Sevinc Elsevər:
"Oxumaq böyük qəhrəmanlıqdır"
Sevinc Elsevərlə tanışlığımız
uzun illərə dayanır. Bir gün baxdıq ki, artıq
dostlaşmışıq, bir də baxdıq, hətta
doğmalaşmışıq. Lakin zamanla anladım: bəzən
əzizimizi belə tanımaq üçün
doğmalaşmaq da kifayət deyilmiş. Əvvəllər elə
bilirdim ki, Sevinc nəsr və uşaq ədəbiyyatı
yazıçısıdır. Sonralar öyrəndim, sən
demə, o, həm də reallığın romantikasını
ən mükəmməl şəkildə ifadə edən
şairədir.
Sevincin poetik dünyasını ilk dəfə
"Çörək rəngli əllər" adlı
şeirlər kitabı ilə tanımışam. Bu dəfə
isə "Evlərimizin qəlbi" ilə onu yenidən kəşf
etdim. Sevinc gündəlik həyatın adi anlarını
poetik baxışla dəyərləndirir. Reallığın
romantikasını poetik dillə ifadə edən Sevinc,
kitabın ilk bölməsinə "Telefonun qeyd yerinə
yazılan şeirlər" adını verib. Çünki
o, bu şeirləri metroda, bank növbəsində, mətbəxdə
və s. yazıb. Yaşadığı, gördüyü hər
anı müşahidə edib və o anları şeirə
çevirib.
Ən maraqlısı isə odur ki, oxucu kimi bu şeirlərdə
yazıçının düşündüklərinin bir
çoxunu zaman-zaman mən də düşünmüşəm.
Hər evin, hər boşqabın, hər paltarın ruhunun
olduğuna inanan bir oxucu üçün bu şeirlər
çox maraqlıdır. Sevincin yazdıqları bütün
canlı və cansız nəsnələrə poetik forma
verir. Ola bilər ki, onun gördüyünü
başqaları da görə bilər, amma hər kəs onun
kimi hiss edə bilməz. Əgər hamımız onun kimi hiss
edə bilsəydik, biz də susduqlarımızı şeirə
çevirə bilərdik.
"Evlərimizin qəlbi" kitabından sonra isə
öyrəndim ki, sən demə, Sevinc də Tanrını məsum
bir uşaq kimi görür. Sevinc də mebellərimizin üzərinə
qonan toz dənəciklərinə zamanın izi kimi baxır,
Sevinc də qadınları Tanrının qələmindən
çıxan boyama rəsmlərinə bənzədir. Və
bu incəlik, bu duyarlılıq oxucunu onunla birgə
düşünməyə, birgə hiss etməyə vadar
edir. Bəlkə də bir yazıçının oxucusu ilə
eyni hissləri paylaşması onun ən böyük
uğurudur.
"Oxucu-yazıçı söhbətləşməsi"
layihəm çərçivəsində budəfəki
müsahibim, insanlara mininci dəfə inanmaq istəyən bir
şairə - Sevinc Elsevərdir. Ədəbi söhbətimizi
sizinlə paylaşmaqdan məmnunluq duyuram.
- Sevinc, oxucuların sənin şeirlərini metroda,
bank növbələrində oxuması sənə nə hiss
etdirər? Çünki, mən də sənin şeirlərini
elə metro qatarlarında, hər hansı növbələrdə
oxumuşam.
- Çağdaş oxucu "Qaç, Lola,
qaç!" adlı məşhur fransız filminin qəhrəmanı
kimi qaçhaqaçdadır. O, dayanmadan çörək, təhsil,
karyera, avtobus, qatar dalınca qaçır. Həyatımızı
bütünlüklə zəbt edən elektronik cihazlar, sosial
şəbəkələr ənənəvi mütaliəyə
vaxt ayırmağa imkan vermir. Müasir insan hər an yeni
informasiya alır, özü də informasiya verir. Ona görə
oxucumdan nəinki incimirəm, hətta təqdir edirəm ki,
harada imkan tapır, orada oxuyur. Bizim əsrimizdə kitab
oxumağa vaxt ayırmaq, oxumaq böyük qəhrəmanlıqdır.
