Bu iş birliyi ictimai
fikir tariximizə və təsviri sənətimizə iki möhtəşəm
əsər qazandırdı
Azər Turanın "Qəbulə xanım və l
Pyotr" kitabının və Xalq rəssamı Sakit Məmmədovun
"Qəbulə xanımın portreti" əsərinin təqdimatından
reportaj
İyunun 25-də ədəbiyyatşünas alim,
"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər
Turanın bu günlərdə çapdan
çıxmış "Qəbulə xanım və I
Pyotr" kitabının və Xalq rəssamı Sakit Məmmədovun
"Qəbulə xanımın portreti" əsərinin təqdimatı
keçirildi.
Sakit Məmmədovun emalatxanasında keçirilən
təqdimat ruhsal, səmimi, hüzurlu ovqatla
aşılanmış atmosferdə reallaşdı, ədəbi-ictimai
fikir həyatımızın dəyərli nümayəndələri
əsərlə bağlı qənaətlərini
bölüşdülər.
Tədbirin moderatoru, həmçinin kitabın elmi
redaktoru və Ön sözünün müəllifi millət
vəkili, filologiya elmləri doktoru Elnarə Akimova qonaqları
salamlayaraq bildirdi ki, "Azər Turanın "Qəbulə
xanım və I Pyotr" kitabı XVIII əsrin əvvəllərində
Azərbaycan cəmiyyətinin psixoloji durumunu,
xalqımızın yaşadığı məşəqqətli
tale yolu və travma tarixini öyrənmək baxımından
nadir nümunələrdən biridir. Bu kiçik tədqiqata
XVIII əsr, hətta ondan əvvəlki və sonrakı
dövrlərin tarix diskursunun bir faktı kimi baxmaq
lazımdır. Burada eşidilən, güman, fərz olunan
deyil, ancaq yazılan, şahid olunan, gerçək məxəzlərin
məntiqi ilə tarixləşən faktlar tədqiqat predmetinə
çevrilir. Əlbəttə ki, Qəbulə xanım Azərbaycan
tarixinin və mənəviyyatının sirli obrazlarından
biridir. Amma bu kitabda o, metafizik obraz deyil, real, canlı ştrixləri,
əməli mündəricəsi ilə dolğun qəhrəmandır.
Və nə yaxşı ki, belə bir obraz Xalq rəssamı
Sakit Məmmədovun yaradıcı dühasında həyat vəsiqəsi
qazanıb. Azər Turan bu qəhrəman qadının tarixi
haqqını özünə qaytarıbsa, Sakit Məmmədov
onun metafizik obrazını yaratmaqla milli simvola çevirib. Bu
kitab və onun əsasında ərsəyə gələn Qəbulə
xanımın portreti milli yaddaşa, tariximizə, mədəniyyət
və ədəbiyyatımıza xidmət işidir".
Sonra söz Xalq yazıçısı Anara verildi.
Anar müəllim kitabın məziyyətlərindən
danışdı, onu ciddi bir araşdırmanın nəticəsi
olaraq dəyərləndirdi. Nə vaxtsa bu mövzuda bədii
bir əsərin - romanın yazılacağına da
inandığını ifadə etdi.
Akademik, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov
kitabın meydana gəlməsini təqdir etdi: "Azər
Turanın "Qəbulə xanım və I Pyotr"
kitabını mən çox maraqla və diqqətlə
oxudum. Ümumiyyətlə, Azər Turanın qələmindən
nə çıxırsa, mən çalışıram ki,
onu dərk edə-edə həm hissi mənada, həm əqli
mənada oxuyum. Və bu kitabı da onun illər boyu mən, hətta
deyim, on illər boyu yazdığı və qədim Türk
dünyasının tarixi taleyindən başlamış orta əsrlərə
qədər, Alp Ər Tonqaya qədər, ondan sonrakı
dövrlərə qədər o düşünərək və
məsələnin mahiyyətinə vararaq yazdığı əsərlər
silsiləsinə daxildir. Amma bu əsərin başqa bir
üstünlüyü də odur ki, bu, Salyana, bizim Azərin
doğma vətəninə həsr etdiyi bir tədqiqatıdır.
