EŞQİN RƏNGLƏRİ
(romandan hissə)
Müəllif -
Gülçin - 32 yaşında, istedadlı rəssam
Böyükkişi - 35 yaşında, Gülçinin
əri
Yalçın - 34 yaşında,
Böyükkişinin müdiri
Nemət - 45 yaşında, tanınmış psixiatr
NEMƏT
İşdə otağımın pəncərəsi
yaşıllıqlara bürünmüş parka
açılır. Yaz günəşinin şüaları
altında hərdən orada əl-ələ tutub gəzişən
cütlükləri görürəm...Gülçinin bu
gün yenə seansa gələn günüdür.
Qapını astaca tıqqıldatdılar, sevincək
döndüm, Gülçin gəlmişdi. Ağappaq mələk
kimi geyinmiş, dalğalı saçlarını çiyinlərinə
atmışdı. Salamlaşıb hər seansdan əvvəl
olduğu kimi bir müddət
kresloda sakitcə oturdu. Əlində böyük kvadrat bir
bağlama vardı, ağ kağıza bükülmüş,
üzərinə çəhrayı lent
bağlanmışdı. Tabloya bənzəyirdi.
Düşündüm ki, yəqin ya emalatxanadan gəlir, ya da
buradan çıxıb emalatxanaya gedəcək deyə
özü ilə hansısa tablosunu götürüb.
Qarşısındakı kresloya keçib əyləşdim.
Gülümsəyib əhvalını xəbər aldım.
Özünəməxsus ətri, gözlərinin dalıb gedən
baxışı bir andaca beynimi dumanlandırdı. Sakitcə
gülümsəyib, sonra da sirli bir üz ifadəsi ilə əlavə
etdi:
Bu gün sizə bir hədiyyə gətirmişəm, — dedi.
Gülümsədi, amma bu gülümsəmənin altında
gərginlik sezilirdi. — Avtoportretimdi, güzgü
qarşısında özümü çəkmişəm.
Sizə də, hisslərinizə də böyük hörmətim
var, ona görə mənim üçün də əziz olan
bu əsəri sizə bağışlamaq qərarına gəldim.
Baxmaq istəyərsiniz?
Ürəyim qəfəsdə vurnuxan bülbülə
döndü, nəfəsim kəsildi. Sevindim, həyəcandan
məni tər basdı. Sevincək tablonu alıb sevdiyi
qadına qovuşmaq həsrətilə yanan aşiq səbirsizliyi
ilə üstündəki lenti
açdım. Kağızın xışıltısı
otaqdakı səssizliyi pozdu.
Portreti görəndə elə bildim yer
ayağımın altından qaçdı...
Yarıçılpaq avtoportret idi. Güzgü
qarşısında özünü çəkdiyi möhtəşəm
bir rəsm əsəri idi. Əsərin ruhunda məşhur rəssam
Frida Kahlonun üslubu hiss olunurdu. Qarşımdakı bu
avtoportret bir rəssam qadının nə qədər
dürüst və cəsur ola biləcəyini göstərirdi.
Gülçin güzgü qarşısında şəffaf
gecəlikdə oturub özünü çəkmişdi. Rəsmdə
sinəsi açıq gecəliyin altından yumru və
gözəl döşləri, ağlı başdan
çıxaracaq qədər gözəl göbəyi şəffaf
qiyafəsindən görünən dünyalar gözəli
bir qadın baxırdı...Tabloda gecəliyi islaq idi,
döşlərinin çəhrayı üzümə bənzər
gilələri aydınca sezilirdi, əlindəki qədəhdə
qırmızı şərab vardı, yarıaçıq
dodaqları da elə içdiyi şərab rəngində
idi... Rəsmə, daha doğrusu, tablodakı Gülçinə heyran qalmamaq mümkün deyildi. Elə
bil bədənimin bütün qanı yanaqlarıma vurdu, hiss elədim ki,
sifətim od tutub yanır. Ürəkdən təşəkkür
edib tablonu yenidən ağ kağıza bükdüm...
Gülçin bu avtoportreti
onun daxili ehtirasının,
çılğınlığının ifadəsi idi. Gözlər
qaranlıq, eyni zamanda dərin idi. Sanki yuxusuz gecələrin
ora kölgələri düşmüşdü. Fon zeytun
yaşılı idi. Saçları fırçanın sərt
zərbələri ilə çəkilmişdi, dəniz
dalğalarını xatırladırdı.
