Ömrün
davamı...
Qəbul edə bilmədiyimiz, ancaq baş verən
gerçəkliklər var... Hər yaşanan sevinc
üçün deyil ki... Ancaq yaşantılar bəzən
ağır olsa da, dərinliyi,
ölçüsüzlüyü ilə iz qoyur və insan o
böyüklük qarşısında susur, susur və onu ifadə
edə bilmir... o böyüklüyün, genişliyin,
hüdudsuzluğun özünün də oyatdığı
estetik ovqat var; bu, kədərin, qüssənin yox, buludlar
arxasında saxlanan kürşad, dağlar
qarşısını alan sel, dumandan süzülən
işıq, gülü oxşayan meh, aramla alınan nəfəs,
pıçıltı ilə duyulan nəğmənin və
var olan yoxluğun, efirdə dolaşan mövcudluğun, kəpənək
qanadının parıltı və mahnısının
oyatdığı duyğudur... Bizim əzəmətli
xanım, gözəl dost, özünü əsil alim, insan,
ziyalı, fədakar övlad, bacı, ana, həyat
yoldaşı, qohum kimi təsdiq etmiş, adının ədəbi
semantikasına uyğun xarakterlə yaşamış Pərvanəmizlə
bağlı yaşadığımız duyğular kimi. O, bir
pərvanə ömrü yaşadı, sevdiklərinin
hamısından, eyni zamanda ədəbiyyatdan işıq
aldı və bu işıqda qərq oldu... Pərvanə
fiziki görünüşündən daha çox, mənəvi
aləmi ilə boylu-buxunlu idi. O boy-buxunlu gözəl indi bir az
da ucalıb, möhtəşəm, zərif, mifik-mistik
varlığa çevrilib; yanımızda dayanıb,
başımızı qaldırsaq, bizə buludlardan, səmadan
baxır; gülümsəyir, bəzən də onsuzluqdan
üzülənlərin ruhuna, ürəyinə bir damla kimi süzülür,
ruhumuzun içindən boylanır... O, yanımızdadır,
təkcə qoyub getdiyi əziz xatirələrlə deyil, eyni
zamanda son günə qədər uğraşdığı,
yaratdığı yaradıcılığıyla...
Təsadüfi deyil ki, ümumtürk
mifologiyasının formalaşdırdığı mifopoetik
nizamı araşdıran, onun qanunauyğunluqlarını
sistemləşdirən Pərvanə Bəkirqızının
Qazi Universiteti nəşriyyatına təqdim etdiyi
"Mito-poetik ve filolojik düşüncede mit konseptleri"
kitabı alimin ömür yolunun davamı kimi işıq
üzü gördü, "Edebi metnin sinerjetik yapısı:
Nizami Gencevinin İskendernamesinde Hz. Hızır" məqaləsi
yüksək indeksli "Edeb Erkan" jurnalında, "Mifin
bir qısa tərifi" məqaləsi "Ədəbiyyat qəzeti"ndə
yayımlandı, iki kitabı nəşrə hazırdır,
"Nizami Gəncəvinin "İsgəndərnamə" əsərinin
sinergetik aspektləri", "XX-XXI əsrdə Azərbaycan ədəbiyyatında
mifopoetik ənənə" tədqiqatları SCOPUS indeksli nəşriyyatlar
tərəfindən çapa qəbul olunub, Ədəbiyyat nəzəriyyəsi
şöbəsinin son illər yerinə yetirdiyi və
çapa təqdim olunacaq üç monoqrafiyada son dərəcə
əhəmiyyətli mövzularda yazılmış hissələrinin
müəllifidir, elmi rəhbəri olduğu bir doktorant fəlsəfə
doktorluğu dissertasiyasının müdafiəsi, ikisi isə
müzakirə ərəfəsindədir ... Arzuları,
planları gerçəkləşir. Hər il məzuniyyətə
yollanacağımız son günləri əzizimiz Pərvanə
xanımın ad günü ilə birgə qeyd edərdik.
