Kərkük pərvanəsi
Uzun müddət xaricdə işlədiyimdən
yaxşı bilirəm ki, qürbətdə döyünən
ürək arı pətəyi kimi para-para, şana-şana
olur, bütün oxların nişangahına çevrilir.
Qürbət, qəriblik, vətən həsrəti əlacsız
dərdə çevrilir. İnsanın qəlbi vətən
eşqinə kürə kimi püskürür, pərvanəyə
dönür...
Türkmanelində real həyatdan bəhs edən elə
şeirlər var ki, oxuyanda haldan-hala düşürsən,
göz yaşlarını boğa bilmirsən. Əli Saibin
"Hanı sən?" şeiri təkcə 1960-cı illərdə
ABŞ-yə gedən, siyasi səbəblər üzündən
bir daha vətənə dönə bilməyən oğlu
İhsanla bağlıdırmı? "Firqətin qurbanı təkcə
İhsanın anasıdırmı? Son nəfəsə qədər
həsrətlə yol gözləyən, son dəmdə
içdən gəlmədi, oğlum?" - deyən təkcə
İhsanın anasıdırmı?
Analar yanar ağlar,
Günlərin sanar ağlar,
Dönər göy göyərçinə
Yollara qonar ağlar.
Məni həmişə Salah Növrəs, Nüsrət
Mərdan, qardaş Türkiyədə məskunlaşmaq məcburiyyətində
qalan Mahir Naqib, Sübhi Saatçı, Mustafa Ziya, Ərşad
Hürmüzlü, Şəmsəddin Küzəçi kimi
qürbət taleli dostlarım düşündürür.
Doğma el-obadan, ata-anadan, qohum-əqrəbadan ayrı düşsələr
də, qərib-qürbət həyatı yaşasalar da,
ürəkləri hər vaxt Kərkük eşqilə
döyünür, Kərkük pərvanəsinə
dönürlər. İndi onlar professor Əbdülxalıq
Bayatlı kimi yolayrıcında qalmış qəribə bənzəyirlər.Əbdülxalıq
Bayatlı 1980-ci ildə təqaüdə çıxaraq
istanbullu həyat yoldaşı və uşaqları ilə
Türkiyəyə köçür. Lakin vaxt keçdikcə
vətən həsrəti ona dinclik vermir. Kiçik poemaya bənzər
"Kərkükü dinləyirəm" şeirini
yazır:
Aylardan nisan
Mən qürbətdə bir insan.
Ta uzaqdan
"Al ipək, yaşıl ipək",
Deyə bir türkü duyuram...
Qafam darmadağın, halım yaman,
Mən qürbətdə bir insan
Baxtıma ağlayıram.
Şeirdə qəm, qüssə, kədər vətən
həsrəti ilə çulğalaşır, həzin bir nəğməyə
çevrilir. Vətən üçün qəribsəyən
şairin ən təmiz, saf, pak hissləri tərənnüm
edilir.
Əbdülxalıq Bayatlı qürbətə öz
istəyi ilə getmişdi. İstədiyi vaxt vətəninə
dönə bilərdi. Bununla belə, vətən həsrəti
onu məngənə kimi sıxır, qəm, qüssə, kədərə
qərq olur...
Bu yazıda ömrünün düz otuz ilini qürbət
həyatı yaşayan, iyul ayında 60 yaşı tamam olan
Şəmsəddin Kuzəçidən söz
açacağıq.
Şəmsəddin Kuzəçi 9
qardaş-bacının böyüyüdür. O, 1965-ci ildə,
sonbeşik Nurcan isə 1975-ci ildə anadan olub. Səddam
Hüseyn rejimi vaxtı güzəran ucbatından ailə pərən-pərən
düşüb. Anası, bacıları, qardaşları Hollandiya
və İsveçdə yaşayır. Şəmsəddin isə
öz yazdığına görə Ankara, Kərkük,
Avropa və Azərbaycanla türk dünyası arasında
uçur. O da, bir çox başqaları kimi,
yolayrıcında qalmış qəribə bənzəyir.
Altmış yaşdan sonra doğma yerlərə dönmək,
isti yuva qurmaq elə də asan deyil. Digər tərəfdən
də, başqa mühitdə böyümüş,
boya-başa çatmış övladların taleyi onu
düşündürür, dinclik vermir. Bütün bunlar qəlbini
təlatümə gətirir. "Kərkük pərvanəsi"
adlandırdığım Şəmsəddin təsəllini
yazıb-yaratmaqda, doğma xalqına xidmətdə tapır.
