Sevgidən keçən
şeirlər
Azərbaycan qadın şairlərinin Özbəkistanda
işıq üzü görən şeirlər toplusuna
Ön söz
Sayğıdəyər özbək oxucuları!
Azərbaycan-özbək ədəbi-mədəni əlaqələri
yüzillər boyu sürən tarixi gələnəyə
malikdir. Böyük özbək şairi Nəvai Azərbaycan
şairi Nizami Gəncəvinin əsərlərinin təsirilə
"Xəmsə" yaradıb, Azərbaycan divan şeirinin
klassiki Füzuli isə Nəvaini öz ustadlarından biri
sayıb. Xocənddə doğulan, on altıncı yüzil
ünlü miniatür rəssamı Kəmaləddin Behzad
öz yaradıcılığının ən parlaq,
çiçəklənən dönəmini Azərbaycan
hökmdarı Şah İsmayıl Xətainin sarayında
keçirib, Azərbaycan miniatür ustası Sultan Məhəmməd
öz misilsiz əsərlərində Behzad ənənələrini
davam etdirib və gəlişdirib.
Saxta kommunizm idealı, qondarma xalqlar dostluğu
ideyasından irəli gələn bütün ideoloji rənglərinə
baxmayaraq, xalqlarımız arasında ədəbi-mədəni
bağlar sovetlər dönəmində daha da güclənib.
Bu baxımdan dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəyovun operettalarının Özbəkistanda,
ünlü özbək yazıçı-dramaturqu, repressiya
qurbanı Abdulla Qədirinin imzasının Azərbaycandakı
populyarlığını demək yetərlidir. Yeni özbək
ədəbiyyatının banilərindən olan Maqsud
Şeyxzadənin əslən Azərbaycandan, Mahmud
Kaşğarinin "Divanü lüğat it türk" əsərinin
Azərbaycan dilinə ilk tərcüməçisi, Azərbaycan
dilçiliyinin özülünü qoyanlardan biri, yenə də
repressiya qurbanı Xalid Səid Xocayevin əslən Özbəkistandan
olması isə humanitar əlaqələrimizin artıq ortaq,
kəsişən, inteqrativ məqamlarından
danışmağa imkan verir.
Azərbaycan-özbək ədəbi-mədəni əlaqələri
sadəcə humanitar olay deyil, həm də sivilizasiyaların
baş-başa gəldiyi, qloballaşan dünyada böyük
turançılıq ideallarına xidmət eləyən
dövlətçilik məsələsi, ideoloji işdir. Təsadüfi
deyil ki, Özbəkistana rəsmi səfərində Azərbaycan
Prezidenti İlham Əliyev deyirdi: "Biz ölkələrimiz
arasında humanitar əməkdaşlığı çox
yüksək qiymətləndiririk. Bu, tamamilə təbiidir,
çünki xalqlarımız qardaş xalqlardır, yaxın
xalqlardır. Biz özbək ədəbiyyatını,
musiqisini, mədəniyyətini çox sevirik." Bu sözlərdə
Dövlət Başçımızın timsalında
bütün xalqımızın fikri ifadə olunub.
Şübhəsiz ki, eyni münasibəti özbək
xalqı da Azərbaycan ədəbiyyatı, musiqisi, mədəniyyətinə
bəsləyir. Odur ki, bu antologiyada yer alan qırx Azərbaycan
qadın şairinin təxminən, yarım əsrlik bir
dövrü çevrələyən poetik
yaradıcılığının özbək oxucuları tərəfindən
maraqla qarşılanacağına inanıram.
