Çayxanalar
Unutmağa kimsə var...
(Əvvəli ötən saylarımızda)
Biz bakılı gənclərdə çayxanalara məhəbbət
hələ orta məktəbdən başlayırdı. Bunun
obyektiv səbəbi vardı. Yuxarı siniflərdə dərsdən
sonra bir-birimizlə görüşmək həvəsini biz, əsas
etibarilə, çayxanalarda yaşayırdıq. Bura çox əlverişli
yer idi. Evdən müxtəlif vaxtlarda çıxan bizlər
gəlib, burada oturub çay içə-içə
bir-birimizi gözlərdik. Yasaq söhbətlər də bu
zaman yavaş-yavaş çayxana mizlərinə hopur və
bizi ahənrubə kimi özünə cəlb edirdi. Bəzən
biz orta məktəb dostlarının görüşü
çayxanada başlayıb elə çayxanada da bitirdi. Evə
saat 11-də, 12-də ancaq gedib çıxırdıq.
Əsas görüş yerimiz Bulvara keçidin bulvar tərəfdəki
çayxanası idi. Bu çayxanada məktəblər, hətta
siniflər adətən ayrı-ayrı stollarda oturar, amma hərdən
stollar birləşərdi. Və biz bir stolun ətrafında
birlikdə, mehribanlıqla oturub söhbət edərdik.
Əlbəttə ki, o dövrün çayxana söhbətləri
ilə sonrakı çayxana söhbətləri eyni deyildi.
Əvvəlki çayxana söhbətləri "kim kimi
sevir"dən "kim kimi sevmir"ə qədər yol gəlib
yorulardı. Bu biri müstəvilərə zorla çıxa
bilərdi. Sonrakı çayxana söhbətləri isə
andeqraund söhbətləri idi. Qəbuledilməzlərin -
bunlar yazıçı ola bilərdi, şair ola bilərdi,
siyasətçi ola bilərdi, müstəqillik fədailəri
ola bilərdi, qarşısına əngəllər çəkilən
alim ola bilərdi - bir sözlə, rəsmi mühitdə qəbuledilməzlərin
müzakirəsindən ibarət idi. Arabir də elmi və
ictimai motivlər əsas mövzulara çevrilirdi.
Ricət. Bu çayxanalara sonralar çox məşhurlaşan
adamlar gəlirdi. Onlardan biri, xalqın hüsn-rəğbətini
qazanmış, Prezidentliyə qədər yüksəlmiş
Əbülfəz bəy idi. Onu şəxsən tanıyan da,
şəxsən tanımayan da "bəy" deyə
müraciət edirdi. "Bəy" yalnız o idi. O, siyasi
düşüncələrinə görə həbs çəkib
qayıtmışdı. Əlyazmalar İnstitutunda işləyirdi.
Bəy çayxanada görünəndə artıq bilirdik ki,
bizi maraqlı tarixi intellektual söhbət gözləyir. O,
gözəl bələd olduğu ərəb tarixindən,
osmanlı dönəminin müxtəlif dövrlərindən,
ölkələr arasında orta əsrlərdə baş
vermiş təlatümlü ictimai-siyasi münasibətlərdən
həvəslə danışar, suallardan qətiyyən
yorulmaz, bizimlə mehriban münasibət qurardı. O zaman hələ
nə xalq cəbhəsi vardı, nə də siyasi-ictimai hərəkat
özünü aşkar şəkildə büruzə
verirdi. Amma Bəy öz rəftarı, vətənsevərliyi,
türkçülüyə məhəbbəti ilə
könülləri hələ o zaman fəth eləmişdi.
Əsl müəllim idi. Və o Prezident olmaqdan daha çox, mənəvi
istiqamətdəki boşluqları dolduran bir lider olmağa
hazır ictimai (!) xadim idi. Təəssüf ki, belə
olmadı. Ricətin sonu.