Bizim tarixi və həddindən artıq, belə deyim, Azərbaycan
ruhunun formalaşmasında əhəmiyyətli rol
oynamış bir coğrafiyaya aiddir. Özü də o
coğrafiyaya ki, onun haqqında az yazılıb. Halbuki, o
coğrafiya Əli bəy Hüseynzadəni verib. İndiyə
qədər Azər Əli bəy Hüseynzadə haqqında
çox yazıb. Onun Əli bəy Hüseynzadə
haqqında yazdıqları, təbii ki, Salyan miqyasından
çox-çox kənara çıxır. İndi
birbaşa Salyan miqyası ilə bağlı olan Qəbulə
xanımın rəhbərliyi,
başçılığı, ruhi enerjisi ilə
işğalçılara qarşı
qaldırılmış qiyam, bu da əslində, Salyan
miqyasından kənara çıxır. Amma bu hadisəni
Salyan miqyasından kənarda heç kim bilmirdi. Və ya az-az
mənbələrdə ötəri məlumat var idi. Bax, bu,
Azər Turanın qüdrətidi. Bir intellektual kimi, ziyalı
kimi qarşısına qoyduğu missiyadı ki, Qəbulə
xanım haqqında belə bir risalə yazdı və bu risalə
də, elə bilirəm ki, Salyanı bir daha yüksəltdi. Yəni
öz doğulduğun, boya-başa çatdığın
regionu sən yüksəltməlisən. Bu, həmin yüksəlişə
layiqdirsə və sən onu yüksəltmirsənsə, bu
artıq sənin günahın ola bilər. Bu barədə Azər
Turan həqiqətən, üzərinə
götürdüyü Turan təxəllüsünü, o
Turan miqyaslı düşüncəsini öz doğma Vətəninin
o qədər də böyük olmayan miqyasında da tətbiq
eləyir, daha doğrusu, görür və sonra onu bizim
üçün də açır, təsdiq eləyir.
Başqa bir üstün cəhət də odur ki, Azər Turan
bu əsəri yazandan sonra, hətta həmin bu əsərin qəhrəmanı,
Azərbaycanın ən gözəl və ən
döyüşkən qadınlar silsiləsini davam elətdirən
Qəbulə xanım haqqında bizim çox görkəmli rəssamımız
Sakit Məmmədov da düşünüb, onu yuxuda
görüb və onun gözəl bir portretini yaradıb.
İndi əlbəttə, burda mən onu demək istəmirəm
ki, bu ilk xidmət kimindir, amma xidmətin ilki, sonu olmur. Xidmət
elə xidmətdi və biz Sakit Məmmədovun çəkdiyi
portreti gördük və çox məmnun olduq ki, bu portret
bizim Azər müəllimin yazdığı əsərə
layiqdi və Azər müəllimin də yazdığı əsər
bu portretə layiqdi.
Xalq rəssamı, akademik Ömər Eldarov belə bir
sənət tədbirindən məmnun qaldığını
bildirdi.
Yazıçılar Birliyinin birinci katibi, Xalq
yazıçısı Çingiz Abdullayev bildirdi ki, "bu
kitabın belə bir məkanda təqdim olunması təqdirəlayiqdir.
"Qəbulə xanım və I Pyotr" kitabına görə
Azəri, "Qəbulə xanımın portreti" əsərinə
görə dahi rəssam Sakit Məmmədovu təbrik edirəm",
- dedi.
Milli Məclisin deputatları - Təbii ehtiyatlar,
energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, mədəniyyət
komitəsinin sədr müavini Günay Əfəndiyeva,
Mehriban Vəliyeva, Aydın Hüseynov, Hikmət Babaoğlu,
Aqil Abbas tariximizin unudulmuş bir qəhrəmanının
yenidən həyata qaytarılmasını fikir həyatımız
üçün tarixi bir təşəbbüs kimi qiymətləndirdilər.
Mətbuat Şurasının sədri,
Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid
çıxışında bildirdi ki, bu maraqlı və
mühüm mövzunun gələcəkdə üzə
çıxarılmış yeni faktlarla zənginləşdiriləcəyinə
inanıram.
Yazıçılar Birliyinin katibi İlqar Fəhmi
mövzunun metafizik qatlarını şərh etdi.
Orxan Aras çıxışında bildirdi ki, "Azərbaycanda
üslubunu ən sevdiyim yazarlardan biri də Azər
Turandır. Onun araşdırmaçı ruhu və çalışqanlığı
təqdirəlayiqdır. Azərbaycanın dünyaca
ünlü rəssamı Sakit Məmmədovun bir-birindən
gözəl tabloları və özəlliklə bu gün təqdim
olunan "Qəbulə xanımın portreti" məni sehrlədi".
Uşaq yazıçısı, professor Solmaz Amanova
"Qəbulə xanımın portreti" əsəri,
ümumiyyətlə, Sakit Məmmədovun
yaradıcılığı barədə fikirlərini
söylədi. Bu mövzuda bədii əsər
yazacağına söz verdi.
Hüquqşünas Aslan İsmayılov həm
kitabın, həm də portretin Azərbaycan mədəni həyatında
mühüm hadisə olduğunu söylədi.
Təqdimat mərasimində Salyan əsilli görkəmli
xadimlər - general-polkovnik Vaqif Axundov və müstəqil Azərbaycanın
ilk səhiyyə naziri, professor Rahim Hüseynov da iştirak
edirdilər. Rahim Hüseynov bildirdi ki, ""Qəbulə xanım və
I Pyotr" kitabı hər zaman
bizim stolüstü kitabımız olacaq. Çünki o bizim
qürur tariximizdir. Salyan Əli bəy Hüseynzadənin vətənidir.
