Zəngəzur dəhlizi
və qürurun kədəri
Tanınmış ədəbiyyatşünas, tərcüməçi,
"Dünya ədəbiyyatı" jurnalının baş
redaktoru Seyfəddin Hüseynliyə...
Seyfəddin Hüseynlini hər dəfə dinləyəndə
- səsinin qalxıb-enən qanadlarında qədim bir zəngulənin
- vaxtı ilə dağlardan arana, geniş bir çölə
sərilən, sakitləşən ritmlərini hiss eləyirəm
və mən həmişə insanı, xüsusən də,
qələm adamlarını səsi ilə, səsinin
quruluşu ilə, açıq saitlərin
atılıb-düşməsi ilə tanıyıram. Demək,
zəngulə arana enmişdir və aram-aram dünyanın kələ-kötürlü
işləri, ağlı-qaralı rəngləri ilə
çulğalaşıb yaşayırdı.
Bu qarabəniz oğlanın sinəsini irəli verib, əllərini
çənəsində çarpazlayıb fikrin ləngərinə
uyğun səsinin şəlalələnməsi bizim ədəbiyyatın
neməti idi, onun sözlə nəfəs alması, xüsusən,
tərcümə işi ilə davamlı məşğul
olması səsinin, zənguləsinin müdrikləşməsi
prosesində ilk dəfə fikrimi diksindirən cümləsində
"Mən çox kədərliyəm və həm də
qürurluyam" deməsində artıq qürurun kədərini
dərindən hiss elədim və iki qardaş tabutu M.
Füzulinin şah beyti kimi qarşımızda idi. Tabut
önündə ilk dəfə ağlayan ədəbiyyatı
gördüm. Zəngulənin göz yaşları vardı,
qürurun kədəri bizi yandırırdı. Ötən
ilin dekabrından göylərdə bir təyyarə zənguləmiz
də vardı. Zəngulə zənguləyə
qarışırdı.
Mən həmişə elə bilmişəm ki, ədəbiyyat
dünyanı xilas edəcək, atılan topları,
açılan güllələri susduracaq. Rus-Ukrayna,
İran-İsrail müharibəsi olan dünyada, elə bil,
heç ədəbiyyat yox imiş, indiyə kimi bir dənə
şeir də yazılmayıbmış, bir nəğmə
belə bəstələnməyibmiş. Quşların
uçduğu göylərdə raketlər uçur, təyyarələr
vurulur. Bu da əsrlər boyu əl
açdığımız göylərin taleyi! Demək, mən
aldanmışam, şeirin, ədəbiyyatın gücü
yoxmuş insanı xilas eləməyə. Yox, mən bunu
yandım dedim, ədəbiyyat mübarizə
apardığı yerlərdə şeir oxunmur, dünya iki
hissəyə parçalanır: Ədəbiyyat və nəğmələr,
iqtisadiyyat və müharibələr...
Dartışırlar... günahlı, günahsız insanlar
ölür, səslər şəlalələşir, zəngulələr
şahə qalxır.
Seyfəddin Hüseynlinin ötən il nəfis şəkildə
çapdan çıxmış "Tərcümə təcrübələri"
kitabı stolumun üstündədir. Amerika, Argentina, Rusiya,
Çin, Fransa, İngiltərə, İsrail, İtaliya,
Ukrayna, Yaponiya, Suriya və başqa ölkələrin
yazıçılarından etdiyi tərcümələrdən
barıt qoxusu gəlmir, çiçək ətri gəlir, bəs
bu güllələr harda doğulur, harda əkilir, bilmirəm.
Böyük Rəsul Rza deyirdi, "Mən istəyirəm
güllər açılsın, güllələr
açılmasın, amanlı, ya amansız. Mən istəyirəm
buludlar ağlasın, körpələr ağlamasın,
analı, ya anasız". Böyük ustadın bu fəryadını
eşidən oldumu, bir güllə susdumu, bir barıt
torbası nəmlədimi? Əsla yox, güllələr daha
da doğdu, törədi. Nazim Hikmət demiş: "Ürəklərin
qulaqları kardı, kar".
Seyfəddinin etdiyi tərcümələri öz səsilə
oxuyuram və mənə elə gəlir ki, bu yazını da
onun səsi ilə yazıram. Zərif zəngulə
axışı, ləngər, səsinə uyğun gözlərin
öz həlqəsində çırpınması, üzdə
kədər toxunuşu...Qürurun kədəri.
Mən şəkilləri çox sevirəm. Son həftənin
şəkillərində ən çox Seyfəddin vardı,
yanında Rəşad, Aqil Abbas, Səlim və dostları...
Şəkil şeirdən, hekayədən daha çox oxunur,
məncə. Yadıma Vaqif Bayatlı Odərin
aşağıdakı misraları düşür:
Ölsək, ayaq üstə basdırın bizi,
Bu yurdun dərdləri ağlana bilməz.
Dünyanın dərdləri qurtarmayınca,
Şairin gözləri bağlana bilməz.
Seyfəddinin hava limanında
("qardaşlarını" gözləyərkən)
baxışları, çarəsizliyi və lap uzaqlara
baxmağı məni kövrəldir, ağladır. Nə səs
ata bilirəm, nə də zəng edə bilirəm. Elə
bilirəm, nəyisə öyrənə bilsəm, hər
şey gerçək olacaq. Qoy elə belə, hər şey
yalan kimi qalsın. Ancaq indi tabutları görəndə...Bunun
əvəzi idimi Seyfəddinin rus dilindən etdiyi tərcümələr?
Rus şairlərinin, yazıçıların əsərlərinin
dilimizə çevirməyinin mükafatı idimi, iki
qardaş tabutu? Hanı Rus ədəbiyyatı, hanı
Puşkin, Lermontov, Dostoyevski? Hanı, hanı, hanı ədəbiyyat?
Ağlımdan qulağıma bir səs gəlir: onlar da kiminsə
gülləsi ilə ölüblər.
Və hamının səsində bir zəngulə
qalıb, yarı pəsdən, yarı da zildən.
Seyfəddin, bir şeyi bilirəm, səsin tərcüməsi
yoxdur, o bütün dünyada oxunur, sənin qardaş
harayın bütün dillərdə zəngulədir.
Xanın, Yaqubun, Arifin zənguləsi kimi. Sözün bəzən
səhv başa düşüləcəyinə inanıram,
amma səs heç vaxt adamı aldatmır. Sənin səsin
heç vaxt yadımdan çıxmaz.
Seyfəddin, görəsən, bizdən nəyin
heyfini çıxırlar?! Qarabağda doyunca nəfəs
alırıq, onunmu heyfini? Zəngəzur dəhlizində
addımlarımızın vüsalınımı? Səbirli,
dözümlü olduğumuza görəmi? Nəyi nə vaxt
edəcəyimizi bildiyimizə görəmi? Bir tabut altında
birləşməyimizi bacardığımıza görəmi?
Seyfəddin, sənin kədərin xalqımızın
kədəridir, dünyada baş verən siyasi iqlimin kədəridir.
Və inanıram, sən Zəngəzur dəhlizində ilk
addımlayanlardan olacaqsan. Və inan, hamımızın
çiynində bir tabut var, bəlkə də çiyinlərimiz
tabut daşımaq üçündü, aparırıq
torpağın altına, biz gələnəcən
torpağı qızdırsınlar, biz də gedəcəyik
torpağın altına, torpağın üstünü
qorumaq üçün...
Qəşəm Nəcəfzadə
Ədəbiyyat qəzeti .- 2025.- 4 iyul (№23).- S.11.