Portretin ən təəccüblü cəhəti isə
onun baxışları idi — bir həkim kimi yox, bir kişi kimi
dəhşətli dərəcədə hissə
qapıldım. Bu portretdəki Gülçin indi seans otağında qarşımda
oturan qadından daha real, daha doğma görünürdü.
Çünki tabloda bütün hissləri və bədəni
ilə qarşımda açıılmışdı.
— Misilsiz gözəldir, — dedim, özümü ələ
almağa çalışdım, mən bir həkim idim, bunu
unutmalı deyildim.
— Özünü necə
hiss edirdin bu tablonu çəkəndə?
— Elə bil birini çox sevib, amma heç vaxt toxuna
bilməyəndə necə hiss edirlərsə elə... Bu
toxunulmazlıq içində donub qaldığım anı
portretə köçürdüm.
Özümü saxlaya bilməyib dedim:
Bəlkə də mənim içimdəki
duyğuları çəkmisən, amma öz
varlığında.
Bəlkə də... — deyib
Gülçin gözlərini qaçırdı.
Otağa bir anlıq sükut çökdü.
Seansımıza davam etdik, ona evdə edəcəyi bir
neçə psixoloji tapşırıq verdim. Xudahafizləşəndə
məni qucaqlayıb təşəkkür etdi,
yanağımdan öpdü. Bədəninin,
saçlarının qoxusu ağlımı başımdan
alırdı. Onun dodaqlarına yapışmaqdan
özümü zorla saxlayırdım. Amma mən peşəkar
həkim idim, bunu unutmamalı idim. Lakin hər peşəkarın da bir zəif
nöqtəsi var. Gülçin də mənim zəif
nöqtəm idi. Azmış kimi yarıçılpaq
avtoportretini də gətirib məni yenidən oda saldı...
Gecə evə qayıdanda portreti açdım. Kitab rəfinin
üstündə divara söykədim.
Sonra dayanıb uzun-uzadı baxdım. Divarda yerini dəyişdim,
işığın enməsini izlədim, üz cizgilərinə
düşən kölgələrə, fırça
toxunuşlarına diqqətlə baxdım. Nəhayət, portret özünə
layiq yerini tapdı — yataq otağımın pəncərəsinin
yanında divara asdım. Səhər oyanıb
gözümü açanda ilk
baxdığım yer oradır.
Sonra kresloda oturub uzun müddət onu izlədim.
İçimdəki səs isə susmurdu: "Sən o
Gülçini yox, burada çəkilən
qadını sevirsən, Nemət. Onun çəkdiyi
versiyanı. Onun özü sənə uzaqdır. Qəlbi də,
vücudu da başqasına aiddir, sən isə onun göstərdiyi hisslərlə dolu
bu kölgəyə aşiq olmusan..."
Elə bil portretdəki Gülçin nəfəs
alırdı. Gözlərini məndənçəkmirdi.
Sanki mənimlə danışırdı. Deyə bilmədiyi
hər şeyi tablosunda deyirdi. Bir neçə saatın
içində bu portret evimin ən əziz əşyasına
çevrildi, məni özünə əsir elədi. Ayağa qalxıb barmaqlarımı
onun üzündəki, bədənindəki cizgilərdə gəzdirdim,
gözlərim yumuldu, sanki
bütün cazibədarlığı ilə real olaraq
qarşımda dayanmışdı. Bu tablonun
qarşısında peşəkarlıq bitir, sevən bir
kişi peyda olurdu. Sevdiyim qadın
artıqyanımdadır. Sakitcə
pıçıldadım: “Artıq heç kim
Gülçini mənim əlimdən ala bilməz, o mənimlədir, mənimdir, yalnız mənim...”
BÖYÜKKİŞİ
İş günü bitsə də otağımdan
çıxmamışdım. Pəncərədən şəhərin
üstünü örtən axşam
işığını seyr edirdim. Yazın nəfəsi elə
bil binanın daş divarlarına
hopmuşdu, binaların kölgələri uzun-uzadı
yerə uzanmışdı. Hamı çıxıb
getmişdi, mənimsə elə bil nə ürəyim, nə
ayaqlarım evə getmək istəmirdi. Bu gün İlkanə
ilə aramızdakı söhbəti xatırlayırdım...
