Birinci Türkoloji
Qurultayda tarixşünaslıq məsələləri
Türk xalqlarının
tarixşünaslığı məsələsi, əlbəttə,
Birinci Türkoloji Qurultayın birbaşa maraq dairəsinə
daxil deyildi, bununla belə onun ikinci iclası akademik Vasili
Vladimiroviç Bartoldun "Müasir vəziyyət və
türk xalqları tarixinin araşdırılmasının ən
yaxın vəzifələri" məruzəsilə
açılmış, məruzəçinin ilk mülahizələri
bunlardan ibarət olmuşdur ki, "türkologiya sahəsinə
aid edilə bilən elmi fənlər arasında türk tayfa və
xalqlarının tarixi xüsusi yer tutur. Tarixi həyatı
boyu, bəzi istisnalar olmaqla, türklər öz dillərində
tarixi ədəbiyyat yarada bilməyiblər. Köçəri
türk tayfalarının tarixi bizə, əlbəttə, daha
çox onların mədəni qonşularının məlumatlarından
bəllidir, lakin hətta türklərin istila etdikləri
ölkələrdə oturaq həyata keçdikləri və
türk sülalələrinin hakimiyyəti altında mədəni
dövlətlər yarandığı yerlərdə də məğlub
edilənlərin mədəniyyətinin təsiri o qədər
güclü idi ki, ədəbiyyatın, xüsusilə də
nəsrin dili türk dili yox, onların dili olurdu".
Türkologiyanın nəinki bugünkü, hətta həmin
mülahizələrin söyləndiyi günlərdəki səviyyəsindən
yanaşsaq, akademiklə razılaşmaq elə də asan
deyil. Hər şeydən əvvəl ona görə ki, qədimliyi
heç bir şübhə doğurmayan türk dili (və
onun müxtəlif diferensial təzahürləri) əvvəl
şifahi (epos), sonra isə yazılı formada türklərin
tarixini həmişə müşayiət etmişdir; ikincisi,
ərəbcə və ya farsca mövcud olan türk
tarixşünaslıq mənbələrinin əksəriyyəti,
ya türklər tərəfindən qələmə
alınmış, ya da türkdilli şifahi qaynaqlara əsaslanmışdır;
üçüncüsü isə, I minilliyin sonu, II minilliyin əvvəllərindən
etibarən türklərin İslam dünyasında
qazandığı siyasi hakimiyyət onların hər
üç dildən ? ərəbcə, farsca və türkcədən
eyni zamanda istifadə ənənəsini yaratmışdır
ki, bu üçdilliliyin özü də türk
tarixşünaslığı üçün bir mədəniyyət
hadisəsidir.
V.V.Bartoldun işlətdiyi "köçəri
türk tayfaları" ifadəsi türklərin tarixinə
münasibətdə doğru olmayan (və artıq
özünün, əgər belə demək mümkünsə,
mürtəceliyini sübut etmiş) konsepsiya"dan irəli gəlir.
Akademik Tofiq Hacıyev tamamilə haqlı olaraq, hələ
orta əsrlər bir yana, qədim türk tarixində
"imperiya" anlayışını, prinsip etibarı ilə,
"köçərilik" anlayışını istisna
etdiyini göstərir.
Məruzənin "türk xalqlarının tarixini
öyrənmək üçün türkoloq olmaq kifayət
deyil. Hansı dövrlə maraqlandığndan asılı
olaraq, çinşünas, ərəbşünas və ya
iranşünas da olmaq lazımdır" fikrinə gəldikdə
isə, əlbəttə, kökündən
yanlışdır. Çünki türklərin tarixini öyrənmək
üçün məhz türkoloq olmaq lazımdır, ancaq təbii
ki, müvafiq dillərdəki məlumatlara bələdliklə...
Yeri gəlmişkən, elə bu cür yanlış
münasibətin nəticəsidir ki, ərəbşünaslar,
iranşünaslar müəyyən dövrlərdə
türk tarixşünaslığında meydan sulamış,
çox ciddi elmi-metodoloji qüsurlara yol vermişlər.
