Kəmaləddin
Kamudan Əhməd Ağaoğluna
Təxminən, 10 il əvvəl Əhməd bəy
Ağaoğlunun qızı Tezer Taşkırana aid geniş
bir arxivi satın almışdım. Bu arxivdə Tezer
xanıma aid müxtəlif sənədlər, məktublar,
fotoşəkillər və sair maraqlı materiallar
mövcuddu. Əldə etdiyimiz arxivi təsnif edərkən
qovluqda atasına aid də bəzi materiallar olduğunu
gördük. Xüsusən, Cəmaləddin Əfqaniyə,
Çin vaizi dağıstanlı Seyid Tahir əfəndiyə,
dövrün önəmli şəxsiyyətlərinə aid
fotoşəkillər vardı. Onlar arasında arxasında əski
əlifbada şeir yazılmış bir fotoşəkil də
mövcuddu. İki nəfər şəxsin təsvirinin
olduğu şəkildə sol tərəfdə əski əlifbada
bu yazı qeyd olunub: "Muhterem ve muazzez üstadım
Ağaoğlu Ahmed Bey efendiye: 29
Temmuz 923. Kemalettin Kamu".
Kəmaləddin Kamu kimdir?
Türk ictimai-siyasi xadim, şair Kəmaləddin Kamu 14 sentyabr 1901-ci ildə Bayburt
şəhərində doğulub. Ərzurumun
tanınmış ailələrindən Kılcızadələrə
mənsubdur. Atası Osman Nuri əfəndi Bayburt, Həsənqala,
Rifahiyə kimi bölgələrdə maliyyə məmuru kimi
çalışıb, təqaüdə çıxdıqdan
sonra Rifahiyədə bələdiyyə rəisi seçilib.
Anası da Ərzurumun tanınmış simalarından Mustafa əfəndinin
qızı Xeyriyyə xanımdır.
Kamunun uşaqlığı Ərzurumda keçib, məsciddə
imamlıq edən atasının yaxın dostu Xəlil əfəndidən
ərəb və fars dili dərsləri alıb. 1910-cu ildə
Ərzurum edadisində ibtidai sinfə başlayıb, 1911-ci ildə
atasının təyini çıxdığı
üçün Rifahiyə qəzasındakı məktəbdə
təhsilini davam etdirib. 1916-cı ildə ilk təhsilini
tamamlayan Kamu həmin tarixdən etibarən şeirlər
yazmağa başlayıb. Atası bu qəzanın bələdiyyə
rəisi olduğu dövrdə Kəmaləddin bəy də qəzadakı
təhrirat katibini əvəzləyərək
çalışıb.
I Dünya müharibəsində rusların Ərzurumu
və qəzalarını işğal etdiyi zaman atası Osman
Nuri bəy infarktdan vəfat edib, Kamu anasını da
götürərək Sivasa, daha sonra Kayseriyə yerləşib.
Həmin ərəfədə qardaşı Hüsnü bəy
İstanbul Darülfünunun riyaziyyat bölümünü bitirmişdi,
Bursa sultanisinə ixtisası üzrə müəllim təyin
edilmişdi. Qardaşı Kamunun da təhsilini tamamlaması
üçün onu İstanbulun Kadıköy rayonunda yerləşən
İstanbul Oğlan Müəllim Məktəbinə
yazdırıb. Bu dövrdə ədəbiyyata böyük
marağı yaranan Kamu dövrün tanınmış ədibləri
olan Tofiq Fikrət, Əhməd Haşim və Mehmet Akifin təsiri
altında formalaşıb, oxuduğu məktəbdə nəşr
olunan məcmuədə şeirlərini çap etdirib.
1920-ci ilin martında müttəfiq qoşunları
İstanbulu işğal etdiyi zaman Kəmaləddin bəy
Bursaya qayıdıb. Düşmən ordularının
Bursanı işğal etməsi təhlükəsinə
görə qardaşının qayınatası, Ərzurumun
sabiq məbuslarından Mehmed Saleh əfəndi ilə birlikdə
Ankaraya gedib. Türkiyənin gələcək paytaxtında
yaşadığı müddətdə Kamu Ərzurumun millət
vəkili Süleyman Necati bəyin rəhbəri olduğu
"Mətbuat və İstixbarat Nəşriyyat
Müdiri-Ümumiliyi"ndə istixbarat katibi vəzifəsində
çalışıb. Mustafa Kamal paşanın öndərliyində
başlayan milli mücadilədə yer alan Kəmaləddin bəy
hərəkatın mətbu orqanı olan "Hakimiyyəti-milliyyə"
qəzetində fəaliyyət göstərib. Bu mətbu
orqanın redaktoru isə Əhməd bəy Ağaoğlu idi.
Demək ki, Kəmaləddin Kamu ustad olaraq gördüyü
Əhməd bəylə məhz bu zamanlarda tanış olub.
