Novruz bayramı türk dünyasının birlik və
inkişaf modeli kimi
Milli bayramların bütün dünya
xalqlarının mədəniyyət tarixində xüsusi
yeri, rolu və əhəmiyyəti vardır. Bir xalqın milli
bayramının olması onun varlığının
etnik-siyasi atributudur. Kökü milli düşüncənin ən
dərin qaynaqlarına söykənən milli bayramlar
xalqın həyatında, sadəcə, fərqli təqvim hadisəsi olmaqla
qalmayıb, onun varlığının tarixi-mədəni təminatçısı
kimi çıxış edir: xalq bayramlar vasitəsilə
özü-özünü yaşadır və milli kimliyini
qoruyur.
Öz gücünü xalqın mifik düşüncə
nüvəsindən alan bayram milli düşüncə
sisteminin xüsusi hadisəsidir. Vladimir Toporovun
yazdığı kimi, "bayram - arxaik mifopoetik və dini ənənədə
müqəddəs dəyərlər dünyası ilə
xüsusi əlaqəsi olan, bayramdakı bütün
iştirakçıların həmin dünyaya maksimum dərəcədə
aidliyini nəzərdə tutan və hansısa mərasimləşdirilmiş
hərəkət kimi qeyd olunan zaman kəsimidir".
Görkəmli antropoloqun fikrindən aydın olduğu
kimi, məhz mifik ənənələrlə bağlı olan
bayram xalqı təşkil edən bütün təbəqələrin
milli düşüncə sisteminin müqəddəs dəyərləri
ilə əlaqəsini təmin edir. Bu isə, öz növbəsində,
xalqı həmin dəyərlər əsasında yenidən
yaradır. Buradan aydın olur ki, məhz yenidən yaradılış
milli bayramların etnokulturoloji mahiyyətini və etnokosmoloji
funksiyasını təşkil edir.
Bu sosial-antropoloji qanunauyğunluq özünü Azərbaycan
milli bayramlarının təcrübəsində də daim təsdiq
etmiş və bu gün də eyni şəkildə təzahür
etməkdədir. Milli bayramlarımız və onların
"şahı" olan Novruzun kökləri mifologiya
düşüncə tariximizlə bilavasitə bağlı
olduğu üçün etnik-mədəni düşüncə
sistemi və tariximizdən heç vaxt silinməmiş, hər
zaman milli kimliyimizin mühüm atributu olmaqla onu tarixin hər
bir mərhələsində yaşatmışdır.
Milli bayramların mifik düşüncə ilə
bağlılığının niyə bu qədər əhəmiyyət
kəsb etməsi, əlbəttə, mühüm məsələdir.
Bu suala Azərbaycan sosial-antropoloji təcrübəsində
belə bir cavab tapırıq:
"Dünyadakı bütün bayramların, o
cümlədən, Azərbaycandakı bayramların tarixinə
nəzər saldıqda görürük ki, bayramlar tarix
baxımından mifologiya ilə, az qala, "həmyaşıddır".
Halbuki mifologiyanın dəqiq tarixini heç kəs bilmir.
Çünki mifik düşüncə öz kökləri
etibarilə tarixin qaranlıq səhifələrinə qədər
uzanır. Və biz mifik düşüncə tarixinə,
insanların mifoloji düşüncə ilə
yaşadığı dövrün mədəniyyət
qalıqlarına nəzər salanda görürük ki,
bayramlar da öz tarixi etibarilə mifologiya dövrünün məhsuludur.
Buradan aydın olur ki, bayram anlayışının məna
nüvəsini mif təşkil edir" (Şakir Albalıyev).
Bu fikrə əsaslanıb, belə bir məntiqi triada
qurmaq olar: "Bayram=Mifologiya=Milli Kimlik". Başqa sözlə,
bayramın mahiyyətini mifologiya təşkil etdiyi kimi, milli
kimliyin də mahiyyətində mifologiya durur.
Son onilliklərdə Azərbaycan mifologiya elmində əldə
olunmuş əsas qənaətlərdən birinə görə,
"mifologiya etnosun varlığını özündə
modelləşdirən düşüncə və mətn
hadisəsi kimi mədəniyyətimizin bütün tarixi
inkişaf və transformasiya sxemlərini özündə
yaşadan arxisemlər sistemidir. Azərbaycan kosmoetnik
varlığının istənilən məna vahidi mifologiya
ilə arxetipləşir. Mifologiya milli mədəniyyətin
tarixi-diaxron və çağdaş-sinxron konsentrasiya nüvəsidir.