V.V.Bartoldun qədim türk (run) yazılı abidələrinin
tarixi əhəmiyyətinə münasibəti də
"maraqlıdır": gah deyir ki, həmin abidələr
tapılana qədər də onları yazan xalqın türk mənşəli
olmasına heç bir şübhə yox idi; gah onların dəyərini
"çin mənbələrinin məlumatlarını
tamamlamaq"la məhdudlaşdırır; gah da hələ
tam tədqiq edilib öyrənilmədiyini deməklə abidələrin
istifadəyə yaramadığı barədə təsəvvür
formalaşdırır. Və bütün bunlar ona görədir
ki, türkdilli mənbələrin türk tarixini (əslində
tarixşünaslığını!) yaratmağa kifayət
etmədiyi, bunun üçün onların "mədəni
qonşuları"nın dilində yazılmış əsərlərə
müraciət eləməyin lazım gəldiyi barədəki
"ideya" təsdiq olunsun.
Akademikin məruzəsinin metodoloji baxımdan ən
qüsurlu cəhəti, fikrimizcə, türk tarixinin
bütövlüyünə məhəl qoymaması, etnosun
etnik-mədəni diferensiasiya qanunauyğunluqlarına deyil,
epizodik faktlara istinad etməyə meyil göstərməsidir.
O, açıq-açığına demişdir ki,
"hazırda əlimizdə olan mənbələr hələ
Orta Asiyanın qərbində türklərin mədəni
tarixinin əsas faktlarının - onların İslam və
fars-müsəlman mədəniyyəti təsirinə tədricən
tabe olmasının aydınlaşdırılması
üçün imkan vermir". Bununla yanaşı, deyir ki,
türklər "bəlkə də, elə Orxon əlifbası
üçün də Suriya xristianlarına yox, soqdilərə
minnətdardılar". Beləliklə, "əsas fakt"
yoxdur, qədim türk əlifbasının isə türklərə
aid olmadığı güman olunur. "Ən
maraqlısı" isə odur ki, türk tarixinin türkdilli
mənbələrini "axtaran" nüfuzlu tədqiqatçı
Mahmud Kaşğarinin "Divan"ından danışarkən
türk təəssübkeşliyinin bu möhtəşəm
abidəsi barədəki mülahizələri son dərəcə
sönük, əsərin ideya-məzmunundan tamamilə uzaq təsirini
bağışlayır:
V.V.Bartold demişdir:
"Əlamətdardır ki, türklər
İslamı könüllü şəkildə, müsəlman
silahı tərəfindən heç bir təzyiq olmadan qəbul
etmişdilər. Türklərin İslama tabe olmaları bu
dinin mədəni qüvvə kimi əhəmiyyətinin lehinə
olan daha bir sübutdur"... Ancaq onu deməyi unutmuşdur ki,
türklər İslamı zəngin dini-mifoloji, mənəvi-əxlaqi
və sosial-ideoloji dünyagörüşü zəminində
qəbul etmişlər. İslam türk cəmiyyətinə
heç də bəzilərinin düşündükləri
kimi inam boşluğunu dolduran bir axın olaraq gəlməmişdir.
Əgər belə olsaydı, türklər islamın qəbuluna
ciddi müqavimət göstərərdilər. Ona görə
belə bir müqavimət özünü göstərmədi
ki, türk tanrıçılığı, mənbələrin
də şəhadət verdiyi üzrə, təkallahlı bir
dinə çevrilməyin astanasına gəlib
çıxmışdı.
Müsəlman dünyasında ərəblər və
farslardan sonra "üçüncü ən böyük
etnoqrafik element" sayıldığını etiraf etməklə
yanaşı, V.V.Bartold çalışır ki, türkləri
daim ərəb, xüsusilə, İran təsiri altında təqdim
etsin. Ancaq yada salmaq istəmir ki, XI-XII əsrlərdən
etibarən ərəb xəlifələri türk
hökmdarlarının dedikləri ilə oturub-durduqları
kimi, İran şairləri də həmin
hökmdarlarının himayəsində idilər.
Görkəmli tarixçi bir sıra hallarda bilavasitə
cəmiyyət tarixi məsələlərindən kənara
çıxıb türklərin mədəniyyət, mənəviyyat
tarixinə nüfuz etməyə çalışarkən birtərəfli,
əsassız mülahizələr irəli sürmüş,
məsələn, demişdir:
"İslamı qəbul edəndən sonra türklər
müsəlman dindarlığının sadiq müdafiəçilərinə
çevrildilər. Qərbdə bərbərlər kimi, Şərqdə
də türklər çox vaxt dinin ehkamlarının
müdafiəçisi və onların pozulmasına görə
qisasçılar rolunda çıxış edirdilər.