Əski ümumtürk gələnəyi və vahid
İslam inancı Azərbaycan və özbək türklərinin
tarix və mədəniyyətində ortaq cəhətlər
yaradıb. Bununla yanaşı, tarixi və coğrafi şərtlər
hər türk xalqının mədəniyyətində
özünəməxsus, fərqli, spesifik cəhətlər
də formalaşdırıb. Azərbaycan türklərinin
özünəməxsus geokulturoloji cəhəti onların
Qafqazda məskunlaşması, Anadolu və Orta Asiya türkləri
arasında sözün bütün anlamlarında bir
körpü olmalarıdır. Azərbaycan, eyni zamanda Avropadan
Asiyaya açılan pəncərə, sovet dönəmi
dünyalarca ünlü şairimiz Səməd Vurğunun
diliylə desəm, "qoca Şərqin
qapısı"dır. Şərqdə ilk materialist fəlsəfə,
realist nəsr və ədəbi-tənqid, Avropa tipli teatr və
dramaturgiya, opera, demokratik respublika məhz Azərbaycanda
yaranıb, sonralar tədricən bütün Şərq
xalqlarının elmi-mədəni, ictimai-siyasi
düşüncəsinə daxil olub. Qadın
azadlığı və gender bərabərliyi məsələsində
isə ölkəmiz nəinki Şərq, hətta
Avropanın İtaliya, İngiltərə kimi bir çox
ölkələrinə də örnək olmuş, parlament
seçkilərində qadınların səsvermə
hüququ ilk dəfə, bir əsr öncə Azərbaycanda həyata
keçirilib. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun
tələbəsi, 1972-ci ildə bəstələdiyi "Gəlin
qayası" ilə Şərq musiqi mədəniyyəti
tarixinə ilk qadın opera müəllifi kimi daxil olan Şəfiqə
Axundova da məhz azərbaycanlıdır.
Lakin bu azadlıq birdən-birə əldə
olunmayıb, yüzillərlə paranca altında istedadı
boğulan özbək qadını kimi, Azərbaycan
qadını da öz haqlarına, eləcə də,
yaradıcılıq haqqına ağır məhrumiyyətlərdən
keçərək gəlib çatıb. Sərt dini doqma və
sosial yasaqlar şəraitində qadınlarımızın
ictimai həyat səhnəsinə çıxması, çətin
sənət meydanında qələbələr əldə
etməsi, sözün həqiqi anlamında, bir qəhrəmanlıq
dastanıdır. İlk şairəmiz, Azərbaycan ədəbiyyatının
Safosu, on ikinci yüzildə yaşayıb-yaradan Məhsəti
Gəncəvi - həyatı haqqında çoxsaylı
versiyalardan birinə görə - azad eşqi tərənnüm
eləyən rübailəri üzündən fanatik dindarlar tərəfindən
daş-qalaq edilmək cəzasına məhkum edilib, yalnız
böyük nüfuza malik Şeyx Nizami Gəncəvinin işə
qarışması sonucunda ölümdən xilas olub,
doğma şəhəri Gəncədən sürgün
edilib.
Orta çağ və sonrakı yüzillərin Azərbaycan
və özbək qadın şairlərinin həyat yolu və
yaradıcılıq taleyində ictimai-siyasi həyat şərtləri,
özəlliklə də, müsəlman şərqi ənənələrindən
gələn bir oxşarlıq var. On doqquzuncu yüzilin
ünlü Azərbaycan şairi, Qarabağ xanının
qızı Xurşidbanu Natəvanın da, onun böyük
müasiri, özbək şairi, Əndican hakiminin qızı
Nadirəbəyimin də ömrü avam, qaragüruhçu
kütlənin təzyiqi altında keçib, onlar hər ikisi
yüksək təhsil alıb və öz dönəminin
qabaqcıl dünyagörüşünü təmsil eləyib,
hər ikisi xeyriyyəçilik fəaliyyəti göstərib.
On doqquzuncu yüzilin ortalarında Cənubi Azərbaycanda
yaşayıb yaradan, iti ağlı, istedad və cəsarəti
ilə şöhrət tapan gənc şairə Tahirə
Qürrətüleyn isə görkəmli özbək
şairini öz faciəli aqibətinə görə
xatırladır. Azad fikirlərinə görə Tahirə
xanım İran şahı, Nadirəbəyim isə Buxara əmiri
tərəfindən edam edilib.