Əvvəllər onu sadəcə mühasibin köməkçisi
kimi tanıyırdım. Son günlər isə hər
baxışında, hər danışığında fərqli
bir cazibə sezirdim. Bu gün
bütün işçilər mənə maliyyə -təchizat
hesabatı verməli idilər. Buna
görə İlkanə ilə axşamacan sənədlərlə
məşğul olduq. O mənə yaxın oturmuşdu, səliqə
ilə əlindəki qovluqları izah edirdi, bəzən
hansısa məsələnin
üstündə dayananda başını mənə tərəf
çevirib baxır, gözlərimiz
qarşılaşanda bir anlıq susurdu. O sükutda min
söz vardı. Mən də o susqunluqda azırdım – bəzən
ona qulaq asdığımı unudur, sadəcə səsini, nəfəsini
dinləyirdim.
Böyükkişi müəllim, bu tender məsələsində
sizcə qarşı tərəf ciddi görünürmü?
— İlkanənin səsi məni xəyallardan ayırdı.
Düzünü desəm, bilmirəm... Amma sənin
fikrinə güvənirəm, sən necə
düşünürsən? Qadınların altıncı
hissi qüvvətli olur deyirlər, hissin sənə nə
deyir?
Gülümsədi, astaca cavab verdi:
Qadınların da hissləri bəzən yanıla bilər,
qadın bu zaman yanındakı kişinin gücünə
arxalanmaq istəyir. Siz məsələn, insana elə bir
arxayınlıq, inam verirsiniz,
adam sizə güvənmək istəyir.
Bir an susduq. Qarşımızdakı kompüterlərin
səssiz monitorları da sanki bizi dinləyirdi. Cəsarətimi toplayıb dilləndim:
Sən mənimlə bağlı düz hiss eləmisən,
İlkanə, həqiqətən, hər bir mənada mənə
güvənə bilərsən...
Siz çox dəyişmisiniz,
Böyükkişi müəllim, — birdən dedi.
Nə baxımdan? —baxışlarımı ondan
çəkmədən soruşdum.
Bilmirəm, əvvəllər daha sərt
görünürdünüz. Yaxından tanıdıqca
görürəm ki, mehriban, istiqanlı insansınız. Amma elə bil qəribə bir
yorğunluq var gözlərinizdə.
İllər və insanlar
adamı yorur, İlkanə...
Bu dəfə bilərəkdən “İlkanə
xanım” yox, adını dedim, aramızdakı səmimiyyəti
artırmaq istəyirdim. O sanki mənə güvən və
sevgi ötürürdü.
Ya da bəzən bir
qadın insanın həyatına
daxil olub onun həyatını dəyişir,
yorğunluğunu alır.
Sözlərimin
arxasındakı mənanı anlamasını istəyirdim,
düz gözlərinin içinə baxaraq söylədiyim
cümlələrdən həyəcanlandığı hiss
olunurdu.
Bir anlıq susdu, bu sükutda səmimi bir
razılıq vardı. Sonra gözümün içinə qəribə
bir ilıq təbəssümlə, sevgiylə baxıb dedi:
Elədir, bir –birinə uyğun insanlar rastlaşanda həyat
cənnətə dönür...
Mən bu anı çoxdan yaşamamışdım –
bir qadının baxışından, səsindən,
yanımda olmasından doğan qəribə, doğma istiliyi az qala unutmuşdum. O istilik içimi bürüyəndə
nə Gülçin, nə də keçmişin köhnəlmiş
vərəqləri ağlıma gəlirdi. Gülçinlə
aramız artıq bu otağın divarlarından da soyuq idi.
O, çoxdan başqa bir aləmin
sakini olmuşdu.
Mən isə İlkanənin yanında əyləşmişdim
– həyatın özü qədər canlı, sevgi dolu bir
qadının varlığında özümü tapmağa
başlamışdım.
İlkanə başını qovluqdan qaldırıb
üzümə baxdı. Gözlərində işıq
parlayırdı. Elə bil ürəyimi oxuyurdu.
Bilirsiniz, bəzən insan çox yaxınında olan
şeyləri illərlə görə bilmir. Sonra bir gün nəsə
dəyişir və hər şeyə başqa gözlərlə
baxmağa başlayırsan.
