Qəbulə
xanım - unutdurulan qürur səhifəmiz
Qəbulə xanım - Azərbaycanda Rus istilasına
qarşı ilk dirəniş hərəkatının lideri!
Onu qısaca olaraq, belə xarakterizə etmək olar. Çox
təəssüf ki, sovet dövründə Qəbulə
xanımla bağlı qaynaqlar yox dərəcəsindədir.
Bu mənada, ancaq əlimizdə olan tutarlı faktlara etibar etməliyik.
Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm"ində,
A.S.Puşkinin, Soymonovun, Butkovun, Sara Aşurbəylinin...
kitablarında, rus və xarici mənbələrdə bununla
bağlı yer alan əsaslı məlumatları tarixin məntiqinə
tabe etməliyik. Azər Turan da belə davranır. Tarixin
yaşanmış gerçəkliyini gömüldüyü
yerdən qazıyıb gün işığına
çıxardır. Həm də tutarlı faktlara, məxəzlərə
istinad edərək.
Azər Turanın "Qəbulə xanım və I
Pyotr" kitabı XVIII əsrin əvvəllərində Azərbaycan
cəmiyyətinin psixoloji durumunu, xalqımızın
yaşadığı məşəqqətli tale yolu və
travma tarixini öyrənmək baxımından nadir nümunələrdən
biridir. Bu kiçik tədqiqata XVIII əsr, hətta ondan əvvəlki
və sonrakı dövrlərin tarix diskursunun bir faktı kimi
baxmaq lazımdır. Burada eşidilən, güman, fərz
olunan deyil, ancaq yazılan, şahid olunan, gerçək məxəzlərin
məntiqi ilə tarixləşən faktlar tədqiqat predmetinə
çevrilir. Bəhs olunan qanlı hadisələrin canlı
şahidləri, tarix və ədəbiyyat mətnləri, hətta
ağrılı təhkiyəsi ilə kitaba sənəd
etibarlığı qazandıran müəllif
yanaşmaları, tutarlı məntiqi keçidləri və
s. Bu qürur səhifəsi ancaq bioqrafik fakt olaraq bir fərdin
şəxsi taleyi zəminində verilmir, bir xalqın, şəhərin,
mahalın faciəsi kimi təqdim olunur: "1724-cü ildə
Salyanda bir gündə rus imperiya ordusunun bir batalyonunun
bütün zabit heyəti zərərsizləşdirilmişdir.
Salyanda elə bir hadisə baş vermişdi ki, hətta rus
tarixçiləri də buna biganə qala bilməmişdilər.
Bu, təkcə Salyanın tarixində deyil, ümumazərbaycan
tarixində sonrakı dövrlərdə də bənzərinə
rast gəlinməyən nadir hadisə idi".
1724-cü ildə Salyanı istila etmək istəyən
rus qoşununun 500 nəfərlik zabit-əsgər heyətini qətlə
yetirən Salyanlı Qəbulə xanımın bu revanşist
ədasının alt qatında dayanan amil ancaq düşmənə
boyun əyməmək, I Pyotra ünvanladığı məktubda
yazdığı kimi, "Salyan mahalının 122 il onun əcdadları
tərəfindən idarə olunması" qənaəti
idimi? Azər Turan burada bir qədər psixoanalizə varır,
qətlin fəlsəfi-nəzəri havasını 57 il əvvəldən,
1667-ci ildə Stepan Razinin Salyandan oğurlayıb əsir
aldığı xan qızını Volqa çayına
qurbanlıq etdiyi ağrılı hekayətdən
götürür, poetik-ideoloji məna
axtarıcılığı ilə o Qəbulə ilə bu Qəbulə
arasında mistik bağlar qurur, Sara Aşurbəylinin
versiyasını, holland əsilli isveç səfiri Lüdviq
Fabritsiusun qeydlərini meyar götürərək baş verən
qətlin səbəbi kimi qan düşmənçiliyini
tarixin süjet toxumasına daxil edir.
Qəbulə xanım Azərbaycan tarixinin və mənəviyyatının
sirli obrazlarından biridir. Amma bu kitabda o, metafizik obraz deyil,
real, canlı ştrixləri, əməli mündəricəsi
ilə dolğun qəhrəmandır. Gizli qatlar
açıldıqca, tarixin üzərindən gerisayım işarəsi ilə məlum
örtüklər götürüldükcə aydın olur
ki, milli heysiyyəti ilə ilk antirus dalğasının
önündə gəlməyi bacaran fədaidir. Və "əfsus
ki, bilərəkdən unutdurulmuş milli simvoldur. Onu nə
tarixçilərimiz dəyərləndirdi, nə də ədəbiyyatımızda
Qəbulənin qəhrəmanlığını vəsf edən
hansısa bədii bir mətn yarandı".
Kitabda geniş çözüm, şərh tələb
edən məqamlar çoxdur. Dərbəndi və
Bakını işğal etdikdən sonra Salyana üz tutan və
Kür çayının sahilində Salyan hakiməsi Qəbulə
xanımın müqaviməti ilə üzləşən rus
zabitlərinin qətllə sonuclanan aqibəti, XVIII əsrdə
Rusiya, İran və Osmanlı münasibətləri, I Pyotr,
II Təhmasib və III Əhmədlə xarakterizə olunan
siyasi ziddiyyətlərin pərdəarxası incəlikləri, Qəbulənin nəsli, atası
Hüseyn xan, əri Salyan sultanı Həsən bəy
haqqında məlumatlar, Bakıdakı Salyan kazarması
anlayışının semantikasını açan mətləblərə
köklənmələr - hər biri ayrıca tədqiqatın
predmeti olacaq qədər material verir. Bu sırada, erməni
katalikoslarının I Pyotra ünvanladığı məktublar,
Rusiya təbəəliyinə götürülmələri və
Gilan, Salyan, Bakı və Dərbənddə yerləşmələri
üçün ondan icazə almaları ilə bağlı
faktlar düz üç əsr öncə baş verənləri
son iki yüz illik tarixi proseslərin fonunda dəyərləndirməyə
daha geniş imkanlar açır. Bu səhifələr
aşkarlandıqca qaranlığa, yoxluğa, ölümə
tərk edilən Qəbulə kimi qəhrəman
qadının obrazı da büllürlaşıb
görünməyə başlayır. Azər Turanın tədqiqatı
sayəsində öz tarixi haqqına qovuşan bu Qadın, bu
gün öz ədalətini bərpa edən, qalib və
qürurlu Azərbaycana çox yaraşır!
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti .- 2025.- 4 iyul (№23).- S.18.