Çayxanalarda bu cür son dərəcə yüksək
intellektual mühitin havasını mən universitetdə
artıq müəllim işləyən İsmayıl Məmmədov,
Cəlil Nağıyev, Firidun Cəlilov kimi, müxtəlif qəzet
redaksiyalarında, radio-televiziya sahəsində
çalışan Vidadi Məmmədov, Natiq Səfərov,
Qara Tağızadə kimi, Yazıçılar Birliyində və
onun redaksiyalarında ədəbiyyatla "yatıb-duran"
Abbas Abdulla, Sabir Rüstəmxanlı, Vaqif Cəbrayılzadə,
Nüsrət Kəsəmənli, Seyran Səxavət,
Çingiz Əlioğlu kimi və bir də işsizliyin pəncəsindən
hələlik heç cür qurtula bilməyən Aydın Məmmədov
kimi köhnə və yeni dostlarım olan elm, ədəbiyyat,
mədəniyyət, müstəqillik fədailərindən
alırdım. Heç bir kəs üçün gizli deyildi
ki, o dövrün Bakısında intellektual həyat məhz
çayxanalarda yaşanırdı. Çayxana siyasi-ictimai, mədəni-filoloji
ixtisasları həvəslə yayan və verən bir məktəb
idi. Çayxana öz-özlüyündə bir qaynayan,
coşan məktəb idi - hamının əsəbini
tarıma çəkən bir məktəb... Amma bizim - bu
çayxana məktəbinin iştirakçılarının
bundan xəbərimiz yox idi. Biz, sadəcə, öz həyatımızı
yaşayırdıq. Bir çayxanadan o birinə keçirdik.
Bizim çayxana Odisseyamız bitirdimi, bitmirdi. Ürəyimizdəkiləri
bir-birimizə boşaltmaq, gündəlik ictimai-siyasi durumu
müzakirə etmək, yeni yazılan bədii yazılara qiymət
vermək ehtiyacı bizi qəribə bir mənəvi gərginlik
rejimində saxlayırdı.
Çayxanalar, deməliyəm ki, mənim həyatımda
xüsusi rol oynayıb. Çayxana, mən indi bunu
anlayıram, mənim üçün əsl məktəbə
dönmüşdü. Vidadi və Natiq, eləcə də bu
qəbildən olan digər dostlarla - universitet müəllimləri,
gənc şairlər, yazıçılar, tənqidçilər,
jurnalistlərlə görüş yerimiz çayxanalar olurdu.
Çayxanaların da yeri, bir qədər əvvəldə
dediyim kimi, tez-tez dəyişirdi. Əvvəlcə,
"Baksovet" metrosunun böyründəki çayxanada
toplaşırdıq. Bura bizim o zaman oxuduğumuz filoloji
fakültəyə çox yaxında yerləşirdi. Ya
ehtiyacında olmadığımız dərslərdən
qaçıb bura gəlirdik, bir-iki stəkan çay
içib, qayıdıb gedirdik növbəti dərsə, ya
da sadəcə, dərslərdən sonra daha uzun zaman içində
gəlirdik. Həmişə də dostlardan kimsə burda
olardı. Vidadi deyirdi ki, bu çayxanaya nə zaman gəlirsən,
gəl, arxayın ola bilərsən ki, səni orada Aqil Abbas
qarşılayacaq. Jurnalistikanın tələbəsi olan Aqil
Abbasın sanki bütün günü bu çayxanada
keçirdi. Aqil o vaxtdan xeyli mülayim, dostcanlı, mehriban
biri idi. Çayxananın dostlar birliyinə çevrilməsi
onu xüsusilə sevindirirdi. Özü də Aqil
çayxanaya hər gələni ayaq üstə
qarşılayıb gülərüzlə elə ürəkdən
"xoş gəlmisən" deyirdi ki, elə bil, bu
çayxana, Vidadinin sözü olmasın, onun şəxsi
mülkü idi və gələnlər onun evinə qonaq gəlirdilər.
Sonra nə oldu, nə olmadı, deyə bilmərəm,
amma çayxana görüşləri "Goburnat"
bağının ortasında qala divarına yapışıq
koğuş kimi bir yerə köçdü. Çayxana az
qala, qala divarına yapışdı. "Aqilin
çayxanası" unuduldu. Zülfünün
çayxanası moda mindi. Çayxana sahibinin adı
Zülfü idi. Onun çayxanasına, hətta Səttar Bəhlulzadənin
özü gəlirdi. Nə qədər rəsmini
Zülfüyə bağışlamışdı - Allah
bilirdi.