Sözlərinin altında gizlənmiş mənanı
hiss etdim. Gülüməsyib başımla təsdiqlədim.
— Bəli, haqlısan... O baxışdan sonra geri
dönüş olmur, hər şey dəyişə bilir,
heç bir şey əvvəlki kimi olmur.
Bircə anlıq sükut içində ikimiz də
eyni şeyi düşündük – aramızda hələ adı qoyulmayan, amma
artıq real olan hansısa duyğu yaranmaq üzrəydi...
Hesabat bitəndən sonra o, təbəssümlə
sağollaşıb otaqdan çıxdı. Onun otaqdan
çıxması ilə sanki ətrafa qəribə bir səssizlik
çökdü. Gözüm saata dikildi, iş günü
bitmək üzrəydi, amma içimdə həyat yenidən
başlayırdı.
Masamın kənarındakı Gülçinlə
özümün şəkli qoyulan kiçik çərçivə
gözümə sataşdı. Bunu evləndiyimiz il çəkdirmişdik,
onda hələ Gülçin hamilə idi, ikimizin də xosbəxt
olduğu vaxtlar idi. Qeyri- iradi şəkil çərçivəsini
üzüüstə çevirdim. Xoşbəxtliyimiz elə
o çərçivələrdə qalmışdı. Gülçin artıq mənim həyatımda
sadəcə bir fon idi – yüngül, solğun bir rəsm kimi
arxada qalmışdı. Onun yerində indi İlkanə
adlı başqa rəngli bir tablo canlanırdı.
Qəlbimdəki bu yeni duyğunun hələ adı
yox idi, amma bilirdim ki, o duyğu artıq doğulub. Artıq
geriyə dönə bilməzdim, dönməyəcəkdim.
O gün iş otağında biz artıq
bir-birimizin iç
dünyasına ilk dəfə addım atan iki insan idik.
Gecə işıqları yanmağa
başlamışdı, pəncərənin o üzündə
qaynayan şəhərin
işıqlarını seyr edə-edə
düşündüm: “ Sevmək- sevilmək sənin də haqqındır,
Böyükkişi... Bu dəfə sən bütün səhvlərindən
nəticə çıxarıb daha gözəl bir həyat
quracaqsan və alınacaq...”
YALÇIN
Gülçinin emalatxanasında sanki başqa zaman
mövcud idi, orada yalnız onun qanunları ilə işləyən
kətanlı, boyalı, palitralı dünya vardı.
Gülçin əlindəki fırça ilə
yüngülcə kətana toxunurdu, bədəninin hər hərəkəti
sanki rəqs addımlarına bənzəyirdi. O, hər dəfə
mənə baxanda, içimdəki ehtiras qasırğası
daha da şiddətlənirdi.
Gülçinlə birgə olanda sanki
bütünlüklə onun enerjisinə
bürünürdüm. Belə qadınlar var, hətta sənə
toxunmasalar belə, onlardan ətrafa qəribə bir sevgi,
ehtiras istiliyi yayılır.
Onunla bir yerdə olanda sanki artıq bədənimdə
qan yox, onun palitrasındakı rənglər
dolaşırdı. Gülçinlə keçirdiyim hər
an, hər toxunuş, hər nəfəs mənim
varlığımı başdan aşağı dəyişdirirdi.
Amma həyatımda yolumu başqa səmtə aparan bir
istiqamət də vardı – məni Nilufərə aparan, məni
Gülçinin bu rəngli aləmindən qoparıb "ağ-qara" bir
dünyaya aparırdı.
Evdə artıq atam da evlənməyimlə
bağlı dilə gəlmişdi. Ailəmin ümidləri,
tələbləri, planları məni boğurdu, həyatımı
yaşamağa imkan vermirdi.
— Yalçın, Nilufərgil
bu həftə xaricdən qayıdır, vaxt elə bir
kofeyə dəvət et onu, oturub danışın, bir-birinizlə
yaxından tanış olun,— atamın səsindən səbr və
qətiyyət arasında qaldığı hiss olunurdu.