Müsəlman türklərin müsəlman ölkələrinə
qarşı istilaçı yürüşlərinə bu
ideya ilə bəraət qazandırıldı. Mahmud
Kaşğari belə bir rəvayət danışır: guya
Allah peyğəmbərə deyib ki, "Mənim Şərqdə
türklər adlanan qoşunum var, hər hansı bir xalqa qəzəblənəndə
türkləri onların üstünə göndərirəm".
İslama olan səmimi sədaqətləri üzündən,
bərbərlər kimi, türklər də bəzən maddi,
mənəvi və mədəni nailiyyət əleyhinə
yönəlmiş dini irticanın alətinə
çevrilirdilər".
Birincisi, türklərin bərbərlərlə
müqayisəsi heç yerinə düşmür...
İkincisi, İslamı qəbul etməzdən min il əvvəldən
də türklərdə hərb sənəti inkişaf
etmişdi. Odur ki, onların (türklərin) İslam
bayrağı altında "kafirlər"ə qarşı
yürüşlərini dinə sədaqətin təzahürü
kimi qiymətləndirmək özünü doğrultmur...
Üçüncüsü, V.V.Bartold ziddiyyətə yol
verir: əgər türklər "müsəlman ölkələrinə
qarşı istilaçı yürüşlər" edirdilərsə
(və buna məşhur "hədis" haqq qazandırmaqla
onların "qisasçılığ"ına dini don
geyindirirdisə), onda "dindarlığın sadiq müdafiəçisi"
nə deməkdir? İslamın qəbulundan sonra da türklər
öz epik həyatlarını müəyyən
sosial-etnoqrafik fərqlərlə (məsələn, şəhərləşmənin
güclənməsi) davam etdirmiş, heç zaman "dini
irticanın aləti"nə çevrilməmişlər...
Dördüncüsü, orta əsrlər türk cəmiyyətində
heç də bütün təbəqələrin müsəlman
dindarı olub, gecə-gündüz İslama sədaqətlə
ibadət etdiyini düşünmək illüziyadır. Və
V.V.Bartold türklərə münasibətdə daha bir
yanlışlığa da burada yol verir. O deyir ki,
"türklərin son zamanlaradək köçərilər
arasında İslam ehkamlarından daha artıq nüfuza malik və
Orta Asiyada müsəlman dindarlığı tələblərilə
tam uzlaşan müsəlman mistikasına aludə olmaları
da elə bununla (söhbət "dini irticanın alətinə
çevrilmək"dən gedir - N.C., M.H., A.Q.)
bağlıdır. Türklərin mədəni tarixinin bu cəhətinə
son zamanlar Türkiyədə diqqət yetirilir". Professor
M.F.Köprülüzadənin Türküstan mistikləri ilə
Kiçik Asiya mistikləri arasındakı əlaqələri
öyrənməsini təqdir edən məruzəçi həmin
müsəlman mistiklərinin (M.F.Köprülüzadənin
termini ilə desək, "ilk türk mütəsəvvüflər"inin)
dünyagörüşünü düzgün qiymətləndirmir.
Hər şeydən əvvəl, təsəvvüf islam
dininin əleyhinə olan bir ideya-estetik hərəkatdır,
eyni zamanda "dini irtica" ilə nəinki əlaqədardır,
əksinə, müxtəlif dinlərə kifayət qədər
tolerant münasibətdədir.
V.V.Bartold məruzəsində ərəblərdən,
farslardan sonra türklərə monqol təsirindən bəhs
edərək demişdir:
"Rəşidəddin əsərini monqol xanları
üçün yazmış olsa da, həm təsvirini verdiyi
köçəri həyat lövhələrindən, həm
də monqolların hərbi müvəffəqiyyətlərinin
təsiri altında köçəri ənənələrinin
canlanmasından onların özləri yox, türklər
faydalandılar. Orta Asiyanın qərb hissəsinə
köçən azsaylı monqol elementləri isə tədricən
onların içində əridi. Milliyyətlərini itirənədək
monqollar yerli həyat tərzini xeyli dəyişməyə
nail oldular... Xalqının dili türk dili olan dövlətlərdə
monqol imperiyasının ənənələri yaşamaqda idi
və taxt-taca varislik hüququ Çingiz xanın xələflərinə
məxsus idi. Xalqların adları da dəyişdi: monqollara qədərki
dövrdə adları Orta Asiyanın qərbində və
Rusiyanın cənubunda çöllərə verilən
qıpçaqlar indi artıq bir xalq kimi öz adlarını
itirdilər. Əvvəllər monqolların xalq
arasındakı adı olan "tatar" sözü indi
artıq Volqaboyu və Krımın türk dilində
danışan əhalisini bildirirdi".