Yazılanlara görə K. Kamu o illərdə
yaşadığı bir eşq macərası ömrü
boyunca ona təsir edib, buna görə də ailə həyatı
qurmayıb.
Milli ədəbiyyatın təmsilçisi olan Kamunun
"Şam", "Türkün ilahisi",
"İrşad", "Qürbət", "Qürbət
gecələri", "Piyer Lotiyə", "Tofiq Fikrətin
böyük ruhuna", "Ölmüş
nişanlıya", "İzmir yollarından",
"İstiqlal ordusunun şəhidlərinə", "Hicrət",
"İnqilaba doğru", "Bingöl
çobanlarına", "Əsir İstanbula",
"Qürbətdə rənglər" kimi maraqlı
şeirləri var. Qürbət mövzusunda bir neçə
şeir qələmə alan Kamunun ən məşhur
şeirlərinin birinin bəndi də bu şəkildədir:
"Ne arzum, ne emelim,
Yaralanmış bir elim,
Ben gurbette değilim,
Gurbet benim içimde!"
Mustafa Kamalın vəfatı münasibətilə
yazdığı "Atama ağıt" şeirinin ilk bəndi
isə belədir:
"Sırma sarısını yay saçlarına,
Gözüne rengini koy denizlerin;
Düşün dudakların en incesini,
Yüzüne tuncunu ver benizlerin".
Əhməd bəylə çiyin-çiyinə
Qeyd edək ki, Ağaoğlu orijinal adı ilə
Matbuat ve İstihbarat Müdüriyet-i Umumiyesi adlanan qurumun
3-cü müdiri olub, 29 noyabr 1921-ci ildən 11 avqust 1923-cü
ilədək vəzifədə olub. 7 iyun 1920-ci ildə
yaradılan bu qurumun vəzifəsi daxildə və xaricdə
Qurtuluş savaşı lehində təbliğat aparmaq olub. Bu
məqsədlə də qəzetlərə müdirlik tərəfindən
maddi yardım edilib. Müdirlik qurulduqdan sonra Anadolu Agentliyi də
onun tərkibinə daxil edilib. Ağaoğlu öz müdirliyi
dönəmində rəhbərlik etdiyi quruma bağlı olan
Anadolu Agentliyi haqqında bunları yazıb: "İdarənin
əlində iki nəşriyyat vasitəsi vardı: Teleqram və
kitab nəşriyyatı. Teleqramla İstanbul, Zonquldak, Adana,
İzmit və Qarsdakı agentliklərdən və yaxud əcnəbi
mətbuat və əcnəbi agentliklərdən alınan məlumatların
işə yarayanları nəşr olunurdu. Kitab nəşriyyatı
isə çıxarılan risalələrdi. Bu risalələrin
mühüm bir qismini əcnəbi mətbuatdan edilən
xülasələr təşkil edirdi. Bu risalə və
teleqramlar məbuslara, rəsmi dairələrə və qəzetlərə
yollanırdı. Bunların xaricində bir də mühüm
nəşriyyat vardı, məsələn, Pontus məzaliminə
dair sənədlərin toplanıb nəşr edilməsi".
Ağaoğlunun müdirliyi dönəmində
Almaniya, İngiltərə, Fransa, Avstriya, İsveçrə
və Amerikada agentliyin fəaliyyəti var idi və Qurtuluş
savaşı ilə bağlı həqiqətlər bu ölkənin
ictimaiyyətinə və siyasi çevrələrinə
çatdırılırdı.1920-1925-ci illər arasında
Anadolu Agentliyi Qurtuluş savaşının və 1923-cü
ildə qurulan Türkiyə Cümhuriyyətinin dünyadakı
səsi olub. Atatürk inqilablarının sürətlə həyata
keçirilməyə başlandığı dövrlərdə
Anadolu Agentliyi də inkişaf edib, 1 mart 1925-ci ildə şirkət
statusu qazanıb. Həmin gün orijinal adı ilə Anadolu
Ajansı Türk Anonim Şirkəti təsis edilib.
Həm "Hakimiyyəti-milliyə"də, həm də
"Anadoluda yenigün" qəzetində
çalışan, şeirlərini dərc etdirən Kamu
İstanbulun qurtuluşundan sonra 1923-cü ildə
keçmiş paytaxta gedərək İstanbul Oğlan Məktəbində
yarımçıq qalan təhsilini tamamlayıb, diplomunu əldə
edib. Təhsilini davam etdirən Kamu İstanbuldakı Orta
Müəllim Məktəbinə yazılıb, daha sonra yenidən
Ankaraya qayıdıb. 1925-ci ildə Anadolu Agentliyi anonim
şirkətə çevrildiyi zaman Kamu 11 sərmayədar
arasında yer alıb, eləcə də agentliyin baş
mühərriri vəzifəsini yerinə yetirib. Anadolu
Agentliyinin qurucuları və ilk
çalışanlarının 1925-ci ildə birlikdə
çəkdirdikləri fotoşəkildə idarə heyəti
sədri kimi Ağaoğlunu mərkəzdə
görürük. Həmin fotoşəkildə soldan ikinci
şəxs isə baş mühərrir Kəmaləddin
Kamudur. O, 1933-cü ilə qədər Anadolu Agentliyində
çalışıb, Atatürkün yurd səyahətlərində
yer alıb.