Gülçinlə indi aramda baş verən bu sevgi
fırtınası ilə müqayisədə Nilufərin
sakit dünyası məni
heç vaxt cəlb etmirdi. Amma atamın sözləri və
anamın gah qınayıcı, gah çarəsizliklə
üzümə dikilən baxışları
qarşısında zəifləyirdim.
Axırda əlacsızlıqdan razılıq verdim.
Dedim ki, Nilufərlə tanış olacağam, amma xoşuma gəlməsə,
evlənməyəcəyəm. Nilufəri öz gələcəyim
kimi görmürdüm, daha doğrusu, görmək istəmirdim.
Nilufəri şəhərdəki bahalı
restoranların birinə dəvət
etdim, evlərinin qarşısından gedib maşınla
götürdüm. Atalarımız çoxdan dost idilər,
ona görə də atam təkid elədi ki, ayıbdır,
qız özü gəlməsin, get sən götür, apar
restorana. Buna da razılaşmışdım. Nilufər əslində
yaxşı qız idi, təhsilli
və zəmanəylə uyuşmayacaq qədər sakit biri
idi. Məndən yaşca xeyli kiçik idi, amma hiss edirdim ki,
ailəvi dostuq deyə valideynləri onun mənimlə ailə
qurmasını istəyir, yəni yaş məsələsinə
elə də fikir vermirlər. Əsas odur ki, qızları
etibarlı bir evin gəlini olsun. Restoranda Nilufər menyunu
sakitcə bağlayıb, “sən mənim yerimə də
özünə sifariş verdiyindən söylə” dedi.
Razılaşdım, nədənsə onun bu mütiliyi, ilk
gündən tabe olması, ixtiyarı mənə verməsi
xoşuma gəldi. İstər-istəməz Gülçinlə
onu müqayisə elədim. Nilufərin sakitliyi və
Gülçinin çılğınlığı. Tamamilə
bir-birinə zidd qadınlar idi... Nilufərlə qısa
söhbətimizdə bir daha əmin oldum ki, o, öz ailəsikimi
bir ailəsinin olmasını istəyir. Onun atası zəhmli,
uzun illərdir rəhbər vəzifədə işləyən
birisi idi. Evdə daim sözü keçən, zabitəli ər
və tələbkar ata idi. Ona görə də Nilufər də
belə bir ər arzulayırdı. Söhbətimizdə hiss
etdim ki, Nilufərlə evlənsəm, kənarda neylədiyim
də onu maraqlandırmayacaq, başı evə, övlada
qarışıb öz kiçik dünyasında yaşayan
bir qadın olacaq. Bu, mənim evlilik qorxumu azaldırdı. Deməli,
evlənsəm də, azadlığım əlimdən
alınmayacaq, həyatımın zövqləri məhdudlaşmayacaqdı.
Restorandan onu evinə aparanda artıq Nilufərlə evlənəcəyimə
qərar vermişdim. Amma Gülçini də heç vaxt həyatımdan
çıxarmayacaqdım, o daim mənim qadınım olaraq
qalacaqdı. Anama Nilufərlə
evlənməyə razı olduğumu deyəndə sevindiyindən
ağladı, əllərini göyə açıb
“Şükür Allaha, onda nişan
hazırlığımıza başlayaq, oğlum” dedi.
Gülçinlə olan gizli münasibətim ürəyimdə
bir alov kimi yanırdı. Hiss edirdim ki, bilə-bilə
özümü iki fərqli həyatın, iki fərqli
dünyanın arasında sıxışıb qalmağa məhkum
edirəm. Bilirdim ki, evlənəcəyim evdə xoşbəxt
olmayacağam, amma təsəllim vardı ki, ən pis halda
Gülçinin rəssam emalatxanası mənim
üçün sevgi sığınacağı olacaq, orada
sevib-seviləcəyəm. Mənim
üçün sevgi, ehtiras,
ailə, məsuliyyət və qorxu ilə dolu yeni bir həyat
yolu başlayırdı...
GÜLÇİN
Bu gün seansa gedərkən həkimimə hansı
tablomu aparacağımı xeyli düşündüm.