Milli mədəniyyətimiz bu nüvənin diaxron
böyüməsi kimi təşkil olunmaqla, öz
çağdaş funksionallıq impulslarını mif nüvəsindən
alır" (Seyfəddin Rzasoy).
Tanınmış mifoloq-folklorşünasın bu
fikrində bizi maraqlandıran mövzu baxımından iki
müddəa aktualdır:
Birincisi, mifologiya milli mədəniyyətin konsentrasiya
nüvəsidir;
İkincisi, milli mədəniyyət öz müasir həyat
impulslarını hələ də mif nüvəsindən
almaqdadır.
Bunlar çox ciddi fikir konseptləri olmaqla müasir
dövrümüzdə, xüsusilə, türk
xalqlarının vahid milli inkişaf modellərinin
axtarılması istiqamətində ciddi aktuallıq qazanır.
Həmin tezislərdən aydın olur ki, istər
ayrılıqda Azərbaycan milli düşüncə və mədəniyyət
sistemi, istərsə də ümumtürk etnik mədəni
sisteminin tarixi-mədəni varlığının nüvəsini
bu gün belə mifologiya (milli düşüncə sisteminin
mifik arxetipləri) təşkil etməkdədir. Bu mənada,
mifologiyanın milli düşüncə sistemindəki
"nüvə" funksiyası milli varlıq sistemini təşkil
edən bütün elementləri özünə cəlb
(konsentrasiya) etməklə vahid milli qalaktik sistem yaratmasında
ifadə olunur. Başqa sözlə, mifik dəyərlər
milli düşüncə sisteminin
daşıyıcılarını eyni bir milli kimlik modeli,
yaxud daha başqa cür desək, milli birlik ideyalarının
funksional mexanizmi ətrafında birləşdirir.
Müəllifin "milli mədəniyyətin öz
müasir həyat impulslarını mif nüvəsindən
alması" tezisinə gəlincə, bunu müasir türk
xalqlarının həyatında əyani şəkildə
müşahidə edirik. Vahid etnik kökdən inkişaf edərək
müstəqil xalqlara çevrilmiş türklərin hər
birinin keçdiyi qədim və zəngin tarix yolu onları
bir-birindən heç vaxt ayrı sala bilməmişdir. Bunun əsas
səbəbi türk xalqlarının hər birinin milli kimlik
düşüncəsinin əsasında duran mifik birlik, vəhdət
simvollarıdır. Türk mifologiyasının bütün
türklər üçün eyni olan arxetipləri bu gün
milli doğmalığın şüur imperativləri
(doğmalıq yaradan stereotipik
davranış simvolları) kimi bütün türk
xalqlarını bir-birinə yaxınlaşdırmaqda,
doğmalaşdırmaqda və birləşdirməkdədir.
Türk dünyasının birlik və qardaşlıq modellərindən
olan Novruz bayramının da müasir türk siyasi
düşüncə tarixinin nəhəng
simalarının dövlətçilik təcrübəsində
mühüm yer tutmasının
əsasında elə bu amil durur. Bu ilin mart ayında cənab
Rəcəb Tayyib Ərdoğanın Novruz tonqalı qalayaraq
üzərindən adlaması və 21 mart tarixini "Bahar və
qardaşlıq günü" elan etməsi bunun canlı təzahürüdür.
Bu məqamda qeyd etmək yerinə düşər ki,
Novruz bayramı təkcə bir ənənə deyil, həm də
milli identifikasiya, dövlətçilik və mədəni
inteqrasiyanın mühüm komponentlərindən biri kimi
çıxış edir. Onun mifoloji və kosmoqonik kökləri
qədim türk xalqlarının dünyagörüşü
ilə bağlı olub, zamanla müxtəlif dini və ideoloji
sistemlərə inteqrasiya olunmuşdur. Bu transformasiya prosesi
Novruzun əhəmiyyətini yalnız etnik identifikasiya səviyyəsində
saxlamayıb, onu sivilizasiyalararası harmoniya modeli kimi
inkişaf etdirmişdir.
Heydər Əliyevin siyasi xətti Novruz
bayramının bu fundamental mahiyyətini dövlətin
ideoloji və mədəni siyasətinin ayrılmaz hissəsinə
çevirdi. Onun yanaşması göstərirdi ki, milli
bayramlar yalnız xalqın tarixi yaddaşını qorumaqla
kifayətlənmir, eyni zamanda strateji milli birliyin möhkəmlənməsində
mühüm rol oynayır. Bu baxımdan, Novruzun rəsmi səviyyədə
qeyd olunması və milli ideologiya kontekstində inkişaf
etdirilməsi Azərbaycan dövlətçiliyi
üçün əsas sütunlardan birinə çevrildi.
