düşünmüşdüm, fəqət, fikrimi dilə gətirməyə
ehtiyat edirdim, fikirləşirdim ki, mənə nə qədər
rəğbəti, sevgisi olsa da, Məryəm mənə
qoşulub öz diyarını tərk eləyib yad məmləkətə
getmək istəməz...
Məryəmi
karvansaranın mətbəxində tapdıq. Tək oturub pəncərədən bayıra
baxırdı. Bizi görəndə sanki xatırladı ki,
karvansara tam boşalmayıb, iki nəfər qalıb. Tez
qalxıb qızarmış gözlərini sildi, dilmancdan
üzr istədi ki, səhərdən sizə yemək gətirməmişəm.
Dilmanc onu
saxladı və mən təklifimi dedim.
Məryəm
əvvəl deyəsən, tam anlamadı,
çaşqınlıqla gah dilmanca, gah mənə baxdı.
Ona
başa saldıq ki, bu saat onun başqa yolu yoxdu. Ya kilsə
mühakiməsinə düşəcək, ya bərbər
onu eybəcər bir hala salacaq... Onu yalnız biz xilas edə
bilərik. Onsuz da burda heç kimi yoxdu, bircə
atasıdı. Evliliyə razılıq verib getsin bizimlə.
Məryəm
əvvəl tərəddüd elədi, hiss olunurdu ki,
doğma ocağını atıb getmək fikri onu
çaşqınlığa salıb. Həm də
görünür, qəfil nikah təklifini məhz belə vəziyyətdə
alacağını heç ağlına gətirmirdi. Vəziyyət
isə həqiqətən də, çox dolaşıq idi.
Vaxt da az. Elə bu axşam qərar vermək lazım idi.
Nəhayət,
Məryəm bildirdi ki, hiss eləyirəm, mənə ürəkdən
aşiq olmusan, fəqət, mən getsəm, atam tək
qalacaq. Onun məndən başqa heç kimi yoxdu.
Qısası,
atasıyla məsləhətləşməkçün vaxt
istədi.
Hava
qaralandan sonra otağımıza gəldi, sevinc içində
bildirdi ki, atası etiraz eləmir...
Amma özü bir az tərəddüd içindədi.
Yad məmləkət, tanımadığı bilmədiyi
ölkə...
Mən
bir az özüm, bir az da dilmancın vasitəsiylə onu xeyli
dilə tutdum, öz məmləkətimizin gözəlliyindən, babamın var-dövlətindən,
bağ-bağçalarımızdan və ən əsas da,
bizdə məmləkətdə xatunlara olan hörmət-izzətdən
danışdım. Yavaş-yavaş razı salmağa
başlamışdıq, hətta arada Məryəmin
maraqlandığını hiss eləyirdim, üzündə
xırda təbəssümlər də meydana gəlirdi, qəribə
sevgi dolu baxışlarla mənə baxırdı...
Məryəmin
bu əhvalından mən də xoşhallanıb, öz məmləkətimizi
bir az da həvəslə tərif eləməyə
başladım, bizim xatunların xoş güzəranından
şövqlə danışdım... bəyan elədim ki,
bizdə ev xanımının heç bir qayğısı
yoxdu, heç nəyin fikrini çəkmir, əlinin
altında qulluqçular, kənizlər, qul-qaravaşlar,
xatunun bircə öhdəliyi odu ki, evdə bütün
cisminin gözəlliyini, ruhunun istiliyini yalnız ərinə
sərf eləsin, onun arxa-dayağı olsun. Ən
müşkül məqamlarda da kişi öz
mülkünün qapısından içəri girəndə,
elə bilsin ki, dünyanın bütün əzab-əziyyətini,
qovğalarını, qan-qadasını bayırda qoyub, cənnətin
qapılarından içəri girir. Burda hər şey
xatirindən silinəcək, ruhu rahatlanacaq, yenidən güc
yığacaq, çünki xatun onun üçün
evini-ocağını cənnət kimi saxlayacaq.
Məryəm
söhbətimin məhz bu yerində nədənsə
qaşlarını çatıb, qəribə bir ifadə ilə
fikrə getdi... Xeyli düşünüb soruşdu ki, bəs
evdən kənarda? Qadının yaratdığı və
yaşadığı cənnət ancaq evin içində
olur sizdə?
Mən də
əminliklə dedim ki, əlbəttə. Başqa nə
cür ola bilər ki?
O yenə
fikrə getdi. Onun qaşqabağı mənə də təsir
elədi, susdum, onun rəyini gözləməyə
başladım. Amma dilmanc deyəsən məsələnin
mahiyyətini anlamışdı, bacardıqca mənə
kömək eləməyə cəhd
edirdi... Məryəmə bildirdi ki, bunlarda evlər
böyükdü, həyəti, bağ-bağçası
olur, xanımlarçün rahatlıq çoxdu, bundan
başqa dükan-bazara, toy-bayrama da gedir xanımlar, fəqət,
yalnız öz ərləri ilə...
Dilmanc
xeyli danışdı, fəqət, görürdüm ki, Məryəmin
tərəddüdünü dəf eləyə bilmir.