İndi yenə də məzuniyyətə onunla bağlı tədbirlə,
kitabının təqdimatı ilə yola
düşürük, ad gününə bir neçə
gün qalmış ... Onun yaradıcılığı, tədqiqatları
ilə tanış olan, elmi-nəzəri fikrimizi zənginləşdirən,
irəli aparan əsərlərini oxuyan hər vicdanlı, millətini,
mədəniyyətini, ədəbiyyatını sevən insan
qürurla düşünür: nə yaxşı ki
dünyaya gəlmisən və bu qədər əhəmiyyətli
fəaliyyətlə məşğul olmusan, fədakar insan!
...
Pərvanə Bəkirqızı bir imza olaraq ədəbiyyatşünaslıq
tariximizdə parlaq iz qoyub. Əsas tədqiqat istiqamətini və
nailiyyətini mifopoetika: mifin yazılı ədəbiyyatda
yaşama şəkilləri, struktur elementlərinin
formalaşdırdığı ornamentallıq və modelləri
müəyyənləşdirmək təşkil edir. O bu sahədə
bir cığır açdı, məktəb
formalaşdırdı və tədqiqatlarının cazibə
qüvvəsi ilə yeni mövzuları,
araşdırmaları stimullaşdırdı. Artıq
mifopoetika Azərbaycan ədəbiyyatşünaslığının
aktual istiqamətinə çevrilib və o sahədə
araşdırma aparanların etibarlı qaynağı var: Pərvanə
Bəkirqızının əsərləri, əsaslandırılmış
elmi müddəa və tezisləri ... Mifopoetika bir istiqamət
kimi ədəbiyyatşünaslıq və
folklorşünaslığın kəsişmə nöqtəsində
yaranıb, müasir və aktualdır. Pərvanə etdiyi
istinadlar, apardığı təhlillərlə beynəlxalq
səviyyədə həmin istiqaməti formalaşdıran
alimlərin fikirlərini, yeniliklərini, xidmətlərini Azərbaycanın elmi
auditoriyasına gətirib, onlarla paralel istiqamətdə Azərbaycan,
türk mifopoetika xəttini formalaşdırıb.
Fəlsəfə doktorluğu dissertasiyası faciə
janrının nəzəri təyinatına və Azərbaycan
ədəbiyyatında qazandığı poetika özünəməxsusluğuna
həsr olunub. Pərvanə Bəkirqızı faciəni janr
kimi araşdırarkən nəzəriyyənin sabitlik və
dinamiklik paradiqmalarını əsas götürüb və
problemi tarixi poetika istiqamətində tədqiq edib. Janrın
dinamikasında mifopoetik strukturun "səyahəti"ni izləyən
alimin fikri, ideyaları bu istiqamətdə get-gedə əhatəsini
genişləndirdi və o, ayrıca bir yolun parametrlərini
müəyyənləşdirdi; türk mifologiyasının
milli ədəbiyyatdakı genetik
davamlılığını element, motiv, model kimi sxemləşdirdi
və canlılığını,
yaşarılığını, diriliyini göstərdi. Bu mənada,
onun Türkiyədə nəşr olunan "Mito-poetik ve
filolojik düşüncede mit konseptleri"
monoqrafiyasının çapı son dərəcə
lazımlı və əhəmiyyətli bir hadisədir.
Türkdilli oxucu auditoriyası çox genişdir və
inanıram ki, bu monoqrafiya tezliklə Azərbaycan ədəbiyyatşünaslığının
tanınmasında, yayılmasında öz faydalı rolunu
oynayacaq. Eyni zamanda, bütün türk xalqları ədəbiyyatında
dəyərli məxəz olacaq və beynəlxalq səviyyədə
milli ədəbiyyatların mifopoetik strukturunun öyrənilməsində
fərqli istiqamətin nəzəriyyəsi kimi istinad
qaynağına çevriləcək. Bu mənada, Pərvanənin
yeni kitabı onun yeni uçuşudur...