Özü də yalan söhbətdir ki, təkcə
bizimkilərin kitaba marağı yoxdur. Bu yaxınlarda Mədəniyyət
Nazirliyinin xətti ilə Tbilisi Beynəlxalq Kitab sərgisində
iştirak etdim. Fürsətdən istifadə edərək, Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinə buna görə
təşəkkür edirəm. Son zamanlar Mədəniyyət
Nazirliyi belə gözəl təşəbbüslər
göstərir, yazarlarımızı xarici ölkələrdə
keçirilən kitab sərgilərinə, festivallara
aparır, onların yeni-yeni şəhərləri, ölkələri
görüb tanımasına, əlaqələr qurmasına vəsilə
olur. Gürcüstan səfəri mənim də
yaddaşımda, ruhumda dərin iz buraxacaq. Orada "Azərbaycan
Kitab mədəniyyəti" mövzusunda paneldə
çıxışçılardan da biri idim. İnsan təbiəti
belədir də, daim özünü müqayisə edirsən,
orada qonşularımızı
özümüzlə müqayisə etmək imkanımız
oldu və mən gördüm ki, orada da kitab
alıcısı azdır. Bu, bütün millətlərin
ümumi problemidir. XXI əsrin, yeni texnologiyaların
yaratdığı vəziyyətdir.
Oxucular "Evlərimizin qəlbi"ni harada istəyirlərsə,
orada oxuya bilərlər. Səhər süfrəsində,
dovğa bulayanda da kitab oxumuşam. Bir dəfə kitab əlimdən
dovğa qazanına düşdü. Çıxardıb, hətta
yumuşdum, sonra kitab quruyandan sonra şişdi, çox gombul
oldu. O kitabı hər görəndə gülürəm.
Yaxşı oxunan kitab o kitabdır ki, təptəzə
qalmır, başına cürbəcür iş gəlir.
"Evlərimizin qəlbi" ən sevdiyim
kitablarımdandır. Hərçənd, biz onu yaxşı
yaya bilmədik. Baxmayaraq, içindəki şeirlər
yaxşı yayılıb, hamısı xeyli oxunub. İnternet
xüsusən, şeir və hekayə kitablarının
satışına mane olur. İndi romanlar yaxşı
satılır. Oxucu şeirləri, hekayələri ədəbiyyat
saytlarından oxumağa üstünlük verir. Sonra kitab
alıb oxumağa hacət görmür. Amma şeir kitabı
oxumağın da öz üstünlüyü var. "Evlərimizin
qəlbi"ndə toplanan şeirləri beş il ərzində
yazmışam. Məndə öz-özünə alınan
qaydadır: beş ildən bir şeir kitabı çap etdirirəm.
O kitabda yer alan şeirlərdə ölkəmin,
insanımızın da son beş ildəki əhval-ruhiyyəsi
əksini tapır. Sanki son beş ilimizi əks etdirən
tammetrajlı, sənədli-bədii filmdir. Adətən, kitab
çap olunanda şeirlərin yazılma
ardıcıllığına da əməl etməyə
çalışıram. Dəyərli tənqidçi, ədəbiyyatşünas
alim Elnarə Akimova da yaxşı bir Ön söz yazıb
kitaba. O Ön sözün özü şeirlər qədər
oxunmağa dəyər! Nəhayətdə
düşünürəm ki, bir var, şairin son beş ildə
yazdığı şeirlərini orada-burada oxuyasan, bir var, cəm
halda. Onda nəinki şairin son dövr
yaradıcılığı gözünün önündə
sərgilənəcək, orada özünü, öz həyatını
da görəcəksən. Kitab çapa hazırlanan vaxtlarda
Elnarə Akimova demişdi ki, Sevinc, şeirlərində
bütöv bir romanın yükünü gördüm, bir
romandan ala biləcəyim təəssüratı aldım. Həmin
təəssüratı ancaq şeir kitabından ala bilərsən.
Müxtəlif saytlarda, qəzet və jurnallarda hərdən-birdən
şeir oxuyanda yox. O mənada şeir kitablarının
çap olunması çox vacibdir. Oxunması da həmçinin.
- "Yazı xəttimiz ilk müəllimimizin
yadigarıdır" deyə, qeyd edirsən. Səncə,
yazının formasında da xatirə yaşaya bilərmi?
- Xatırlatdığın şeir faciəli bir hadisəyə
həsr olunub. Elina adlı məktəbli özünü
oxuduğu məktəbin pəncərəsindən ataraq
intihar eləmişdi. Yaşıdları tərəfindən
daim qısnamaya məruz qalan qızcığaz o məşum
hadisədən sonra da böyüklərin, müəllimlərinin
laqeydliyi nəticəsində həyatını itirmişdi. O
şeiri hadisə baş verən gün qələmə
almışdım. İlk müəllimimiz
hamımızın yaddaşında möhkəm yer tutur. Onun
bizə münasibətini, bizim ona münasibətimizi heç
vaxt unutmuruq. Yazı elə bir şeydir ki, onu kimdən öyrəniriksə,
o adamı yaddan çıxartmırıq. Necə ki
döşündən süd içdiyimiz anamızı
unutmuruq. İlk dəfə əlimizdən tutub bizə
yazmağı öyrədən adam da unudulmazdır. Bu, hər
hansı biri də ola bilər: atamız, anamız, nənəmiz,
babamız, qardaşımız, bacımız, qonşu
uşağı; fərqi yoxdur. Məsələn,
özümdən kiçik qardaşıma
yazıb-oxumağı, hesablamağı mən öyrətmişəm.