Monqol hərbi-inzibati aristokratiyası içərisindən
çıxan Çingiz xan, məlum olduğu kimi, çox
tezliklə genetik baxımdan qohum türklər içərisində
bir türk kimi qəbul edilməyə başladı ki, həmin
aqibət onun xələflərini də gözləməyə
bilməzdi. Sayca az olan monqolların bütöv kütləsinin
yox, yalnız onların sözügedən aristokratiyasının
türklərə müəyyən təsirindən
danışmaq, əslində daha doğru olardı. O ki
qaldı "tatar" etnoniminin türkləri də zaman-zaman
əhatə etməsinə, bu, rusların, ilk növbədə,
Rusiya imperiyası məmurlarının almanları
"nemes" adlandırmağa ancaq çatan
"fantaziya"larının məhsuludur.
Məruzəsinin sonunda "türk xalqlarının
tarixini dünya tarixinin ayrılmaz tərkib hissəsi kimi
öyrənən tədqiqatçı qarşısında nə
qədər çoxsaylı məsələlər
durduğunu göstərməyə çalışan"
V.V.Bartold ümid edir ki, "hazırda Kiçik Asiyadan Tobolsk
və Turfanadək ərazidə qarşısında öz
milli mənliyini itirmədən Qərb mədəniyyətinə
yiyələnmək kimi mürəkkəb vəzifə duran həmin
xalqların nümayəndələri də bu işin yerinə
yetirilməsində iştirak edəcəklər".
"Tatar mədəniyyəti sahəsində ən
yeni kəşflər" mövzusunda məruzə edən moskvalı
professor İlya Nikolayeviç Borozdin sözünə türk
xalqlarının maddi mədəniyyət tarixinin
araşdırılması sahəsində az iş
görüldüyünü deməklə
başlamışdır. Onun aşağıdakı
mülahizələri yalnız o dövr üçün yox,
bu gün də aktualdır:
"Çingiz xanın yürüşləri Çinin
dərinliklərindən başlayıb Orta Asiyadan, Rusiya
düzənliklərindən (xatırladaq ki, həmin əsrdə
Rusiya hələ yox idi, Qıpçaq çölləri
vardı - N.C., M.H., A.Q.) keçərək Qərbi Avropa
hüdudlarınadək möhtəşəm bir vüsət
aldı. Bir sıra zəngin mədəni ənənələri
özündə ehtiva edən maraqlı, özünəməxsus
bir mədəniyyət yarandı. Yəqin ki, monqol
istilalarının yalnız "hər yerin və hər
şeyin" od və qılıncla məhv edildiyi sırf
dağıdıcılıqdan ibarət olmadığından
danışmağa ehtiyac yoxdur. Bu nöqteyi-nəzər Qərbdə
indi də öz müdafiəçilərini tapsa da, onlar bir
o qədər də inandırıcı dəlillər gətirə
bilmirlər və həmin baxışı arxivə verməyin
vaxtı çoxdan çatmışdır".
İ.N.Borozdinin monqol-tatar hərəkatı
dövrü barədəki bu qənaətləri yalnız
elmi həqiqəti əks etdirməsi baxımından deyil,
Qurultayın əhval-ruhiyyəsini yüksəltmək
etibarı ilə də diqqəti çəkən idi. Və
hətta V.V.Bartoldun bu məsələyə münasibətinə
dair gətirdiyi sitat da akademikin birmənalı olmayan məruzəsinə
müəyyən rəğbət yaratmaya bilməzdi:
"Sonuncu xarici səfəri haqqında hesabatında
akademik Bartold göstərir ki, Londonda oxuduğu mühazirələrində
tarixçi Peyskerin "Kembric orta əsrlər Tarixi"ndə
çap etdirdiyi köçərilər və köçəri
həyatı haqqında ümumiləşdirici məqaləsində
açıqladığı bu cür baxışların əleyhinə
çıxış etməli olmuşdur. Peysker və onun həmfikirlərinin
müqabilində akademik Bartold haqlı olaraq qeyd edir ki,
monqollardan sonrakı dövrdə Çindən Rusiyaya qədər
böyük ərazidə monqol istilasından əvvəlkinə
nisbətən daha yüksək siyasi sabitliyin
şahidiyik".