Hansı avtoportretimi özümlə götürüm ki, həssas
ruhumu ifadə etsin? Sonda qərara gəldim: yarımçılpaq
halda oturub çəkdiyim o
tablonu aparacağam. Bu, həm də
o demək idi ki, mən ona etibar edirəm, indiyəcən
ruhumun açılmayan tərəflərini
də ürəklə onun qarşısında
açıram. O, həm həkim, həm də insan kimi məni
ən yaxşı anlayan adamdır. O portretlə Nemətin
qarşısına çıxmaq təkcə bir sənət
əsərinin nümayişi deyildi, öz məhrəm
duyğularımı da tamamilə ona həvalə etmək
idi.
Daxilimdə qarışıq duyğular
dolaşır. Nemətin mənə qarşı olan hissləri,
onun məni sevməsi, qayğısı, diqqəti
qadınlıq heysiyyətimi, zövqümü
oxşayır. Amma bu
zövqün altında ağır, acı bir həqiqət də
var: qəlbimin dərinliyində yerini heç kimə güzəştə
getməyəcəyim birisi – Yalçın dayanır. Nemətin
gözlərində daim özümü axtarıram, orada
yalnız sevgi deyil, həm də dostluq və hörmət var.
Bu da onunla olan mənəvi bağlarımı daha da gücləndirir.
Yalçınla bəzi məsələləri açıq
danışa bilmirəm, hiss edirəm ki, bəzi hallarda
qadınlıq qürurum hər şeyi sonunacan onunla
danışıb-bölüşməyə imkan vermir.
Amma Nemət həkimə həm
də uzun illərin dostu kimi yanaşaraq onunla hər şeyi
danışa bilirəm, ondan hər cür məsləhət, tövsiyə
alıram. O, mənim təkcə terapistim deyil, həm də
yaxın sirdaşımdır.
Bu gün seansdan çıxandan sonra emalatxanaya getdim.
Yolboyu Novxanıdakı emalatxanama çatana qədər
maşında fransız müğənnisi Edit Piafı dinlədim.
Onun səsinin vurğunu idim. Özüm kimi dəli-dolu,
çılğın və bəxtsiz qadın olub... Bu
gün emalatxanada tək qalıb gecə saatlarına qədər
işləyəcəkdim. Yalçın da bir
görüşü olacağını demişdi, deməli,
emalatxanaya gəlməyəcəkdi. Ondan ötrü
darıxsam da, özümü sındırmadım, telefonla
danışanda “yaxşı, əzizim, vaxtın olanda gələrsən”
dedim.
Emalatxanaya çatan kimi pəncərələri
açıb otaqları havalandırdım, əynimdəki hər
şeyi çıxarıb qısa, sadə bir köynək geydim, sadəcə
iki düyməsini düymələdim. Qəhvəmi içəndən
sonra rənglərimi, palitramı hazırlayıb işə
başladım. Hava qaralırdı, içəridəki
bütün işıqları yandırdım, torşeri
yaxınıma çəkdim.
Gözləmədiyim halda qapıya açar
salındı, ürəyim həyəcandan
çırpındı. Bu, Böyükkişi ola bilməzdi,
çünki o heç vaxt nə rəsmlə, nə də mənlə maraqlanmırdı, onda açar da
yox idi. Bu, dəqiq Yalçın idi, çünki keçən
görüşümüzdə emalatxananın ehtiyat
açarlarından birini ona vermişdim. Sevincək qapıya
sarı getdim, Yalçın idi. Qapıdan içəri girən
kimi qucağına atladım. Möhkəmcə öpüb
boynuna sarıldım. O da eyni coşqunluqla məni
qucaqlayıb öpdü. Divanda oturub üzərində işlədiyim
rəsmə baxmağa başladı. “Narahat olma, işinə
davam et, mən də bu əynindəki köynəkdə necə cazibədar
şəkildə işləməyinə zövqlə
tamaşa edəcəyəm” dedi. Gülərək köynəyin
yaxasını tamamən açdım, altdan görünən
çılpaq bədənimi ehtirasla, sevgiylə süzdü,
divana uzanıb gözünü mənə zillədi... Bir az
rəsm çəkdikdən sonra, yaxındakı başqa təmiz
bir kətanı qarşıma çəkdim və
çevrilib dedim:
Soyun, Yalçın...