Elmi məsləhətçisi və yaxın məsləkdaşı,
dostu olduğum üçün bütün
araşdırmalarından, planlarından, ideyalarından,
arzularından xəbərdar idim. O, möhkəm fundament
qurmuşdu, sütunları atmışdı, cizgiləri,
detalları təyin etmişdi və yeni-yeni əsərlər
meydana gətirəcəkdi... Əsas odur ki, möhkəm
özül və model hazırdır, mifopoetika mifi,
genetikanı yaşatdığı kimi gələcək tədqiqatçılar,
yeni nəsillər də Pərvanə Bəkirqızının
tədqiqatlarından yola çıxaraq onu inkişaf etdirəcək,
yaşadacaq və hər dəfə də bələdçiləri
işığa doğru qanadlanan, işığa qovuşub
işıq saçan Pərvanə olacaq...
Tahirə Məmməd
Filologiya elmləri doktoru, professor
Əziz müəllimim, əziz dostum...
Yollar getdi üzü dağa,
Yoxuşlar enişlərdən çox.
Kimsə yox xatırlamağa,
Unutmağa da kimsə yox...
Kamal Abdulla
Pərvanə Bəkirqızı ədəbiyyatın
dərin və səssiz çöllərində,
hay-küylü yollarında gördüklərimi, görə
bildiklərimi paylaşa, elmin ecazkar gözəlliklərindən
birlikdə həzz ala bildiyim Müəllimim və Dostum idi.
Aramızdakı münasibətin adını da elə
özü kitablarının birini hədiyyə edəndə
qoymuşdu: "Əzizim Maral Yaqubovaya müəllimi və
dostu olan müəllifdən böyük sevgiylə..."
Bəli, Pərvanə Bəkirqızı böyük
alim, işinin professoru, gözəl müəllim, əsl
düşüncə dostu idi... Metaforik təsəvvürün,
obrazlı təfəkkürün, simvolik düşüncənin
nüvəsindəki mif onun tədqiqat predmeti idi. Deyirdi ki,
mifik çağın intiutiv idrak sahibi olan insan
yaradılışın sirlərini lovğa rasionalistdən
daha dərin duyur. Bilirdi ki, mifin etnik-mədəni ənənə
çərçivəsində insan
davranışlarının bütün paradiqmalarını
yaradan atomik enerjisi var. O, mifin arxetipik strukturların ifadəsi
kimi düşüncədə dünyanı xaosdan kosmosa
çevirən məntiqini duyur və mifoloji təsəvvürlərdəki
bu mexanizmi adlandırmağı bacarırdı. Mətnin də,
həyatın da içindəki xaotik və harmonik olanın
bitməz-tükənməz savaşlarından xəbərdar
idi. Oxuduğu mətndə mənaları nizamlamağa,
yaşadığı həyatda münasibətlərdə
balans yaratmağa çalışırdı. Xaotik olanı səliqəyə
salmaq onun əsas vərdişi idi. Duyğu və
davranışlarını bu mexanizm tənzimləyirdi, bu,
zahiri görkəminə də yansıyırdı, biz
ondakı zövqə, rənglərin uyumuna və estetikliyinə
hər zaman heyrandıq. Geyimdə rənglərin,
aksesuarların, danışanda sözlərin, cümlələrin,
insanlarda münasibətlərin harmoniyasına və
balansına önəm verirdi. Harmoniyanın pozulduğu məqamları
sevməzdi, amma düzəltmək yollarını bilir və
mütləq tövsiyələr verərdi.