Birinci Türkoloji Qurultayda türk tarixinin, əgər
belə demək mümkünsə, monqol-tatar dövrünə
xüsusi diqqət yetirilməsi ona görə xüsusi əhəmiyyət
kəsb edirdi ki, Çingiz xanın başladığı hərəkat,
demək olar, bütün türk xalqlarının taleyinə
təsir göstərməklə yanaşı, onların
başqa xalqlarla əlaqələrinin sosial, siyasi və mədəni
istiqamətlərdə son dərəcə dərinləşməsinə
də səbəb olmuşdu... Və məsələnin
obyektiv həllini ciddi şəkildə ləngidən bir amil
də keçmiş Rusiyada monqol-tatar istilası barədə
artıq "kristallaşmış" mövqe idi. Təqdirəlayiq
haldır ki, İ.N.Borozdin bu barədə açıq
danışmağa üstünlük verərək
demişdir:
"...Təəssüf ki, əksər hallarda
tatarların və onların yaratdıqları mədəniyyətin
təsviri birtərəfli və bayağı şəkildədir.
İstilaçı tatarların vəhşiliyi və mədəniyyətsizliyi
qırmızı xətt kimi fərqlənir, yalnız tək-tək
təsadüfi hallarda səhvən sözün düzü
deyilir. İşdə isə tatar abidələrinin diqqətlə
və dərindən araşdırılması tamamilə
bunun əksinə dəlalət edir".
Oktyabr inqilabından sonra aparılmış arxeoloji
qazıntıların Qızıl Ordada kifayət qədər
inkişaf etmiş şəhər mədəniyyətinin
mövcudluğunu təsdiq etdiyini bildirən məruzəçi
belə bir qərara gəlmişdir ki, "hər halda hər
hansı bir vəhşilik və primitivlikdən
danışmağa dəyməz. Rus mədəniyyətinə
böyük təsir göstərən tatar mədəniyyəti
də, öz növbəsində, bir sıra yadelli mədəni
təsirləri mənimsəmişdir. Onun Asiyanın dərinliklərindən
Uzaq Şərq (Çin) təsirinin heç bir şübhə
doğurmayan əlamətlərini gətirdiyini
görürük".
İ.N.Borozdin məruzəsini elmi-metodoloji baxımdan
az dəyərli olmayan cəsarətli təkliflərlə
yekunlaşdırmışdır:
"Əgər ruslaşdırma meyilli çarizm
milli keçmişimizi öyrənməyə imkan vermirdisə,
indi oraq və çəkicin himayəsi altında Şərqin
azad edilmiş yeni həyata səslənən xalqları
arasında elmi tədqiqat işini sərbəst şəkildə
aparmaq mümkündür.
Təbii ki, bu işlər müəyyən planlar və
tapşırıqlar əsasında aparılmalıdır və
əgər söhbət arxeoloji qazıntıların
"dövlət planlaşdırılması"ndan gedirsə,
mən ticarət yollarının sistemli şəkildə tədqiqinə
tərəfdar olardım. İlk növbədə, Orta Asiyadan
(Xarəzm) Volqaboyu və Krıma gedən yollar öyrənilməlidir".
Türk xalqlarının
tarixşünaslığına aid üçüncü məruzəni
Bakıda çalışan Kazan tatarı, dosent Qaziz
Qubaydullin etmişdir. Məruzəçi "türk-tatar
xalqları tarixinin türk-tatar alimlərinin özlərinin əsərlərində
müəyyənləşdirilən gedişini" izləməyə
çalışmış, Mərcani, Qayım Nəsiri,
Əbdülbari Battalov, Zəki Vəlidi kimi inqilabaqədərki
tarixçilərin əsas əsərlərini təhlil etdikdən
sonra sovet dövründə aparılmış tarix
araşdırmalarının qısa icmalını
vermişdir.
Q.Qubaydullinin gəldiyi nəticələr bundan ibarətdir
ki, "birincisi, demək olar ki, bütün türk
tarixçilərində metod çatışmır və
onlarda səriştəsizlik müşahidə edilir ki, bu da,
bəziləri istisna olmaqla, onların əksəriyyətinin
xüsusi hazırlıq keçməmiş adamlar
olmalarından irəli gəlir. İkincisi, türk-tatar dilində
yazılan əsərlərin əksəriyyəti populyar
xarakter daşıyırdı. Üçüncüsü, bu
əsərlərdə tarixi mənbələr və
xüsusi ədəbiyyatlar, xüsusən də, Qərbi
Avropa ədəbiyyatı ilə tanışlığın
çox az olduğu nəzərə çarpır".