Kəmaləddin Kamu 1933-cü ildə agentliyin Paris təmsilçisi
olaraq Fransaya göndərilib, eyni zamanda orada ali təhsil
almasına dəstək verilib. O, Parisdə Siyasi Elmlər Məktəbində
beş il Siyasi Elmlər bölməsində təhsil alıb.
Diplomunu aldıqdan sonra 4 noyabr 1938-ci ildə İstanbula
qayıdıb. Bir müddət burada qaldıqdan sonra Ankaraya
qayıdıb, hərbi iqtisadiyyat mövzuları üzərində
elmi araşdırmalar aparıb. Atatürkün vəfatı
münasibətilə şeir yazan Kamunun bu illərdən
etibarən ədəbiyyatı arxa plana atdığını
görürük. 1939-cu ildə o, Rizə şəhərindən
millət vəkili seçilərək parlamentdə fəaliyyətə
başlayıb. Növbəti dönəmlərdə yenə
Rizədən, daha sonra Ərzurumdan millət vəkili olub,
parlamentdə iqtisadi mövzular üzrə
çalışıb, maliyyə komissiyasının mətbuat
təmsilçisi olub. Eyni zamanda Türk Dil Qurumunda
çalışıb. Şair 6 mart 1948-ci ildə Ankarada
infarkt nəticəsində vəfat edib. İki gün sonra
böyük izdihamla Əsri məzarlığında dəfn
edilib.
Kamunun Ağaoğluna göndərdiyi şeir
Arxivimizdəki Kəmaləddin Kamunun Əhməd bəyə
göndərdiyi fotoşəklin arxasındakı şeir isə
bu şəkildədir:
"Sulh Perisine
Bir manzumenin son mısraları
Sen bu ile gelirken
İçin için kanattı kalbimiz bir diken
Sorma, neden bu keder?
Hasret çektiksə eğer
Buludlarda barınan Balkan yıldızlarına!..
***
Bize geldiğin akşam
Ne Mekkeyi düşündük ne hatıra geldi Şam
Yüreğimiz yanarak
Benzettik seni ancak:
Siyahlara bürünmüş Antakya kızlarına!
25 Temmuz 1923
Ankara
Kemalettin Kamu".
Kəmaləddin Kamu haqqında yazılmış elmi əsərlərdə
və digər nəşrlərdə bu şeirə təsadüf
etmədik. Görünür, uzun bir mənzumə olacaq bu
şeirin davamı yazılmayıb, ya da ki müəllif əlyazmanı
itirib.
Fikrimizcə, şeirin son misrası Mustafa Kamal
Atatürkün 15 mart 1923-cü ildə Adana şəhərinə
səyahəti zamanı baş verən bir hadisə ilə
bağlıdır. Həmin vaxt Atatürk qatardan enərkən
qaraya bürünmüş qadınlar arasından qonşu
İskəndərun və Antakyadan (indiki Hatay) olan 4 qız əllərində
"Qazi ata, bizi də qurtar" yazılan şüarla önə
gəliblər. Həmin qadınlardan biri olan antakyalı Affan əfəndinin
qızı Ayişə Fitnət xanım
çıxış edib və nitqini bu cümlələrlə
tamamlayıb: "Ey Ulu Qazi, bizi də xilas et. Bax biz,
antakyalılar və isgəndərunlular sevinclə sənin
ayaqlarının altında ölmək istəyirik. Əminik
ki, ruhumuz səni Antakya bölgəsinə aparacaq və
Kamalın günəşi orada da bütün gücü ilə
doğacaqdır. Yaşasın Qazi Paşamız, yaşasın
millət, yaşasın adanalılar..."
Bu hadisədən duyğulanan Atatürk
qadınların çıxışına cavab olaraq
"Qırx əsrlik türk yurdu düşmən əlində
qala bilməz" deyir. Atatürkün bu fikri gerçəkləşir
və 1939-cu ildə Hatay Türkiyəyə birləşdirilir.
Atatürkün ölkədaxili səyahətlərində
yanında olan Kamu, görünür, bu hadisənin birbaşa
şahidi olub, ona görə də şeirində istifadə
edib. Qeyd edək ki, bu hadisəni İsmayıl Həbib
Sevük də Atatürklə bağlı xatirələrində
qələmə alıb.
Qeyd: Kamunun əski əlifbadakı şeirini transliterasiya
edən gənc həmkarım Nihad Nəsirzadəyə təşəkkür
edirəm.
Dilqəm ƏHMƏD
Ədəbiyyat qəzeti .- 2025.- 4 iyul (№23).- S.24;25.