Pərvanə Bəkirqızı hamının
içindəki mifi görürdü, mif həm də ona
yaşamın "qara qutu"larını görmək səriştəsi
aşılamışdı. Zehni daim aktiv idi,
oxuduqlarını da, gördüklərini də, eşitdiklərini
də analiz edirdi. Analizə tab gətirməyən bəsitliyi
sevməz, ifrata varan, süni intellektualizmdən
qaçardı. Qəşəng mətnlərdən zövq
almağı bacarır, kitabları qələmlə və
çoxlu qeydlərlə oxuyurdu, oxuduqlarına pəncərələr
qoymağı sevirdi. Çünki mətndə nəfəs
almağa ehtiyac duyan sükutların var olduğuna
inanırdı. Mətndə səs-səsə verib
qışqıran və öz mənasını axtaran
detalları da görə bilirdi. İnteraktiv oxucu idi, mətnin
onu udmasına əsla icazə verməzdi. Əsl ədəbiyyatşünas
səriştəsi ilə mətnin immersiv
bataqlıqlarını sezə bilir, müəllif-mətn-oxucu
sərhədlərini ayırmağı bacarırdı.
Formalistlərin təcrübəsini və nəzəri
mirasını yaxşı bilir, mətni qapalı və
açıq qutu kimi oxumağı xoşlayırdı. Ədəbiyyatı
ərsəyə gətirən mexanizmlərin mədəni,
tarixi, sosial, antropoloji, psixoloji tərəflərini
görür və onların formaya çevrilmə
yollarının sinergetik enerjisini dərin erudisiyası ilə
aşkarlaya bilirdi. Mifin dağıdıcı və bərpaçı
tərəflərini ədəbiyyatda rahatlıqla sezir, mətnin
strukturunda obraz - motiv və detal şəklindəki yerlərini
aydın görürdü, məzmun və forma qatlarında
mifə tabeçiliyi və üsyanı ayırd edə
bilirdi.
Pərvanə Bəkirqızı miflərə cəbbəxana
kimi baxırdı, ona görə də onun analiz edə bilmədiyi
mətn yox idi, birbaşa nüvəni görür, periferik mənalanmaları,
çevrilmələri və dəyişmələri həssaslıqla
tuta bilirdi. Hər hansı mifin hər hansı mətndəki
varlığını gördüyü və
tapdığı anın ecazkarlığından zövq
alırdı, "mətnin skeletini görürəm"
deyirdi və sözünün arxasında idi. Azərbaycan ədəbiyyatını
ərsəyə gətirən idrak prosesini çox
yaxşı bilirdi.
Məqalələrinin birində deyirdi ki, mif o zaman ədəbiyyata
çevrildi ki, insanlar onu reallıq kimi qəbul etmədi.
Ədəbiyyatlaşmış mifi yaxşı
tanıyırdı. Ona görə mifologiya və ədəbiyyat
dünyanın iki ayrı təsviridir, bu müstəvidə
mif ədəbiyyatın beşiyidir. Pərvanə Bəkirqızı
ədəbiyyatın beşiyini yaxşı tanıyır, ədəbiyyatın
o beşikdə dinlədiyi laylalara bələd idi. Xalqın
mentallığı ilə bağlı qatların dərinliklərində
qorunan milli-mədəni simvollara həssaslıqla
yanaşır, mifin formalaşdırıcı gücünə
inanırdı. O ədəbi həqiqətlərin dalınca
"yeraltı dünya"lara enməyi sevirdi. Və bir
gün Pərvanə Bəkirqızı ömrünün
55-ci ilində "yeraltı dünyaya vaxtsız və vədəsiz
yolçuluğ"a çıxdı... Onu sevənlər və
düşüncə dostları isə nəhəng bir
boşluğun və xaosun içinə düşdülər.
Çünki düşüncə dostunu itirmək zehninin
adresatını itirmək kimidir.