Məruzəçinin təkliflərinə gəldikdə,
demək lazımdır ki, onların hamısı əsaslıdır:
"...Müasir türk xalqlarının həyatını
bilən, Şərq dillərində danışan, tarixi hadisələrin
baş verdiyi ərazidə yaşayan türklərin özləri
elmə böyük fayda verə bilərlər ki, indiyədək
mövcud olan təcrübə də buna dəlalət edir.
İkincisi, tarix elminin populyarlaşdırılması və
türk kütlələrinə
yaxınlaşdırılması məqsədilə türk
xalqlarının tarixinə dair rus və Avropa tarixçilərinin
ən mühüm əsərlərinin tərcüməsinə
başlamaq lazımdır. Üçüncüsü, elə
həmin məqsədlərlə tarixə dair mənbələri
türk dilinə tərcümədə çap etdirmək gərəkdir".
Q.Qubaydullin də İ.N.Borozdin kimi arxeoloji
qazıntıların genişləndirilməsi, türklərin
maddi mədəniyyət tarixinə dair materialların
artırılması zərurətini göstərmişdir.
Türk xalqları tarixşünaslığına aid
məruzələrdən sonra türk xalqlarının
etnoqrafiyasının öyrənilməsi məsələsinə
dair məruzələr dinlənilmiş, müzakirə isə
birlikdə aparılmışdır.
Tarixşünaslıq məruzələri ilə
bağlı olaraq daha çox arxeoloji qazıntıların
artırılması, bu qazıntıların gedişinə
yerli əhalinin də bu və ya digər şəkildə cəlb
olunması diqqət mərkəzinə çəkilmişdir.
Çıxış edənlər V.V.Bartoldun türk
xalqları tarixinin öyrənilməsindəki xidmətini
qeyd etsələr də, həmin xidmətin nədən ibarət
olduğu barədə, demək olar, heç nə deməməklə,
əslində nümayiş etdirmişlər ki, akademikin məruzəsi
ideya-məzmun mücərrədliyinə görə gözlənilən
effekti verməmişdir.
Müzakirədə çıxış edən iki
qurultay nümayəndəsinin - oyrot (Altay) jurnalist Aleksey
Makaroviç Sabaşkin ilə çuvaş ədəbiyyatçı
- müəllim Mixail Petroviç Petrovun təklifləri
bilavasitə mənsub olduqları xalqların tarixinə, daha dəqiq
desək, bu tarixin öyrənilməsi vəziyyətinə
aiddir.
A.M.Sabaşkin tarixçi-türkoloqları
"sırf sosioloji baxımdan əsaslandırılmış
tarixi üzə çıxarmamaqda ittiham edən"lərin
tələblərinin "vaxtından əvvəl irəli
sürüldüyü"nü qeyd etdikdən sonra göstərmişdir
ki, "sələflərimizi, türkologiya elminin parlaq
ulduzlarını tarixin - xronologiyanın, tarixlərin və
i.a. bütövlüyünü təmin etməməkdə
ittiham eləmək daha məqsədəuyğun olardı.
Lakin tariximiz, yoldaşlardan birinin ifadəsinə görə,
"yer altında" olduğundan, yəni onu bel və balta
ilə əldə etmək lazım gəldiyindən burada təkcə
əqli yox, fiziki qüvvə də tətbiq edilməlidir".
A.M.Sabaşkin əlavə etmişdir ki, "bizim
xalqımızın, bizim tayfanın tarixi torpaq
altındadır. Qazıntılar vaxtaşırı
aparılır, lakin mən burada həmin işi aparan
yoldaşlardan xahiş etmək istərdim ki, onların
işində yerlərdəki işçilər də
iştirak etsinlər. Biz oyrotlar bilirik ki, sovet hakimiyyəti
dövründə bizə üç ekspedisiya gəlib.
Onların nəticələrini bilmirik, planlarından, vəzifələrindən
də xəbərimiz yoxdur. Məsələdə
marağı olan və keçmişini aşkar etmək
arzusunda olan bizlər üçün bu, tamamilə əlverişsizdir".
