Ruhun azadlığı və Məhəmməd
Hadinin metafizikası
İnsan varlığının ən sirli və eyni
zamanda ən üsyankar tərəfi ruhdur. Ruh nə tamamilə
dindir, nə də sadəcə fəlsəfədir. O, bədənin
daxilində Allaha doğru çırpınan işıq, bəzən
susqunluqla, bəzən fəryadla danışan daxili səslə
bərabər yaşar. Zaman keçdikcə bu ruh
anlayışı müxtəlif mədəniyyətlərdə,
dinlərdə, fəlsəfi sistemlərdə fərqli şəkildə
formalaşmış, bəzən riyazi sistemlərə tabe
etdirilmiş, bəzən də sadəcə, ibadət çərçivəsində
təsvir olunmuşdur. Lakin bəzi insanlar, bəzi şəxsiyyətlər
var ki, onlar bu görünməz və müqəddəs
varlığı təkcə anlamağa deyil, onu
yaşamağa və yaşatmağa
çalışıblar. Onlardan biri də Məhəmməd
Hadidir.
Məhəmməd Hadi Azərbaycan ədəbi və
mənəvi həyatına yalnız söz ustası kimi
deyil, həm də bir ruh filosofu, metafizik düşüncə
daşıyıcısı, din və ağıl arasında
körpü quran şəxsiyyət kimi daxil olmuşdur. Onun
yaradıcılığında ruh təkcə bədii obraz
deyil, varlığın mərkəzi, azadlığın təməli,
Allahla insan arasında əlaqənin təzahürüdür.
Hadidə ruh anlayışı nə Kant kimi yalnız
etik şüur, nə də Descartes kimi düşünən
substansiyadır. O, ruha şəxsi ağrılar, mənəvi
yanğılar, ictimai ədalətsizliklər və Tanrı
axtarışı ilə yanaşır. "Əsirəm"
deyəndə o, təkcə bir qadına aşiq olan bir
insanın fəryadını yox, həm də bəşərin
ruhani əsarətini dilə gətirir. Onun üçün
ruh bir üsyandır - zamana, qorxuya, qaranlığa, təqlidə
qarşı.
Avropa fəlsəfəsində ruh, çox zaman nəzəri
sistemlərlə izah olunur. Hegel onu tarixi zərurət kimi təqdim
edir, Nitsşe isə onu üstinsana çatmaq
üçün bir vasitə kimi görür. Amma Hadidə
ruh nə məqsəddir, nə vasitə. O, həm
başlanğıcdır, həm də yolun özüdür.
Ruh onun üçün sevgidir, həsrətdir, qorxudur, Allaha
sarı çırpınışdır. O, insanın öz
içində Tanrını tapmağa cəhdidir.
Din anlayışı Hadinin
dünyagörüşündə xüsusi yer tutur. O, dini
yalnız ibadət formasında yox, mənəvi təkamül
vasitəsi kimi qəbul edir. Təqlidə, fanatizmə, qorxuya
dayanan dindarlığı rədd edir. O yazır: "Din ilə
ağıl birləşməlidir." Bu, sadəcə bir
fikir yox, bir dövrə qarşı düşüncə
manifestidir. Onun şeirlərində Allah, bəzən bir
sevgili kimi, bəzən bir qurtarıcı kimi, bəzənsə
daxildəki susqun nur kimi təqdim olunur. O, ruhun Allahla
danışmasına inanır. Bu danışıq nə ibarələrə
sığır, nə rituallara - bu, şairin sükutla dediyi
duadır.
Məhəmməd Hadi üçün millət
anlayışı da ruhla bağlıdır. Onun nəzərində
millət qanla deyil, vicdanla formalaşır. "Millət"
dedikdə o, mənəvi bağlılıq, azadlıq
ehtiyacı və mədəni harmoniya anlayışını
düşünür. Bu baxımdan o, Avropanın irqçi
millətçilik təlimlərinə qarşı bəşəri
bir millət modeli ortaya qoyur. Bu modeldə fərdin ruhu millətin
ruhuna çevrilir. Hər bir vicdan, bir xalqın tarixini
daşıyan gizli miras olur.
Onun poetik düşüncəsindən bəhrələnənlər
təkcə ədiblər deyil. Hüseyn Cavid onun ruhani
metafizikasını dramatik fəlsəfəyə çevirir,
Əli bəy Hüseynzadə onun ideyalarını
türkçülüyün mənəvi bazasına daxil
edir. Əhməd Ağaoğlu Qərb və Şərq
düşüncəsini birləşdirən ruh modelini Hadinin
əsərlərində tapır. Daha sonralar onun ruh
anlayışı ideoloji təmələ çevrilir və
milli müstəqillik ideyasının bünövrəsinə
hopur.
Məhəmməd Hadi öz dövrünü aşan
bir ruh şairidir. Onun poetik metafizikası nə keçmişə,
nə də zamana bağlıdır. O, insanı ruhu ilə
düşünməyə çağırır. Bu gün
biz texnoloji sürətlə bədənimizi yüngülləşdirsək
də, ruhumuzu daha ağır hala salmışıq. Hadinin
düşüncəsi bu mənada müasir insanın
qurtuluş kodudur. Ruhunu tanımayan, onu azad etməyən insan
- nə qədər müasir olsa da, əslində, qədim
bir zindandadır.
Onun şeirləri, fikirləri, mənəvi səsi
bir xalqın ruhani kimliyidir. Onu oxumaq - tarix oxumaq deyil,
özünü oxumaqdır. Onun ruh metafizikası - sistemlə
yox, hisslə işlənmiş fəlsəfədir. Bu fəlsəfə
nə tədris olunur, nə tərcümə olunur - o,
yalnız yaşanır. Və o ruh hələ də
içimizdə nəfəs alır.
Adəm İsmayıl BAKUVİ
Ədəbiyyat qəzeti .- 2025.- 4 iyul (№23).- S.7.