Bizi öyrədən adamın bizə göstərdiyi sevgi, səbir,
qayğıdan asılıdır xəttimiz, bəli.
Düzgün, gözəl xətt həm də bir adamın nə
qədər qayğısız, sevgi dolu mühitdə
formalaşmağına işarədir. O şeirdə də
Elinaya bu sualla müraciət olunur:
Xəttimiz ilk müəllimimizin bizə
yadigarıdır,
Onun bizə sevgisini,
Sevgisizliyini anladır.
Sənin xəttin necə idi, Elina?
"ilan-qurbağa"ydı, ya sədəf kimi?
İlk müəllimin əlindən tutub
Necə tale yazdırdı sənə?
- Səməd əmini (Səməd Behrəngi) sevməyin
uşaq ədəbiyyatı yazmağına nə qədər
təsiri olub?
- Səməd Behrəngini ta uşaqlıqdan,
"Ədəbiyyat" dərsliyimizdəki "Balaca qara
balıq" əsəri ilə tanımışam, sevmişəm.
Unudulmaz iz buraxıb əsər məndə. Uşaqlar mətnlərin
macəralı tərəfini sevir, yadda saxlayırlar adətən.
Mən isə nağıllardakı, uşaq
romanlarındakı kədəri də hiss edirdim və aldığım
o kədərli təəssürat həmişə mənimlə
qalırdı. Məsələn, Cəlil Məmmədquluzadənin
"Buz" hekayəsini oxuyandan sonra günlərlə
özümə gəlməmişdim. Təbii ki,
oxuduqlarımızın yazdıqlarımızda böyük təsiri
var. Mən deyərdim ki, "Balaca qara balıq" əsərindən
aldığım təsir daha çox şeirlərimdə
öz əksini tapıb. Uşaq mətnlərimdən
"Nuhun gəmisində kosmosa səyahət" adlı
romanımda "Balaca qara balıq" əsərinə
göndərmələr var.
- "Küləyə qarşı ən çox
ağaclar döyüşür" misrasında metafora
maraqlıdır. Təbii qüvvələr və müqavimət
sənin şeirlərində necə bir yerdə dayanır?
- O şeir real bir hadisədən sonra
yazılmışdı. Gəncədə mərkəzi
küçələrdən birində yaşayırdım.
Gecədən dəhşətli külək başladı, hər
yeri uçurub-dağıdacaqdı sanki. O qədər
güclü idi! Səhər həyətin qapısını
açıb küçəyə çıxanda
qapımızın yanındakı cavan ağacın
yıxıldığını gördüm. Külək
mülayimləşmişdi artıq. Aram-aram əsirdi, amma tam
çıxıb getməmişdi. Mənə elə gəldi
ki, məhz bu ağac yıxılandan sonra külək sakitləşib,
peşmancasına bilmir neyləsin. Onda ağaca da, küləyə
də ürəyim yandı, qəribədir. Elə bu qəribə
duyğularla o şeir yarandı. Təbiəti çox sevirəm.
Onun şıltaqlığını da, qışını
da, yayını da sevirəm. Həyat elə budur. Çəkişib-bərkişməkdir
təbiətlə, həyatla, özünlə.
- Sən durduğun yerdən baxanda təkcə gənclik
gözəl görünür?
- Bəzən mən şeirlərimi unuduram. Oxucular
hansısa şeiri axtarıb tapa bilməyəndə,
soruşanda az qala xatırlaya bilmirəm. Şeir
kitablarının satılmadığı zamanlarda kitab
çıxartmaq həvəsimin də səbəbi elə
budur. Onları unudub orada-burada itirməyim deyə, bir kitabda
toplayıram. Kitabda onları tapmaq asandır, daim əlinin
altındadırlar.
Amma bu şeiri dərhal xatırladım. Şeirdə
təsvir etdiyim situasiyada ağlıma gəlmişdi. Dərhal
da telefonumun qeyd yerinə yazmışdım. Əvvəllər
yazarlar əllərində iri bloknotlar gəzdirirdilər. Belə
bloknotu Həmid Herisçidə görmüşdüm. Kimsə
maraqlı replika atsa, yaxud hansısa bir situasiya yaşansa,
özünün ağlına fikir gəlsə,
gözümüzün qabağında o dəftəri
açıb qeyd edirdi. Bilmirəm, indi elə bir dəftəri
varmı yenə? Həmid ağanı şəhərdə
bir neçə dəfə görmüşəm, amma əlində
dəftər görməmişəm son zamanlar. Yəqin o da
telefonunun qeyd yerində yazır.