Bir müddət sonra çayxanadakı
görüş yeri bir qədər də aşağı endi
- "Azneft" meydanına, "Goburnat"
bağının "Azneft"ə
çıxdığı yerə. Deyə bilərəm ki, ən
rahat çayxana elə bura idi. Yaz və yay aylarında
açıq havada qoyulmuş stullarda oturub sənə
doğma adamlarla söhbətlər eləmək həyatın
ən ləzzətli çağları imiş. Bunu mən
indi daha aydın şəkildə hiss edirəm. Amma nə
oldu, nə olmadı, görüş yeri burada da davam gətirmədi.
Sonrakı görüşlərimiz başqa bir
çayxanada davam etdi. Bu çayxana əvvəlkilərdən
kifayət qədər uzaqda idi. Bulvarın o biri
başındakı məşhur "Sahil"
restoranının çayxanası idi. Buraya gələnlər
təkcə filfakın tələbə və müəllimləri
deyildi. Bura ən müxtəlif sahənin adamları da gəlirdi.
Yavaş-yavaş söhbətlər ümumiləşib bir məcraya
düşürdü. Ədəbi mübahisələr öz
yerini ictimai-siyasi müzakirələrə verirdi. Bu sahə isə,
aydındır ki, təkcə filoloqların inhisara
aldığı sahə ola bilməzdi. Meydan hərəkatının
hənirtisi gəlməyə başlamışdı.
Bu saydıqlarım çayxanalardan başqa digərlərinə
məqsədli şəkildə toplaşmağımız
yadıma gəlmir. Bir tələbə dostumuz vardı - Oqtay
Məmmədov. Filologiyada məndən yuxarı kurs tələbəsi
idi. Deyirdi ki, mən hansı çayxanaya gedib otursam,
görüş yeri ora olar. Yəni, özünə o qədər
inamlı idi. Bəlkə də çayxanaların yeri
Oqtayın getdiyi çayxanaları dəyişməsilə dəyişirdi.
Bəlkə də belə idi. Deyə bilmərəm. Amma
orası da var ki, biz çayxanaya gedib təkcə Oqtayı
görmək istəmirdik. Hər gün görə bilmədiyimiz,
amma darıxdığımız dostlar, tanışlar var idi.
Qərəz, bu çayxana "etnopsixologiyası"
xüsusi bir söhbətin, bəlkə də
araşdırmanın mövzusudur. Burda isə onu demək
vacibdir ki, çayxana kultu kənddən, rayondan şəhərə
gələnlər üçün xüsusi əhəmiyyət
daşıyırdı. Şəhər məktəbindən
çıxıb Universitetdə oxuyanlar üçün isə
çayxana kultu yox idi. Çayxana vardı, amma kultu yox idi.
Çünki bizim bir başqa da görüş yerimiz,
ünsiyyət məkanımız vardı. Bu, məhlə
idi. Mənim kimilər "ya çayxana, ya da məhlə"
seçimindən uzaq idilər. Mənim kimilər bir istisna
idilər. Mənim kimilər üçün onların hər
ikisi - həm məhlə var idi, həm də çayxana.
Tələbə dövrünün çayxanaları
orada toplaşan intellektualların məskəni idi. Onlardan əsaslarının
adını çəkmək istərdim. Vidadi Məmmədov,
Natiq Səfərov, Ramiz Rövşən, Sabir Rüstəmxanlı,
Vaqif Cəbrayılzadə, Vaqif Nəsib, Əhəd Muxtar,
Tahir Aslan, Seyran Səxavət, Niyazi Mehdi, Zeynal Məmmədli,
Aydın Məmmədov, İsmayıl Məmmədov, Cəlil
Nağıyev, Əsgər Məmmədov, Oqtay Məmmədov,
Firidun Cəlilov, Kamil Vəliyev, Qara Tağızadə, Aqil
Abbas, Nüsrət Kəsəmənli, Çingiz
Əlioğlu, İsfəndiyar (İsbi), Ramiz (Roma) və daha
kimlər, daha kimlər çayxanaya, sadəcə, vaxt
keçirmək üçün gəlmirdilər. Bu adamlar hər
biri sonralar öz arxalarınca onlarla, yüzlərlə əqidədaş
(sonralar bu adamlara fanatlar deməyə başladılar)
toplamağa imkanı olan adamlar idi. Çayxanalar o dövrdə
bizim daxili ehtiyacımızın ödəndiyi bir məskənə
dönmüşdü. Bizim bir-birimizə mənəvi
bağlılığımız məhz bu məkanda
yaranırdı. Bizim bir-birimizlə söhbətimiz mübahisəyə
çevrilə bilərdi, anlaşılmaz diskussiyaya dönə
bilərdi, biz bir-birimizlə razılaşmaya bilərdik.