Əvvəlcə çaşqınlıqla duruxdu,
sonra gözümün içinə baxa-baxa köynəyinin
düymələrini açmağa başladı. Mən də
öpə-öpə ona soyunmağa
kömək edirdim... Yalçın sanki qədim yunan
mifologiyasından çıxıb gələn bir qəhrəmanın
heykəli idi – möhtəşəm, güclü, eyni zamanda
sirli və cəlbedici idi. Güclü çiyinləri, əzələli
qolları, qüvvətli əlləri, qıvraq bədəni
ilə tamamilə mərmər heykəlləri
xatırladırdı. Ona emalatxanamın natura podiumunun
üstünə çıxmasını və dediyim şəkildə
oturmasını dedim.
Təmiz kətana fırçanın ilk toxunuşlarını
etdim, Yalçının naturadan portretini çəkməyə
başlamışdım... Fırçamın hər hərəkətində,
hər rəngdə Yalçının sevimli bədəninin
xətlərini çəkməyə
çalışırdım. Duyğularımın,
düşüncələrimin, ehtiraslarımın,
sarsıntılarımın əksini tam ifadə etmək
mümkün deyildi, hisslərim işləməyə mane
olurdu.
Onun əzələlərinin titrəməsi, dərindən
nəfəs alması nəbzimin ritmini dəyişir, məni
ehtiraslandırırdı.
Yalçının bədəni həyatın
özü kimi əzəmətli, dolğun, canlı və
sevgi dolu idi. Hər toxunuşum sanki kətanın
üstündə üstündə yumşaq, ehtirasla rəqs edirdi. Hiss edirdim ki,
Yalçının səbri çatıb podiumun üzərində
dayana bilmir. Kətandan aralanıb ona yaxınlaşdım.
Fırçamı palitramın üstündəki rənglərə
batırıb onları qarışdırdım. Bu dəfə
onun çılpaq bədənində çəkməyə
başladım... O əvvəlcə buna təəccübləndi,
sonra gülüb dedi:
Başqa hansı
çılğınlığını üstümdə
sınaqdan keçirmək istəyirsən?
Gülüb cavab verdim ki, səninlə bütün dəlilikləri
eləməyə hazıram... Fırçamı
qarışmış rənglərə toxundurub əvvəlcə
sinəsində, ürək nahiyəsində gəzdirdim. Orada
tünd yaşıl rəngli
bir ürək rəsmi çəkdim. Sonra yavaşca
fırçamı aşağılara doğru
sürüşdürdüm... Onun bədəninin hər əzələsi
mənim üçün bir kətana çevrilmişdi.
Əlimdə fırça titrəyir, hər toxunuşla, hər
fırça zərbəsi ilə daha da həyəcanlanırdım.
Üzünə rənglər çəkməyə
başladım — yumşaq, şəffaf çalarlarla onun dərisinin
təmiz səthinə sanki içimdən gələn gizli
hekayələri, arzuları yazırdım. Gözü ətrafında
parlaq qızılı və bənövşəyi kölgələr
rəqs edir, sanki onun baxışlarının dərinliyini və
sirrini simvollaşdırırdı. Alın nahiyəsinə isə
yumşaq mavi, sakit dalğalar kimi yayılırdı — sanki
onun dərin düşüncələrini ifadə edirdi.
Bədənində isə rəngləri bir-birinə
qarışdırdım,
yumşaq qırmızılar ehtirasın alovunu, zəngin
yaşıl tonlar isə həyatın dirçəlişini
və yenilənməsini göstərirdi. Çiyinlərinə
yüngülcə toxunub, fırçanın ucu ilə incə
xətlər çəkdim — bu xətlər sanki onun
gücünü, iradəsini vurğulayırdı. Hər rəng
damlası, hər xətt bizim birlikdə
yazdığımız eşq dastanının
parçası idi.
Bu rəngli xəzinə ilə işləyərkən,
bir anlıq sanki dünya dayandı. Səssizlikdə yalnız
fırçamın sakit tıqqıltısı və
Yalçının nəfəsi vardı. Onun bədəninə
rəngləri çəkərkən, öz ruhumu da kətana
açırdım, onun bədənində öz izlərimi
qoyurdum.
Hiss edirdim ki, Yalçın ehtirasdan alışıb
–yanır, özünü güclə saxlayır. Bir addım
kənara çəkilib müxtəlif rənglərə
boyadığım bədəninə həzzlə kənardan baxdım. Sonra
fırçanı, palitranı bir kənara tullayıb
eşqin rənglırinə boyanmış sevgilimin qarşısında diz
çökdüm. Dodaqlarımı bədənin rənglənmiş
yerlərinə xəfifcə toxundurmağa başladım...