Əziz Müəllimimin, əziz Dostumun vəfatından
sonra Türkiyədə çap olunmuş "Mito-poetik ve
filolojik düşüncede mit konseptleri" adlı tədqiqat
əsəri isə xaosun növbəti dəfi, kosmik
nizamın bərpası kimidir, yaşamağın ən ali
üsuludur. Söz yaşamağa davam edir, söz xaos və
kosmos arasındakı sonsuz döngüdə şam
işığına can atan Pərvanəni yaşatmağa
davam edir... Pərvanə Bəkirqızının sözü
Malinovskinin, L.Levi-Brülün, E.Kassirerin, K.Yunqun, K.Levi-Strosun,
Şmidt, Radin, Kempbell, M.Eliade, Qadamer, Dümeril, Losev və
başqa müəlliflərin fikirləri ilə dialoq qurur,
"mifin intibahı"nın səbəbini, "mifin
renessansı"nın mahiyyətini, davamlı "mifə
qayıdış"ın köklərini
araşdırır. Və bu söz deyir ki,
mifşünaslığın ölçülərindən
kənar və yanlış dərk olunması üzündən
həm uydurma kimi baxılan, həm bir janr kimi yanaşılan,
həmçinin də psixoloji fenomen kimi qəbul edilən mif əslində
isə özü-özünü yaradan və özünü
təşkil edən, yaxud tənzimləyən sistem kimi
canlı təbiətdəki genetik yaddaş mexanizmini
xatırladır. Və bu genetik yaddaşda heç nə və
heç kim unudulmur! Sizin kimi, mənim Əziz Müəllimim
və əziz Dostum!
Maral Yaqubova
Fil.ü.f.d., dos.
Pərvanə Bəkirqızı
Hər millət üçün tərəqqi
qapısı məktəbdir və hər məktəbin tərəqqi
tapmağı milli müəllimlərə
bağlıdır.
Nəriman Nərimanov
"Milli müəllim" ifadəsi sözgəlişi
deyilməmişdir, həqiqətən, bu millətə milli
müəllimlər, ziyalılar lazımdır. Cəlil Məmmədquluzadə
əsərlərində ziyalılığın milli müstəvidə
inkişaf etməsinin çətinliklərini təqdim
etmişdir. Müəllim təkcə elm öyrətmir, o, cəmiyyət
üçün şəxsiyyət yetişdirir, bu şəxsiyyət,
yeri gəlsə, xalqına qarşı, məqamı gəlsə,
xalqının əsl övladı olar. Əsl şəxsiyyətin
yetişməsinə təsir edən bir çox faktorlar var
ki, onlardan biri də müəllimdir, həm də milli müəllim.
Gördüyü işlərlə, şəxsi keyfiyyətləri
ilə milli müəllimim, alim, ziyalı Pərvanə Bəkirqızı.
Pərvanə xanımın həm müəllim, həm alim
kimi ən üstün cəhətləri xalqı və vətəni
üçün faydalı işlər görmək idi.
Ümumiyyətlə, bir alimin tədqiqat sahəsi eyni zamanda
onun şəxsiyyəti haqqında da müəyyən fikirlər
söyləməyə imkan verir. Pərvanə xanımın
tədqiq etdiyi sahələrdən biri olan mifologiya elə bir
istiqamətdir ki, orada xalqın ruhu, millilik, soy-kökə
bağlılıq möhkəmdir. Bu sahədə
araşdırma aparan tədqiqatçıda bu hisslər
mütləq şəkildə ən yüksək səviyyədə
özünü göstərməlidir. Çünki bu sahənin
araşdırmaçısı milli mənlik hissindən,
soy-kökə bağlılıqdan uzaq olsa, uğurlu nəticələrə
gəlib çıxa bilməz. Pərvanə Bəkirqızını
yaxından tanıyan bir tələbəsi kimi deyə bilərəm
ki, o, sözün əsl mənasında millətinə,
dövlətinə, kökünə, adət-ənənəsinə,
folkloruna, ədəbiyyatına, tarixinə bağlı bir alim
idi. İlhan Başgöz öz müsahibəsində folkloru
araşdırarkən ortaya çıxan əskikliklər
"dar bir milliyyətçilik anlayışından
qaynaqlanır" deməklə, əldə edilən
materialları araşdırarkən obyektiv olmağın
vacibliyini vurğulamışdır. Ancaq onu da əlavə etmək
lazımdır ki, elmdə obyektiv qərar vermək və eyni
zamanda millətinə verilən dəyərin də
üstünlüyünü bir arada qorumaq vacib məqamlardan
biridir. Pərvanə Bəkirqızı o alimlərimizdəndir
ki, milli dəyərlərə yüksək qiymət verməklə
yanaşı, obyektiv yanaşmanı ortaya qoya bilmişdir.