Şəmsəddin Kuzəçi ilə 2000-ci ildə
Bakıya ilk gəlişində tanış olmuşdum. Dostum
Əbdüllətif Bəndəroğlundan məktub, dost
münasibətində olduğum əmisi Əbdülvahid Kuzəçioğlundan
salam gətirmişdi. Yaş fərqinə baxmayaraq, eyni amala
xidmət etdiyimizə görə aramızda dostluq münasibəti
yarandı. İndi iyirmi beş ildir Azərbaycan-İraq
türkman ədəbi-mədəni, elmi əlaqələrinə
birgə ömür həsr edirik.
Şəmsəddin Kuzəçi, bir çox
Türkmaneli ziyalıları kimi Azərbaycanı çox
sevir və onu ikinci vətəni hesab edir. Yazılarından
göründüyü kimi, onun Azərbaycana olan sevgisi, məhəbbəti
uşaqlığından başlayıb. Bu, gözlənilməz
bir hadisədən sonra başlayıb. Dr.Şəmsəddin
Kuzəçi "Azərbaycan və mən" adlı məqaləsində
yazır: "Kiçik bir radiom vardı. Axşamlar
qulağıma tutub musiqi dinləyirdim. Bir neçə
dalğanı çevirəndə ərəbcə səs
eşitdim: "Burası Bakü Sovet Radiosü, ərəbcə
bölümüdür". Həzin səs çox xoşuma
getdi. İştə Azərbaycanı ilk kəz o səsdən
duydum (1959-cu ildə dövlətlərarası müqaviləyə
əsasən kərküklü Sinan Səid Azərbaycan
Radiosunun ərəbcə bölümündə işə dəvət
olunmuşdu. Həzin və məlahətli səs ona məxsus
idi - Q.P.).
Bir gecə əlimə qələm alıb Azərbaycan
radiosuna bir məktub yazdım. İki aydan sonra 2 kitab və 20 ədəd
Azərbaycanın mənzərələrini göstərən
poçt kartı aldım. Kitablardan birisi Səməd
Vurğunun şeir kitabı, digəri isə Niyazi Gəncosmanoğluna
aid bir kitab.
Səməd Vurğunun o kitabına gecələr boyu
baxar, səhifələrlə dərtləşərdim.
Röyalarımda Azərbaycan ilə yaşardım. Azərbaycan
sevgisi içimdə yaşadı, böyüdü və bir
həsrətə döndü. Bir gün əmim, Kərkükün
Milli sənətçisi Əbdülvahid Kuzəçi
Bağdad Türkmanca Radiosunda Səməd
Vurğunun şeirinə bəstələdiyi bir
mahnını oxudu.
Maral çıxdı dağ döşünə,
Səhər vaxtı gülə-gülə.
Sağ əliylə sol döşünə
Bir gül taxdı gülə-gülə.
Gülə gülə, gülə-gülə,
Bülbül qonmuş qönçə gülə.
Bu türkü ilə Kərkük
xoyratları xəyal dünyamın üfüqünü birləşdirib
okeanlara yelkən açmağa vəsilə oldu. Vaxt
keçdikcə "Qardaşlıq" dərgisində və
"Yurd" qəzetində Azərbaycan ilə ilgili şeir,
bayatı və ortaq ədəbiyyatımızla bağlı
yazıları təqib edərək Azərbaycan sevgimi
sıcaq saxlamağa çalışırdım. Xoyrat
yazmağa başladım:
Naznazdı:
Açan güllər naznazdı.
Nə yarın camalı var,
Nə ettiği naz nazdı.
2000-ci ildə ilk dəfə Azərbaycana gəldim.
Arzuma çatdım".
O vaxtdan çox sular axdı, duruldu. Şəmsəddin
mətnşünas, şair, tədqiqatçı,
musiqişünas, ədəbiyyatşünas, jurnalist, ictimai
xadim kimi yetişdi. İndi o, Əta Tərzibaşı,
Əbdüllətif Bəndəroğlu və bu sətirlərin
müəllifindən sonra Azərbaycan-İraq Türkman ədəbi-mədəni,
elmi əlaqələri yolunda ən çox xidmət göstərən
tədqiqatçılardandır. Bu yorulmaz tədqiqatçı
günümüzdə Azərbaycan-Türkmaneli ədəbi-mədəni,
elmi əlaqələrinin ağırlığını
çiyinlərində daşıyan əsas simalardan biridir.