Axırda
Məryəm ah çəkib ağır-ağır ayağa
qalxdı, qaşlarını çatıb dedi ki, yox, mən
heç yerə getməyəcəm. Mən həyatımı,
gözəlliyimi bir nəfərə həsr eləmək istəmirəm.
Ayaqlarım
titrədi, biixtiyar soruşdum ki, axı niyə? Nə baş
verdi? Niyə fikrindən döndün? Axı burda qalsan, məgər
gözəlliyindən əsər-əlamət qalacaq? Dişlərini
çıxardıb qoca qarıya döndərəcəklər.
Baxışlarını
yerə dikən Məryəm dedi ki, gülmərəm, mən
də hamı kimi olaram. Neynəmək olar. Orda əgər mənim
gözəlliyimi heç kim görməyəcəksə, onlarla, yüzlərlə insan
zövq almayacaqsa, nəyimə gərək o gözəllik?
Bir nəfər üçün necə yaşayım?
Mən
tutuldum, biixtiyar dilləndim ki, məgər hər kəs həyatda
həmin o bir nəfəri axtarmırmı? Onu bütün
dünyadan da üstün bilən həmin bir nəfəri? Məgər
bütün dünyanı o bir nəfərin
ayağının altına atmağa hazır olmurmu insan? Məgər
əsl eşq-məhəbbət dəryasına baş vuranda,
bütün bu məqamlar əhəmiyyətini itirmirmi?
Məryəm
məni sona qədər dinlədi, fikirləşdi, nəhayət,
dedi ki, mən yenə düşünməliyəm, səhərə
qədər gəlib son qərarımı sizə bildirəcəm.
Və sakitcə çıxıb getdi. Qapını örtüb çıxanda yenə çönüb mənə baxdı, gülümsündü, inci dişlərinin parıltısı yenə ox kimi ruhuma sancıldı. Fəqət, bu dəfə o təbəssümün arxasında qəribə bir çıxılmazlıq vardı.
Səhərə qədər yata bilmədik. Dilmancla çox danışdıq, onun tərəddüdünün səbəbini anlamağa çalışırdım. Axı necə ola bilər? Məgər insanın həyatında heç bir əhəmiyyəti olmayan yüzlərlə insanın sənin gözəlliyinə baxıb zövq alması bu qədər vacibdi? Axı onların hamısı yad adamlardı. Məgər səni bütün dünyadan üstün tutan bir kəsin sevgisi, bütün dünyaya bərabər deyilmi?
Yunan dilmanc məni sakitləşdirirdi, fəqət, heç cür özümə gələ bilmirdim.
Səhərə yaxın dözə bilmədim, özüm təzədən gedib Məryəmlə danışmaq istədim. Fəqət, dilmanc məni saxladı. Dedi, sən israr eləməklə, onun qərarına təsir edə bilməyəcəksən. Əgər Məryəm istəsə, özü gələcək.
Gəlmədi... Səhəri dirigözlü açdıq. Gün bir az qalxandan sonra bərbər də gəldi. Pəncərəni açıb gördük ki, elə həyətdə alətlərini taxtın üstünə düzdü, Məryəm də atasıyla birlikdə gəldi. Arada bir dəfə çönüb bizim pəncərəyə baxdı, sonra yenə üzünü çevirdi.
Qıza çoxlu şərab içirtdilər ki, ağrı hiss eləməsin. Sonra da bərbər kəlbətinlə bir-bir qabaq dişlərini çıxartmağa başladı. Ağzından axan qan mərsər sinəsinə axırdı. Atası da qızın əllərini tutmuşdu, ağlayaraq nəsə danışırdı. Nə qədər şərab içmiş olsa da, ağrı hissi tam keyiməmişdi deyəsən, iniltiləri ürəyimizi deşirdi.
Bir az
baxandan sonra dözə bilmədim. Biixtiyar üzümü
çarpayıya sıxıb dəli kimi ağlamağa
başladım.
Dünyanın ən gözəl təbəssümünü elə mənim gözlərimin qabağında qətlə yetirdilər. Öz-özümə lənət oxuyurdum ki, kaş onun rəyinə fikir verməzdim, nə yollasa onu gizlincə qaçırdardım buralardan. Fəqət, artıq iş-işdən keçmişdi. İlahi təbəssüm qətlə yetirilmişdi. Cənnət təbəssümü "məqtul təbəssüm" olmuşdu.
***
O vaqeədən illər keçdi. Fəqət, mən hələ də Məryəmin son dəfə otağımızdan çıxarkən, çönüb mənə bəxş elədiyi son təbəssümü unuda bilmirəm. Gecələr yuxuma girir, gündüzlər gözümün qabağında donub qalır. O təbəssümü son dəfə görən mən oldum. Amma çifayda. Xilas edə bilmədim.
İllər keçdi. Ancaq Məryəmin qərarını
heç vaxt anlamadım. Çünki
mən onlar kimi deyildim. Mən başqa cür idim. Həmişə
də başqa cür olacam.
İlqar
FƏHMİ
Ədəbiyyat
qəzeti.- 2025.- 7 fevral, ¹5.- S.8-10.