- "Fotoların da ömrü sevgilərin
ömrü qədərdir" deyirsən. Səncə, xatirələr
də fotolar kimi tez solur?
- Solur. Zaman ötdükcə xatirələrin rəngi
dəyişir, təhrif olunur. Hətta o hala düşür
ki, sən xatirəni artıq yaşandığı kimi yox,
yadında qaldığı kimi, hətta arzuladığın
şəkildə xatırlayırsan. Məsələn,
uşaqlıq xatirələrimizin çoxundakı kimi. Parlaq
bir uşaqlıq xatirəni hər dəfə fərqli
danışırsan. Kənardan da sənə deyirlər ki, əslində
o əhvalat belə olmamışdı. Və yaxud ümumiyyətlə
olmamışdı.
- Hələ də həyatı körpə uşaq
heyrətiylə öyrənirsən?
- Xoşbəxtlikdən hələ də körpə
uşaq kimi heyrətləndiyim olur. Nə qədər ki belədir,
həyat maraqlıdır. Vay o gündən ki, səni
heç nə heyrətləndirmir. Bu, çox pisdr.
- Əgər seçməli olsaydın: təbiət,
insanlar, yoxsa uşaqları seçərdin? Sənin
üçün hansının "qəlbi" daha müqəddəsdir?
- Təbiət anamızdır. Üzü güləndə,
mülayim olanda biz də xoşbəxt oluruq. Acıqlansa,
qaşqabaq töksə, həyatımız zəhərə
dönür. Onu qorumalıyıq, daim sevgi göstərməliyik
ki, bizi nəvazişlə qucaqlasın. Xoşbəxt olaq onun
qoynunda. İnsanlara gəlincə, ömrünün sonuna kimi
qəlbini təmiz tuta bilən insanlar var. Yaşlı adam
görürsən, üzü nuranidir, dili dualıdır.
İstəmirsən yanından ayrılasan. Elə
yaşlı adamlar da var ki, bir dəqiqə ünsiyyət qura
bilmirsən. Acıqlı və kinlidir, qəddardır. Kimisə
qınamaq da olmur. Hərə bir yerə qədər
dözümlüdür. Acıqlı, kinli olanlar
dözümsüzlərdir. Amma biz onlara da səbirli və
şəfqətli davranmalıyıq. Ola bilər, həyat
onlara ədalətli olmayıb. Uşaqların içində
qəddarlıq var. Bəzən uşaqlarda olan qəddarlıq
heç böyüklərdə olmur. Uşaq ədəbiyyatının
ən böyük funksiyası da elə bu qəddarlığı
yox eləmək, mərhəmət hissini yaratmaq və
böyütmək, onlarda ədalət duyğusunu
formalaşdırmaqdır. Amma böyüklərlə
uşaqların qəddarlığı arasında fərq var:
uşaqların qəddarlığı kortəbii,
instinktivdir, seçim deyil. Böyüklərdə bu həm də
seçimdir. Məşhur bir şeirdə deyildiyi kimi:
"uşaqlar qurbağaları əyləncə
üçün öldürürlər, qurbağalar isə
həqiqətən ölür!". İyirmi yaşımda
yazdığım şeirlərimdən biri belə
başlayırdı: "anamın cücələrini
boğub günahı özümdən kiçik
qardaşımın üstünə yıxanda iki
yaşımdaydım..."
- Doğrudanmı, evlərimizin qəlbi
soyuduculardır?
- Təəssüf ki, çox evlərdə, bəli.
Buz kimi soyuducular dolu olanda mehribanlıq, səadət də bərqərar
olur. Soyuducular boşalanda, əksinə. Arzum budur,
bütün "evlərin qəlbi" ağzına kimi dolu
olsun! Hamı mehriban yaşasın! Ailələr
dağılmasın! Uşaqlar xoşbəxt olsunlar! Bol-bol
dondurma da yesinlər!
Bu həssas söhbətləşməm Sevişin
(ona "Seviş" deyə xitab edirəm) poetik
dünyasına bir addım da yaxınlaşmaq imkanı verdi.
Onun səmimi düşüncələri, duyğulara toxunan
sözləri bir daha sübut etdi ki, ədəbiyyat yalnız
oxunmur, ədəbiyyat həm də yaşanır.
Söhbətləşdi: İlahə Ümidli
Ədəbiyyat qəzeti .- 2025.- 4 iyul (№23).- S.19.