Hansısa bir ədəbi məhsulu bəyənənlərlə
bəyənməyənlər amansız qarşıdurma yarada
bilərdilər. Biz bir-birimizi qəbul etməyə bilərdik.
Hətta çayxanadan kənarda bir-birimizə badalaq da vura bilərdik.
Gizlətmək düz olmazdı, belə hallar da olurdu. Həyat
hər bir halında həyatdır. Amma onu da demək çox
çətindir ki, bizi o çay içdiyimiz yerdə birləşdirən
nə idi?! Hansı qüvvə idi ki, bir-birimizi çayxanada
görəndə daxilən xoş, ilıq bir hiss bizi
bürüyür və biz sanki doğma bir əhatəni,
auranı, münasibəti hələ çay içməzdən
əvvəl hiss edirdik?! İçki içmək xətrinə
ora yığışmırdıq, yemək yeməyə
toplaşmırdıq. Sadəcə, söhbət. Sadəcə,
özünü hansısa bir prosesin ayrılmaz bir üzvü
hiss etmək bizim üçün çox önəmli idi.
Biz özümüz özümüzü ölkədə gedən
və bizdən uzaqda olan proseslərin içinə salmağa
çalışırdıq.
Çayxanalara gəlib-gedən ayrı-ayrı adamlar
kiminsə gözündə ayrıca hörmətə sahib
ola bilirdi. Çayxananın qəbuledilmiş daimi
üzvünə digər həmkarlar arasında,
çalışdığı təşkilatlarda əlavə
hörmət bəsləyə bilərdilər. Bunu bizlər
o zaman hiss etmirdik, bunu indi mən düşünərək
belə bir qənaətə gəlirəm. Çayxananın
daimi üzvləri bir yerdə oturub şirin söhbət
etdikləri zaman digər masalardan biz tərəfə gizli həsədlə
baxanlar da az olmurdu.
Çayxana zamansız bir məkan idi. Ora nə vaxt gəlirdinsə,
gec deyildi. Sabah tezdən, yaxud axşamdan xeyli keçmiş gəlib
burada daimi üzvlərdən kimisə görə bilirdin.
İki, yaxud bir nəfər buldunsa, oturub dünənki, yaxud
başqa bir günkü söhbəti rahatca davam edə bilərdin.
Ya da hansısa günü müzakirə edə bilərdin. Qərəz,
çayxana ev qədər məhrəm bir yerə
dönmüşdü. İnsanlar burada bir-birinə hansısa
tellərlə başqa bir yerdəkindən daha sıx birləşirdilər.
Bu birləşmə dönəmli məqamlara - 20 Yanvara,
sistem dəyişməsinə qədər davam etdi və
günlərin bir günündə Azərbaycanın önəmli
ictimai-siyasi həyatında çayxanadakı münasibətlər
daşa dəyib parça-parça oldular. Bu zaman
çayxanalar öz yerini Böyük Meydana verdi. Meydan hərəkatından
sonra isə artıq qafalarda başqa dumanlar fırlanmağa
başladı. Kim kimi bəyənirdisə, onunla da birləşir,
onun yanında yer alırdı. Bu o zaman idi ki, vahid,
sarsılmaz çayxana həyatı bəzən bir-birinə
aşkar şəkildə qarşı-qarşıya duran
birliklərə çevrilirdi. Yağışdan sonrakı
göbələklər kimi yeni birlik və qurumlar
yaranırdı. Daha konkret danışmağa lüzum
görmürəm. Ol zamanların çayxana həyatını
yaşayanlar, sanıram, məni yaxşı anladılar.
Kamal ABDULLA
Ədəbiyyat qəzeti .- 2025.- 4 iyul (№23).- S.8.