Sovetlər dönəmində çadrasını
atan qadınlara verilən hüquq bərabərliyi onların
bədii ədəbiyyatdakı mövqeyini müqayisəolunmaz
dərəcədə artırıb. Qadın çadranın
ardınca önlüyünü də çıxarıb,
üst-başının ununu çırpıb və min illərin
mətbəxindən silkinib çıxıb,
"Mosfilm"in ünlü emblemində olduğu kimi, öz
orağını kişinin çəkicinə dayaq verib -
"azad vətən"in "azad ana"sı olub. Bu
dövrdə Azərbaycan ədəbiyyatı Hüseyn Cavid,
Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza, Məmməd
Rahim, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Məmməd
Araz, Cabir Novruz kimi ünlü kişilərlə
yanaşı, həm də Mirvarid Dilbazi, Nigar Rəfibəyli,
Əzizə Cəfərzadə, Mədinə Gülgün,
Hökumə Billuri, Xalidə Hasilova, Əzizə Əhmədova,
Südabə Şəfa, Kəmalə Ağayeva kimi xanım
yazarlarla təmsil olunub. Sovet dönəminin ünlü
özbək şairi Zülfiyyə kimi, bu qadın
yazarların da önəmli bir qismi Xalq şairi və Xalq
yazıçısı kimi ən yüksək fəxri adlara,
bir sıra orden və medallara layiq görülüb, təkcə
qələm adamı deyil, həm də fəal ictimai xadim kimi
tanınıblar.
Sovetlərin çöküşündən
sonrakı özgürlük dönəmində
qadınların ədəbiyyata gəlişi daha geniş
vüsət alıb. Bu gün onlar parlamentdə, ictimai və
siyasi həyatın bir çox sahələrində olduğu
kimi, ədəbiyyatda da kişilərlə nəinki bərabər
çalışır, hətta getdikcə onları geridə
qoyurlar. Bu həm "ana haqqı, Tanrı haqqı" deyən
əski türklərdə anaya, qadına olan böyük
sayğı ənənəsinin davamı, həm də
çağdaş dünya insan hüquqları
standartlarına uyğunluğun göstəricisidir.
Son otuz ildə bütün keçmiş SSRİ
xalqları kimi Azərbaycan xalqı da bir ictimai-siyasi
formasiyadan digərinə, təkpartiyalı sistemdən
çoxpartiyalı sistemə, planlı təsərrüfatdan
bazar iqtisadiyyatına keçid elədi, ateist ideologiyadan dini
inanclara qayıtdı. Dəmir çəmbərlər,
tikanlı məftillərlə əhatələnmiş
qapalı sovet toplumunun dağıntıları arasında birdən-birə
özümüzü açıq dünya mədəniyyətinin
təmsilçiləri kimi gördük. Hər yandan
üstümüzə axın başladı - siyasi, iqtisadi,
dini-mənəvi, mədəni axın...
Keçid prosesinin doğurduğu bütün bu dəyişmələr,
şübhəsiz ki, qadın yazarların da
dünyagörüşünü ciddi surətdə etkiləyir,
onların yaradıcılığının ideya-bədii
özəlliklərinin özülündə durur. Çoxəsrlik
milli adət-ənənələr və getdikcə kürəsəlləşən
dünya arasındakı qarşıdurmanın ortaya
atdığı seçimdən doğan sosial-mənəvi
sorunlar çağdaş Azərbaycan qadın
poeziyasının leytmotividir. Otuz ildən bəri davam eləyən
Qarabağ savaşı ağrıları, ömrün, həyatın
anlamı haqqında fəlsəfi düşüncələr,
vətənin təbii gözəllikləri, sevgi və halallığın
tərənnümü kimi mövzular istər Nurəngiz
Gün, Firuzə Məmmədli, Ofeliya Babayeva, Mahirə
Hüseynova, Şövkət Zərrin Horovlu, Xəzangül
Hüseynova, Nisəbəyim, Əzizə
Ağahüseynqızı kimi yaşlı, istərsə də,
Nəzakət Məmmədova, Fərqanə Mehdiyeva,
Gülxani Pənah, Kəmalə Nəsrin, Gülnarə Cəmaləddin,
Zərəngiz Mansurova, Nazilə Gültac, Məlahət
Yusifqızı, Mina Rəşid Şıxova, Aləmzər
Sadiqqızı, Narıngül Nadir, Şəfəq Sahibli, Həyat
Şəmi, Rəsmiyyə Sabir, Nigar Həsənzadə kimi
orta nəslə mənsub şairlərin
yaradıcılığında mühüm yer tutur. Adilə
Nəzər öz şeirlərinin fəlsəfi yükü,
Səhər Əhməd virtual zaman-məkan göstəriciləri,
Leyla Əliyeva metafizik semantikası ilə seçilir. Hədiyyə
Şəfaqət, Arzu Hüseyn, Vəfa Qafarova, İradə
Aytel kimi cavan nəslə mənsub şairlərin şeirlərində
spesifik qadın mövzuları ön plana çıxır,
Aysel Əlizadənin şeirlərində isə açıq
feminist rəng alır.