Yaradan ona tükənməz enerji bəxş etmişdir.
Xoşbəxtlikdən o, bu enerjini İraq türkman ədəbiyyatına,
İraq türkman-Azərbaycan ədəbi-mədəni-elmi əlaqələrinə
həsr etmişdir. Çalışqanlığı sayəsində
örnək ədəbiyyatşünasa çevrilmişdir.
Prof.Qəzənfər Paşayevin 2016-cı ildə
Bakıda çap olunan "Əta Tərzibaşının
folklorşünaslıq fəaliyyəti"
monoqrafiyasını Dr.Mustafa Ziyanın Ön sözü ilə
2017-ci ildə Ankarada çap etdirib. Azərbaycanla
bağlı və Azərbaycan dilində "Kərkükdən
səsləniş" (Bakı, 2018, 144 səh.) və
çox böyük həcmli "Kərkükdən Azərbaycana"
(Ankara, 2019, 400 səh.), "Xoyratlarım" (Bakı, 2004,
82 səh.), "İraq mətbuat tarixi" (Bakı, 2019, 270
səh.), "Azərbaycan sevdalısı" (Ankara, 2023, 198
səh.), Rəsul Rza "Uzaq ellərin yaxın töhfələri"
(Ankara, 2023, 188 səh.), "Musalladan Şaturluya Sinan Səid"
(Ankara, 2023, 160 səh.), "Azərnamə" (Ankara, 2024 və
s.) kitabları işıq
üzü görüb. Mənim Azərbaycan-Kərkük ədəbi-elmi
fəaliyyətimi yüksək qiymətləndirərək
Dr. Mustafa Ziya ilə birgə "Kərkük sevdalısı
Qəzənfər Paşayev" (Kərkük, 2017, 152 səh.;
təkmilləşdirilmiş nəşri - Ankara, 2018, 212 səh.)
kitabını yazıb.
Dr.Şəmsəddin Kuzəçi "Kərkük
şairləri" kitabının I cildini (Ankara, 2006) Əta
Tərzibaşıya, II cildini (Ankara, 2007) mənə ithaf
etmişdir. Bu iki cildlik "Kərkük şairləri"
kitabı ilə birlikdə "Telafər şairləri" və
"İraq Türkman qadın şairləri" (Solmayan
papatyalar) kitabları əsasında "İraq Türkman
poeziya antologiyası"nı hazırlayaraq geniş girişlə
(2 cild, Bakı, 2021, 464 səh.), millət vəkili Qənirə
Paşayevanın "Ön söz"ü və maddi dəstəyi
ilə "CBS" mətbəəsində
çap etdirmişəm.
Eləcə də Şəmsəddin Kuzəçinin
"Musalladan Şaturluya Sinan Səid" kitabına Ön
söz (Ankara, 2021, s.9-11), tədqiqatçının "Kərkükün
milli yazarı Ata Terzibaşı". Həyatı və əsərləri"
kitabına "Giriş" (Ankara, 2024, s.17-26) və çap
etdirdiyi "Rəsul Rza. Uzaq ellərin yaxın töhfələri"
kitabına "Ön söz" (Ankara, 2023, s.5-20)
yazmışam.
Şəmsəddin Kuzəçi isə Əta Tərzibaşının
13 cildlik "Kərkük şairləri" və 3 cildlik
"Ərbil şairləri" kitabları əsasında tərtib
və geniş "Ön söz"lə çap etdirdiyim
"İraq Türkman poeziya antologiyası" (I cild,
Bakı, 2019, 464 səh.), eləcə də "İraq
Türkman nağılları" (Bakı, 2014, 429 səh.)
kitabımın redaktorudur.
Şəmsəddin Kuzəçi, həm də
filologiya üzrə elmlər doktoru Gülxanı Pənahın
mənə həsr etdiyi
"Şəxsiyyətlə yaradıcılığın vəhdəti"
(Bakı, 2018, 176 səh.) monoqrafiyasına müsbət rəy
yazıb və həmin rəy "Qəzənfər
Paşayevi anlamaq" adı ilə monoqrafiyada çap olunub.