Mənsub olduğu xalqın öz tarixini bilmək istədiyini
Qurultayın nəzərinə çatdıran nümayəndənin
eyni zamanda bu tarixin epizodikliyindən yox, xronoloji
bütövlüyündən bəhs etməsi Rusiya
imperiyası dağıldıqdan sonra böyük ümidlər
(və bilavasitə vədlər!) verən inqilabın işığında,
hətta ən ucqarlarda yerləşən türk
xalqlarının belə, tarixi şüurunda müəyyən
irəliləyişlərin meydana
çıxdığını göstərirdi.
Çuvaş M.P.Petrov müzakirədəki
çıxışında bu baxımdan müəyyən qədər
təfərrüata vararaq demişdir:
"XIII əsrə qədər çuvaşlar
özəl müstəqil həyatlarını
yaşayırdılar. Monqol istilasından sonra onlar tatar
dünyası ilə birlikdə Qızıl Ordanın hakimiyyəti
altına düşdülər. Tatar hakimiyyətindən azad
olan rus xalqı Şərqə doğru yürüşə
başladıqda isə bu ağır mübarizədə rus
silahının ilk zərbələri çuvaşların
üzərinə endi. Onu da demək lazımdır ki, bu zərbələr
bir neçə əsr boyu davam etmişdir".
Tatarlarla ruslar arasında qalaraq əzilib zəiflədiklərini
qeyd edən ədəbiyyatçı - müəllim Qurultayda
xalqının "epik tarix"inin ağrılı səhifələrini
açmaqdan çəkinməmişdir:
"...Çuvaşlar nəhayət... 1551-ci ildə
ilk dəfə könüllü şəkildə rus təbəəliyini
qəbul etdilər. Lakin yeni rus hökuməti elə dəhşətli
bir rejim yaratdı ki, çuvaşların səbri cəmi
üç aya tükəndi. Onlar hamılıqla üsyan
qaldırdılar, amma üsyan amansızlıqla yatırıldı".
Öz taleyinə xalqının tarixinin üzvi tərkib
hissəsi olaraq baxan M.P.Petrov rus salnamələrinə əsaslanaraq
əlavə etmişdir ki, "bütün "ən
yaxşı" adamlar ucdantutma məhv edildilər, orta səviyyəlilər
isə Novqorod və Pskov quberniyalarına sürgün
olundular. Beləliklə, təkcə "qara kütlə"
adlandırılanlar - qara camaat
qaldı. Mən elə həmin qara camaatın nümayəndəsiyəm".
Bu çıxışda, eləcə də bu və
ya digər dərəcədə "təcrid olunmuş"
digər türk xalqlarına mənsub nümayəndələrin
çıxışlarında özlərinin xeyli qədim zamanlardan
müstəqil bir xalq olduqlarını iddia etmək təşəbbüsləri
aydın görünür. Və heç bir şübhə
yoxdur ki, Qurultaya gələn hər bir nümayəndə
türklüyünü yaxşı bilməklə
yanaşı, özbək, tatar, başqırd, çuvaş,
oyrot (Altay)... olduğunu da kifayət qədər dərindən
anlayırdı... Bütün bunlar isə Qurultaydan
tarixşünaslıq məsələsinə münasibətdə
iki istiqaməti qarşılıqlı əlaqədə nəzərdən
keçirməyi tələb etmiş olurdu ki, onlardan birincisi,
ümumi (bütöv) türk tarixi, ikincisi isə,
ayrı-ayrı türk xalqlarının tarixləridir. Mürəkkəblik
isə o zaman meydana çıxırdı ki, ayrı-ayrı
türk xalqlarının tarixləri ümumi türk tarixinin
"ərazi"sinə müdaxilə etməyə, ortaq
tarix üzərində hakim olmağa, yaxud ondan daha qədim
görünməyə cəhd göstərir.
Çuvaşıstandan gəlmiş nümayəndə
inqilabdan sonra türk xalqlarının ziyalıları
arasındakı ruh yüksəkliyinin ifadəsi olaraq
demişdir:
"Mən tam əminəm ki, xalqın, kütlənin
öyrənilməsi kütlədən təcrid olmuş bir
şəxsin imkanı xaricindədir (bu mülahizə, əslində
məruzəçilərin nitqindəki mücərrəd, sxematik
və eklektik mühakimələrə qarşı yönəlmişdi
- N.C., M.H., A.Q.). Bu işdə kütlə özü
iştirak etməlidir (bu mülahizə isə 20-ci illərin
verdiyi məsuliyyəti hələ sonacan dərk
olunmamış azadlığın, aşırı
kollektivçilik ruhunun məhsulu idi - N.C.)... Mən burada arzu
etmək istərdim ki, bu işdə yaxından, bilavasitə
iştirak etmək üçün dəvət
alacağıq. Mənə elə gəlir ki, bu sahədə
çuvaşlar xüsusi diqqətə layiqdir".