Novruzun beynəlxalq səviyyədə qəbul edilməsi Azərbaycan
dövlətinin mədəni diplomatiya strategiyasının
mühüm uğuru kimi qiymətləndirilə bilər. Onun
siyasi və ideoloji mahiyyəti türkdilli xalqların vahid inkişaf
modeli çərçivəsində formalaşaraq, dövlətlərin
mədəni inteqrasiyasına töhfə verən əsas
vasitəyə çevrildi. Bu baxımdan, Novruz,
keçmiş ənənələrdən daha geniş
miqyasda, türkdilli xalqların strateji birliyinin təşviqi
üçün ideoloji əsaslar yaratmışdır. Beləliklə,
Novruz bayramı yalnız folklor və mərasimlər səviyyəsində
deyil, eyni zamanda milli identifikasiya, dövlətçilik və
mədəni diplomatiyanın fundamental mexanizmi kimi qəbul
edilməlidir. Onun uzunmüddətli siyasi və ideoloji
funksiyası, Azərbaycan dövlətinin strateji perspektivlərində
mühüm rol oynamaqla, türkdilli xalqların inteqrasiya
prosesində mədəni koordinasiya və vəhdət modelini
təşkil etmişdir. Bu konseptual yanaşma Novruzu təkcə
tarixi miras olaraq deyil, həm də müasir dövlətçilik
ideyalarının təşəkkülündə əhəmiyyətli
mədəni-siyasi institut kimi müəyyənləşdirir.
Bu kontekstdən çıxış edərək,
Novruz bayramının Türkiyədə rəsmi bayram kimi qəbul
edilməsi, həmin günün qeyri-iş günü
olması haqqında qərar verən R.T.Ərdoğanın
sözlərinə görə, Türkiyə hakimiyyəti cəmiyyətdə
qardaşlıq və həmrəyliyin gücləndirilməsi
istiqamətində səylərindən imtina etməyəcək:
"Nifrət və kin toxumu səpən qüvvələrin
hiylələrinə baxmayaraq, Novruz Türkiyənin 85 milyonluq
xalqının birliyi üçün yeni ümidlərin
simvolu olaraq qalmağa davam edəcək".
Türk dünyasının müasir dünya siyasətində
mühüm rol oynayan nəhəng siyasətçisinin Novruz
bayramına bu münasibəti onun, əlbəttə ki, bu
bayrama münasibətdə, sadəcə, sevgisindən irəli
gəlmir. Təbii ki, türk etnik-mədəni dəyərlərinin
daşıyıcısı olan cənab Ərdoğanın da
düşüncə dünyasında Novruz bayramı adlanan
hadisənin sevgi ilə süslənmiş emosional obrazı
var. Ancaq bir nəhəng siyasət adamının Novruz
bayramını Türkiyə dövlətinin milli
bayramları səviyyəsində rəsmiləşdirməsinin
arxasında heç də yalnız emosional amil durmur. O, bir
siyasət adamıdır və bu "gediş" də
dövlətin milli və siyasi maraqlarına xidmət edir. Bu mənada,
cənab Ərdoğanın bayram haqqında söylədiyi
fikir diqqətimizi xüsusi cəlb edir.
R.T.Ərdoğanın sözlərindən məlum
olur ki, o, Novruz bayramını Türkiyə cəmiyyətində
qardaşlıq və həmrəyliyin gücləndirilməsi
istiqamətində mühüm vasitələrdən biri hesab
edir. Başqa sözlə, Novruz bir bayram kimi, onu qeyd edən
xalqların mənsub olduğu cəmiyyətlərdə, ilk
növbədə, qardaşlıq və həmrəyliyə
xidmət edir.
Türkiyə Prezidentinin yanaşması Novruz
bayramının etnokulturoloji mahiyyətini tam şəkildə
ifadə edir: bu bayram xalqın bütün üzvlərini eyni
sakral dəyərlər ətrafında birləşdirərək,
onların birliyini təmin edir. Məhz bu baxımdan, cənab
Ərdoğan belə hesab edir ki, Novruz bayramının
dövlət səviyyəsində keçirilməsi,
başqa sözlə, dövlətin milli-mədəni siyasətinin
istiqamətlərindən birinə çevrilməsi Türkiyə
dövləti və cəmiyyətini parçalamaq,
dağıtmaq istəyənlərə ("nifrət və
kin toxumu səpən qüvvələrin hiylələrinə")
qarşı güclü milli müdafiə sistemidir.