Azərbaycan ədəbiyyatında folklor, mifologiya,
folklor və yazılı ədəbiyyat münasibətləri
sahəsində bir çox alimlər, ziyalılar
araşdırmalar aparmış, bu sahə üzrə öz
töhfələrini vermişlər. Bu
araşdırmaların bir qismi sovet dövründə
yarandığı üçün müəyyən qədər
dövrün çərçivəsindən istədikləri
şəkildə kənara çıxa bilməmişlər.
Müstəqillik əldə etdikdən sonra elmi
araşdırmalarda fərqli yanaşmalar ortaya
çıxdı. Bu istiqamətdə mifoloji ənənənin
uğurlu tədqiqatçılarından biri də Pərvanə
Bəkir qızı İsayevadır. Müxtəlif elmi
araşdırmalarda sistemli tədqiqatlar, monoqrafik
araşdırmalardan söz düşəndə bu istiqamətdə
Pərvanə Bəkirqızının "Mifopoetika və XX
əsr Azərbaycan ədəbiyyatının poetik
strukturu", "Mifopoetika və filoloji fikirdə mif
konsepsiyaları", "Faciə janrının poetikası və
tədqiqi problemləri" və s. monoqrafiyaları, məqalələri
yerli və xarici tədqiqatçıların istinad etdiyi mənbələr
sırasında yer alır.
Pərvanə xanımın məhz folklor, mif
dünyası ilə bağlı araşdırmaları təsadüfi
deyil. Hər bir insanın formalaşmasında ən vacib
faktorlar sırasında onun doğulub boya-başa
çatdığı coğrafi məkan, yetişdiyi ailə
ortamı yer alır. Azərbaycanın dilbər guşələrindəm
olan Qarabağ bir çox ziyalılar yetirib, belə bir
torpağın havasını udub, suyunu içən Pərvanə
xanımın ruhunda izlərini buraxıb. Pərvanə
xanımın danışdıqlarından deyə bilərəm
ki, onun mifologiya, folklor, bir sözlə, Azərbaycan ədəbiyyatına
bağlılığında ətrafındakı
doğmalarının da təsiri az deyildir, çünki
onlardan Azərbaycan mifologiyasının süjet və
personajları haqqında eşitdiklərini bu gün də
xatırlamaqla heç də asanlıqla dərk olunmayan mif
dünyasına bağlanmışdır.
Professor Tahirə Məmmədin Pərvanə Bəkirqızının
"Mifopoetika və XX əsr Azərbaycan ədəbiyyatının
poetik strukturu" monoqrafiyasının Ön sözündə
yazdığı "Tədqiqatçı dünya mədəniyyətini,
tarixini, mifologiyanı, folkloru, dinləri, yazılı ədəbiyyatın
texnologiyasını və təhlil metodlarını
yaxşı mənimsəmədən sözügedən
problemi araşdıra bilməz" ifadəsi ilə tədqiqatçı-alimin
bir mükəmməl xarakterini də çizmiş olur.
Çünki Pərvanə xanım ətraflı
araşdırma apararaq, özündən əvvəlki alimlərin
fikirlərini diqqətdən kənarda qoymamağa
çalışırdı. İstənilən mövzuda
şifahi şəkildə fikrini bildirərkən sitat gətirdiyi
cümlələrin müəllifini də mütləq qeyd
etməyi unutmurdu. Bu, əsl tədqiqatçı alimə xas
xüsusiyyət idi. Mifologiya sahəsində
araşdırmaları və eyni zamanda adının mənşəyinin
də mifologiya ilə bağlılığı da diqqət
çəkir. Mifologiyadan qaynaqlanan bu adın mənşəyində
həm də bir sədaqət, ədalət rəmzi var.