Ancaq bu ruh yüksəkliyinin, kollektivçilik
düşüncələrinin mahiyyətində nə isə
"elmdən uzaq bir xəyalpərəstliy"in də gizləndiyi
özünü göstərir ki, bu, adətən nüfuzlu
alimlərin "nəzəriyyə"lərinə istinad
edir:
"...Keçən ilin yayında bizdə
çuvaşların tədqiqinə müəyyən qədər
vaxt sərf edən prof. Marrın, həmçinin başqa
alimlərin (Nikolay Nikolayeviç Poppe) tədqiqatları bu
xalqın çox qədim olması barədə ciddi material təqdim
edir. Çuvaşların dili, məişəti və həyatının
digər hadisələrində elə qədimlik elementləri
var ki, türk dillərinin müxtəlif hadisələrini
yalnız onlara əsaslanaraq izah etmək mümkündür.
Odur ki, bu halda çuvaşlar kənarda qala bilməzlər".
Əlbəttə, M.P.Petrovun ümumtürkoloji tədqiqatlarda
yaxından iştirak etmək cəhdləri nə qədər
təqdirəlayiq olsa da, onun məhz "kütlədən təcridolunma"nın
unikal hadisəsi olan akademik N.Y.Marrın sərsəm nəzəriyyəsinə
istinadı birgə iştirakın elmi perspektivlərini
şübhə altına alırdı.
Qurultayın akademik V.V.Bartoldun sədrliyi ilə
yaratdığı komissiyanın "Türk xalqları
tarixinin araşdırılmasının müasir vəziyyəti
və ən yaxın vəzifələri" məruzəsi
üzrə hazırladığı qətnamə layihəsi oxunduqdan sonra iclasın sədri
bildirir ki, V.V.Bartoldun ayrıca rəyi var... Həmin rəy də
Qurultay nümayəndələrinin diqqətinə
çatdırılır. Söz alan leninqradlı akademik
Sergey Fyodoroviç Oldenburq təklif edir ki, Qurultay çox da
böyük öhdəliklərə imza atmasın.
Leninqradlı akademiklərin "janqlyorluq"ları
bəzi nümayəndələrin etirazına səbəb
olur. Və "Stenoqram"da əksini tapmış "yerdən
səs" qətnaməyə hər hansı bir əlavənin
olunmasına etiraz edir... İşə professor Bəkir
Çobanzadə qarışmalı olur:
"Mən bütün dəlillərlə, əsasən,
razıyam. Lakin belə fikirdəyəm ki, həm Oldenburqun, həm
də akademik Bartoldun rəylərinin həddən artıq
böyük əhəmiyyəti var. Odur ki, Komissiyanın qətnaməsini
əsas kimi qəbul etmək və Rəyasət Heyətinə
onu dəqiqləşdirmək barədə tapşırıq
vermək lazımdır ki, Bartoldun və Oldenburqun düzəlişləri
də ora daxil edilsin".
Professor B.Çobanzadənin təklifi yekdilliklə qəbul
olunur.
Nəticə etibarilə, Birinci Türkoloji Qurultay
göstərir ki,
a) türk xalqlarının nümayəndələri
(ziyalıları) öz tarixlərini özləri yazmaq
iddiasındadırlar;
b) mərkəzdən gələn kifayət qədər
təcrübəli rus tarixçiləri həm akademik, həm
də inzibati imkanlarından istifadə edərək, həmin
"səlahiyyət"i bu tezliklə onlara güzəştə
getmək marağında deyillər;
c) Oktyabr inqilabının doğurduğu öz tarixinə
yiyə durmaq eyforiyası türk xalqlarında Qurultaydakı
nümayəndələrinin şəxsində nə qədər
açıq görünürsə, mərkəzdən gəlmiş
akademik heyət o qədər təmkinli, diplomatik, hətta
ehtiyatlı davranır.
Nizami Cəfərov
Mahirə Hüseynova
Aysel Qəribli
Ədəbiyyat qəzeti .- 2025.- 4 iyul (№23).- S.12;13.