Çağdaş dünya poeziyasında olduğu
kimi, Azərbaycan qadın
şairləri, özəlliklə də gənclərin
yaradıcılığında sərbəst və ya ağ
şeir - verlibrin yeri və rolu getdikcə güclənir. Lakin
Türküstan ulusları ozanlarının min beş yüz
ildən bəri qopuz, sonra isə saz üstündə
düzüb qoşduqları milli şeir forması olan heca vəzni
hələ öz mövqeyini qətiyyətlə qoruyub
saxlayır. Mahcamal, Lilpar Cəmşidqızı kimi
xanımların yaradıcılığı göstərir
ki, klassik divan şeirindən gələn əruz ənənəsi,
özəlliklə, qəzəlçilik də davam eləməkdə
və hətta yeni həyata başlamaqdadır.
Yaşıdları arasında öz bədii istedadı ilə
xüsusi seçilən Şahinə Könülün
şeirləri isə heca vəznində modern
düşünməyin mümkünlüyünü sübut
eləyir.
Yaş, üslub, mövzu, forma kimi zahiri şərtlərdən
asılı olmayaraq, qadın şairlərimiz bir nöqtədə
ortaq məxrəcə gəlir: Tanrı, vətən və
insana sevgi, sülh, barış və xoşgörüyə
çağırış, bir sözlə, gözəlliyə
vurğunluq! Qırxdan artıq poetik və publisist kitabın
müəllifi, Qarabağ savaşı olayları, şəhidnamə
mövzusuna ardıcıl müraciətləri ilə
seçilən Güləmail Muradın "Mən bu gün
sevginin içindən keçdim" şeirində dediyi
kimi:
Ulduzlar göylərdə, küləklər düzdə,
Qumrular budaqda məhəbbət dedi.
Könlümdə duyğu da, dilimdə söz də,
Qələm də, varaq da məhəbbət dedi.
Mən bu gün sevginin içindən keçdim.
Sayın özbək oxucuları!
Sevgidən keçən şeirlərdən ibarət
bu kitabı oxuduqca sizlərin də bu sevginin içindən
keçəcəyiniz, oxuyub qurtardıqdan sonra kiminsə
günlər, aylar, illərlə, kiminsə, bəlkə də,
ömrüboyu bu şeirlərdən doğan sevgi havasında
nəfəs alacağına inanıram.
Sonda qeyd etməyi özümə borc bilirəm ki,
qardaş xalqlarımız arasında ədəbi-mədəni
əlaqələr işinə xidmət eləyən bu qiymətli
layihə Özbəkistan Yazıçılar Birliyi
yanında "Avaz" Yaradıcı Qadınların Məsləhət
Şurasının Tərcümə və Beynəlxalq
Əlaqələr Şöbəsinin təşəbbüsü
ilə araya-ərsəyə gəlib. Layihənin həyata
keçirilməsində göstərdikləri təşəbbüsə
görə Özbəkistan Yazıçılar Birliyinin sədr
müavini, şair-tərcüməçi Fəridə
xanım Əfruz, eləcə də Tərcümə və
Beynəlxalq Əlaqələr Şöbəsinin
üzvü, şair-tərcüməçi Dilaram xanım
Muradovaya sonsuz sayğılarımı bildirir, eyni
yönlü gələcək layihələrdə
hamımıza uğurlar diləyirəm.
Əsəd CAHANGİR
Ədəbiyyat qəzeti .- 2025.- 4 iyul (¹23).- S.10;11.