Azərbaycan Yazıçılar və Jurnalistlər
Birliyinin fəxri üzvü Şəmsəddin Kuzəçi
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda 2023-cü ildə Fəxri
doktor adına layiq görülüb
Elə həmin ildə Azərbaycan
Yazıçılar Birliyinin qurultayında Birliyin orqanı -
"Ədəbiyyat qəzeti"nin Redaksiya Şurasına
üzv seçilib.
Dr.Şəmsəddin Kuzəçinin Azərbaycanda və
Türkiyədə Azərbaycan dilində 10 adda kitabı
çıxıb.
Azərbaycan Yazıçılar Birliyi Dr.Şəmsəddin
Kuzəçini 2024-cü ildə Beynəlxalq Rəsul Rza
mükafatına layiq görüb.
Şəmsəddin Kuzəçinin 60 illik yubileyinə
həsr olunan, "Kərkük pərvanəsi" adlı
yeni kitab üç fəsildən
ibarətdir. Birinci fəsil Şəmsəddin Kuzəçinin
"Həyatı və ədəbi şəxsiyyəti"
adlanır. Bu bölümdə "Doğumu və ailəsi",
"Təhsili", "Ailə həyatı",
"İdman fəaliyyəti", "Hərbi xidməti",
"Pedaqoji fəaliyyəti", "Jurnalistik fəaliyyəti",
"Televiziyada fəaliyyəti", "Ədəbi
yaradıcılığı" gündəmə gətirilir.
Bu fəsildə, eləcə də Şəmsəddin
Kuzəçinin "Ədəbi şəxsiyyəti"
kimi fəaliyyəti tədqiqat süzgəcindən
keçirilir. Şairin poeziya
yaradıcılığına Füzuli, Bəxtiyar
Vahabzadə, Salah Növrəs, Mehmet Akif Ərsoy, Yavuz Bülənd
Bakilər, Mehməd İzzət Xəttat kimi şairlərin
təsiri özünü göstərir. Şəmsəddinin
şeirlərində "Sənət ustalığı",
"Millətçiliyi və vətənpərvərliyi",
"Kuzəçi və ünvanlı şeirlər",
"Simvolizm", "Şairin həyat fəlsəfəsi",
"Kuzəçinin dili və üslubu" kimi çox
maraqlı ədəbi məsələlər tədqiqata cəlb
olunur.
Kitabın "Şəmsəddin Kuzəçi elm aləmində"
adlanan ikinci fəslində "Məqalələrindən
seçmələr", "Şeirlərindən seçmələr",
"Kitablarından seçmələr" yer alır. "Kərkük
pərvanəsi" kitabının üçüncü fəsli
"Şəmsəddin Kuzəçi haqqında əsərlər"
adlanır. Burada Faruk Faiq Köprülünün, Rəsmiyyə
Sabirin, eləcə də Rəsmiyyə Sabir və Əkbər
Qoşalının "Şəmsəddin Kuzəçiyə
ərməğan" kitablarının məziyyətlərindən
danışılır.
Elmilik baxımından xüsusilə fərqlənən
"Şəmsəddin Kuzəçi haqqında məqalələr"
bölümündə akademik İsa Həbibbəyli, Anar, Qəzənfər
Paşayev, professorlar - İsa Qayacan, Elçin İskəndərzadə,
Hikmət Babaoğlu, Qənirə Paşayeva, Güllü
Yoloğlu, Rəsmiyyə Sabir, Qalibə Hacıyeva, Tamella
Əliyeva kimi bir çox elm adamlarının maraqlı
yazıları yer alır.
"Şəmsəddin Kuzəçi ilə
müsahibələr" bölümü material və
informasiya zənginliyi ilə seçilir.
İnanıram ki, Şəmsəddin Kuzəçinin
60 illiyinə ərməğan edilən "Kərkük pərvanəsi"
kitabı o taylı-bu taylı Azərbaycan oxucularının və
Türkmanelində yaşayan soydaşlarımızın
ürəyincə olacaqdır. Ömrünü Azərbaycan-İraq
türkman ədəbi-mədəni, elmi əlaqələrinin
möhkəmlənməsinə həsr edən Dr.Şəmsəddin
Kuzəçinin əməyi layiqincə qiymətləndiriləcəkdir.
Qəzənfər PAŞAYEV
Ədəbiyyat qəzeti .- 2025.- 4 iyul (№23).- S.21.