Adın mənası insan xarakterinə təsir edir, "Pərvanə"
adının da xarakterə təsiri də az deyil.
Nizamülmülkün ifadələrindən "pərvanə"
təbirinin Böyük Səlcuqlularda "önəmli hökm
və fərman" mənasında istifadə edildiyi
anlaşılır, yüksək məqam anlamında
Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilərdə işlənilmişdir.
Pərvanə həm ad, həm məqam olaraq məhz işini,
görəvini layiqincə yerinə yetirən insanlara verilirdi.
Pərvanə Bəkirqızı bu dünyada
iştirakçısı olduğu bütün sahələrdə
daşıdığı adın mənasını tam
anlamı ilə yaşayaraq əbədilik qazandı.
Aysel Qurbanova
Filologiya üzrə fəlsəfə doktoru
Elmi rəhbərim, əziz ustadım Pərvanə Bəkirqızı
İsayeva
Həyatımıza toxunan bəzi insanlar, sadəcə
bilik və təcrübələri ilə deyil, qəlbləri
ilə də iz buraxırlar. Onlar, varlıqlarıyla ətrafını
işıqlandıran, düşüncələri ilə
ilham verən və öyrətdikləri ilə
yaşadanlardır. Gedişləri isə sadəcə bir
ayrılıq deyil, dərin bir boşluqdur.
Pərvanə xanım təkcə elm insanı deyil,
eyni zamanda rəhbər idi. Biliklərindən ziyadə, həyatın
mənasını və insan olmağın dərinliyini
öyrədəndi. Onunla keçən hər an, sadəcə,
akademik irəliləməkdən başqa, ruhən də
böyümək idi.
Pərvanə Bəkirqızı dərin elmi
araşdırmaları, mifo-poetik təhlilləri və milli
kimliyə bağlı yanaşmaları ilə ədəbi
fikrin formalaşmasında mühüm töhfələri olan
şəxsiyyətlərdəndir.
Alimin elmi fəaliyyətinə başladığı
illər Azərbaycanın müstəqillik uğrunda
mübarizə apardığı, ictimai-siyasi təlatümlərin
cərəyan etdiyi, xalqın ağrı-acı içində
yaşadığı bir dövr idi. Belə bir dövrdə
elmə üz tutmaq, akademik fəaliyyət göstərmək,
sözün həqiqi mənasında fədakarlıq tələb
edirdi. Birinci Qarabağ müharibəsinin, sovet rejiminin
dağılmasının, azadlıq yolunda qurbanların verildiyi
illərdə yetişən bu nəslin alimləri - o cümlədən,
Pərvanə Bəkirqızı - həm intellektual
bacarığı, həm də mənəvi gücləri ilə
seçilirdilər. Sovet ideologiyası qadağalarının
aradan qalxmasından sonra Azərbaycan elmi azad nəfəs
almağa, xalqın milli yaddaşı, mifologiyası, arxetipləri,
tarixi kökləri yenidən dəyərləndirilməyə
başladı. Məhz bu dövrdə Pərvanə Bəkirqızı
öz araşdırmaları ilə bu boşluğu
dolduranlardan biri oldu.
Pərvanə Bəkirqızı ədəbiyyatda
mifin təzahürlərini araşdıran qabaqcıl alim idi.
O, göstərirdi ki, Hüseyn Cavidin "İblis"
dramından tutmuş, Anarın "Ağ qoç, qara
qoç", Elçinin "Mahmud və Məryəm"
romanlarına, Kamal Abdullanın "Yarımçıq əlyazma"sına
qədər bir çox əsərlərdə mifoloji
süjetlər, arxetiplər və simvollar yeni mənalarla
yüklənərək müasir kontekstdə yenidən
doğulur.