Qəbulə xanımın Azərbaycan ictimai fikrinə bu
şəkildə qayıtması ürəyimizdən tikan
çıxardı. Mən həm Sakit Məmmədova çəkdiyi
bu portretə görə, həm də Azər Turana dərin təşəkkürlərimi
bildirirəm".
Yazıçılar Birliyinin katibi Elçin
Hüseynbəyli bildirdi ki, tarixi şəxsiyyətlərimiz
haqqında daha çox yazılmalıdır. Tariximizin bilinməyən
hadisələrini daha çox gün işığına
çıxarmalıyıq. O ki qaldı Qəbulə xanım
mövzusuna, etiraf etməliyik ki, burda rəssamla
yazıçının tandemi xeyli uğurlu alınıb.
Yazıçılar Birliyinin katibi Səlim
Babullaoğlu təəssüratını belə bildirdi:
"Mən, ilk növbədə, Azər Turanı, eyni zamanda
Xalq rəssamımız Sakiti təbrik edirəm.
Azər Turanın bütün
yaradıcılığı Vətən sevgisindən,
Türk, Turan sevdasından, Vətən, Türk, Turan
sevdası böyük olan unudulmaz insanlarımıza sevgidən
doğub. Həmişə elmin və poeziyanın sərhədində
olan hərarətli dil və üslubla yazıb, eynən indi
olduğu kimi. "Qəbulə xanım və I Pyotr"
kitabı Azərbaycan ədəbiyyatı və mədəniyyəti
tarixinə, ümumiyyətlə tariximizə bu şücaətli
və qeyrətli xanımı "qazandırdı" ki,
çağdaş tariximizin indiki anında, elə indi bu
çox vacibdir. Azər Turan bunu istedadlı sözlə, Xalq
rəssamı Sakit isə bunu istedadlı fırça ilə
etdi. Sağ olsunlar. Qəbulə xanımın ruhu şad
olsun.
Bəstəkar Aydın Əzimi, Rəşid Behbudov
Fondunun direktoru Kamil Şahverdi bildirdilər ki, Qəbulə
xanım haqqında Azər Turanın kitabı tarix elmimizdə
yeni səhifədir. Rəssam Sakit Məmmədov qəhrəman
Qəbulə xanımın fantastik portretini yaradıb.
Sonda söz Sakit Məmmədova və Azər Turana
verildi.
Sakit Məmmədov çıxışına bu
sözlərlə başladı: "Dostum Azər Turan Qəbulə
xanım haqqında bir yazı yazmışdı. Mən həmin
yazını oxudum. Yazını oxuyandan sonra yatıb bu
qadını yuxuda gördüm. Qəbulə yuxuma bu şəkildə
gəldi. Bu portretin yaranmasına səbəb Azərin həmin
yazısı oldu".
Azər Turan da çıxışını elə
həmin nöqtədən başladı: "Əvvəlcə
2012-ci ildə "Darülmöminin" kitabımda, sonra
"Ədəbiyyat qəzeti"nin 31 yanvar 2025-ci il tarixli
sayında Qəbulə barədə yazmışdım. Məqaləm
dərc olunandan sonra, ertəsi gün, günorta saatlarında
Xalq rəssamı Sakit Məmmədov mənə eskiz
halında bir qadın portreti göndərib, "Bu qadın
kimdir?" deyə soruşdu. "Qəbulədir - dedim, Qəbulənin
metafizik bir aləmdən baxan obrazıdır. Qəbulə 300
ildən sonra, bəlkə də ilk dəfə kiminsə
yuxusuna gəlmişdi. Yaxşı ki, yuxusuna gəldiyi adam rəssam
idi. Özü də
yaxşı ki, o rəssam Qəbulənin eloğlusu idi.
Həm də yaratdığı gözəl qadın
obrazları ilə dünyada məşhur olan bir rəssam".
Tədbir iştirakçılarına təşəkkürünü
bildirən müəllif əlavə etdi ki, bu, Qəbulə
barədə 300 ildən sonra yaranmış ilk əsərdir.
300 il əvvəl Azərbaycanda rus işğalına
qarşı ilk siyasi etiraz aksiyası barədə ilk
araşdırmadır.
***
Azər Turanın "Qəbulə xanım və I
Pyotr" kitabı üç əsr öncə baş verənləri
son iki yüz illik tarixi proseslərin fonunda dəyərləndirməyə
geniş imkan açan mətndir və əlbəttə ki,
zaman ötdükcə milli tariximizin, yaddaş salnaməmizin ən
dəyərli məxəzi olaraq bütün yönləri ilə
görünəcək, gələcək nəsillər tərəfindən
qürur və qədirbilənliklə anılacaqdır.
Azər Turanın və Sakit Məmmədovun bu
duyğusal iş birliyi, heç şübhəsiz ki, Azərbaycan
təsviri sənətinə və ictimai fikir tariximizə iki
möhtəşəm əsər qazandırdı.
Ədəbiyyat qəzeti .- 2025.- 4 iyul (¹23).- S.16-17.