Əlbəttə, Novruz bayramına bu istiqamətdə
yanaşma çox mühümdür və onun etnokulturoloji
mahiyyəti və etnokosmoloji funksiyasının
vurğulanması bu mərasimin təkcə Türkiyə
dövlətinin milli birliyi baxımından deyil, həm də
türk dünyasının qardaşlıq və həmrəylinin
təmin edilməsi baxımından aktuallığını
ifadə edir.
Təbii ki, cənab R.T.Ərdoğanın
yanaşmasının əsasında Novruz bayramının
etnofunksional mahiyyəti ilə bağlı müxtəlif elm
adamlarının indiyə qədər apardığı dərin
elmi analizlər durur. Həmin analizlərə nəzər
saldıqda görürük ki, siyasi liderin Novruz bayramına
xalqı, cəmiyyəti, onun müxtəlif qruplarını
etnopsixoloji kontekstdə konsolidasiya edəcək funksional model
kimi yanaşması səbəbsiz deyildir. Özündə
xalqın, millətin müqəddəs dəyərlərini
yaşadan Novruz bayramı hər il total modelləşdirici
sistem kimi, onu qeyd edən xalqların milli düşüncə
və həyatına sosial-mədəni harmoniya, etnik-mənəvi
ahəng bəxş edir. Novruzu içdən (bütün
varlığı ilə) qeyd edən
xalqlar onun vasitəsilə mənəvi cəhətdən
saflaşır, insanların qəlbində bir-birinə
qarşı doğmalıq, qardaşlıq hissləri
coşub-daşır. Bayram insanları bir-birinə sevdirir,
onların arasında həmrəylik hisslərini gücləndirir.
Bu da, öz növbəsində, xalqların mənsub
olduqları cəmiyyət və dövlətləri milli həmrəylik
ideyaları ətrafında birləşdirməklə
onların ümummilli vəhdətini təmin edir. Cənab
R.T.Ərdoğan məhz bu baxımdan belə hesab edir ki,
"Novruz Türkiyənin 85 milyonluq xalqının birliyi
üçün yeni ümidlərin simvolu olaraq qalmaqda davam edəcək".
Əlbəttə, Novruz bayramının Türkiyə
etnik-siyasi, mədəni-ictimai məkanının milli vəhdət
modeli kimi rəsmiləşdirilməsi bizim yadımıza,
heç şübhəsiz, ulu öndər Heydər
Əliyevin Novruz bayramı ilə bağlı
düşüncə, ideya, fikir və əməli fəaliyyətlərini
salır. Qəlbən və ruhən Novruz bayramına
bağlı olan, hələ uşaqlıqdan Novruz adlanan nəhəng
milli mədəniyyət hadisəsinin bütün məhəlli
adət-ənənələrini gözləri ilə görən,
oyunlarında canlı şəkildə iştirak edən,
uşaqlıq dünyasının Novruz xatirələrini
şirin və əziz yaşantılar kimi hər zaman
xatırlayan ulu öndərin Azərbaycanın müstəqillik
əldə etməsindən sonra milli-mədəni quruculuq
istiqamətində atdığı nəhəng addımlardan
biri də Novruzun ümummilli bayram kimi rəsmiləşdirilməsi
oldu. SSRİ kimi çoxmillətli bir dövlətin ali siyasi
"olimpi"nə qədər
ucalmış, sovet milli quruculuq siyasətinin
bütün "incəlikləri"ni dərindən bilən
Heydər Əliyev milli adət-ənənələrin,
onların ən mühümlərindən olan milli
bayramların hər bir xalqın milli kimliyinin qorunması və
yaşadılmasındakı rolunu çox gözəl
anlayır və bilirdi. Ona görə də öz siyasətində
Azərbaycan xalqını birləşdirəcək,
onları vahid milli qüvvəyə çevirə biləcək
mexanizmlərə xüsusi əhəmiyyət verir, onları
milli düşüncə sistemində daim aktuallaşdırmağa
çalışırdı. Bu cəhətdən, ulu öndər
Azərbaycan xalqı ilə yanaşı, demək olar ki,
bütün türk xalqlarının qeyd etdiyi Novruz
bayramına xalqlarımızı birləşdirəcək
ilahi nemət kimi baxırdı.