Onun elmi irsi çoxşaxəlidir. Azərbaycan və
Türkiyə türkcəsində dərc olunmuş onlarla
elmi məqaləsi, monoqrafiyası və məruzələri
bu gün tədqiqatçıların stolüstü
qaynağına çevrilib. Yeni çapdan
çıxmış "Mifo-poetik və filoloji düşüncədə
mif anlayışı" adlı kitabı və "İskəndərnamədə
Hızır obrazının sinergetik təhlili" məqaləsi
də onun elmi düşüncəsinin nə qədər
dinamik və çoxsahəli olduğunu göstərir.
Pərvanə Bəkirqızının elmi məqalələri
Azərbaycanın sərhədlərini aşaraq Moskva, Berlin,
Kiyev, Ankara, Ternopol kimi elmi mərkəzlərdə
işıq üzü görmüş, beynəlxalq
konfranslarda maraqla qarşılanmışdır.
Onun elmi mirası yalnız kağızda qalan fikirlər
toplusu deyildi. Pərvanə Bəkirqızı həm də
milli-mənəvi dəyərləri qoruyan, bu dəyərləri
elmi müstəviyə daşıyan bir ziyalı idi.
"Dünya xalqlarının mifləri"
ensiklopediyasındakı ermənilərə dair obyektiv
yanaşması, Nizami Gəncəvinin "İskəndərnamə"sində
alt dünya motivinə dair məqaləsi, eləcə də
Mirəli Seyidovun irsinə həsr etdiyi yazılar onun milli
mövqeyini aydın şəkildə ortaya qoyur.
Bu gün onun elmi irsi Azərbaycan ədəbiyyatşünaslığında
mifoloji istiqamətin sütunlarından birinə çevrilib.
Pərvanə Bəkirqızı təkcə alim
deyil, eyni zamanda ictimai xadim idi. O, Bakı Slavyan Universitetində
və Nizami adına Ədəbiyyat İnstitutunda
çalışmaqla yanaşı, Azərbaycan Respublikası
Prezidenti yanında Ali Attestasiya Komissiyasının Humanitar Elmlər
bölməsinin sədr müavini vəzifəsində 10 il fəaliyyət
göstərmişdir. Bu sahədə də elmi
dürüstlük, prinsipiallıq və obyektivlik onun fəaliyyətinin
əsas xəttini təşkil edirdi.
Pərvanə Bəkirqızının elmi fəaliyyəti
bir daha sübut edir ki, Azərbaycan elmi düşüncəsi
yalnız ənənələr üzərində deyil, eyni
zamanda ənənə və çağdaş nəzəri
istiqamətlərin sintezində də inkişaf edir.
"İnsan - qarşılaşdığı
insanların qalıntısıdır" deyərlər. Belə
bir alimin gedişi təkcə ondan öyrənənlərin
deyil, toxunduğu hər kəsin sarsıntısı olaraq
qaldı. Lakin elmi, sevgisi və ilhamı hər zaman
yaşamağa davam edəcək. Xatirələri, öyrətdikləri,
göstərdiyi yollar daim var olacaq. Çünki belə
xüsusiyyətlərə malik insanlar sadəcə cismən
gedər, fikir və düşüncələri isə
sonsuzluqda yaşamağa davam edər. Bu cür insanı yola
salmaq ona olan sevginin və dəyərin ən saf
halıdır. Hər xatırlamada mirası olan bilik və
sevgi toxunduqlarının yolunu işıqlandıracaq, Pərvanə
xanımın izini daşıyanlar, tələbələri,
onu görən və görməyən yetirmələri belə
bir xanımla, alimlə qürur duyacaq.
Şəmsurə İsmayılova
Ədəbiyyat qəzeti .- 2025.- 4 iyul (№23).- S.14-15.