Tənha məzardan doğulan əbədiyyət
Qobustanın sonsuz düzənliklərində
qərib bir məzar vardı. O, tənha idi, üstündə sadəcə
iki söz yazılmışdı: "Tənha
məzar". Günəşin
hərarəti, küləyin
pıçıltısı və torpağın səssizliyi ilə bu məzar, sanki illərin yorğunluğunu özündə
daşıyırdı.
Həmin
gün mən və oğlum Samir Şəkiyə doğru yola çıxmışdıq.
Qobustanın o yabanı
gözəlliyində bu
qəbrin varlığını
öyrənmişdik və
ziyarət etməyi özümüzə borc bildik. Çünki bu, təkcə bir əsgərin yox, türkün tarixə qanla yazdığı bir səhifənin izlərindən
biri idi.
Maşını kənara çəkib
endik. Yolboyu gördüyümüz mənzərə
gözlərimizdə qəribə
bir duyğu oyadırdı. Qobustanın
küləkli çöllərində,
sıldırım qayalarının
arasında sanki bu qəbrin susqunluğu ilə danışan bir hikmət vardı. Küləyin uğultusu elə bil illərin
arxasından gələn
bir əsgər harayı idi.
Qəbrə yaxınlaşdıqca ürəyimdəki sızıltı
artırdı. Sadəliyi,
yalnızlığı məni
dərin düşüncələrə
qərq etdi. Kim idi burada yatan?
Həyatı haradan başlamış, hara aparmışdı
onu tale? Niyə öz doğmalarından uzaqda, bu torpaqda
canını fəda etmişdi?
Və beləliklə,
keçmişin qapısı,
Tarixin pıçıltısı...
XX əsrin əvvəlləri...
Azərbaycan torpaqları
qan içində idi. Erməni daşnaklarının amansızlığı,
qırğınlar, kəndlərin
yandırılması... Və
həmin günlərdə
türkün əsgərləri
yetişdi köməyə.
Onlar ailələrini,
doğma torpaqlarını
geridə qoyub, Azərbaycanın müdafiəsinə
can atdılar. Çünki
bu torpaq da onların tarixi varlığının bir
parçası idi.
O qəbrin sahibi də belələrindən
biri idi. Bəlkə, o da ən son
nəfəsinə qədər
vuruşmuş, bəlkə,
dostlarının uzağında
şəhid olmuş,
lakin bu torpağın qəlbində
özünə yer tapmışdı.
Məzarda dərin sükut
vardı.
Samir məzarın qarşısında
dayanıb dua etdi. Əllərini açıb səsli dua oxuyarkən, sanki o çöldə bir pıçıltı
eşidildi. Elə bil, türk əsgərinin ruhu dualara cavab verirdi.
- Ana, - dedi Samir, - bəlkə bu məzarın sahibinin kim olduğunu
araşdıraq?
Onun təklifi məni düşündürdü. Axı,
bu qəhrəmanın
adını bilmək,
keçmişin izi ilə getmək bizim borcumuz idi. Biz bu məzarı
tənha qoymayacaq, onu tariximizin bir parçasına çevirəcəkdik.
Keçmişin izi ilə
Şəkiyə
çatanda ilk işim
bir qələm və kağız götürmək oldu. Araşdırmalara başladım.
Arxivlər, köhnə
sənədlər, tarixçilərin
qeydləri... Günlər,
həftələr keçdi.
Nəhayət, izlər
məni doğru istiqamətə apardı...
Bu qəbrin sahibi Mehmet Ali idi. O, gənc bir türk əsgəri,
Konyadan gəlmişdi.
Azərbaycanın müdafiəsi
üçün döyüşən
könüllülərdən biri olmuşdu. Təəssüf ki, düşmən
pusqusuna düşərək
şəhid olmuş və döyüş yoldaşları onu olduğu yerdə torpağa tapşırmışdılar.
Bu həqiqəti öyrənəndə
gözlərim doldu.
O, doğma yurdundan uzaqda can vermişdi, bizim torpağımızda
uyuyurdu.
Artıq tənha deyilsən...
Yay aylarında Samirlə birlikdə yenidən Qobustana yollandıq. Bu dəfə başqa bir hisslə... Artıq o məzar tək deyildi. Biz Mehmet Alinin hekayəsini öyrənmiş, ruhuna dualar oxumuş, onu özümüzə doğma bilmişdik.
Bu dəfə məzarın üzərinə yeni bir daş qoydurmuşduq. Orada yazılmışdı:
"Türk əsgəri Mehmet
Ali. Qardaş Azərbaycanın
qəlbində əbədi
yaşayırsan."
Samir həmin gün məzarın önündə
yenidən dua oxudu. Mən isə gözlərimi bağlayıb, içimdə
qəribə bir rahatlıq hiss etdim. Çünki bilirdim ki, bu qəbir artıq
tənha deyil. O, tariximizin, şəhid qanı ilə yazılmış qardaşlığımızın
bir rəmzinə çevrilmişdi.
Bu, sadəcə bir əsgər məzarı deyil. Bu, türkün qardaşlıq sevgisi, keçmişimizin izləri
və unudulmaz dostluğumuzun əbədi
göstəricisidir.
Artıq
tənha deyilsən,
Mehmet Ali. Biz buradayıq. Və
sən həmişə
bizim qəlbimizdəsən...
Sona
ABBASƏLİQIZI
Ədəbiyyat
qəzeti.- 2025.- 21 fevral, №7.- S.25.