Yalçın gözünü yumub inildədi. Onu naturadan
çəkmək yox, sevmək lazım idi. Allah onsuz da onu ən
gözəl bir tablo kimi çəkib yer üzünə
yollamışdı, mənə isə bu tablonun rənglərini,
cizgilərini öpmək, sevmək
qalırdı...
Onun pıçıltıları sanki alov kimi ürəyimi
isidirdi. Emalatxananın divarları, kətanlar, rənglər –
hamısı bizim
aramızdakı bu sevginin
şahidi idi. Qulağıma pıçıldadı:
— Bəzən düşünürəm, biz niyə
bu qədər ehtirasla yanırıq? Niyə bu alov
sönmür?
Öpüşlərdən nəfəsim kəsilə-kəsilə
dilləndim:
Çünki bizim
sevgimiz yalnız bədənlə yox, ruhla da
bağlıdır.
Yalçının kətandakı rəsmini
yarımçıq saxlayıb, onun özündə
özünü çəkirdim. Düşündüm ki, bəlkə
də ən gözəl portret tamamlanmamış olandır.
Çünki yarımçıq qalmış rənglərdə,
yarımçıq qalmış hekayələrdə həyat
özü gizlənir. O an
anladım ki, aramızda baş
verənlər sadəcə bir ehtiras deyil, ürəyimizin ən incə tellərinə
toxunan, hər gün yenidən kəşf etdiyimiz sirli eşq
rəqsidir…
MÜƏLLİF
Nemətin danışdığı və mənim yazdığım bu romanda
hər bir obrazın özünəməxsus dərinliyini və
zəifliyini görürəm. Nemətin içində gizlətdiyi
ehtiyatlı sevgi məni dərin
düşüncələrə aparır — o, sanki öz
duyğularını qoruyub saxlayır.
Böyükkişiyə gəlincə, onun laqeydliyi, bəzən
də yumşaqlığə mənə həyatın
mürəkkəbliyini xatırladır. O, keçmişin
ağırlığını daşıyan, amma sevgi sayəsində
özünü yeniləməyə çalışan bir
insan kimi çox təbii təsir bağışlayır.
Yalçın isə ürəyimdə oyanan gənclik
həyəcanını canlandırır. Onun azad sevib-sevilmək
arzusu insan olmağın, özünü tapmağın
qarışıq anlarıdır.
Gülçin isə yaradıcılıq və
duyğuların birləşdiyi, həssas və güclü
bir varlıq kimi mənə ilham verir. O, sevginin, sənətin,
rənglərin dilində danışan qadın
obrazıdır. Onun
varlığı mənə insan ruhunun, qadın təbiətinin
dərin və mürəkkəb tərəflərini göstərir.
Bu dörd şəxsiyyət bir-birindən fərqli,
amma eyni zamanda bir-birini tamamlayan simvollardır. Onlar insanın
özünü kəşf etməsinin, qorxuların və
arzuların canlı nümunələridir.
İnsanları qınamamaq lazımdır,
çünki hər kəsin içində özünəməxsus
anlaşılmayan və mürəkkəb bir dünyası
var. Kimlərisə qınamaq
çox vaxt haqsızlıqdır, çünki hər kəsin
öz mübarizəsi var, hamı öz qorxuları ilə savaşır.
Qınamaq yerinə anlamağa çalışmaq, mərhəmət
göstərmək daha insanidir və dəyərlidir. Anlamaq və
bağışlamaq ürəyimizi
genişləndirir. Cəmiyyətin
qaydalarına görə, bəlkə də bu obrazlar
düzgün yaşamırlar. Amma mən onları qınaya
bilmərəm. İnsanın tam hekayəsini bilmədən,
yalnız görünən tərəfi ilə hökm vermək
ədalətsizdir. Onlar da hamımız kimi qorxur, sevir, itirir və
çoxlu səhvlər edirlər. Bu, onların insan
olduğunu göstərir. İnsan olmağın yolu isə həm
də səhvlərdən,
günahlardan keçir…
Hüseynbala Mirələmov
Ədəbiyyat qəzeti
.- 2025.- 4 iyul (¹23).- S.22-23.