Qeyd edək ki, bizim burada "ilahi nemət" ifadəsini
vurğulamağımız təsadüfi deyildir. Yuxarıda məşhur
antropoloq Vladimir Toporovdan qeyd etdiyimiz kimi, kökü mifoloji
düşüncəyə gedib çıxan milli bayramlar
"müqəddəs sfera", yəni müqəddəs dəyərlər
dünyası ilə sıx şəkildə
bağlıdır. Novruz bayramı da ibtidai icma dövründən
başlayaraq keçdiyi qədim tarix boyunca mifoloji və dini
düşüncə sistemi ilə bağlı müqəddəs
dəyərləri özünə konsentrasiya edərək,
onları günümüzədək yaşada bilmişdir. Bu
cəhətdən, Novruzun bir bayram sistemi kimi içərisindən
keçdiyi mifoloji və dini ənənələrə,
ideoloji sistemlərə nəzər saldıqda heyrətə gəlməmək
mümkün deyildir.
Aparılmış tədqiqatlardan məlum olur ki,
"Novruz bayramı tarixinə görə ilkin
mifoloji-kosmoqonik görüşlərlə
bağlıdır. Mifoloji düşüncənin
parçalanaraq tarixi düşüncəyə keçidi
zamanı əski dinlərə transformasiya olunmuş, daha
sonrakı inkişafında müxtəlif səmavi və
qeyri-səmavi dinlər, dini-ideoloji görüşlərlə
qovuşmuşdur. Bu baxımdan, Novruz bayramı
aşağıdakı din və dini-mifoloji
dünyagörüşlərini özündə birləşdirir:
1. Qədim türklərin şamanizm
dünyagörüşü.
2. Qədim və erkən orta əsr türklərinin tanrıçılıq dini.
3. Qədim Azərbaycan və İran xalqlarının
zərdüştilik dini.
4. İslam dini və onun müxtəlif təriqət
və məzhəbləri.
5. Xristian türk xalqlarının simasında
xristianlıq dini.
6. İudaist türk xalqlarının (əsasən,
tarixi xəzərlərin və onların çağdaş
törəmələrinin) simasında musəvilik - iudaizm
dini.
7. İki milyona yaxın buddist türklərin
simasında buddizm dini və s.
Novruz bayramı bu tarixi və müasir dinləri
özündə birləşdirməklə, əslində, dinlərarası
(sivilizasiyalararası) harmoniya modeli kimi çıxış
edir" (Seyfəddin Rzasoy).
Göründüyü kimi, yaşı
insanlığın yaşı ilə bərabər olan Novruz
bayramının əsasında duran düşüncə
sistemində səmavi və qeyri-səmavi dinlər
üçün xarakterik olan müqəddəs dəyərlər
bir-birinə qovuşmaqla onu insanların nəzərində
müqəddəs bir bayrama çevirmiş və insanlar bu
bayramı qeyd etməyi özlərinin müqəddəs əməllərindən
hesab etmişlər. Elə buna görə dünyanın son vəhy
(səmavi) dini hesab olunan İslam da keçmişlərin,
başqa sözlə, İslamın bidət hesab etdiyi
zamanların yaddaşını özündə
daşıyan Novruza güzəştə getmiş, ona
münasibətdə sərt davranmamışdır. Bunun səbəbi
Novruzun bütün hallarda cəmiyyət daxilində
qardaşlığa və həmrəyliyə xidmət etməsi
olmuşdur: onun bütün mahiyyətində təbiətlə
insanın vəhdətini nəzərdə tutan humanizm fəlsəfəsi
durur. Elə bu amil Novruzu zamanla İslam dini ilə də
qovuşdurmuş, islami dəyərlər Novruzun kult sisteminə
daxil olaraq, onun müqəddəsliyini daha da gücləndirmişdir.
Bu cəhətdən, uşaqlıqdan islami və milli ənənələr
ruhunda tərbiyə olunmuş ulu öndər öz
xalqının milli adət-ənənələrinə
bütün varlığı ilə bağlı olan bir insan
kimi Novruza müqəddəs hadisə - "ilahi nemət"
kimi baxmış, sovet dövrünün, obrazlı desək,
"kəsəkəs" vaxtlarında Novruz adət-ənənələrinin
yaşaması ilə qəlbən həmrəy olmuş, onun
qorunmasına imkan daxilində dəstək vermişdir. Bu cəhətdən,
Heydər Əliyevin Novruz bayramı haqqında fikirləri
öz aktuallığını bu gün belə
saxlamaqdadır.
(Davamı olacaq)
Sadiq QURBANOV
Ədəbiyyat qəzeti .- 2025.- 4 iyul (¹23).- S.6;7.